Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti doğum günüdür. Ölkə başçısı artıq 4 ildir ki, ad gününü həm də qalib sərkərdə kimi qarşılayır. İlham Əliyevin Ali Baş Komandan olaraq rəhbərliyi altında İkinci Qarabağ savaşında qazanılan möhtəşəm qələbə sayəsində düşmən işğalından azad olunmuş torpaqlarımızda ucaldılan müqəddəs üçrəngli bayrağımız təkcə Azərbaycan tarixinin deyil, bütövlükdə Cənubi Qafqaz tarixinin yenidən yazıldığının sübutu oldu və dünya ermənilərinə, eləcə də onların havadarlarına gözdağı olmaqla yanaşı, həm də şəhidlərimizin qanının yerdə qalmadığını nümayiş etdirdi.
İlham Əliyev harada yaşamasından asılı olmayaraq, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının ən böyük arzusunu həyata keçirərək adını Azərbaycan tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırdı. Bununla da bütün dünya azərbaycanlılarının Lideri olduğunu birmənalı olaraq təsdiq etdi.
O da danılmazdır ki, İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan Respublikası yalnız öz müstəqilliyini möhkəmləndirməklə kifayətlənmədi, həm də qlobal miqyasda əhəmiyyətli və strateji mövqelərə yüksəldi. Cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan hər ötən gün daha da qüdrətlənir və böyük dövlətlər sırasında öz yerini möhkəmləndirir.
Qürurvericidir ki, Prezidentin məsələlərə strateji yanaşması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə bütün türk dünyasının gələcəyinə yönəlib. Belə ki, bölgədə yeni infrastruktur layihələrin gerçəkləşməsi və bu prosesə qardaş Türkiyə Cümhuriyyəti ilə yanaşı, digər qardaş türk dövlətlərinin, eləcə də dost ölkələrin cəlb edilməsi Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya göstərməkdədir.
İstər regional, istərsə də qlobal güclərin bölgədə iqtisadi, siyasi və hərbi maraqlarının olduğu mövcud reallıqlara rəğmən ölkəmizin müstəqil siyasət yürütməklə hazırkı nailiyyətləri əldə etməsi bilavasitə Azərbaycan Prezidentinin yürütdüyü çoxvektorlu uğurlu xarici siyasət sayəsində mümkün olub. Təsadüfi deyil ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilməz.
Prezidentin yeni siyasi münasibətlər sisteminin formalaşması kontekstində siyasi partiyalara yönəlik siyasətinin partiyaların ölkənin siyasi həyatında daha yaxından iştirakını stimullaşdırmasının da fərqindəyik və bunu olduqca təqdirəlayiq hal hesab edirik.
Mən bu əlamətdar gün münasibətilə Prezident cənab İlham Əliyevi təbrik edir, ona müvəffəqiyyətlərlə dolu bir ömür arzulayıram!
Arzuxan ƏLİZADƏ,
Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri