Onlar bu ali təhsil ocağının tələbələri olmaları ilə fəxr edirlər
Bugünkü gənclər Qarabağı böyüklərin sözündən-söhbətindən tanıyıb seviblər, sonra da Vətən müharibəsində qanlarıyla, canlarıyla bu sevgini sübut ediblər. Şəhid olublar, yaralanıblar, ancaq bu sevgidən dönməyiblər, Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan bayrağını dalğalandırıblar. Şəhidlərimizin, igid oğulların qanı tökülən o torpaqlar bu gün hər birimiz üçün müqəddəsdir.
Artıq Böyük qayıdış başlayıb. Kimi Qarabağa ziyarətə gedir, kimi qurub-abadlaşdırmağa, kimi də ali təhsil almağa... Qarabağ Universitetini seçən 7 nəfər tərtərli gənc kimi.
Aynurə Mirzəlizadə Əskipara kənd tam orta məktəbini qırmızı attestatla bitirib. II qrup üzrə imtahan verərək ümumilikdə 445 bal toplayıb. Qarabağ Universitetinin İqtisadiyyat fakültəsində təhsil alacaq.
Aynurə deyir:
- Qarabağ Universitetinin rektoru Şahin Bayramov rayonumuzda orta məktəbi bitirmiş gənclərlə görüş keçirəndə mən də həmin tədbirdə iştirak edirdim. Elə o görüşdə də Xankəndidə oxuyacağıma qərar verdim.
Aynurə bildirdi ki, artıq bir dəfə Xankəndi şəhərini ziyarət edib. İşğaldan azad olmuş o müqəddəs yerləri öz gözləri ilə görmək onu həm həyəcanlandırıb, həm də qürurlandırıb: "Xankəndi gözəl şəhərdir. Əminəm ki, təhsil illərimiz çox maraqlı və səmərəli keçəcək. Biz elmin sirlərinə yiyələnərək, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərəcəyik".
Emil Əhmədli 44 günlük Vətən müharibəsi veteranı Elşən Əhmədovun övladıdır. Bir oğul kimi atasının və hər bir Azərbaycan əsgərinin, zabitinin keçdiyi şərəfli döyüş yolu ilə fəxr etdiyini söyləyir. Deyir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını düşməndən tamamilə azad edib milyonların arzusunu həqiqətə çevirib: "O torpaqları abadlaşdırmaq, ermənilərin xaraba qoyduqları şəhər və kəndləri cənnətə döndərmək isə biz gənclərin vəzifəsidir. Bundan ötrü oxumaq, savadlı kadr kimi yetişmək lazımdır".
Tərtər şəhər 6 saylı tam orta məktəbin məzunu olan Emil buraxılış imtahanlarından ümumilikdə 595,9 bal toplayaraq Qarabağ Universiteti İqtisadiyyat fakültəsinin maliyyə ixtisasını seçib. Orta məktəbi qırmızı attestatla bitirən Emil arzu edir ki, universitetdə təhsil aldığı birinci ildə ingilis dilini yaxşı öyrənsin və təhsilini bu dildə davam etdirsin: "Xarici dili öyrənməyimiz bizə dünyaya çıxışı təmin edəcək. İndiki dövrdə bu, çox vacibdir. Vətənimizə daha çox xeyir vermək üçün biz dünya təcrübəsini öyrənməliyik".
Atası Elşənin də fikirlərini öyrəndik. Dedi ki, ailədə üç övlad böyüyür: "Aysel Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. Emil bu il bizi çox sevindirdi. Qarabağ Universitetinin ilk tələbələrindən oldu. Kiçiyimiz isə hələ məktəblidir. Övladlarımızı vətənpərvər böyütməyə çalışırıq. Mənə elə gəlir ki, biz buna layiq olmuşuq. Birazdan hamılıqla azad olmuş ərazilərə gedəcəyik. Döyüşdüyüm yerləri övladlarıma göstərəcəyəm, döyüş yoldaşlarımdan danışacağam. Şəhidlərimizə Allah rəhmət eləsin. Məhz onların qəhrəmanlığı sayəsində biz bu xoşbəxt günləri yaşaya bilirik. Allah Prezident İlham Əliyevə cansağlığı versin. Məhz onun "dəmir yumruğ"u, xalqın onun ətrafında birləşməsi sayəsində indi ölkəmizdə əmin-amanlıqdır".
Emil isə onun üzərində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi. Dedi ki, müəllimlərini çox sevir, xüsusilə ibtidai sinifdə ona dərs deyən Sevda müəllimi heç zaman unutmayacaq. Yiyələndiyi bütün biliklər onun qurduğu möhkəm bünövrə üzərində dayanır: "Valideynlərimə də çox minnətdaram. Onlar mənə hər zaman inanıblar, uğur qazanmaq üçün mənəvi dəstək veriblər".
620 balla Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan Leyla Məmmədova Cəmilli kəndindəki məktəbdə təhsil alıb.
Deyir ki, torpaqlarımızın azad edilməsi və Azərbaycanımızın bütövləşməsi gənclərin də həyatını dəyişdirdi. "Axı qalib xalqın övladı olmaq qürurvericidir. Bu hadisədən sonra özümüzə də, qarşımıza qoyduğumuz hədəflərə də yeni gözlə baxmağa başladıq" deyən Leyla onu da bildirdi ki, uşaqlıqdan xarici dillərə böyük marağı olub: "Düşünürdüm ki, Azərbaycan Dillər Universitetində təhsil alacağam. Ancaq eşidəndə ki, Xankəndidə Qarabağ Universiteti açılıb, fikrimi dəyişdim. Axı gözümüzü açandan valideynlərimizin Qarabağ həsrəti ilə yaşadığını görmüşdük. İndi Qarabağ torpağında oxumaq, yaşamaq imkanı varsa, bu, arzularımızın, yuxularımızın gerçəkləşməsidir. İngilis dilini yaxşı bilsəm də, daha da mükəmməl öyrənməyə çalışacağam. Hüquq elmlərini mənimsəyəcəyəm. Bunların hamısı ölkəmiz üçün gərəklidir".
Leyla dediklərinə bunu da əlavə etdi ki, bu gün Azərbaycan dünyada günəş kimi parlayır: "Ancaq bizi istəməyənlər, ağı qara kimi göstərmək istəyənlər var. Onlara öz savadımızla, vətənpərvərliyimizlə cavab verməliyik".
Şəhər 5 saylı orta məktəbi uğurla bitirib Qarabağ Universitetinə daxil olan gənclərdən biri də Nərmin Səfərlidir.
- Qarabağ işğaldan azad ediləndən babamı tanıya bilmirəm. Elə xoşbəxt, elə sevinclidir ki! Hələ eşidəndə ki, Xankəndidə Qarabağ Universiteti açılır, ilk sözləri bu oldu: "Nərmin, yaxşı hazırlaş, yüksək bal topla və həmin universitetin tələbəsi ol". Bunun ardınca Qarabağ Universitetinin rektoru Şahin Bayramov Tərtərdə, bizim məktəbdə məzunlarla görüş keçirdi. Həmin görüşə mən babamla getdim. Şahin müəllim universitetdə tələbələrə yaradılacaq şəraitdən danışdıqca babamın sevinci artırdı. Sonra bizə söz verdilər. Mən rayon rəhbərinin, universitet müəllimlərimin, öz müəllimlərimin və yoldaşlarımın qarşısında söz verdim ki, imtahanlardan yüksək bal toplayıb Qarabağ Universitetini seçəcəyəm. Belə də oldu. 513 balla Qarabağ Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsinə daxil oldum. Mənim bu uğurumda əziyyəti olan bütün müəllimlərə ürəkdən təşəkkür edir və qürur duyuram ki, onların da, valideynlərimin də etimadını doğrultdum", - deyə Nərmin həvəslə ürək sözlərini söylədi. Sonra da əlavə etdi ki, bu gün Qarabağa təhsil dalınca gedir: "Gələcəkdə isə savadlı mütəxəssis kimi burada yaşayan, böyüyən gənc nəslin təlim-tərbiyəsinə öz töhfəmi vermək fikrindəyəm. 30 il düşmən tapdağı altında inləyən torpaqlar yolumuzu gözləyir. Buranın səmasında şəhid ruhları var. Biz onlara layiq olmalıyıq. İnanıram ki, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik. Bilirəm ki, universitetdə bizim üçün hər cür şərait yaradılır. Buna görə dövlət başçısına, sevimli Mehriban xanıma, Qarabağ Universitetinin bütün kollektivinə ailəmiz adından təşəkkür edirəm".
Rəna Qarazadə 463 balla Qarabağ Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə daxil olub. Qardaşı Murad isə ötən il 610 balla İqtisad Universitetini seçib. Murad məktəb illərində həm respublika olimpiadasının, həm də bir sıra beynəlxalq olimpiadaların qalibi kimi böyük uğurlar qazanıb.
Rənanın təhsil aldığı Mamırlı kənd tam orta məktəbinin direktoru Əli Əzimov deyir ki, Murad da, Rəna da məktəbimizin fəxridirlər: "Biləndə ki, Rəna Qarabağ Universitetinə daxil olub, qürur duyduq. Ona görə ki, məktəbimizin məzunu bu təhsil ocağının həm ilk tələbələrindən, həm də ilk məzunlarından olacaq. Bu yolda ona uğurlar arzulayırıq".
Nahidə Əbilovanın atası Qərbi Azərbaycanın Vedi rayonunda dünyaya gəlib. Uşaqkən ailəsi zorla yurdlarından qovulub.
Ata Əjdər Əbilov deyir ki ailələri deportasiyaya məruz qalanda 1-ci sinifdə oxuyurmuş: "Dolu ev-eşiyimizi qoyub Tərtər rayonunun Bəyimsarov kəndinə köçdük. İllər keçsə də, öz kəndimizi, evimizi unuda bilmirəm. Qarabağın işğaldan azad edilməsi ilə qəlbimizdə yaşayan ümidlər artıb. Əminəm ki, gün gələcək, biz də öz dədə-baba torpaqlarımıza qayıdacağıq.
Bəyimsarov kənd orta məktəbinin məzunu, Qarabağ Universitetinin tələbəsi Nahidə:
- Düşmən tapdağından azad edilmiş Qarabağda təhsil almaq həm böyük şərəf, həm də məsuliyyətdir. İbtidai sinif müəllimliyi üzrə təhsil alacağam. Seçimimə mənə yazıb-oxumağı öyrədən, əlimdən tutub elmin yollarına çıxaran Rübabə müəllimin də təsiri olub. Eyni zamanda bütün məktəb müəllimlərimə, valideynlərimə təşəkkürümü bildirirəm.
Nahidə onu da söylədi ki, Böyük qayıdış proqramının həyata keçirilməsi ilə bağlı Qarabağda və Şərqi Zəngəzurda savadlı gənc kadrlara ehtiyac var. İllər quş qanadlı olur. Gün gələcək, o da universiteti bitirib bu müqəddəs torpaqlarda uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaq.
Fəridə Şükürovanın nənəsi erməni işğalına qədər Ağdam rayonunda yaşayıb: "Mən Qarabağ haqqında nənəmin şirin və eyni zamanda kədərli söhbətləri ilə böyümüşəm. Özümü xoşbəxt hesab edirəm ki, indi Qarabağ Universitetinin Turizm işinin təşkili fakültəsində təhsil alacağam. O yerlərə ayaq basacağım günü səbirsizliklə gözləyirəm. Bilirəm ki, universitetdə təhsil almağımız və rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Buna görə Prezident İlham Əliyevə, gənclərə böyük qayğı və həssaslıqla yanaşan Mehriban xanım Əliyevaya ailəmiz adından təşəkkürümü bildirirəm. İxtisasım ürəyimcədir. Qarşıma məqsəd qoymuşam ki, ilk növbədə ingilis dilini öyrənim. Müasir dövrdə bunsuz perspektiv yoxdur".
Lazım QULİYEV,
"Azərbaycan"