UNESCO bu məsələ ilə yaxından məşğul olduğunu bildirib
Hayastanın ölkəmizə qarşı ideoloji terroru davam etməkdədir. Dünyanın müxtəlif yerlərinə səpələnmiş haylar birləşərək Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdadırlar. Təəssüf ki, erməni lobbisinin, eləcə də hayların "konyak diplomatiyası"na uyan, heç bir əsası olmadan onların uydurma saxta məlumatlarını "həqiqət" kimi qələmə verib Azərbaycana təzyiq göstərmək istəyən beynəlxalq təşkilatlar, dövlətlər var.
Dünyada özünü demokratiyanın beşiyi sayan Amerika Birləşmiş Ştatları da "erməni toru"na düşənlərin siyahısında yer almaqdadır. Bu günlərdə ABŞ Dövlət Departamentinin dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edilib. Hesabatda Azərbaycana və Ermənistana dair müəyyən hissələr yer alıb. Bu hissələr mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır. Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Azərbaycan torpaqlarının 30 ilə yaxın bir dövrdə Hayastan tərəfindən işğal olunduğunu, həmin müddət ərzində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsinin, eləcə də 1814 memarlıq abidəsinin, 747 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidəsinin məhv edildiyini nədənsə unudur və ya görməzlikdən gəlir. ABŞ Dövlət Departamentində bilməlidirlər ki, dağıdılan və məhv edilən 23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları, mədəni irs nümunələri Azərbaycana məxsus olub. Həmçinin erməni təcavüzü dövründə 63 məscidin tamamilə dağıdıldığı, 4 məscidin tanınmaz hala salındığı da gizli deyil. Bəzən də haylar tarixi abidələrimizi saxtalaşdıraraq dünyaya qədim erməni mədəni irsi kimi təqdim etməkdən belə çəkinmirlər. 50-dən çox forması dəyişdirilən tarix və mədəniyyət abidələrimiz var ki, ermənilər həmin abidələrin üzərinə zəng qüllələri əlavə edib kilsə və monastr kimi təbliğ edirlər. Halbuki həmin abidələr xristianlıq mövcud olmayanda da var idi. Bu sırada Tuğ kəndində yerləşən alban məbədini, Laçın rayonunun Mirik, Hüsülü, Kosalar kəndindəki abidələri, Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastrını və başqalarını göstərmək olar.
Azərbaycanlılar dədə-baba yurdlarından zorla köçürüldükdən sonra ermənilər həm xristianlığa qədərki, həm də xristianlıq dövrünə aid tarixi abidələri saxtalaşdıra bilmədikləri üçün dağıdaraq məhv ediblər. Buna misal olaraq, Gorus, Qafan, Mehri şəhərlərinin yaxınlığında məhv edilən xeyli sayda memarlıq abidələrinin adlarını çəkmək olar. 300 abidənin olduğu Gorus rayonunun Uz kəndi tamamilə məhv edilib. Tarixi abidələrin daşlarından isə tikintidə inşaat materialı kimi istifadə olunub.
ABŞ Dövlət Departamentinin sözügedən hesabatı hazırlanarkən L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan kimi radikal millətçi erməni "tarixçiləri"nə istinad etmələri isə bu hesabatın qərəzli olmasının əyani sübutudur.
Sözügedən hesabat mətbuatda yayıldıqdan sonra Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət katibi Entoni Blinkenə müraciət ünvanlayıb. İcmanın Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinə, UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, eləcə də İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılıb. Xatırladaq ki, bu artıq Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənədidir.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdir.
Nəhayət ki, UNESCO Qərbi Azərbaycan icmasının müraciətinə rəsmi olaraq cavab verdi. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda qeyd edilir ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə icmanın qaldırdığı məsələ UNESCO-nun mandatına birbaşa aid olduğu qeyd edilməklə, bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunduğu bildirilib.
Beynəlxalq təşkilatın göndərdiyi məktubda qeyd edilir ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə icmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə icma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.
Qeyd edək ki, Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət katibi Entoni Blinkenə ünvanladığı məktubda ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırmışdır. Eyni zamanda icma nümayəndələri ABŞ hökumətini Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərəcəklərinə ümid etdiklərini bildirmişdilər.
Elşən QƏNİYEV,
"Azərbaycan"