10 Dekabr 2022 02:46
667
SİYASƏT
A- A+

Qalibiyyət yürüşü

 

İlham Əliyevin iki il öncə keçirdiyi Zəfər paradı böyük Qələbənin nidası, məğlub Ermənistanın isə rəzilliyinin dünyaya nümayişi oldu

 

İki il öncə, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra dekabr ayının 10-da paytaxtın Azadlıq meydanında tarixi hadisə gerçəkləşdi. Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Silahlı Qüvvələrinin müdhiş Qələbəsinin təntənəli nümayişi idi.
Hərbi orkestrin səsləndirdiyi Zəfər marşının sədaları altında iki qüdrətli qardaş dövlət - Azərbaycan və Türkiyə silahlı qüvvələrinin 3000 nəfər şəxsi heyəti Azadlıq meydanında qürurlu addımlarla yürüş etdi. Noyabrın 8-də Şuşaya sancılan bayrağımız  Azadlıq meydanında dalğalanırdı. Hansı ki bunu Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərdən xeyli öncə söyləmişdi. Paradda da həmin fikri bir daha xatırlatdı: "Bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi".   

 

İki qardaş yan-yana 

 

Zəfər paradında qürurverici məqamlardan biri Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin bizim hərbçilərlə bərabər iştirak etməsi idi. Bu bir daha dünyaya iki qardaş ölkənin sarsılmaz bağlarının dünyaya nümayişi oldu. Çünki Vətən müharibəsi başlayan andan türkiyəli qardaşlarımız bizim yanımızda oldular və mənəvi-siyasi dəstək göstərdilər.
Əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu. 
Prezident İlham Əliyev paradda çıxışı zamanı bu qardaşlığı belə qiymətləndirdi: "Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk".
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə açıq şəkildə bəyan etdi ki, bu, qardaşlıq nümunəsidir, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" müdrik kəlamlarının təzahürüdür. Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, möhtəşəm çıxışı, sözün hər bir mənasında, təmənnasız qardaşlığın təntənəsi idi. İnanırıq ki, bu sarsılmaz dostluq və qardaşlıq münasibəti daimi olacaq və gələcək nəsillər tərəfindən də uğurla davam etdiriləcək.
Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Bütün bu fəxarətli anlar xalqımızı dərindən qürurlandırdı.

 

Zəfər paradı - qürur, şərəf və ləyaqət simvolu 

 

Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyildi. Bu, həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişi idi.
Bu günü düz, 30 il gözlədik. 30 ildə çox acılar çəkdik, faciələr, məşəqqətlər gördük. Müstəqilliyimizi belə əlimizdən almaq istədilər. Amma bacarmadılar. Azərbaycan illərlə ikili standartlara, təzyiqlərə məruz qalsa da, ayaqda durmağı bacardı. Ona görə bacardı ki, qətiyyətli, prinsipial rəhbəri, xalqın sözünü deyən, güvəndiyi Lideri, Müzəffər Ali Baş Komandanı vardır...
Düzdür, 10 dekabr tarixinə qədər Azadlıq meydanında hərbi paradlar keçirilmişdi. Ancaq həmin paradlarda nümayiş olunan hərbi texnikalarımıza baxıb xəyal qururduq, arzu edirdik ki, kaş, bu texnikalar bir gün savaş meydanına yürüsün, Qarabağımız işğaldan azad edilsin. O günü də görmək bizlərə nəsib oldu. Bakının baş meydanında keçirilən Zəfər paradı ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini dünyaya nümayiş etdirdi. 30 il müddətində ordusu haqqında "miflər" yaradan, "keçilməz sədləri" ilə öyünən bir ölkənin silahlı birləşmələri, "dağılmaz-keçilməz" sədləri 44 günə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Zəfər paradı azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu oldu, ermənilər üçün isə məğlubiyyət, rəzillik kimi yaddaşlarda qaldı.

 

Regionun modern silahlı qüvvəsi

 

Zəfər paradından Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi-tədris müəssisələrinin kursantları keçdilər. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük xidməti vardı. 
Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə töhfələrini verdilər. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular.
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Hərbi paradda nümayiş etdirilən ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, həm də onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Hər kəs bildi ki, Azərbaycanın rəşadətli Ordusu, peşəkar əsgər və zabitləri, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var.
Bu gün xalqımız Zəfər paradının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ neçə illər sonra da iftixarla danışılacaq, yazılacaq və bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.
Ümumiyyətlə, hərbi parad dövlətin gücünü və vətəndaşların qürurunu nümayiş etdirən bir tədbirdir, xüsusilə də Zəfər paradı. Azərbaycan üçün bu, sadəcə, müharibədə qazanılan Qələbə deyil, həm də həqiqətin, ədalətin qələbəsidir.
Zəfər paradı digər tərəfdən Ermənistana və onun havadarlarına mesaj oldu. 
Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın "dəmir yumruğ"u onların belini qıracaq. Əgər məğlub ölkə sülh müqaviləsini imzalamaqdan imtina edib Azərbaycan torpaqlarında təxribatlar törətməkdə davam edəcəksə, əlində olan-qalan texnikası da məhv edilərək qələbənin simvolu olan Qənimətlər Parkında dünyaya nümayiş etdiriləcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video