03 Sentyabr 2024 08:55
129
İQTİSADİYYAT, COP29
A- A+

Qapımız da, süfrəmiz də açıqdır

 

İctimai iaşə sektoru COP29-a SOVQAT-la hazırlaşır

 

Azərbaycan dünyada həm də yüksəviyyəli kulinariyası, növbənöv yeməkləri, qida mədəniyyəti ilə tanınır. Çünki xalqımız qədimdən zəngin mətbəxə, dadlı təamlar hazırlamaq bacarığına malik olub, qəfil qonaq üçün təknəsində çörək, ruzi saxlayıb, dost, doğma, həmdəm öz yerində, hətta qərib yolçudan da səxavətini əsirgəməyib. Qapısını xoş niyyətlə döyənlərin qarşısına duz-çörəklə çıxıb, evinə dəvət edib, süfrə açıb. 
Belə qonaqpərvərlik zaman-zaman hər yana səs salıb, kulinariyamız getdikcə genişlənərək böyük bir şəbəkə - ictimai iaşə sənayesi kimi formalaşıb. Aşpazlarımız işlərini daha da təkmilləşdirərək milli yeməklərdən əlavə, Şərq, Avropa və dünya mətbəxini əxz ediblər. 
Nəzərə alsaq ki, Azərbaycan daim qonaq-qaralıdır, ölkəmizdə tez-tez beynəlxalq tədbirlər keçirilir, ictimai iaşənin əhəmiyyəti daha aydın nəzərə çarpar. İndi ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməyə hazırlaşır. Hazırlıq mötəbər tədbirə təşrif buyuracaq 80 mindən çox qonağa yüksək səviyyədə xidmət etmək üçün iaşə sektorunda da görülür. 
Bu işdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) üzərinə daha çox iş düşür. O üzdən agentlik ilk növbədə COP29 zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat hazırlayıb. Sənəd metodiki tövsiyə xarakteri daşıyır. Tövsiyələrdə ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb. AQTA-nın COP29-la əlaqədar təsdiqlədiyi tədbirlər planına əsasən hazırlanan təlimat artıq COP29 zamanı fəaliyyət göstərəcək bütün ictimai iaşə müəssisələrinə paylanılıb. 
Bundan başqa, restoranlar şəbəkəsinin əməkdaşları üçün təlimlər də keçirilib. Belə təlimlərdən biri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə reallaşan SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi çərçivəsində "Peşəkarlarla görüş", "Qida sahəsində gigiyena tələbləri" və digər mövzularda keçirilən tədbirlərdir. Tədbirlərdə qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalarının, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətindən və vacibliyindən danışılıb. Həmçinin qida zənciri boyunca fəaliyyət göstərən müxtəlif sahibkarlar "Qida təhlükəsizliyi haqqında" qanun və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb, onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. Restoranlar şəbəkəsində çalışan işçilərə - aşpazlara, ofisiantlara xidmətin keyfiyyətinin yüksəldilməsi, müştərilərlə mədəni davranış və s. məsələlər barədə tövsiyələr də verilib. Ümumiyyətlə, SOVQAT-ın məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən personalın yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə indiyədək mərhələli şəkildə "Açıq Qapı", "Təcrübə mübadiləsi", "Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi" və "Peşəkarlarla görüş" istiqamətləri üzrə həyata keçirilib.
 
Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video