03 Sentyabr 2024 12:05
91
İQTİSADİYYAT
A- A+

“Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerji istehsal olunacaq

 

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağ və Şərqi Zəngəzurda 32 yerdə Su Elektrik stansiyaları tikilib. Kəlbəcərdə yeni tikilən “Yuxarı Vəng” Su Elektrik Stansiyası Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük yaşıl enerji mənbəyidir. Gücü 22,5 MVt olan bu SES-də istehsal edilən yaşıl enerji növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

“Kəlbəcər” Su Elektrik Stansiyaları Silsiləsinə daxil olan “Yuxarı Vəng” SES-ə su iki mənbədən - “Nadirxanlı” SES-in çıxışı və Tutqu çayı üzərində inşa edilmiş baş suqəbuledici qurğudan daxil olur. Su elektrik stansiyasının ekoloji normaların qorunması şərti ilə 1100 metr yüksəklikdə tikilən baş suqəbuledici qurğunun eni 26 metr, uzunluğu isə 33 metrdir. Enerji istehsalı, eyni zamanda, daşqınların qarşısının alınması üçün böyük əhəmiyyətə malik olan baş suqəbuledici qurğudan stansiyaya suyu ötürmək üçün çətin relyefdə 6824 metr uzunluğunda 2400 millimetr diametrli derivasiya borusu çəkilib. Avropa istehsalı olan turbin, generator və digər avadanlıqlarla təchiz edilən stansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib və 24 damarlı optik kabel xətti çəkilib. Bununla da stansiya ölkə enerjisisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunmaqla yanaşı, ən müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub və burada lazımi kibertəhlükəsizlik tədbirləri görülüb.

Teymur Abdullayev bildirib ki, layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib. Quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır.

Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, aşağı axım zonasının su təminatı, eyni zamanda məcraaltı su ehtiyatının formalaşmasına öz töhfəsini verir.

Qeyd edək ki, layihə “AzərEnerji" ASC-nin Energetika İnstitutu tərəfindən hazırlanıb. Yenidənqurma işləri çərçivəsində hidroturbin, hidrogeneratorlar və köməkçi avadanlığın quraşdırılmasında yerli mütəxəssislərlə yanaşı, Avstriyanın “Gugler”, İtaliyanın “MorelliMotory” şirkətlərinin mütəxəssisləri də iştirak ediblər.

“Yuxarı Vəng” SES-də il ərzində 66 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Qeyd edilən nəzərə alınmaqla “Yuxarı Vəng” Su Elektrik Stansiyasının tikintisi və fəaliyyətə başlaması üçün qoyulan kapital xərcləri layihənin səmərəliliyi sayəsində 7 ildən az müddətdə tamamilə geri qaytarılacaq ki, bu da layihənin yüksək gəlirli və iqtisadi cəhətdən əlverişli olduğunu göstərir.

Bu layihə, BMT-nin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerji keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. “Yuxarı Vəng” SES “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla, Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilmiş və ölkəmizin yaşıl enerji inkişafına sadiqliyini göstərən bir nümunədir.

Stansiya regionun enerji, iqtisadi və ekoloji inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır və burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Ölkəmizdə ilk dəfə Qarabağ və Şərqi Zəngəzur ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regiona çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir. Artıq qalan enerji ölkə enerjisisteminə ötürülür, bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video