25 Avqust 2019 00:33
870
İQTİSADİYYAT
A- A+
Qədim Nizami yurduna maraq ildən-ilə artır

Qədim Nizami yurduna maraq ildən-ilə artır


Son illər yerli və xarici turistlərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə maraqları daha da artmışdır. Bunun bir səbəbi qədim Nizami yurdunda aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin gözəlləşməsidirsə, digər səbəbi burada çoxlu sayda mədəniyyət obyektlərinin olmasıdır.

Gəncə həm də muzeylər, tarixi abidələr, parklar , fəvvarələr şəhəridir. Hazırda burada 31 böyük park var. Onlardan ən nəhəngi Ulu Öndər Heydər Əliyevin adını daşıyan park-kompleksidir. İstər şəhər sakinlərinin, istərsə də turistlərin bu parkda mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

450 hektar ərazisi olan Heydər Əliyev park-kompleksinin girişində möhtəşəm "Zəfər tağı” ucaldılıb. Gözoxşayan xiyabanda geniş yaşıllaşdırma işləri aparılmış, çoxlu sayda oturacaqlar qoyulmuşdur. İnsanlar axşamlar xiyaban boyu gəzintilər keçirir, fəvvarələrin ətrafında dayanıb sərinlənirlər. "Zəfər tağı”ndan Heydər Əliyev mərkəzinə kimi olan ərazidə minlərlə ağac əkilib. Parkda yaradılan süni göl və orijinal şəlalə bu əraziyə xüsusi gözəllik verir. Bundan başqa, park-kompleksdə müxtəlif məişət obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran "Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərir. Parkda Müasir İncəsənət Muzeyi və amfiteatr da inşa edilmişdir. Muzeydə tez-tez tanınmış rəssamların əl işlərindən ibarət sərgilər təşkil edilir ki, bu da turistlərin marağına səbəb olur. Nəhayət, burada ucaldılan möhtəşəm Heydər Əliyev Mərkəzi park-kompleksinə xüsusi yaraşıq verir. Demək olar ki, mərkəz hər gün insanlarla dolu olur. Xüsusilə məktəblilər burada dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, eləcə də müstəqil Azərbaycanın memarı və qurucusunun göstərdiyi xilaskarlıq missiyasını dərindən öyrənirlər.

Gəncənin park-bulvar kompleksi də insanların ən çox sevdikləri məkandır. Layihəyə uyğun olaraq görülən işlər çərçivəsində Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılmış, çayın yatağı təmizlənmiş, məcrası isə yenidən qurularaq hər iki tərəfdə ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilmişdir. Çayın sağ sahilində ilkin olaraq 34 hektar ərazidə bulvar salınmışdır. İstirahət məkanında Bayraq meydanı, mətbuat evi, kitab evi, uşaq əyləncə və ticarət mərkəzləri, "Əli və Nino” kompleksi, saat qülləsi, kinoteatr inşa edilmişdir. Bulvarda velosipedçilər üçün xüsusi veloxəttin salınması şəhər gəncləri, eləcə də turistlər tərəfindən razılıqla qarşılanmışdır. İndi axşamlar burada insan əlindən tərpənmək olmur. Attraksionlar, yaşlı insanların dincəlməsi üçün guşələr, müxtəlif stolüstü oyunların keçirilməsi üçün yerlər də yaradılmışdır.

Yay mövsümü olduğundan Gəncə sakinlərinin ən çox üz tutduqları yerlər park və xiyabanlardır. Onlardan biri də görkəmli dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan parkdır. Parkın girişində onun böyük büstü ucaldılmışdır. Yaşıllıqlarla əhatə olunmuş parkda çoxlu oturacaqlar qoyulmuş, müasir işıqlandırma qurğuları quraşdırılmışdır ki, bu da gecələr parka xüsusi gözəllik verir.

Ümumiyyətlə, şəhərin bütün yaşayış massivlərində park və xiyabanlar salınmışdır ki, bunun da nəticəsində bu ərazilərdə yaşayan insanlar əziyyət çəkib istirahət etmək üçün uzun yol qət etmirlər. Məsələn, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və Məhəmməd Füzulinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan parklar, eləcə də "İstiqlal” parkı şəhərin müxtəlif ərazilərində salınmışdır ki, bu da sakinlərin istirahəti üçün çox əlverişlidir.

Hazırda şəhərdə iki yeni parkın salınması uğurla davam etdirilir. Onlardan biri Mirzə Şəfi Vazeh parkıdır ki, burada da işlər yekunlaşmaq üzrədir. Ümumi sahəsi bir hektardan çox olan parkda 10 ədəd bulaq kompleksi tikilmiş, insanların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Şəhərdə yeni parklar salınarkən Gəncə memarlığına xas olan tağbəndlərdən, ətraf hasarlarda isə gülbağı daşlardan, eləcə də kərpiçlərdən istifadə olunur ki, bu da şəhərin qədimliyinə xələl gəlmədən müasirliyini əks etdirir.

Gəncə həm də turistləri özünə daha çox cəlb edən muzeylər şəhəridir. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri yeni muzeylərin yaradılması ilə də müşayiət olunur. Yerli memarlıq üslubunda ucaldılan bu muzeylər çox qısa zamanda həm Gəncə sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olmuşdur. Qədim mülklərlə yanaşı, indi burada Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi kimi yeni tikililər də var. Şəhərin girəcəyində ucaldılmış bu abidə indi hər bir qonaqda heyranlıq yaradır.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi yaxınlığında bənzərsizliyi ilə diqqəti cəlb edən bir muzey də inşa edilmişdir. Bu, Nizami Gəncəvi Muzeyi adlanır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi bura gələnlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı barədə geniş məlumat almağa imkan yaradır. Bunun üçün muzeydə böyük monitor da quraşdırılmışdır.

Ümumiyyətlə, Gəncədə son bir neçə ildə mədəniyyət obyektlərində əsaslı şəkildə yenidənqurma işləri aparılmışdır. Məsələn, Nizami Gəncəvinin məqbərəsində, Gəncə çayı sahilində yerləşən "Xəmsə” memarlıq kompleksində, "Çökək hamam” tarixi memarlıq abidəsində, "Zərrabi” tarix-memarlıq abidəsində, "Şərəfxanlı” tarix-memarlıq abidəsində əsaslı təmir işləri görülmüş, Məhsəti Gəncəvi Mərkəzi, Miniatür kitab muzeyi, "Avropa Gənclər Paytaxtı-2016 Gəncə Parkı”, Hacıkənd qəsəbəsində "Nizami Gəncəvinin sələfləri və xələfləri” adlı park, Şah Abbas və Uğurlu xan karvasarayları təmirdən sonra istifadəyə verilmişdir.

Söz yox ki, şəhərdə turistlər üçün yaradılan bu imkanlar onu deməyə əsas verir ki, istər yerli və istərsə də xarici qonaqlar bu qədim şəhərə gəlməyə böyük maraq göstərirlər. Onlar bu səfərləri çərçivəsində Gəncənin tarixini öyrənməklə yanaşı, onun müasirliyinin də şahidi olurlar. Bundan başqa, turistlərin qədim Nizami yurduna marağını artıran amillərdın biri də göllər tacı Göygölun bu şəhərə yaxın ərazidə yerləşməsidir. Son illər göl ərazisində aparılan abadlıq və quruculuq işləri insanların razılığı ilə qarşılanmışdır. İndi gölə ekskursiya edən yerli turstlərlə yanaşı, xarici turistlər də çoxluq təşkil edir. Hətta ailəvi şəkildə bura gələn turistlərin də sayı gündən-günə artır.

Hindistanlı Amriş Kumor deyir ki, onların ölkəsində də gəzməli, görməli yerlər çoxdur. Lakin dağların qoynunda yerləşən bu göl onu heyran etdi. Meşələr, yan-yana düzülmüş göllər isə bu ərazilərə xüsusi yaraşıq verir. Mən buranın təbiətindən çox zövq aldım. Növbəti illərdə ailəmlə bu yerlərə təkrar dönmək arzusundayam.

İsrailli turist Adlin Key isə söylədi ki, o, bir çox xarici ölkədə olub. Lakin belə bir gözəllik görməyib.

Gəncədə turizmin inkişafı üçün geniş imkanlar var. Xüsusilə şəhərə gəlmək üçün heç bir nəqliyyat problemi yaşanmır. Əvvəla, burada beynəlxalq hava limanı var və sərbəst uçuşlar həyata keçirilir. Paytaxt Bakıdan Gəncəyə sürət qatarı işləyir. Bakı-Gəncə magistral avtomobil yolu tamamilə yenidən qurulmuşdur.

Ümumiyyətlə, Azərbaycan müstəqillik qazandıqdan sonra turizmin inkişafı sahəsində görünməmiş uğurlar qazanılıb. Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq görülən işlər onu deməyə imkan verir ki, yaxın zamanlarda Azərbaycan dünyanın ən qabaqcıl turizm ölkələrindən birinə çevriləcək. Bu öncüllükdə sözsüz ki, Gəncə şəhəri nümunəvilik nümayiş etdirəcək. Bunun üçün isə Gəncədə həm əlverişli coğrafi, həm də füsunkar iqlim şəraiti var.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!