"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir".
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il Xankəndi şəhərində Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqını bayram münasibətilə təbrikində səsləndirdiyi bu fikirlər, əslində, son 21 ilin hesabatı kimi dəyərləndirilə bilər.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Heydər Əliyev yolu
Azərbaycanın müstəqillik tarixinin 1993-cü ildən bu gunədək olan dövrünü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə Vətəninə, dövlətinə, xalqına bağlı Liderin ölkəsini hansı çətinliklərdən, faciələrdən, təhlükələrdən xilas etmək gücünə, qüdrətinə malik olduğunu əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırmaq zərurəti yaranır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. 1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycanı uğurdan-uğura, Zəfərdən-Zəfərə aparır.
Ulu Öndər Heydər Əliyevin hər bir çağırışı bu günümüz və gələcəyimiz üçün yol xəritəsi idi. Dahi Liderin ifadə etdiyi inama, Onun arzu və istəklərinə əsas verən isə təbii ki, dövlətimizin gücü, qüdrəti, tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti idi. Ümummilli Lider Heydər Əliyev elə bir möhkəm təməl yaratdı ki, bu gün Azərbaycan həmin bünövrəyə söykənərək yeni-yeni hədəflərə doğru inamla addımlayır, uğurları, zəfərləri ilə hər kəsi heyrətləndirir. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dirçəliş, inkişaf, Azərbaycanın dünyaya Günəş kimi doğması dövrü kimi xarakterizə edilir. Həmin illərdə Azərbaycan müstəqil dövlət kimi varlığını təsdiqlədi, imzası imzalar arasında göründü, hər bir sahədə zəngin təcrübəsi ilə dünyanın diqqətində oldu. Ən əsası ölkəmizin sabitlik diyarı kimi tanınması və nüfuz qazanması iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əsas amilə çevrildi.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün zamanlarda Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Müstəqil Azərbaycan Ümummilli Liderin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Dahi şəxsiyyət Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciəti hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin, eyni zamanda bu uğurların davamı üçün növbəti inam və etimad ünvanının təqdimatı oldu. Həmin müraciətdə bu çağırış edildi ki, üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Həmin tarixi müraciətdən ötən 21 il Ulu Öndərin ümid və etimadının doğrulduğu, bütün hədəflərin reallığa çevrildiyi dövrdür. Bu illərin reallıqlarından bəhs edərkən təbii ki, ilk olaraq tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən bəhs edirik. Çünki bu zəfərlər bütün uğurların zirvəsi olmaqla yanaşı, Ümummilli Liderin cənab İlham Əliyevə etimadının və inamının doğrulduğunun təsdiqidir. Prezident İlham Əliyev Vətən müharibəsinə qədərki 2003-2020-ci illərdə Azərbaycanın bütün sahələrdə davamlı inkişafına nail oldu. İqtisadi qüdrətimiz artdı, əhalinin sosial müdafiəsi daha da gücləndirildi, Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirildi, Azərbaycanın diplomatik uğurlarının davamlılığı təmin edildi.
Tarixi Zəfərimizin rəmzi
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın imza atdığı diplomatik uğurlardan bəhs edərkən bu mühüm məqam xüsusi qeyd edilir ki, 2019-cu il oktyabrın 3-də ölkə Prezidenti Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etdi. Dövlət başçısı dünyaya bəyan etdi ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş nizamnaməsi, onun Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. O da bildirildi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Həmin iclas dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına cavabı ilə yadda qaldı: "Mən Ermənistan baş nazirinin, təəccüb doğuran "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ Azərbaycandır və nida işarəsi." "Valday"da "Qarabağ Azərbaycandır və nida işarəsi", deyən Prezident İlham Əliyev bir ilin tamamında, 2020-ci ilin 10 noyabr tarixində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə xalqımıza tarixi Zəfərimizin sevincini yaşatdı. Dövlətimizin başçısı İlham Əliyev 10 noyabr 2020-ci ildə bu müjdəni xalqa çatdırarkən bildirdi ki, "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq Qələbəmizin rəmzi idi, rəmzinə çevrildi: "Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"
Növbəti hədəf: Ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası
Bütün bunlar 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə imza atdığı şanlı Qələbənin reallıqları idi. Təbii ki, bu bəyanatın imzalanması ilə işlər tamamlanmadı. Dövlətimizin başçısı İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının əsas hədəf olduğunu və buna sülh yolu ilə nail olacağımızı qeyd etdi. Qarşı tərəfin sözügedən bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək barədə düşünməməsi, mütəmadi olaraq hərbi təxribatlar törətməsi Azərbaycan tərəfinin haqlı narazılığına səbəb oldu. 2023-cü ilin 23 aprel tarixində Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı. Həmin ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi birgünlük antiterror tədbirləri növbəti hədəfin tam reallaşmasına vəsilə oldu.
Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti
Ötən 21 ilin təhlili verilən hər bir vədin konkret əməldə öz təsdiqini tapdığını nümayiş etdirir. Prezident-xalq birliyi uğurlarımızın əsası kimi daim vurğulanır. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də qeyd olunur ki, Azərbaycan xalqının Prezidentinə inamı sonsuzdur. Bu inamın olduğu ölkədə heç bir narazılıqdan söhbət gedə bilməz. Təbii ki, bu inamı dövlətimizin başçısı İlham Əliyev uğurlu siyasəti, liderlik keyfiyyətləri ilə qazanıb. Ümumilikdə vətəndaş amili dövlət siyasətinin əsasıdır. Hər bir addımda özünə diqqətin və qayğının şahidi olan xalqda Prezidentinə inam, etimad, sevgi böyükdür. Cənab İlham Əliyev jurnalistlərə ilk müsahibəsində "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" söyləyərək onu da bildirmişdir ki, mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.
Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, yeni iş yerlərinin açılmasını, məşğulluq və işsizlik problemlərinin həllini şərtləndirir. Bu gün ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Azərbaycan dünyada sosial dövlət kimi tanınır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın bütün sosial-iqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə dinamik şəkildə inkişaf edir.
Azərbaycan sabitlik məkanı kimi qazandığı mövqeyə yeni-yeni əlavələr edərək bütün sahələrdə beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi ilə inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya təqdim edir. Dövlətimizin başçısının əsas çağırışlarından biri bu oldu ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Dövlət başçısının "Neft kapitalını insan kapitalına çevirək!" tezisi iqtisadi islahatların dərinləşməsində öz təsdiqini tapdı. Hazırda işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimiz inkişaf, tərəqqi dövrünü yaşayır. Azad edilmiş ərazilərdə tətbiq olunan yeniliklərin, müasir idarəçilik sisteminin gələcəkdə digər bölgələrdə də tətbiq olunacağı əsas prioritetlər sırasındadır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını, enerji amilindən asılılığın minimuma endirilməsini təmin edir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu nəticələrini bu gün Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin fonunda daha aydın görürük. Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Bunu ötən ay ölkəmizin evsahibliyi etdiyi COP29 tədbiri də təsdiqləyir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, son 21 ilin reallıqlarına diqqət yetirdikdə cənab İlham Əliyevin sərəncamı ilə hər yeni ilin bir sahənin, eyni zamanda ölkəmiz üçün əlamətdar hadisənin adı ilə bağlanması hərtərəfli inkişafın təmin edilməsində mühüm rol oynayır. Bunun üçün təkcə son illərin özündə ehtiva etdiyi məqsəd və vəzifələrə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı misilsiz xidmətlərinin təhlilində və yeni nəslə çatdırılmasında mühüm rol oynadı. Təbii ki, bu işlər yalnız bir il ilə məhdudlaşmır. Lakin konkret bir sahənin, hadisənin adı ilə bağlanması həmin il çərçivəsində görülən işlərin daha mühüm və məsuliyyətli olduğunu nümayiş etdirir. Azərbaycanın bugünkü gündəliyinin "yaşıl enerji" ilə bağlı olması dövlət başçısı İlham Əliyevin sərəncamı ilə cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsində öz təsdiqini tapır. Ötən ay keçirilən COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun, bərpaolunan enerji potensialının, iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrin təqdimatı oldu. Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu tədbirin hansı səbəbdən "Bakı dönüşü" adlandırıldığını əsaslı şəkildə diqqətə çatdıraraq COP29-da 197 ölkənin, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 min iştirakçının təmsil olunmasını Azərbaycanın təqdimatı kimi dəyərləndirdi.
Yeni dövr
Hazırkı dövr müasir çağırışlarla zəngindir. Bu çağırışlar hər bir sahədə yeniliyi, təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Artıq qeyd etdiyimiz kimi, suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Prezident İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərini belə əsaslandırdı ki, ötən ilin sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcək.
Bu ilin 7 fevral tarixində prezident seçkiləri keçirildi. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi yeni hədəflərin uğurlu icrasına yol açdı. Dövlətimizin başçısı andiçmə mərasimində "Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm" söyləyərək inamla bildirdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq. Öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Andiçmə mərasimində 20 ilin uğurları əsasında qarşıda dayanan hədəfləri açıqlayan dövlətimizin başçısı qeyd etdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun: "Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!"
Prezident seçkilərindən ötən qısa zamanda Azərbaycanın uğurlarının miqyası qarşıdakı yeni hədəflərə də çatacağımıza əminlik yaradır. Hazırda əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulmasıdır. Bu ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyev sakinlərinə qovuşacaq şəhərlərimizin adını açıqladı. Laçın və Füzuli şəhərlərinin sırasına Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl və Kəlbəcər şəhərlərinin də daxil olacağını bildirdi. Hazırda 5 şəhər - Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri və 4 kənd - Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub.
Bu ilin mühüm hadisələri sırasında şuşalıların, xocalılıların və cəbrayıllıların öz doğma yurd-yuvalarına qayıdışını deyə bilərik. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri xalqımızda böyük qürur hissi yaradır. Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdilər və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı tədbirdəki çıxışında bildirdi: "Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük qayıdış proqramını uğurla icra edirik".
Dövlətimizin başçısı İlham Əliyev iki il bundan öncə, 2022-ci ilin 24 dekabr tarixində - doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə tarixi ədalətə söykənən bu hədəfi açıqladı - Biz Qərbi Azərbaycana qayıtmalıyıq. Ötən bu müddət ərzində hədəfə doğru mühüm addımlar atılır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlanıb və uğurla icra edilir. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra bütün çıxışlarında, müsahibələrində bu məsələyə xüsusi diqqət yönəldilir. Bu əminlik ifadə edilir ki, gün gələcək qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Buna əsas verən amil xalqımızın tarixi yaddaşıdır.
Qeyd etdiklərimizin fonunda Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişi dövründə Rusiyanın "Ria Novosti" agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində "Siz tarixdə necə qalmaq istərdiniz" sualına cavabını xatırlatmaq istərdik: "Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub".
Daim xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bunu ölkədə xalq-Prezident birliyinin sarsılmazlığı, keçirilən seçkilərdə xalqın inamı və etimadı təsdiqləyir. Xalqımız bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara, zəfərlərə imza atacaq, söz sahibliyini qoruyacaq. Yeni hədəf növbəti uğurların başlanğıcıdır.
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı