"Prezident İlham Əliyev həm sevincli, həm də kədərli günlərdə öz xalqının yanındadır və insanların taleyi, onların həyatı, çətin anları ölkə rəhbərini daim düşündürür, narahat edir. Bu istiqamətdə vacib olan bütün tədbirlər həyata keçirilir. Biz bunu təyyarə qəzası baş verən ilk anda da gördük".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat xatırladıb ki, Sankt-Peterburqda MDB Zirvə görüşündə iştirak üçün ora səfərə yollanan dövlət başçısı təyyarə qəzası barədə məlumat alan kimi geriyə dönərək lazımi tapşırıqlarını verib. Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirib və təcili olaraq dövlət komissiyası yaradılıb. Hadisənin tam araşdırılması, qəzanın səbəblərinin öyrənilməsi və bütün təfərrüatlarının xalqa çatdırılması vacib məsələ kimi qarşıya qoyulub. "Bu, əlbəttə ki, ölkə rəhbərinin hadisələrə operativ reaksiyasından irəli gəlir. Aktauda baş verən qəza nəinki xalqımız, eləcə də Azərbaycanı istəyən xalq və dövlətlər üçün bir acı, kədərdir. Bu qəza və qəzanın başvermə səbəblərinin öyrənilməsi diqqət mərkəzində olacaq və lazımi orqanlar tərəfindən araşdırılacaq".
Komitə sədri qeyd edib ki, Prezidentin məsələyə dərhal reaksiyası və xalqın kədərini ürəyində daşıması bir daha göstərir ki, ölkə rəhbəri xalqı, torpağı üçün canı yanan, ürəkdən kədərlənən bir liderdir. Dekabrın 26-sının matəm elan edilməsi də bu kədərin, hüznün ifadəsidir. Bu həm də dövlətimizin rəhbərinin öz vətəndaşına sayğısının, qayğısının və həlak olanların ailələrinə ehtiramının ifadəsidir. Cənab Prezident hakimiyyətə gəldiyi ilk gündən andiçmə mərasimində bildirmişdi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bugünkü reallıqlar Prezidentin öz vəzifəsinə, sözünə sadiqliyini bir daha göstərir. "Azərbaycan xalqı öz rəhbəri ilə, onun xalqa göstərdiyi qayğı və diqqətlə görə qürur duyur. İnsanlar İlham Əliyevə arxalanırlar. Onun müdrikliyinə, uzaqgörənliyinə, qayğısına inanırlar. Məhz buna görə də uğurlarımız ildən-ilə artır. İnsanlarımız öz rəhbəri ətrafında daha sıx birləşib, kədərlərini, sevinclərini birgə paylaşırlar", - deyə o bildirib.
T.Rzayev vurğulayıb ki, bu qəza bir faciədir, insan tələfatıdır, hər birimizi dərindən kədərləndirir: "Allah qəzada həlak olanlara rəhmət eləsin. Bu, son acımız olsun".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"