30 Sentyabr 2026 10:30
69
CƏMİYYƏT
A- A+
Qəbələdən Şuşaya uzanan qəhrəmanlıq yolu

Qəbələdən Şuşaya uzanan qəhrəmanlıq yolu


Ömrünün iyirminci ilində şəhidlik zirvəsinə ucalan igid


Qəbələnin  adı çəkiləndə göz önündə uca dağlar, yaşıl meşələr, gur bulaqlar, qədim tarix və saf, mərd insanların obrazı canlanır. Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələ təbiətin səxavətlə bəxş etdiyi gözəllikləri ilə seçildiyi kimi, Vətəninə bağlı, torpağına sədaqətli oğulları ilə də tanınır. Qarabağ isə Azərbaycanın qəlbidir. Onun hər dağı, hər qayası, hər yamacı tariximizin bir səhifəsidir. Əsrarəngiz təbiətli Qəbələnin mərd bir oğlunun Qarabağın müqəddəs torpaqlarının azadlığı uğrunda döyüşməsi də sanki Azərbaycanın iki qədim yaddaşının  bir igidin taleyində qovuşması idi.

Rüstəm Atakişiyevin həyat yolu məhz belə bir qovuşmanın tarixidir. O, Qəbələnin Tüntül kəndində dünyaya göz açmış, sadə bir ailədə böyümüşdü. İki bacının bircə qardaşı idi. Onun ürəyində uşaqlıqdan adi arzulara sığmayan böyük bir istək yaşayırdı: hərbçi, özü də Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmaq. Rüstəm bu arzusunu sadəcə ürəyində daşımırdı. Sosial şəbəkələrdə paylaşdığı bir cümlə onun xarakterini, məqsədini və gələcək taleyini sanki əvvəlcədən xəbər verirdi: "Hər şeyin bitdiyi yerdə xüsusi təyinatlılar başlar!" Bu sözlər  onun üçün sadəcə bir cümlə deyildi. Bu, bir gəncin qarşısına qoyduğu məqsəd, özünə verdiyi söz idi. İki bacının sevimli qardaşı olan Rüstəm doğmalarına da fəxrlə deyirdi: "Bir gün əsgərlikdən qayıdacağam və hamınız deyəcəksiniz: baxın, xüsusi təyinatlı Rüstəm gəlir". Rüstəm o  günləri səbirsizliklə gözləyirdi...

Rüstəm Zahid oğlu Atakişiyev 2007-2018-ci illərdə M.Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil almışdı. Erkən yaşlarından ailəsinə kömək etmək üçün çalışmağa başlamışdı. Hərbi təhsil almaq, snayperçi olmaq arzusunda idi. Amma ali təhsil almaq ona nəsib olmadı. Bəzən həyat insanın qarşısına elə yollar çıxarır ki, o yolun haraya aparacağını əvvəlcədən bilmək mümkün olmur. Rüstəmi isə  yol  Vətənə xidmətə aparırdı. 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayan Rüstəm qısa müddətdə öz bacarığı, iradəsi və hərbi hazırlığı ilə digər əsgərlərdən seçildi. Elə buna görə də hərbi hissə rəhbərliyinin qərarı ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə snayper manqasının baş snayperçisi kimi davam etdirdi. Uşaqlıq arzusu artıq gerçəyə çevrilmişdi. O, artıq bacılarına fəxrlə danışdığı həmin xüsusi təyinatlı Rüstəm idi. Qarşıda isə onu daha böyük bir sınaq gözləyirdi.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Azərbaycan əsgəri illər boyu həsrətlə gözlənilən torpaqların azadlığı uğrunda döyüşə atıldı. Qəbələnin sakit dağlarından çox-çox uzaqlarda, Qarabağın od tutub yanan torpaqlarında Azərbaycanın igid oğulları tarix yazmağa başladılar. Rüstəm də həmin qəhrəmanlıq salnaməsini yaradan iştirakçılardan biri idi. Cəbrayılın, Füzulinin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşurdu. Onun üçün artıq nə doğulduğu Tüntül kəndinin dağları, nə Qəbələnin meşələri uzaq idi. Çünki Vətənin hər qarışı onun üçün doğma idi. 

Füzuli döyüşləri zamanı yaralansa da, bu, onu döyüş meydanından ayırmadı. Rüstəm silahını əlindən yerə qoymadı. Çünki onun qarşısında şəxsi həyatından daha böyük bir məqsəd dayanırdı: Vətənin torpaqlarını azad görmək. Döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edən Rüstəm öz snayperçi məharəti ilə qarşı tərəflə amansız mübarizə aparırdı. Qəbələdə doğulan bu gəncin taleyi artıq Qarabağın tarixinə yazılırdı.

Şuşa...

Azərbaycanın tarixində, mədəniyyətində və mənəviyyatında xüsusi yeri olan bu qədim şəhərə gedən yol Rüstəmin son döyüş yolu oldu. 2020-ci il oktyabrın 21-də Şuşa istiqamətində gedən döyüşlərdə Rüstəm Atakişiyev şəhidlik zirvəsinə ucaldı. Onun ömrü cəmi iyirmi il çəkdi... Bir insan ömrünün başlanğıcı üçün çox qısa, Vətən tarixində iz qoymaq üçün isə bəzən kifayət qədər böyük zamandır. Rüstəm ömrünün iyirminci pilləsində ölüm yox, əbədiyyət qazandı. 

Şəhid Rüstəm Atakişiyevin nəşi doğma Qəbələyə gətiriləndə onu böyük izdiham və dərin ehtiramla qarşıladılar. Bu dəfə Qəbələnin dağları, Tüntülün yolları başqa cür görünürdü. Bir zamanlar həmin küçələrdə məktəbə gedən, ailəsinə kömək edən, bacıları ilə söhbət edən, gələcək haqqında arzular quran Rüstəm geri qayıtmışdı. Amma əvvəlki Rüstəm kimi yox... Vətən uğrunda canından keçmiş şəhid kimi. Anasının, atasının, bacılarının, doğmalarının gözündə onun ömrü yarımçıq qalmışdı. Lakin xalqın yaddaşında Rüstəmin ömrü kəsilməmişdi. Bəzi ömürlər illərlə deyil, mənası ilə ölçülür. Rüstəm də qısa ömrünə böyük bir məna sığdırdı. Adı medallarda, özü xalqın yaddaşında yaşayır. Vətənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirak edən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Rüstəm Atakişiyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Bu təltiflər onun göstərdiyi qəhrəmanlığın dövlət tərəfindən verilən qiymətidir. Rüstəmin ən böyük mükafatı isə xalqın yaddaşında yaşamasıdır. 

Rüstəmin  bacıları onun sözlərini  indi də xatırlayaraq  ürəklərində deyirlər:

"Baxın, xüsusi təyinatlı Rüstəm gəlir..." Bəli, Rüstəm gəlir...

Şəhidlər yalnız torpağa tapşırılmır. Onlar Vətənin yaddaşına tapşırılır. Rüstəm Atakişiyev də Qəbələdən Qarabağa uzanan qəhrəmanlıq yolunun əbədi yolçusudur. Onun ömrü qısa oldu. Amma bu qısa ömrə bir igidin sığdıra biləcəyi ən böyük adı sığdırdı: Vətənə sədaqət, qəhrəmanlıq və şəhidlik!


Elşən QƏNİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstan Parlamenti Peter Macyarın toxunulmazlığını ləğv edib

10:40
30 Sentyabr

Hakerlər təxminən 3 milyon Pentaqon hərbçisinin məlumatlarını oğurlayıblar

10:35
30 Sentyabr

Qızıl və gümüş bahalaşıb

10:32
30 Sentyabr

Azərbaycan nefti 118,22 dollara satılır

10:31
30 Sentyabr

Qəbələdən Şuşaya uzanan qəhrəmanlıq yolu

10:30
30 Sentyabr

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

10:29
30 Sentyabr

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur  

10:29
30 Sentyabr

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

10:26
30 Sentyabr

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

10:25
30 Sentyabr

ZƏFƏR gündəliyi

10:20
30 Sentyabr

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

10:18
30 Sentyabr

ADA Universitetində şanlı Zəfər tariximiz "Zəfər rəqsi" filminin nümayişi ilə anılıb

10:10
30 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir  

10:01
30 Sentyabr

Vətən müharibəsinin hər günü şanlı tariximizdir

10:00
30 Sentyabr

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır  

09:54
30 Sentyabr

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir  

09:53
30 Sentyabr

Aqrar sektorda müasir texnologiyalardan istifadə günün tələbidir

09:50
30 Sentyabr

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

09:49
30 Sentyabr

Bakıda qurulan yeni tərəfdaşlıqlar

09:40
30 Sentyabr

Azərbaycan-Türkiyə-Özbəkistan birliyinin gücü

09:30
30 Sentyabr

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

09:21
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!