Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığından, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından sonra bu gün Azərbaycan dövləti qarşısında duran ən mühüm hədəflərdən biri vaxtilə Qərbi Azərbaycandan müxtəlif üsullarla deportasiya edilmiş soydaşlarımızın indiki Ermənistan ərazisindəki ata-baba yurdlarımıza ləyaqətli şəkildə qayıdışının təmin edilməsindən ibarətdir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Qərbi Azərbaycana qayıdış" mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqi, tədbirdə təqdim edilən faktlar bu prioritetin dövlət institutlarımız, ictimai sektor üçün də nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir.
Ağrılı yaddaşımız
Qərbi Azərbaycan mövzusunun əhəmiyyətini şərtləndirən bir çox strateji, siyasi, tarixi amil vardır. İlk növbədə bu ərazilər ulularımızın min illərlə yaşayıb zəngin mədəniyyət yaratdıqları tarixi torpaqlardır. Qərbi Azərbaycan milli irsimizin çox mühüm bir hissəsidir.
Ötən əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1948-1953-cü və 1980-ci illərdə Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı məcburi şəkildə öz yurdlarından qovulub. Bu faktlar hər bir dünya azərbaycanlısının milli yaddaşındakı ağrılı məqamlarıdır və ciddi insan haqları pozuntusu kimi beynəlxalq hüquq bu fakta biganə qalmamalıdır. Azərbaycan dövləti də Qərbi Azərbaycan mövzusunu beynəlxalq hüquq müstəvisində gündəmdə saxlamaqla, vaxtilə etnik təmizləməyə məruz qalmış soydaşlarımızın geri qayıdış haqqını tələb edir.
Qərbi Azərbaycan İcmasının "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası"nda bununla bağlı çox aydın, beynəlxalq hüquqi çərçivələrə əsaslanan müddəalar öz əksini tapmışdır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması bu konsepsiyanın müddəalarındandır. Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkiliyin həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlılıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi, beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin edilməsi də bura daxildir.
Niyyətimiz ədalətin təmin olunmasıdır
Həmin sənəddən göründüyü kimi, ölkəmizin Qərbi Azərbaycanla bağlı hədəfləri əsla hansısa qonşu ölkəyə qarşı ərazi iddiası deyil. Azərbaycanın dövlət siyasətində işğala, başqa bir ölkənin suveren ərazilərinə təcavüzə qətiyyən yer yoxdur. Bununla belə, hər bir insanın öz ata-baba yurduna təhlükəsiz, könüllü qayıdışı hüququnun tanınması da ədalətin təmin olunması məsələsidir və Azərbaycan məhz buna çalışır.
Uzun illər ərzində Ermənistanın işğalçı mövqeyi üzündən davam edərək hər iki tərəf üçün böyük itkilər hesabına başa gəlmiş, xüsusilə Azərbaycana on minlərlə vətəndaşımızın ölümü ilə yanaşı, həm də ağır iqtisadi-sosial yaralar vurmuş münaqişənin ordumuzun gücü ilə həllindən sonra dövlətimizin əsas məsədi bölgəmizdə əbədi sülhə, dayanıqlı inkişafa, bütün region dövlətlərinin faydalana biləcəyi mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq mühitinə nail olmaqdır. Bu isə ancaq haqq-ədalətin təmin olunması, fərdlərin hüquqlarının qorunması ilə mümkündür. Qərbi Azərbaycan mövzusu bu baxımdan Cənubi Qafqazda dayanıqlı sülhün, insanların rifah və xoşbəxtliyinin əldə edilməsi baxımından son dərəcə aktualdır. Bu mövzu xalqımızın milli birliyi və tarixi yaddaşının qorunması üçün də vacibdir. Çünki Qərbi Azərbaycan məsələsi ictimaiyyətimiz üçün dərin emosional və ideoloji məna kəsb edir.
Bütün bu səbəblərdən son illərdə "Qərbi Azərbaycana qayıdış" mövzusu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin də prioritet istiqamətlərindən biridir. Agentliyin hesabatından belə görünür ki, təkcə son üç il ərzində 50 QHT-nin "İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - "Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib.
Ötən illər ərzində Azərbaycan QHT-ləri beynəlxalq platformalarda - BMT, ATƏT və digər nüfuzlu təşkilatların tədbirlərində aktiv iştirak edərək Qərbi Azərbaycanla bağlı məsələləri gündəmə gətirib, ictimai müzakirələr keçiriblər. Bu təşəbbüslər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan və Qazaxıstan kimi ölkələri əhatə edib. "Qərbi Azərbaycana qayıdış" mövzusunda indiki qədər geniş və ardıcıl QHT fəallığı daha əvvəl müşahidə olunmayıb. Bu da onu göstərir ki, vətəndaş cəmiyyəti bu istiqaməti Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın növbəti mərhələsi kimi qəbul edir və bu ümumxalq arzunun gerçəkləşməsi üçün bütün resurslarını səfərbərliyə ala bilib.
Agentliyin təqdim etdiyi faktlara istinadən xatırladaq ki, 2025-ci il qrant müsabiqəsində "Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar" istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və türk dünyası regionlarında onlarca konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.
Biz qayıdacağıq
Bu il reallaşdırılan yeni layihələrdə Qərbi Azərbaycanla bağlı hekayələrin daha emosional və yaradıcı üsullarla - musiqi, bədii yaradıcılıq, ekran əsərləri və sənətkarlıq nümunələri vasitəsilə təqdim olunmasına üstünlük verildiyi müşahidə olunur. Monitorinqlər göstərir ki, bu metodlar cəmiyyətin diqqətini daha effektiv şəkildə cəlb edir. Yaxın günlərdə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin layihəsi çərçivəsində "Zəngəzur mahnısı" ictimaiyyətə təqdim ediləcək və radiolarda səsləndiriləcək. Mahnını ölkənin tanınmış sənətkarları ifa ediblər. Aşıqların iştirakı ilə keçiriləcək konsertlər də Qərbi Azərbaycan həsrətini dilə gətirəcək.
Bu istiqamətdə həyata keçirilən digər mühüm layihələrə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Ustad Ələsgərin Göyçə harayı - Vətənə sarı", "Ozan Dünyası" İctimai Birliyinin "Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir" və Azərbaycan Aşıqlar Birliyinin "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı" layihələri daxildir. Eyni zamanda "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi yaxın vaxtlarda Özbəkistanda bu mövzuda sərgi təşkil edəcək.
Müvafiq layihələr əsasında "Qərbi azərbaycanlıların Qars köçü" mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə "Qərbi Azərbaycan əsərlərdə" layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.
"Elmi Araşdırmalar" İctimai Birliyinin "İrəvan: hər daşı tarix", "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə kömək göstərəcək.
Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələr çərçivəsində son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin "İrəvan: tariximiz, torpağımız, taleyimiz", "Kainat" Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" kitabları buna nümunədir.
Bütün bunlar göstərir ki, Azərbaycan xalqı olaraq biz milli birliyimizin gücü ilə Qarabağın, Şərqi Zəngəzurun azadlığına, ölkəmizin ərazi bütövlüyünə, dövlət suverenliyinə nail olduğumuz kimi, Qərbi Azərbaycana qayıdışı da təmin edəcəyik. O günlər uzaqda deyil.
İradə ƏLİYEVA,
"Azərbaycan"