Büdcədən ayrılacaq hər 100 manatdan 41 manatın sosial sahələrə yönəldilməsi proqnozlaşdırılır
Xəbər verildiyi kimi, Milli Məclisdə "2025-ci ilin dövlət büdcəsi" layihəsi birinci oxunuşda qəbul edilib. Qanunvericiliyin tələblərinə uyğun tərtib edilən büdcə zərfindəki layihələrdə sosial sahələrə, müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsinə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük qayıdışın reallaşdırılmasına daha çox vəsait ayrılıb.
Bu da təsadüfi deyil. Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas məqsədi əhalinin rifahının və sosial təminatının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Bu səbəbdən hər il dövlət büdcəsində sosialyönümlü xərclər prioritet təşkil edir. Növbəti ilin dövlət büdcəsi layihəsində həmin xərclər 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz çoxdur. Baş maliyyə sənədi layihəsində əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait ayrılması nəzərdə tutulub.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon, investisiya yönlü layihələrin həyata keçirilməsi üçün 1 milyard 100 milyon, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün 150 milyon manatın ayrılması proqnozlaşdırılıb. Bundan əlavə, büdcə layihəsində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 812 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması üçün 1 milyard 600 milyon manat vəsaitin dövlət büdcəsindən transfer şəklində ayrılması nəzərdə tutulur. Paralel olaraq keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 311 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Bəllidir ki, hər bir cəmiyyətin, dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri yüksək səmərəliliyə malik sosial siyasətin həyata keçirilməsidir. Belə vəziyyətdə həm cəmiyyətin özü, həm də onun tərkibini formalaşdıran müxtəlif təbəqələr, ayrı-ayrı fərdlər inkişaf prosesində maraqlı tərəf kimi çıxış edirlər. Üstəlik də bu prosesə özünəməxsus töhfələr verməyə çalışaraq onun davamlı xarakter alması istiqamətində fəaliyyətlərini genişləndirirlər. Bununla inkişafın daha dinamik xarakter alması, onun əsas məqsədlərindən biri olan maddi rifah halının cəmiyyətin hər bir fərdinin həyatında əks olunması, vətəndaşın həyat səviyyəsinin müsbət istiqamətdə sürətlə dəyişməsi, gəlirlərinin ədalətlilik prinsipi əsasında bölünməsi təmin edilir.
Sosial-iqtisadi sahədə inkişafın özünəməxsus modelini yaradan Azərbaycan dövlətinin əvvəlki illərdə əldə olunan uğurlarının davamı olaraq büdcə layihəsində sosialyönümlü strategiyanı özündə əks etdirən Dövlət Sosial Müdafiə Fondu ilə bağlı xərclər də yer alıb. Belə ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5 faizini əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494, gələn il isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəlməsi gözlənilir.
Milli Məclisin deputatı Vüqar Bayramov büdcə layihəsinin sosialyönümlü xərclərinə münasibət bildirərkən deyib: "Gələn ilin büdcəsi iqtisadi və fiskal hədəflərə uyğun olaraq formalaşmış sənəddir. Büdcədən ayrılan hər 100 manatın 41 manatı sosial istiqamətə yönəldiləcək. Büdcə gəlirlərinin strukturu bir daha təsdiq edir ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatında büdcə gəlirlərinin formalaşmasında qeyri-resurs sektoru, yəni qeyri-resurs gəlirləri əsas rol oynayacaq, gəlirlərin 51 faizi qeyri-neft-qaz sektorunun payına düşəcək". Deputatın sözlərinə görə, büdcə zərfində qlobal və regional risklər qeyd olunur: "Eyni zamanda fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı. Çünki fiskal risklərin öncədən qiymətləndirilməsi və büdcə zərfində öz əksini tapması, preventiv tədbirlərin həyata keçirilməsi baxımından vacibdir".
44 günlük Vətən müharibəsindən keçən 4 il ərzində azad edilmiş ərazilərin bərpası ilə bağlı başlanan genişmiqyaslı proqram və layihələr gələn il də sürətlə davam edəcək. Amma indidən demək olar ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti və yenidənqurma işləri nəticəsində region beynəlxalq investisiya, turizm və mədəniyyət mərkəzinə çevrilib. Belə cəlbedici sahələrin qabarıq görünməsi təbii ki, regiona qoyulan vəsaitin təyinatı üzrə xərclənməsi nəticəsində mümkün olur. Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin 9 ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən istifadə olunub.
"2025-ci ilin dövlət büdcəsi" layihəsində də gələn ilin prioritet xərcləri sırasında işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəsait xüsusi əhəmiyyət kəsb edir. Milli Məclisin spikeri Sahibə Qafarova büdcə layihəsinin müzakirəsi zamanı bu barədə fikirlərini belə səsləndirib: "2025-ci ilin dövlət büdcəsinin prioritetləri Silahlı Qüvvələrin potensialının daha da artırılması, Böyük qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq. 2025-ci il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə edilib". Konkret rəqəmlərə gəldikdə, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün büdcədən 8 milyard 396 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır ki, bu da ümumi büdcə xərclərinin 20,3 faizini təşkil edir. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası üçün isə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"