Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi qadın sahibkarlığının təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi çərçivə barədə məlumatlılığın artırılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirin moderatoru, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakına diqqət çəkərək qeyd edib ki, ölkəmiz müasir çağırışlar və gələcək vəzifələri nəzərə almaqla bir çox layihələrin müəllifidir. Azərbaycanın AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdiyini bildirən H.Hüseynova bu baxımdan keçirilən tədbirlər və AQEM Qadınlar Şurasının ilk iclasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların iqtisadi fəallığının artırılmasının, onların sahibkarlıq imkanlarının genişləndirilməsinin sosial inklüzivliyin təmin edilməsi və davamlı iqtisadi inkişafın mühüm hərəkətverici qüvvələrindən biri olduğunu vurğulayıb.
Azərbaycanda qadın sahibkarların fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdıran komitə sədri qadınların maliyyə resurslarına çıxışın genişləndirilməsi, təlim və mentorluq imkanlarının artırılması, eləcə də startap təşəbbüslərinin təşviqi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin qadınların inkişafı və iqtisadi fəallığının artırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Qadınların iqtisadi, sosial və ictimai həyatın bütün sahələrində fəal iştirakının zəruri olduğunu diqqətə çatdıran Ç. Erdoğan bildirib ki, Türkiyədə qadınların iqtisadiyyata inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib, bu məqsədlə hüquqi maneələr aradan qaldırılıb, çevik əmək modelləri və sosial dəstək mexanizmləri tətbiq olunub.
Çiğdem Erdoğan ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, qadın sahibkarlar üçün ortaq mentorluq şəbəkələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
Qazaxıstan Respublikası Məclisinin Sosial və Mədəni İnkişaf Komitəsinin katibi Nurqül Tau Qazaxıstanda cəmiyyətdə qadınların rolunun artırılması, potensialının üzə çıxarılması və iqtisadi fəallığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Tədbirdə, həmçinin qadınların biznes fəaliyyətinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə və qeyri-maliyyə dəstək mexanizmlərinin inkişafı, hüquqi və institusional çərçivənin daha da gücləndirilməsi, eləcə də gender bərabərliyini təşviq edən siyasətlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.