11 İyul 2026 08:07
243
PARLAMENT
A- A+
Qanunvericilik müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir

Qanunvericilik müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir


İyulun 10-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin təsdiqindən sonra iclasda müzakirə ediləcək 22 məsələdən ilk ikisinin beynəlxalq sənədlərlə bağlı qanun layihələri olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq  onların bir oxunuşda qəbul ediləcəyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb. Konvensiyanın əsas məqsədi dənizin ekoloji mühitinin qorunmasıdır.

Konvensiyaya əsasən, sənədin tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının idarə edilməsi planına malik olmalı, bununla bağlı aparılan bütün əməliyyatlar xüsusi kitabda qeyd edilməli, beynəlxalq sertifikat alınmalı və müəyyən edilmiş qaydada mütəmadi yoxlamalardan keçirilməlidir. Ölkəmizin bu Konvensiyaya qoşulması ballast sularının və çöküntülərin idarə edilməsinin beynəlxalq standartlara uyğun təşkilinə, dəniz ekosistemlərinin mühafizəsinin gücləndirilməsinə və ölkəmizin beynəlxalq dəniz hüquqlarından irəli gələn öhdəliklərinin icrasına xidmət edəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələyə dair rəhbərlik etdiyi komitənin rəyini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Nəzərə çatdırılıb ki, müqavilə beynəlxalq təcrübədə qəbul edilən hüquqi standartları özündə ehtiva edir. Sənədin tənzimləmə predmetinə mülki və ticarət işləri üzrə hüquqi yardımın həcmi və göstərilməsi qaydası, məhkəmələr və digər orqanlar arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının təmin edilməsi, məhkəmə qərarlarının qarşılıqlı tanınması və icrasının hüquqi  çərçivəsinin müəyyən edilməsi daxildir. Bildirilib ki, tərəflərin mərkəzi orqanları qismində Azərbaycanın və Ukraynanın Ədliyyə nazirlikləri müəyyən edilib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini söyləyib. Bildirilib ki, müzakirə olunan Müqavilənin ratifikasiyası ölkələrimiz arasında iqtisadi və mülki münasibətlərin hüquqi bazasının möhkəmlənməsinə xidmət edəcək. 

Bu qanun layihəsi də səsə qoyularaq qəbul edilib.

İclasda daha sonra Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında,  “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələri üçüncü oxunuşda qəbul edilib. 

“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda qəbul olunub.

Spiker Sahibə Qafarova gündəliyin qalan 11 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib. O, diqqətə çatdırıb ki, növbəti iki məsələ Azərbaycan Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Qeyd edilib ki, iclasda kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova, Zaur Əliyev və Seymur Səfərli iştirak edirlər.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri Prezidentin rəhbərliyi ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların aqrar sektorun inkişafında mühüm rol oynadığını vurğulayıb. Bu islahatların ölkəmizin iqtisadi qüdrətinin artırılması ilə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib. Bildirilib ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən qayğı və diqqət sahibkarlığın dəstəklənməsinə, ixracın artırılmasına, keyfiyyətli məhsul istehsalına, ərzaq təhlükəsizliyinin təminatına imkan yaradır.

Nəzərə çatdırılıb ki, təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasında toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qeyd olunub ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur və bunun üçün yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik,  zərərli orqanizmlərə və müxtəlif iqlim amillərinə dözümlü bitki sortlarının yetişdirilməsi,  fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır. 

Layihədə anlayışlar sistemi təkmilləşdirilib. Tənzimləmə və nəzarət mexanizmləri aydın şəkildə göstərilib. Sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur. Toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, habelə toxumların emalı, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir.

Sənəddə əks olunan əsas yeniliklərdən biri toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron şəkildə aparılmasıdır və bu, prosesin operativliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elektronlaşma aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.

Bildirilib ki, qanun habelə rəqabət mühitinin formalaşmasına şərait yaradacaq, toxumçuluq sahəsinin iqtisadi əsaslarının yenilənməsini təmin edəcək. Belə ki, yüksəknəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi bu sahədə rəqabət mühiti yaratmaqla özəl seleksiyanın və özəl ilkin toxumçuluğun inkişafına imkan yaradacaq. 

Qanun qəbul edilərsə toxumçuluq sektorunda köklü islahat hesab edilməklə, aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərəcəyi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasına xidmət edəcəyi söylənilib. 

“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (birinci oxunuş) bildirilib ki, sənəd  "Toxumçuluq haqqında" yeni qanunun tələblərindən irəli gələrək hazırlanıb və müvafiq dəyişiklikləri özündə ehtiva edir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirən komitənin sədr müavini Azər Badamov bildirib ki, layihədə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları və toxumluq əkinlər barədə məlumatların elektron reyestrdə aparılması, toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi, toxum əməliyyatçılarının qeydiyyatına dair reyestrdən çıxarışın sahibkarlıq fəaliyyəti üçün tələb olunan icazələr siyahısına daxil edilməsi nəzərdə tutulur.

Qanun layihələri ilə bağlı müzakirələrdə komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Müşfiq Cəfərov, Vüqar İskəndərov, Azər Allahverənov çıxış edərək fikir və təkliflərini açıqlayıblar.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti iki məsələsinin də ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib. 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsi balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Nəzərə çatdırılıb ki, sənəddə anlayışlar sistemi təkmilləşdirilib. İdarəetmə və nəzarət mexanizmləri müasirləşdirilib. Layihə ilə balıqçılıq sahəsində idarəetmənin rəqəmsallaşdırılması, informasiya sistemləri vasitəsilə balıqçılıq subyektləri, istifadə edilən resurslar və dövriyyəyə daxil olan məhsullar üzrə məlumatların uçotu və izlənməsi mexanizmləri yaradılır. Balıq ehtiyatlarının istifadəsi üçün kvotaların elmi əsaslarla müəyyən edilməsi, ov icazələrinin verilməsində şəffaflıq, real vaxtlı monitorinq, elektron uçot sistemləri və məsafədən izləmə texnologiyalarının tətbiqi nəzərdə tutulur. 

Layihədə akvakultura fəaliyyətinin hüquqi tənzimlənməsi daha da təkmilləşdirilərək bu sahədə fəaliyyət göstərən subyektlər üçün qeydiyyat əsaslı icazə mexanizmi və Biotexnoloji Layihə Sənədinin tətbiqi müəyyən edilir. Su hövzələrinin akvakultura məqsədilə istifadəsi, balıqçılıq təsərrüfatlarının hüquqi statusu, akvakultura obyektlərinin qeydiyyatı, məhsuldarlığın tənzimlənməsi, eləcə də törədici balıqların və onların sürülərinin idarə olunması məsələləri normativ əsaslarla müəyyən edilir. 

Qeyd edilib ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində idarəetmənin təkmilləşdirilməsinə, su bioresurslarının dayanıqlı istismarına, biomüxtəlifliyin qorunmasına, daxili bazarda balıqçılıq məhsullarına tələbatın ödənilməsinə və ixrac potensialının artırılmasına, eyni zamanda hüquqi məsuliyyətin real təsirinin gücləndirilməsinə yönəlmiş hüquqi əsas formalaşdırır.

Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin rəyini təqdim edərək bildirib ki, qanun layihəsi ərzaq təhlükəsizliyi, iqtisadi inkişaf, ekoloji təhlükəsizliyin təmini məsələsində mühüm əhəmiyyət kəsb edir. Sənəd balıqçılıq sahəsində müasir elmi əsaslara söykənən, rəqəmsal və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan yeni idarəetmə modelinin  formalaşdırlmasına şərait yaradacaq.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib. Bildirilib ki, sənəddə "Balıqçılıq haqqında" qanun layihəsindən irəli gələrək bir sıra dəyişikliklər nəzərdə tutulur. 

Layihədə akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilərək, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyən edilir. Eyni zamanda "Lisenziyalar və icazələr haqqında" qanuna təklif edilən dəyişiklikdə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunur.

Məsələlərlə bağlı müzakirələrdə çıxış edən deputatlar Razi Nurullayev, Pərvanə Vəliyeva, Vasif Qafarov fikirlərini bölüşüblər.

Qanun layihələr ayrı-ayrılıqda səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin 16-cı məsələsinin - Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu bildirib. Spiker qeyd edib ki, bu məsələ və növbəti iki məsələ ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov iclasda iştirak edir.

Qanun layihəsi barədə məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadə edilməsini, torpaq bazarında dövriyyənin aktivləşməsini, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında əmlak mübadiləsinin aparılmasını, iqtisadi fəallığın yüksəldilməsini nəzərdə tutur. Belə ki, dövlət mülkiyyətində olan torpaq sahələri qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə qanunla müəyyən edilən qaydada dəyişdirilə bilər. Bu hal özəlləşdirilməsi qadağan olunan və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə şamil edilmir. 

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov üzv olduğu komitənin müsbət rəyini açıqlayaraq bildirib ki, sənəd dövlət mülkiyyətində olan əmlakın qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsasını yaradır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini açıqlayan komitə sədrinin müavini Azər Badamov bildirib ki, dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

Növbəti məsələ - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə də Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri bildirib ki, kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpağın əkinə yararlılığını məhdudlaşdırır, texnikadan, sudan, təbii resurslardan, aqrotexniki vasitələrdən effektiv  istifadəni çətinləşdirir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını - kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsini müəyyən edir.

Layihədə digər qanunlara təklif olunan dəyişikliklər torpaq üzərində mülkiyyət hüququnun təmin edilməsini, konsolidasiya prosesinin texniki şərtlərini, torpaq bazarının tənzimlənməsini, konsolidasiyaya dair bölgü sənədinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilməsini nəzərdə tutur.

Qeyd olunub ki,  qanun layihəsi  kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Layihə ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müsbət rəyini səsləndirən komitənin üzvü Nurlan Həsənov sənəddə konsolidasiyanın könüllülük prinsipi əsasında həyata keçirildiyini vurğulayıb. Torpaq sahələrinin konsolidasiyası yalnız mülkiyyətçilərin razılığı ilə aparılır, bazar dəyəri prinsipi qorunur, zərurət yarandıqda kompensasiya mexanizmi tətbiq olunur. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini açıqlayan komitə sədrinin müavini Azər Badamov bildirib ki, sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması, torpaq sahələrinin könüllülük və ekvivalent bazar dəyəri prinsipləri əsasında birləşdirilməsi, bölünməsi və yenidən təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb.

Komitə sədri Siyavuş Novruzovun və deputat Vüqar Bayramovun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev daha sonra Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Dəyişikliklərdə daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid sistemdə birləşdirilməsi və məlumatların vahid mənbədən əldə edilməsinin və saxlanılmasının təmin edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliyə əsasən, dövlət kadastrına daxil edilməli olan məlumatların dairəsi və həmin məlumatların dövlət kadastrına daxilolma əsasları konkretləşdirilir. 

Qeyd olunub ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun qüvvədə olan redaksiyasında hüquqların qeydiyyatı üçün nəzərdə tutulan 10 iş günü müddəti kəskin azaldılaraq 1 iş günü olaraq təyin olunur. Vurğulanıb ki, dəyişiklik daşınmaz əmlak bazarında çevikliyin təmininə və xərclərin azaldılmasına xidmət edir.

Layihəyə görə, dövlət reyestri "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə elektron üsulla aparılacaq. Həmçinin torpaq sahəsi daşınmaz əmlakın bir növü olduğundan kadastrın ayrı-ayrı əmlak növləri üçün fərqli tənzimlənməsi və aparılması əvəzinə ölkə üzrə vahid daşınmaz əmlak kadastrı yaradılacaq. Bundan başqa, layihədə tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində hüquqların dövlət qeydiyyatının optimallaşdırılması, tikintisi başa çatmamış binalarda mənzil satışlarının tənzimlənməsi, vətəndaşlara qeydiyyat orqanına fiziki olaraq gəlmədən internet üzərindən (EHİS vasitəsilə) ölkənin istənilən yerində yerləşən əmlakına dair ərizənin verilməsi və hazır sənədin əldə edilməsi imkanı nəzərdə tutulub. 

Layihə ilə bağlı komitələrinin rəyini diqqətə çatdıran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov dəyişikliklərin üstünlüklərindən danışıblar, xidmətlərin elektronlaşmasının, daşınmaz əmlakın qeydiyyatı və mülkiyyət sənədlərinin vahid qaydada tənzimlənməsinin əhəmiyyətini vurğulayıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

Növbəti qanun layihəsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Qeyd edib ki, təklif olunan  dəyişikliklər əsasən Milli Məclisdə müzakirədə olan müvafiq qanun layihələrində nəzərdə tutulan normalara və təkmilləşdirmələrə uyğun hazırlanıb. Məruzəçi layihədə inzibati xəta törətmiş psixi problemi olan şəxsə psixiatriya müayinəsi və yardımı ilə bağlı, kibertəhlükəsizlik sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə müəyyən edilən məsuliyyət növlərindən danışıb. Həmçinin yalançı sahibkarlıq fəaliyyəti, toxumçuluq, istehlakçı hüquqlarının müdafiəsi, qumar oyunlarında iştirak və digər sahələrdə inzibati məsuliyyət normalarının dəqiqləşdirilməsi ilə bağlı dəyişiklikləri diqqətə çatdırıb.

Layihə barədə deputat Nizami Səfərovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub. 

“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qeyd olunub ki, qanunvericiliyə icbari tibbi sığorta fondu anlayışı əlavə edilir, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların vahid informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsasları müəyyən olunur. Dəyişikliklərə əsasən, xəstələrin ambulator müalicəsi üçün icbari tibbi sığorta ilə qarşılanan dərman vasitələri apteklər tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılacaq. Həmçinin icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması nəzərdə tutulur.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, qanun layihəsinin məqsədi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılması və sənəd dövriyyəsinin sadələşdirilməsidir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə komitənin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub. 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov məlumat verib. O, diqqətə çatdırıb ki, qanun layihəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqi və saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı proqram təminatının əldə edilməsi, eyni zamanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi təklif olunub.

Qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilmişdir.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

Əməkdaşlığın yol xəritəsi

09:24
11 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

09:17
11 İyul

20 il fasiləsiz və təhlükəsiz neft nəqli

09:10
11 İyul

Uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla tənzimlənəcək

09:03
11 İyul

Azərbaycanın "yaşıl enerji" strategiyası - gələcəyə hesablanan inkişaf modeli

08:57
11 İyul

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetlərindən biridir

08:50
11 İyul

Bitki mühafizəsində süni intellekt: yeni reallıqla üz-üzə

08:42
11 İyul

Azərbaycanın Rəqəmsal İnkişaf Strategiyasında kibertəhlükəsizlik

08:35
11 İyul

Bakının dəyişməz tələbi 

08:28
11 İyul

Azərbaycanın hərb tarixinin qəhrəmanlıq nümunəsi

08:21
11 İyul

Paşinyan ali sənədə dəyişiklikdənsə yeni konstitusiya layihəsinə üstünlük verir

08:14
11 İyul

Qanunvericilik müasir çağırışlara uyğun olaraq təkmilləşdirilir

08:07
11 İyul

TOVUZ DÖYÜŞLƏRİ: qətiyyət və gücün nümayişi

08:00
11 İyul

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
11 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında

01:13
11 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 noyabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibb müəssisələrinin akkreditasiyası Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:12
11 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:11
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!