Prezident İlham Əliyevin 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı sərəncamına əsasən, paytaxtın küçə və prospektlərində, qədimliyi ilə müasirliyi özündə birləşdirən tarixi memarlıq abidələrinin, bəlkə də Bakının özü ilə yaşıd olan bəzi meydan və küçələrin günün tələblərinə uyğun yenidən qurulmasında görülən işlər diqqətçəkəndir.
Azərbaycan memarlığını ayrı-ayrı dövrlərə bölsək görərik ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər şəhərsalma və memarlığın inkişafında xüsusi mərhələ təşkil edir. Ulu Öndərin təşəbbüsü əsasında bu sahədə vacib qərarlar qəbul edilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq şəkildə büruzə verir.
Hazırda paytaxt Bakıda genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın əsas istiqamətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır. Hazırda paytaxtımız qədimliklə müasirliyin vəhdətində inkişaf etdirilir. Yeniləşməni, müasirləşməni simvolizə edən Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal tikililər paytaxtımızın yeni gözəllik rəmzlərinə çevrilib və şəhərimizə gələn turistləri heyran qoyur.
Qədimdən "Qara şəhər" kimi tanınan ərazi son illər başdan-başa yenilənib. Müasir memarlıq layihələri əsasında ucaldılmış yaraşıqlı binalar dünyaya yeni şəhərsalma konsepsiyası təqdim edir. Xatırladaq ki, "Bakı Ağ şəhər" layihəsi ilk növbədə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata vəsiqə alıb və hazırda uğurla reallaşdırılır.
Paytaxtın tarixi məhəlləsinin küçələri simasını dəyişir. Fəvvarələr meydanının gediş-gəlişi Qış parkına qovuşur. Bakının mərkəzi deyəndə ilk ağlımıza gələn məkan Fəvvarələr meydanı ilə Qış parkı arasında qısa məsafə olur. Çox da uzun olmayan bu küçələrdən piyada getmək heç də asan deyil. Dar səkilər, nizamsız park edilmiş maşınlar və piyada axınını boğan qarışıqlıq bu marşrutu maneəli zolağa çevirib. Hazırda paytaxtın İslam Səfərli küçəsində həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri Bakının mərkəzi hissəsinin çağdaş şəhər mənzərəsində keyfiyyət dəyişikliyini yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi bu layihə şəhərin 2 əsas zonası - Fəvvarələr meydanı ilə Qış parkı arasında makro-infrastrukturun həllidir. Layihənin icrası zamanı tətbiq edilən yanaşma müasir şəhərsalmanın davamlılıq prinsiplərinə əsaslanır. Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu istiqamətdə icra olunan layihələrdən biri də paytaxt sakinlərinin və şəhərə gələn qonaqların sıx istifadə etdikləri ərazilərdən sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyadayönümlü formata keçirilməsi məqsədilə intensiv işlər aparılır. Bütün küçəboyu mövcud kommunikasiya xətləri tam yenilənib. Küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işıq dirəklərinin quraşdırılmasına başlanılıb. Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb, artıq oturacaqlar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdən çox ərazini əhatə edir. Eləcə də Təzəpir məscidinin ətrafında söküntü işləri aparılır, Mərdəkandakı "Dendrologiya bağı"nda isə əsaslı təmir həyata keçirilir. Bu layihələr vətəndaşlar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.
Ekspertlərin də qeyd etdiyi kimi, Bakı kimi böyük şəhərin müəyyən ərazilərində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması dünyada geniş yayılmış təcrübədir. Bu, həmin küçə və meydanlarda nəqliyyatın hərəkətində, eləcə də digər yaşayış məntəqələri ilə əlaqələndirilməsində narahatlıq yaratmır. Lakin istisnalar nəzərdə tutulur: operativ xidmət maşınları, ərazidə fəaliyyət göstərən obyektlərin logistika ehtiyacları, eləcə də həmin ərazidə yaşayan sakinlərin fərdi avtomobilləri üçün xüsusi qayda tətbiq edilir. Paytaxtda bunun nümunələri var. Məsələn, İçərişəhərdə tətbiq olunmuş qayda bunun bariz göstəricisidir. Xaqani bağı ətrafında, eləcə də müəyyən günlərdə, bayram və istirahət günlərində bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Müasir şəhərsalmada piyada zonalarının yaradılması tarixi irsin qorunması üçün zərurətdir. Odur ki, bu qaydaları daha da təkmilləşdirərək tətbiq etmək şəhərimizin sosial mənzərəsini müsbətə doğru dəyişə bilər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi təsadüfi deyil. 2024-cü ildə respublikamızda BMT-nin ən mühüm və ən böyük tədbirlərindən biri olan iqlim konfransı - COP29 böyük uğurla baş tutdu. 2026-cı il mayın 17-22-də isə Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Dünyanın nəzərləri yenidən Azərbaycana yönələcək, müasir dövrdə qlobal şəhərsalma çağırışları ölkəmizdə müzakirə olunacaq.
Rəhman SALMANLI,
"Azərbaycan"