02 Aprel 2024 09:30
2192
Mədəniyyət
A- A+
Qədim və müasir Basqal

Qədim və müasir Basqal

 

Azərbaycanda şəhər mədəniyyəti elementlərini özündə yaşadan qədim yaşayış məntəqələrindən olan Basqalın tariximizdə özünəməxsus yeri var. Basqal toponimi çoxmənalı təmiz türk sözü olaraq "qala qur", "qala ucalt" mənalarını ifadə edir. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur.
Vahid memarlıq prinsipləri əsasında qurulan Basqalda Orta əsrlərdən sənətkarlıq, ticarət inkişaf edib. Özünəməxsus mətbəxi, qonaqpərvərliyi, memarlığı ilə seçilən bu diyarı məşhurlaşdıran əsasən kəlağayısı olub.
XVII, XVIII, XIX əsrlərdə Basqal ustalarının hazırladığı ipək məmulatları dünya bazarlarında satışa çıxarılıb.  Hindistan, Rusiya, İngiltərə və başqa  ölkələrə ixrac olunan  çeşidli kəlağayılar, qanovuz, keşmir, tayta, darayı, cecim, mov və digər parçalar xarici bazarlarda və beynəlxalq sərgilərdə nümayiş etdirilərək yüksək qiymətləndirilib. 
Bu qədim yaşayış məskəni iki əsas hissədən - qədim Basqaldan və son 70-80 ildə Basqal çayının sağ sahilində salınmış, yəni müasir Basqaldan ibarətdir. Bir ucu Həsənxan bağına, bir ucu Əmrəki dağının ətəyinə, bir ucu da qədim "Qalalar" ərazisinə çatan müasir Basqalda çoxsaylı müasir evlər tikilib. Basqal çayının sol sahili boyunca uzanan yamacda salınmış qədim Basqal isə plan və memarlıq quruluşu baxımından Lahıca bənzəyir. 
Hazırda Basqalda I-IX əsrlərə aid "Qalalar" yaşayış yeri, IX-XII əsrlərə aid Niyal qalası, X-XI əsrlərə aid "Qalalar" istehkamı, Şeyx Məhəmməd (XVI əsr) və Hacı Bədəl (XIX əsr) məscidləri, XVII əsrə aid hamam, Qalalar məhəlləsi (XIV əsr), qədim qəbiristanlıq (XVII əsr), Kürəbənd su (XVIII əsr) və Kürəbənd kanalizasiya (XIII-XIV əsrlər) şəbəkələri, Bədəl bulağı (XIV əsr), Qoşabulaq (XVI əsr), Xarabiyan bulağı (XVII əsr), Hacı Cəbi (və ya Çələbi) bulağı (XVIII əsr), Micqohun bulağı (XIX əsr), Dambulu bulağı (XIX əsr), Pahpahqı bulağı (XVIII əsr), Hüseyn bulağı (XIX əsr), Bədo bulağı (XIX əsr), Hacıbağır mülkü (XVIII əsr), Məşədi Məhəmmədin karxanası (XIX əsr), Muğbatın (XIX əsr), Baba dayının (XIX əsr), Bal Əfəndinin (XIX əsr), Hacı Məmmədtağının (XIX əsr) və Bəşir kişinin mülkləri kimi memarlıq abidələri diqqət çəkir. Bundan başqa, Basqal qoruğunun ərazisində 300-dən artıq yaşı olan çinar ağacı var.
Yazılı mənbələrdə Basqal şəhər mədəniyyəti elementlərinə malik olması barədə kifayət qədər məlumata rast gəlinir. XIX əsrin sonlarında Basqalda olan rus şərhçisi Konstantin Lebedev "Qafqaz" qəzetinin 1882-ci il 310-cu sayında dərc edilmiş qeydlərində yazır: "Basqal şəhərinə qəza mərkəzi Şamaxıdan kiçik, lakin zərif və iti yerişli kəhər atla gəldik. Basqal şəhərinə axşam vaxtı yetişdik. Neft lampaları evlərin eyvanını, həyətlərini kifayət qədər işıqlandırırdı. Melodik səs ruhumuzu oxşadı. Çarvadar Məşədi Əzim kişi bu səsin məscid minarəsindən gələn azan səsi olduğunu mənə başa saldı".
Özünəməxsus adları ilə seçilən Dəmirçibazar, Qoşabulaq, Qəlibgah, Xarabiyan, Qalabaşı, Dərəməhəllə Basqalın qədim tarixinə şahidlik edən yadigarlardır. Söhbət o tikililərdən gedir ki, onlardan bir çoxunun ən azı iki-üç əsrlik tarixi var. 
Basqalın qədim tarixi araşdırılan zaman  Qalabaşı ərazisində şimal qala divarları və Basqal hamamının kürəbəndinin qismən öyrənilməsi, Şeyx Məhəmməd məscidi adı ilə tanınan Basqal məscidi və onun ətrafında, habelə məscidin yan otağı və həyətində arxeoloji tədqiqatlar nəticəsində minillik bir dövrü əhatə edən zəngin mədəni təbəqə - yaşayış qatı olduğu müəyyənləşdirilib. Basqal yaşayış yerinin mədəni təbəqəsi ümumi qalınlığı 2-2,5 metr olan 6 mühüm tikinti qatından ibarət formalaşmışdır. Bəzi nöqtələrdə isə tikinti qatlarının sayı hətta 7-8-ə çatır. Bu isə o deməkdir ki, Basqalda X əsrdən başlayaraq 1000 il ərzində təqribən hər 120-150 ildən bir mövcud tikililər dövriyyədən çıxmış və onların üzərində yeni tikililər meydana gəlmişdir.
Tədqiqatlar zamanı Şeyx Məhəmməd Məscidi daxilində dəmirçi emalatxanası, hovuz, saxsı borulardan və daş kürəbəndlərdən ibarət su və kanalizasiya xətlərinin qalıqları da aşkarlanıb. Hovuzun yanındakı ətrafı və içərisi daşla səliqəli döşənmiş yerin isə ibadət edən insanların dəstəmaz aldığı yer olduğu ehtimal edilir. Tapıntılar içərisində ayrı-ayrı dövrlərə aid rəngarəng çeşidli keramika nümunələrini xüsusi olaraq qeyd etmək lazımdır. 
Uzun illər idi ki, basqallılar da, Basqalın tarixi və etnoqrafiyası ilə məşğul olanlar da bu qədim yaşayış məntəqəsinin iki-üç əsrlik keçmişindən bəhs edirdilər. Son illərin arxeoloji tədqiqatları isə artıq Basqalın 1000 illik tarixindən, mədəniyyətindən, sənət və məişət dünyasından xəbər verir. Basqala aid "Qalalar" adlı yaşayış yerindən, habelə yaxınlıqdakı Kürdüvan kəndi ərazisindən tapılmış Qafqaz Albaniyası dövrünə aid maddi mədəniyyət qalıqları daha qədim tarixə malik Basqalın şəhər tipli yaşayış məntəqəsi olduğunu ehtimal etməyə ciddi əsas verir. 
2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-2014-cü illərdə "Basqal" Dövlət Tarixi-Mədəniyyət Qoruğunun inkişafı üzrə xüsusi Dövlət Proqramını təsdiqləyib. Həmin proqramda Basqal qəsəbəsinin geniş mədəni irs və turizm potensialının müasir dövrün tələbatına müvafiq və beynəlxalq standartlara uyğun formada üzə çıxarılması nəzərdə tutulurdu. Qısa bir zamanda nəzərdə tutulan işlər sürətlə həyata keçirildi. 3 oktyabr 2018-ci ildə Prezident İlham Əliyev "Basqal Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında" sərəncam imzaladı.
2022-ci il avqustun 12-də Basqalda səfərdə olan dövlət başçısı  yenidənqurma, quruculuq işləri ilə tanış olarkən demişdir: "Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, - bunu da biz təmin etdik, iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq". 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!