Bu il Novruz tonqalının Xocavəndin Xanoba kəndində
alovlandırılması xüsusi rəmzi məna daşıyır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban
xanım Əliyeva burada xalqla birgə bayram sevincini bölüşərək bir daha nümayiş
etdirdilər ki, bu torpaqlarda Azərbaycan dövlətinin iradəsi, qətiyyəti və
qayğısı ən yüksək səviyyədə təmsil olunur. Cənab Prezidentin uzaqgörən siyasəti,
qətiyyətli liderliyi və xalqına bağlılığı nəticəsində bu gün Qarabağda həyat
yenidən dirçəlir, hörmətli Mehriban xanımın humanist fəaliyyəti, incə zövqü və
milli-mənəvi dəyərlərə verdiyi töhfə isə bu dirçəlişə xüsusi ruh və mənəviyyat
qatır. Onların birlikdə Qarabağda Novruzu qeyd etməsi dövlət-xalq birliyinin,
gücün və milli qürurun ən parlaq təcəssümüdür.
Xüsusilə İkinci Qarabağ müharibəsi sonrası
formalaşan yeni reallıqlar fonunda, dövlət başçısının hər il Novruz bayramını
işğaldan azad olunmuş torpaqlarda qeyd etməsi artıq bir ənənəyə çevrilib. Bu ənənə
xalqımızın zəfər ruhunun, torpağa bağlılığının və milli qürurunun canlı təzahürüdür.
Qarabağda yandırılan hər tonqal, əslində, illərlə həsrətində olduğumuz yurd
yerlərində həyatın yenidən bərpa olunmasının, o torpaqlara ruhun və nəfəsin
qayıtmasının simvoludur.
Mənəvi baxımdan bu addımın təsiri son dərəcə
böyükdür. Çünki Novruz bayramı xalqın ruhuna yaxın, köklərimizdən gələn bir
bayramdır. Bu bayramın Qarabağda keçirilməsi isə tarixi ədalətin bərpasının,
milli yaddaşın dirçəlişinin və gələcəyə olan inamın gücləndirilməsidir.
İnsanlarımız üçün bu görüntülər həm bayram sevinci, həm də qürur, göz yaşı və
sevincin vəhdətidir.
Siyasi baxımdan isə bu ənənə çox güclü mesaj
daşıyır. Bu, bütün dünyaya açıq şəkildə nümayiş etdirir ki, Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir və bu torpaqlarda həyat bərpa olunub, dövlət suverenliyi
tam təmin edilib. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın məhz orada, sakinlərlə birlikdə bayram keçirməsi dövlətin
öz torpaqlarına sahib çıxmasının, həmin ərazilərdə davamlı inkişaf və məskunlaşma
siyasətinin qətiyyətli şəkildə həyata keçirildiyinin göstəricisidir.
Eyni zamanda, bu addım post-münaqişə dövründə
quruculuq və bərpa proseslərinin ideoloji əsasını da möhkəmləndirir. Qarabağ
artıq quruculuq, inkişaf və gələcək nəsillər üçün yeni həyat məkanıdır. Novruz
tonqalları isə bu yeni həyatın, dirçəlişin və ümidin simvoluna çevrilib.
Bu gözəl ənənə gələcək illərdə də cənab
Prezidentimiz tərəfindən hər zaman davam etdiriləcək. Çünki bu ümumxalq səviyyəsində
bir birləşdirici, ruhlandırıcı və tarixi yaddaşı möhkəmləndirən bir amildir.
Qarabağda qeyd olunan hər Novruz bayramı xalqımızın zəfərinin, birliyinin və
sarsılmaz iradəsinin növbəti təntənəsidir.
Bu gün Qarabağda yanan tonqallar Azərbaycanın
gücünün, haqqının və gələcəyə inamının rəmzidir. Bu mənzərə hər bir azərbaycanlının
qəlbində sonsuz qürur hissi yaradır və bir daha sübut edir ki, bu torpaqlarda həyat
əbədi olaraq davam edəcək.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı