Bu, beynəlxalq qanunlara əsaslanan tələbdir
Qərbi Azərbaycan İcmasının milli və beynəlxalq platformalarda fəallığı, dünya ictimaiyyətinə Azərbaycanın mövqeyini təkzibolunmaz faktlar və arxiv materialları əsasında çatdırmaq səyləri ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır.
Bu gün Qarabağa və Şərqi Zəngəzura böyük qayıdışımız həyata keçirilirsə, yaxın gələcəkdə Qərbi Azərbaycana dönüşümüz də real olacaq. İnam və qətiyyətlə hədəflərə, məqsədlərə doğru irəliləyən Azərbaycan hər bir vətəndaşının arzularını reallığa çevirməyi qarşısına məqsəd qoyub. Bu məsələdə Azərbaycan Prezidentinin tələb və tövsiyələrinə əsasən, Qərbi Azərbaycan İcması öz üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirir. İcma Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə edir. Bu məqsədlə təsdiqlənmiş və icrası uğurla davam etdirilən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da mühüm əhəmiyyət kəsb edir.
Mayın 21-də Türkiyənin Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilən beynəlxalq konfrans da bu xüsusda əlamətdar hadisə idi. Bu, xaricdə məlum mövzu ilə bağlı təşkil olunan üçüncü tədbir idi. Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçının qatıldığı tədbirin işində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə bərabər, elm və iş adamları, habelə media mənsubları da iştirak edirdilər.
Xatırladaq ki, Türkiyədə Qərbi Azərbaycanəsilli yüzminlərlə insan yaşayır. Qərbi Azərbaycan İcmasının artıq Türkiyədə nümayəndəliyi və şəhərlərdə ofisləri fəaliyyət göstərir. Bu prosesdə onların da fəal iştirakı uğurlu nəticəyə böyük töhfə verir. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905-1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovet hökuməti tərəfindən 1948-1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb.
Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəflərə çatmaq üçün daha böyük imkanlar açmışdır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır. Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir ki, İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib. Eyni zamanda 500-dən artıq qəbiristanlıq dağıdılıb, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə Yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır.
Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan Qazısının seçilməsi barədə qərarları ictimaiyyətdə məmnunluqla qarşılanıb.
Bu, dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır. Bu qərar eyni zamanda Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir addımdır. 27 sentyabr 2020-ci ilədək Qarabağa və Şərqi Zəngəzura dönüş arzumuza nə qədər ümidli idiksə, indi də əzmkarlıqla və inamla Qərbi Azərbaycana qayıdışa əminik.
Bununla bağlı Qərbi Azərbaycan İcması nüfuzlu beynəlxalq təşkilatlara, dünyanın tərəqqipərvər insanlarına, hökumət və qeyri-hökumət təşkilatlarına bəyanat ünvanlayıb. Bəyanatda deyilir: "Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi, habelə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik.
Biz dünya dövlətlərini, BMT-ni və digər müvafiq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu dövlətə təzyiq etməyə çağırırıq".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu barədə mətbuata açıqlamasında bildirmişdir ki, tarixən fəaliyyət göstərən İrəvan Qazılığının həmin dövrlərdə insanların dini-mənəvi dəyərlərinin qorunmasında böyük rolu olub: "Torpaqlarımız uzun illər işğal altında olduğundan bu fəaliyyəti bərpa etmək mümkün deyildi. İndi İrəvan Qazılığının da təyinatı olduqca ciddi və önəmli məsələdir. İrəvan Qazılığının fəaliyyətinin bərpası zamanın tələbidir. Qayıdış prosesi başa çatandan sonra İrəvan Qazılığının fəaliyyəti canlanacaq, orada yaşayan insanlarımızın mənəvi, dini təlabatının ödənilməsinə böyük fayda olacaq".
Qarabağ və Şərqi Zəngəzurun bərpasını, quruculuğunu və məskunlaşdırılmasını strateji hədəflərin ilkin mərhələsi hesab edən İlham Əliyev növbəti mərhələni belə xarakterizə edir: "Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik".
İlham Əliyev Qərbi Azərbaycana qayıdışı milli ideyanın tərkib hissəsi kimi qiymətləndirərək yalnız bu bölgənin insanlarını deyil, bütün xalqı bu mövzu ətrafında səfərbər edib. Bu mühüm məsələdə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, nümayəndəlikləri, diaspor təşkilatları xüsusi fəallıq göstərirlər. Bu sıradan mayın ikinci ongünlüyündə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Əmman şəhərində "Qərbi Azərbaycan mədəni irsinin izi ilə" mövzusunda keçirilən elmi-praktiki konfransda ətraflı bəhs edilib. Konfransda Qərbi Azərbaycana aid maddi mədəniyyət nümunələrindən ibarət "Qərbi Azərbaycan mədəniyyəti" adlı sərgi, həmçinin "Qərbi Azərbaycanın zəngin mədəni irsi" adlı videoçarx nümayiş etdirilib.
İordaniyanın Baş nazirinin müavini, Yerli idarəetmə nazirinin müşaviri və "Yaxın Şərqdə Sülh Mədəniyyəti Birliyi"nin rəhbəri Məhəmməd Əl-Malkavi Ermənistan ərazisindən didərgin düşmüş azərbaycanlıların doğma yurdlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təbii hüquqları olduğunu qeyd edib. Vurğulayıb ki, kofransdakı çıxışlardan və sənədlərdən məlum olur ki, azərbaycanlılara qarşı etnik və mədəni təmizləmə kampaniyası ermənilər tərəfindən sistemli və planlı şəkildə həyata keçirilib. Qərbi Azərbaycanın mədəni kimliyi ötəri siyasi məsələ deyil. Mədəni irs beynəlxalq qanunlar və konvensiyalarla qorunur. Bu səbəbdən Qərbi Azərbaycandan didərgin salınmış insanların qayıdış hüququ emosional çağırışlar deyil, BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsaslanan qanun və humanitar tələbdir.
Rəhman SALMANLI,
"Azərbaycan"