ÜDM istehsalında 5 faizə yaxın artım var
COP29 başa çatdı. Nəticələr gözlənildiyindən də uğurlu oldu. Belə də olmalı idi. Azərbaycanın, onun liderinin qol qoyduğu forma və məzmunundan asılı olmayaraq, hansı beynəlxalq tədbir yüksək səviyyədə keçməyib və qarşıya qoyulan hədəfə çatmayıb ki?!
Sözsüz ki, bu gün dünyanın əsas problemi sayılan iqlim dəyişmələrinə qarşı yaxın gələcəkdə aparılacaq mübarizəyə önəmli dəstək verəcək COP29-da əldə edilən razılaşmaların önəmi, əhəmiyyəti barədə hələ çox danışılacaq, çox yazılacaq. Amma, necə deyərlər, həyat davam edir. Üstəlik, il də yekunlaşır. Bütün hökumət strukturları, o cümlədən nazirliklər, komitələr, səhmdar cəmiyyətləri ilin ötən dövrü ərzində əldə etdiklərini götür-qoy edir, gələcək işlərini planlaşdırırlar. Bu baxımdan Dövlət Statistika Komitəsinin (DSK) cari ilin 10 ayı üzrə açıqladığı makroiqtisadi göstəricilərə nəzər salmaq yerinə düşərdi.
Açıqlamada bildirilir ki, ötən 10 ay ərzində ölkə üzrə 103,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 6,8, neft-qaz sektorunda 1,7 faiz artmışdır.
DSK-nin hesabatına görə, yanvar-oktyabr aylarında ÜDM-in 37,1 faizi sənaye, 10 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 6,2 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 19,2 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 10 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 10146,5 manat əlavə dəyər düşmüşdür.
10 ay ərzində ölkə üzrə 53,3 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 8,7, neft-qaz sektorunda 1,5 faiz artmışdır. Sənaye məhsullarının 64 faizi mədənçıxarma, 30,3 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 3,5 faiz azalmış, əmtəəlik qaz hasilatı 6,8 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsulları istehsalı 68,4, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4, mebel istehsalı 40,7, hazır metal məmulatlarının istehsalı 38,9, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3, elektrik avadanlıqlarının istehsalı 29,6, ağacın emalı və ağacdan məmulatların istehsalı 22,3, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4, tikinti materiallarının istehsalı 19,6, içkilərin istehsalı 18,1, tütün məmulatlarının istehsalı 14,3, kimya sənayesi məhsullarının istehsalı 10,3, kağız və karton istehsalı 9,7, qida məhsullarının istehsalı 8,7, kompüter, elektron və optik məhsulların istehsalı 4,3, geyim istehsalı 3,9, neft məhsullarının istehsalı 2,6, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,2 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard 391,1 milyon manat vəsait yönəldilmişdir. Bu, 2023-cü ilin müvafiq dövründəkindən 4,4 faiz azdır. İstifadə olunmuş ümumi vəsaitin 50,8 faizi məhsul istehsalı və 35,9 faizi xidmət obyektlərinin, 13,3 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 83 faizi daxili sərmayələr olan vəsaitin 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,1, qeyri-neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 2 faiz azalmışdır.
Sosial sahəyə, daha dəqiq desək, cari ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 8 faiz artaraq 993 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə 10 ay ərzində 68,1 milyard manat olmuşdur ki, bu da 5,8 faiz artım deməkdir.
DSK-nin hesabatında həmçinin bildirilir ki, 10 ayda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 48 milyard 343 milyon manatlıq məhsul satılmış, 10 milyard 192,4 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,7, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 8,3 faiz artmışdır.
Yanvar-oktyabr ayının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 2 milyard 863,6 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 72,3 faizindən əhali istifadə etmişdir. Bu aylar ərzində göstərilən xidmətlərin həcmi 12,1 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən 10 ayda ölkə üzrə 193,8 milyon ton yük, 1,7 milyard nəfərə yaxın sərnişin daşınmışdır ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən yük daşınması üzrə 4,1 sərnişin daşınması üzrə 9,2 faiz çoxdur.
Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri 101,7, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 100,6, qeyri-ərzaq malları üzrə 101,5, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,6 faiz olmuşdur.
"Azərbaycan"