Hər sahədə inkişaf, hər işdə yenilik
Ölkənin qədim şəhəri Gəncə gəncləşməkdə davam edir. Həyata keçirilən abadlıq və yenidənqurma işləri şəhərin simasını dəyişir, onu daha gözəl və daha müasir edir. Yeni qəsəbələr, park və xiyabanlar qədim Nizami yurduna təzə həyat gətirir.
Əvvəlki illərdə olduğu kimi, cari ilin də şəhər üçün yaddaqalan olacağını indidən demək olar. Bunu şəhərin iqtisadi göstəricilərinə nəzər salanda daha aydın görmək mümkündür. Məsələn, cari ilin 6 ayı ərzində şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışının həcmi 618,1 milyon manata çatmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Bu dövrdə istehsal olunan məhsulların 22,4 faizi dövlətin, 77,6 faizi qeyri-dövlət bölmələrinin payına düşüb. Şəhər üzrə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artıb. O cümlədən sənayedə çalışan muzdlu işçilərin orta aylıq əməkhaqqı 12,4 faiz artaraq 675,7, qeyri-dövlət sənaye müəssisələrində işçilərin əməkhaqqı 10,1 faiz artaraq 711,2 manata çatıb.
Hazırda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Gəncə şəhərində inşa edilən KOB evinin tikintisi sürətlə davam edir. "Gəncə KOB evi"nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulur. "Mehmanoğlu Yem və Taxıl" MMC-nin müəssisəsində isə quş, iri və xırdabaşlı heyvanlar üçün yem istehsal ediləcəkdir. Müəssisənin istehsal gücü saatda 10 ton olacaq. Bununla yanaşı, burada ümumi həcmi 30 min ton olan 4 taxıl saxlama çənləri quraşdırılmışdır. İlkin olaraq 20 nəfərin işlə təmin edildiyi müəssisədə işçi sayının 30-a çatdırılması nəzərdə tutulur.
Azərbaycanın maşınqayırma sənayesinin flaqmanı olan, artıq 20 ilə yaxındır ki, ölkəni müxtəlif avtomobil və kənd təsərrüfatı texnikaları ilə təmin edən "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi də fəaliyyətini genişləndirmişdir. İB həm Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorların istehsalçısı olan İtaliyanın "SDF Group" şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlamışdır. Yeni model traktorların təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev, İtaliyanın "SDF Group" şirkətinin beynəlxalq regional direktoru Umberto Miceli və digər qonaqlar iştirak etmişlər. "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi hələlik il ərzində 300-ə yaxın traktorun yığılmasını planlaşdırır. İlkin olaraq "DEUTZ-FAHR 4100 W", "6205 G" və "115 G AGROFARM" alman traktor modellərinin Azərbaycanda yığılması üçün razılıq əldə edilmişdir. Müqavilənin şərtlərinə əsasən, əməkdaşlıq çərçivəsində yığılacaq traktorların model sırasını gələcəkdə genişləndirmək nəzərdə tutulur.
Şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri də səngimir. Qəzalı vəziyyətdə olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün inşa edilən 249 mənzilli yeni yaşayış binalarının tikintisi, eyni zamanda inşasına 2018-ci ildə başlanmış İdman Sarayının inşası davam edir. Ekoloji Park Kompleksinin tikintisi sürətlənib. Bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan park isə şəhərə bir ayrı yaraşıq verir. Yeni parkda körpə və uşaqlar üçün müxtəlif attraksionlar, idman qurğuları quraşdırılmışdır.
Cari ilin əvvəlindən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Gülüstan yaşayış massivində, 1-ci mikrorayonda, bir çox küçə və digər ərazilərdə ümumilikdə 335 işıq dayağı, 7 paylayıcı şkaf, 866 led tipli işıqlandırıcı lampa, 267 plafon formalı işıqlandırıcı quraşdırılmış, kabel xətləri çəkilmiş, 201 lift cari təmir edilmişdir. Yaşıllıqların qorunub saxlanılması və bioloji müxtəlifliyin inkişafı üçün isə "İstiqlal", "Qələbə", Fikrət Əmirov, Füzuli, İzmir parklarında, Bayraq meydanında, Gəncə-Yevlax şosesi istiqamətində, "İmamzadə" dini kompleksi ərazisində və digər ərazilərdə ümumilikdə 192 mindən çox ting, kol və çiçək əkilmiş, 4 subartezian quyusu təmir edilərək istismara verilmiş, 966 hektar əraziyə mütəmadi qulluq göstərilmişdir. Söz düşmüşkən, onu da qeyd edək ki, şəhər icra hakimiyyətinin dəstəyi və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. Nizami Gəncəvi məqbərəsinin ətrafında keçirilən aksiya zamanı 100 xan çinarı əkilmişdir. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən də Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiyada 200 sərv ağacı əkilmiş, onlara xüsusi aqrotexniki qulluq göstərilmiş, suvarılması təmin edilmişdir.
Məlum olduğu kimi, məşğulluq siyasəti, işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının yüksəldilməsi kimi məsələlər dövlətin sosial siyasətinin prioritet istiqamətləridir. Bu siyasət Gəncədə də uğurla icra olunur. Məsələn, təkcə 6 ay ərzində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialında işsiz və işaxtaran qismində 2 min 471 nəfər qeydiyyata alınmış, 989 nəfər işlə təmin edilmişdir. Bundan əlavə, "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Prezidentin sərəncamına əsasən, ötən dövr ərzində Gəncə üzrə 303 nəfər özünüməşğulluq proqramına cəlb edilmiş, proqram çərçivəsində 21 nəfər aktivlərlə təmin olunmuşdur. Bu da hələ hamısı deyil. Cari ilin may ayında Azərbaycan Texnologiya Universitetinin və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilmişdir. Əmək yarmarkasında ümumilikdə 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim olunmuş və həmin işlərə xeyli sayda gəncəli götürülmüşdur.
İş yerlərindən söz düşmüşkən. Bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilmişdir. Görüşdə sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verilmiş, sahibkarlar biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini səsləndirmişlər.
Şəhərdə qazlaşdırma prosesi də davam edir. Sadıllı, Cavadxan, Məhsəti, Natəvan qəsəbələrində, Heydər Əliyev prospektində, Gülüstan yaşayış massivində, 38 saylı hərbi şəhərcikdə, bir sıra küçələrdə yeraltı qaz xətləri yerüstü xətlərlə əvəz edilmişdir.
Ölkədə qarşıya qoyulan və böyük əhəmiyyət verilən prioritet məsələlərdən biri də əhalinin, şəhər və rayonların su təchizatı sisteminin yenidən qurulmasıdır. Məlum olduğu kimi, Gəncədə Almaniya İnkişaf Bankının (KFW) krediti hesabına "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi həyata keçirilir. Layihə çərçivəsində 2023-cü ilin birinci yarısında 11 min 929 paqonometr su xətti, 8 min 593 paqonometr kanalizasiya xətti çəkilmişdir. Hazırda işlər davam edir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Gəncədə də silsilə tədbirlər keçirilir. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında ümumşəhər tədbiri təşkil edilmişdir. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulları Recep Öztop və Nikolos İaşvili, Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev, Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bu münasibətlə keçirilən tədbirlər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı da olmuşdur. Konsertdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilmişdir. Şəhərin mərkəzindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin önündə yekunlaşmışdır. Burada rəsmilər və veloyürüş iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər. Bu mövzunun davamı kimi onu da qeyd edək ki, cari il iyun ayının 9-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" Beynəlxalq velosiped yarışının 3-cü mərhələsi keçirilmişdir. Velotura ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın velosipedçi qatılmışdır. Bundan başqa, Buxarest şəhərində keçirilən gənclər arasında Sərbəst Güləş üzrə Avropa Çempionatında da şəhər idmançıları fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Ümumiyyətlə, bu il şəhərin idman aləmində çoxsaylı hadisələr olmuşdur. "Xəmsə" Taekvondo Klubu istifadəyə verilmiş, idmanın müxtəlif növləri üzrə 70 şəhər tədbiri və yarışı keçirilmişdir. Bu tədbirlərdə 6400-dən artıq idmançı iştirak etmişdir.
Türkiyənin Gəncədəki Baş konsulluğunda qardaş ölkənin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 104-cü ildönümü də qeyd edilmişdir. Şəhər ictimaiyyəti nümayəndələrinin, Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə təhsil alan türkiyəli tələbələrin iştirak etdikləri tədbirdə Mustafa Kamal Atatürkdən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Sabir ƏLİYEV,
"Azərbaycan"