Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin
və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə konfransı
Azərbaycanın qısa
zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından
biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Düşünülmüş, qətiyyətli
və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 16 ildə mühüm siyasi, iqtisadi, sosial
uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib.
Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat
layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz
regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövləti məhz Azərbaycandır.
Prezident İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində
çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə
yazılan uğurların müəllifinə çevrilib.
Respublika Ağsaqqallar
Şurasının, "Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ şəhərində
keçirdikləri "Prezident İlham Əliyevin yeni islahatlar kursu: Davamlı inkişafın
iqtisadi-sosial hədəfləri” mövzusunda birgə konfransda da Azərbaycanın keçdiyi inkişaf
yolundan bəhs olundu.
Konfrans iştirakçıları
əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət
edərək gül qoydular, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü
ilə Respublika Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV açdı. Xalqımızın dövlət müstəqilliyinin
bərpasının 28-ci ildönümünə qədəm qoyduğunu deyən Fəttah Heydərov bildirdi ki, geriyə
boylanarkən böhran və inkişafı, tənəzzül və rifahı, ardıcıl məğlubiyyətlər və davamlı
uğurları tariximizin əsas göstəriciləri kimi müşahidə edirik:
- Ötən illərdə yaşadığımız bu faciələrdən qələbələrə, yüksəlişə
keçidi tam mahiyyəti ilə təhlil etmək, onun bütün mərhələlərini müəyyənləşdirmək
ağsaqqalların vəzifəsi, bunları öyrənmək isə gənclərimizin borcudur. Bugünkü konfransın
əsas məqsədi də məhz bu həqiqətlərə bir daha aydınlıq gətirmək, səmərəli müzakirələr
təşkil etməkdir. Tədbirimizdə ağsaqqallarla gənclərin yan-yana əyləşməsini görərkən
böyük iftixar hissi keçirirəm. Bu mənzərə həm də Azərbaycan dövlətçiliyinin mövcud
inkişaf mənzərəsidir. Yəni ənənə ilə müasirlik, irs və varislik prinsipləri milli
inkişafımızın əsas zəminidir.
Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük
problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Həmin dövrün Azərbaycanından
əsər-əlamət qalmayıb. Bugünün Azərbaycanı Cənubi Qafqazın və ümumən Avropanın əsas
enerji və iqtisadi-siyasi güc mərkəzlərindən biridir. Tam müstəqil siyasət yürüdən
qüdrətli ölkədir. Bu Azərbaycanın qurucusu isə Heydər Əliyev dühasıdır.
Qürur və fəxarətlə deyə biləcəyimiz bir danılmaz həqiqət
də var. Ulu Öndərin böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna
çıxardığı respublikamız son 16 ildə məhz Prezident İlham Əliyevin fitri idarəçilik
və liderlik keyfiyyətləri sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Bəli,
müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb. Kənar təzyiqləri
inamla dəf edib, müstəqil siyasət yürüdüb. Azərbaycan bu müddətdə qarşıya qoyduğu
hədəflərə inamla yetişib.
Müstəqil Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü
yaşayır. İnkişaf və dövlət quruculuğu prosesi üç təməl prinsipinə əsaslanır. Birincisi,
"Güclü dövlət-güclü xalq” ideyasıdır. İkincisi, tam müstəqil siyasətdir. Üçüncüsü
isə azərbaycançılıq ideyasıdır.
Bu üç təməl prinsipin banisi, yaradıcısı Ulu Öndər Heydər
Əliyevdir. Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev yeni yanaşmalarla
bu ideya xəttini daha da təkmilləşdirmiş, müasirləşdirmişdir. Ümumiyyətlə isə inkişafın
hər bir sahəsində möhtərəm Prezident yeni bir model yaradıb. Bu baxımdan biz "İnkişafın
İlham Əliyev modelini” bütün dünyaya örnək nümunə kimi göstərə bilərik.
Prezident ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri
sayəsində xalqı öz ətrafına, Ulu Öndər ideyalarının cazibəsinə toplaya bilib. Ölkə
başçısının ötən illərdə yürütdüyü siyasətin real, əməli fəaliyyətə söykəndiyinə
hər bir vətəndaş daxilən əmin oldu. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam”
deyən cənab İlham Əliyev bu missiyasını da uğurla həyata keçirdi.
Mən möhtərəm Prezidentimizin himayədarlıq fəaliyyəti ilə
bağlı yalnız bir fakta nəzər salmaq istərdim. 7 ay öncə Şamaxı və Ağsu rayonlarında
təbii fəlakət, zəlzələ baş verdi. Zəlzələdən dərhal sonra Prezident bölgəyə gəldi,
zərərçəkənlərlə görüşdü. Onları dinlədi, problemlərini öyrəndi. Bərpa və quruculuq
prosesini şəxsi nəzarətinə götürdü. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti
olduğunu bir daha göstərdi. Qısa müddətdə böyük quruculuq işləri görüldü, evlər
bərpa edildi. Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva
yenidən bölgəyə gəldilər, bərpa edilən ilk evlərin açılışını etdilər.
İndi bərpa və quruculuq prosesi davam edir, yüzlərlə ev
tikilir, həm də yeni binalar inşa olunur. Dövlət və Heydər Əliyev Fondu daim xalqın
yanındadır. Şamaxıda və Ağsuda zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılması
Prezidentin sosial siyasətinin əyani təzahürüdür.
Prezidentin rəhbərliyi altında tariximizin yeni mərhələsinə
qədəm qoyuruq. Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata
keçirilir. Bu, həm zamanın tələbidir, həm də Prezidentin daim müasirləşən, dövrün
çağırışlarına cavab verən siyasətinin təzahürüdür. Əslində, İlham Əliyevin fəaliyyəti
hər zaman islahatlarla müşayiət olunub. Yeni islahatlar kursu isə əvvəlki islahatların
daha müasir formada davamıdır.
Yeni islahatlar konsepsiyasının əsas məqsədi Azərbaycanı
daha güclü, qüdrətli ölkəyə çevirməkdir. Əsas hədəf isə Azərbaycan vətəndaşının
sosial rifahını yüksəltmək, güzəranını daha da yaxşılaşdırmaqdır. Bu məqsədlə dövlət
başçısı yalnız elə son 7 ayda iki sosial paket həyata keçirib. Bu sosial paketlərin
əhatə dairəsi 4 milyon insanı ötür. Onun icrasına 5,3 milyard manat vəsait ayrılıb.
Özünüz görürsünüz ki, cənab
İlham Əliyevin son xeyirxahlıq, qayğı siyasəti necə böyük
miqyasdadır.
Maaşlar, pensiyalar, sosial müavinətlər, minimum əməkhaqqı
artırıldı. Hesab edirəm ki, bu yüksəliş barədə danışarkən rəqəmlərə çox da lüzum
yoxdur. Çünki ən böyük fakt hər kəsin güzəranında özünü aydın göstərən rifahdır.
Respublika Ağsaqqallar Şurasının, Qəbələ Rayon İcra Hakimiyyətinin
və "Azərbaycan” qəzetinin birgə təşkil etdiyi konfrans da məhz son dövrlərdəki müsbət
dəyişikliklərə həsr olunub. Bugünkü tədbirimizdə Prezident İlham Əliyevin yeni islahatlar
kursunun mahiyyətindən danışacaq, davamlı inkişafın iqtisadi-sosial hədəflərini
müzakirə edəcəyik.
Konfransda bölgələrimizin təmsilçiləri də iştirak edir.
Bilirik ki, Prezident İlham Əliyevin son sosial islahatları, maaşların, təqaüdlərin,
müavinətlərin artımı bölgələrdə sakinlərin rifahını əsaslı şəkildə yüksəldib. Yerlərdə
Prezidentə inam daha da artıb. Son vaxtlar bölgələrdə aqrar sektorda və iqtisadiyyatda
inkişaf da geniş miqyas alıb. Kəndlər, bölgələr müasirləşir, zəruri infrastrukturlar
yaradılır.
Ən əsası isə ölkədə ciddi ictimai-siyasi sabitlik var.
Tədbirimizdə iştirak edən ağsaqqallar bilirlər ki, onların əsas vəzifəsi ölkədəki
sabitliyin qorunmasına çalışmaq və uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır.
Gənclərimiz də çox hazırlıqlı, daha vətənpərvərdirlər.
Gənclərimizin Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin fəaliyyətinə
sədaqət göstərmələrini də mən xüsusi vurğulamaq istərdim. Biz gənclərimizə, onların
fəaliyyətinə və uğurlarına nəzər saldıqca əmin oluruq ki, Azərbaycanın sabahı etibarlı
əllərdədir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEV bildirdi ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində Azərbaycanın
hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir.
Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan
mühüm əhəmiyyət kəsb edir:
- Prezident İlham Əliyevin böyük diqqət və qayğısı, müntəzəm
nəzarəti ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları
Qəbələdə də uğurla icra olunmuş və icra olunmaqdadır. 2500 illik qədim tarixə malik
Qəbələ indi tərəqqi dövrünü yaşayır.
Hələ 2002-ci ildə Ulu Öndər Heydər Əliyev Qəbələyə səfər
edərkən buranın təbiətinə, təbii şəraitinə heyranlığını dilə gətirmiş, rayonun nümunəvi
turizm diyarına çevrilməsini arzu etdiyini bildirmişdi. Ümummilli Liderin bu arzusunu
yerinə yetirmək üçün cənab İlham Əliyev rayonumuza xüsusi diqqət və qayğı göstərir.
Prezident Qəbələyə səfərlərindən birində demişdir: "Qəbələnin gözəl təbiəti burada
turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada müvafiq infrastruktur yaradılmasına,
dünya standartlarına uyğun mehmanxanalar tikilməsinə, abad yollar salınmasına xüsusi
diqqətlə yanaşılmalıdır”. Dövlət başçısının qarşıya qoyduğu bu vəzifələr bu gün
layiqincə yerinə yetirilir.
Turizm sənayesinin inkişafı üçün əlverişli coğrafi məkanda
yerləşən Qəbələdə bu gün 20-dən çox turizm istirahət kompleksi var. Rayonda 7 beşulduzlu,
2 dördulduzlu, 2 üçulduzlu hotellər gələn qonaq və turistlərə xidmət edir. Ümumiyyətlə,
rayondakı mehmanxana və mehmanxana tipli obyektlərin bir gündə 3000 nəfərdən çox
turisti qəbul etmək imkanı var. Təkcə bu ilin 6 ayı ərzində Qəbələyə 88786 nəfər
turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Dağ-xizək idmanının inkişaf etdirilməsi, eləcə də turist
cəlbediciliyini artırmaq məqsədilə yaradılan "Tufandağ” Qış-Yay Turizm İstirahət
Kompleksi yerli və xarici turistlərin ən çox gəldiyi istirahət mərkəzlərindəndir.
Qafqaz regionunda ən gözəl əyləncə mərkəzi kimi tanınan "Qəbələnd” Əyləncə Mərkəzi
heyranedici istirahət məkanlarındandır. Qəbələyə gələn hər kəs Qaraçayın hər iki
sahilində yerləşən park bulvarın möhtəşəmliyinə, zənginliyinə, əsl istirahət məkanı
olmasına heyran qalır.
Turizm obyektlərində turistlərə dünya standartları səviyyəsində
xidmət göstərilməsi üçün kadrlar hazırlanması da diqqət mərkəzindədir. Bu məqsədlə
rayonda turizm və hotelçilik üzrə peşə tədris mərkəzi fəaliyyət göstərir. Mərkəzi
bitirmiş mütəxəssislər Qəbələdə, digər bölgələrdə, həmçinin Bakı şəhərində yerləşən
turizm-istirahət obyektlərində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Bu gün Qəbələ özünün sosial-iqtisadi gücündən, zəngin mənəvi
həyatından, tarixi köklərindən bəhrələnərək daha da müasirləşib, sərhədlərimizdən
çox-çox uzaqlarda tanınıb. Rayonumuz beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi
edir. Son illər dünya siyasətçilərinin iştirakı ilə Qəbələdə keçirilən forumlar,
sammitlər, beynəlxalq idman yarışları, Heydər Əliyev Fondunun prezidenti, Birinci
vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilən və planetin ən məşhur
musiqi xadimlərinin iştirakı ilə keçirilən, bütün dünyaya səs salmış beynəlxalq
musiqi festivalları, incəsənət sərgiləri və digər tədbirlər ölkənin, o cümlədən
Qəbələnin sosial-iqtisadi inkişafının təntənəsi kimi qiymətləndirilə bilər.
Qəbələdə də idmana böyük qayğı göstərilir. Belə ki, Qəbələ
şəhərində Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Bundan başqa, müasir
tipli stadionlar və Stend Atıcılığı Kompleksi də idmançıların istifadəsindədir və
burada beynəlxalq tipli yarışlar keçirilir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına
uyğun olaraq Qəbələdə bir çox iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir
ki, onların istehsal etdiyi məhsullar təkcə ölkə daxilində deyil, xarici bazarlarda
da şöhrət qazanmışdır. Belə ki, rayonda bir saatda 5 ton qabıqlı fındıq və ya
1300 kiloqram təmizlənmiş fındıq ləpəsi emal etmək gücündə olan, birdəfəyə 250 ton
qabıqlı fındıq qəbul edən fındıq emalı müəssisəsi fəaliyyət göstərir. Qəbələ şərab
zavodunda artıq on beş ildir ki, yüksəkkeyfiyyətli şərablar, konyaklar, tünd içkilər
istehsal olunur. Burada istehsal olunan məhsulların 50 faizdən çoxu müxtəlif ölkələrə
ixrac olunur. Aspi-"Savalan” üzüm emalı və şərab istehsalı zavodunun şöhrəti də
dünyanı gəzir. Bu gün "Savalan” da 18 çeşiddə istehsal olunan məhsullar Çin, Yaponiya,
Rusiya, Hollandiya, Almaniya, Fransa, Türkiyə, Ukrayna, Belarus kimi ölkələrə göndərilir.
"Gilan” Qida Şəhərciyindəki meyvə şirələri və sərinləşdirici
içkilər istehsalı müəssisəsində hazırlanan məhsulların sorağı ABŞ, Rusiya, Almaniya,
Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Yeni Zelandiya, Malayziya, İsrail,
Avstraliya, Türkmənistan, Tacikistan və s. ölkələrdən gəlir.
Rayonda 2003-cü ilin oktyabr ayından 1 iyul 2019-cu ilədək
17697-si daimi olmaqla 19495 yeni iş yerləri açılmışdır. Bu ilin ötən 6 ayı ərzində
açılmış 854 iş yerinin hamısı daimidir. 6 ay ərzində Qəbələ Rayon Məşğulluq Mərkəzində
işaxtaran kimi qeydiyyatdan keçmiş 1090 nəfərdən 540 nəfər münasib işlə təmin olunmuşdur.
Son illər əhalinin daimi işlə təmin olunması, sosial müdafiəyə ehtiyacı olan ailələrin
rifahının yaxşılaşdırılması məqsədilə ölkəmizdə, o cümlədən rayonumuzda özünüməşğulluq
proqramının həyata keçirilməsinə başlanılmışdır.
Bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar konsepsiyası ölkənin
hər yerində olduğu kimi, Qəbələdə də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Əməkhaqlarının
20-50 faiz arasında qaldırılması, minimum əməkhaqqının bir ildə 2 dəfə qaldırılaraq
250 manata, minimum pensiyanın 200 manata çatdırılması əhalinin rifah halının yüksəlməsini
təmin etmişdir. Hazırda minimum əmək haqqı və minimum pensiya məbləği zəruri istehlak
ehtiyacını xeyli qabaqlayır. Bütün bu islahatları əhali çox böyük razılıqla qarşılayır.
İndi əhalinin rifah halını 15-20 il öncə ilə müqayisə etsək, nə qədər müsbət dönüş
olduğunu görərik. Ucqar kəndlərdə iştirak etdiyim görüş-qəbullarda illər öncə əhalinin
bir hissəsi maddi yardım, abad yol, qaz və işıq xahiş edirdisə, bu gün çoxzolaqlı
internetin daha sürətli olmasını arzulayırlar. Bu yüksək inkişafın, rifahın göstəricisidir.
Sosial sahələrin inkişafı daim diqqət mərkəzindədir. Dövlət
başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın qayğısı sayəsində son illər rayonda 29 ümumtəhsil məktəb binası tikilmiş
və təmir olunmuşdur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılmış
"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qəbələdə yeni məktəb binaları,
uşaq bağçaları tikilmiş və təmir olunmuşdur. Nic qəsəbə 2 nömrəli, Nohurqışlaq və
Daşca kənd tam orta məktəblərinin açılışında möhtərəm prezidentimiz İlham Əliyev,
Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmiş, bu təhsil ocaqlarına
xeyir-dua vermişlər. Keçən dərs ilində Zərgərli kənd ibtidai, Nohurqışlaq kənd ümumi,
Laza kənd ümumi, Cığatelli kənd tam orta məktəbləri üçün modul tipli məktəblər istifadəyə
verilmişdir. Qaradeyin kənd orta, Şəfili kənd ibtidai məktəbləri üçün modul tipli,
Vəndam qəsəbə 2 nömrəli məktəb üçün birtipli layihə əsasında 360 yerlik yeni məktəb
binası yaxın günlərdə istifadəyə veriləcəkdir.
Qəbələdə tibb xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması
üçün ardıcıl iş aparılır. Bu sahədə xeyli nailiyyət əldə olunub. Ölkə prezidenti
cənab İlham Əliyevin rayonumuza göstərdiyi böyük diqqət və qayğının nəticəsidir
ki, Qəbələ Müalicə Diaqnostika Mərkəzi tikilib istifadəyə verilmiş və hazırda Qəbələ
şəhərində tibbin son nailiyyətlərinə cavab verəcək yeni xəstəxana binası tikilir.
Sosial-iqtisadi sahədə sürətlə inkişaf edən Qəbələnin dünyanın
bir sıra ölkələrinin ayrı-ayrı şəhərləri ilə dostluq, qardaşlıq əlaqələri də inkişaf
edir. Belə ki, indi bizim Ukrayna Respublikasının Rovno, Misir Ərəb Respublikasının
Cənubi Sinay vilayəti, Rusiyanın Kislovodsk, Belarusun Qrdono, Koreya Respublikasının
Qyonçu, Polşa Respublikasının Qnezno, İsrailin Yokneam, Vyetnamın Quanq Nam əyaləti
və Fransa Respublikasının Kann şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələrimiz
var. Bu əlaqələr ildən-ilə möhkəmlənir və genişlənir.
"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
Bəxtiyar SADIQOV dedi ki, inkişaf etmək, yüksəlmək tarixən hər bir dövlətin
və onun xalqının arzusu olub. Bu gün inkişaf etmiş ölkələrin keçdiyi yola nəzər
salsaq, onların indiki səviyyəyə gəlib çatmaları üçün böyük bir yol qət etdiklərini,
hansı mərhələlərdən keçdiklərini görərik:
- Azərbaycan da tarixi və iqtisadi qanunuyğunluqlarla özünün
inkişaf yolundadır. Amma bizi fərqləndirən cəhət odur ki, qısa müddətdə qazandığımız
uğurlar, keçdiyimiz inkişaf yolu bir neçə onilliyə, qərinələrə bərabərdir. Ötən
28 illik müstəqillik tariximizin heç də bütün mərhələlərinin firavan olmadığını
nəzərə aldıqda isə uğurlarımızın miqyasının daha böyük olduğunu görərik. Bu mənada
gənc respublikamız öz inkişafı ilə dünyada həm də nümunəyə çevrilib.
Bütün bu uğurlar dünya ictimaiyyətinin qəbul etdiyi gerçəklikdir.
Bu gerçəkliyin əsası isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, istiqamətləri
müəyyən edilib. Ona görə də Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı
nüfuzu qiymətləndirərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz
qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu Öndər tərəfindən
görülən böyük işlərin, yerinə yetirdiyi tarixi missiyalarının nəticəsidir ki, xalqımız
demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə edib, xoşbəxt gələcəyi üçün
bütün təminatları yaradıb.
Ötən 16 ildə isə Ulu Öndərin inkişaf yoluna çıxardığı respublikamız
İlham Əliyev fenomeninin yüksək idarəçilik və liderlik
keyfiyyətləri sayəsində özünün yeni inkişaf mərhələlərini yaşayır. Azərbaycan bu
dövrdə son dərəcə möhtəşəm nailiyyətlərə imza atıb, müstəqil siyasət yürüdüb, qarşıya
qoyduğu hədəflərə inamla yetişib. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasının
Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti ilə həyata vəsiqə alması bugünkü
nailiyyətlərimizi təmin etməkdədir. Odur ki, ötən 16 il Azərbaycanda cəmiyyət həyatının
bütün sahələri üçün onilliklərə bərabər inkişaf dövrüdür desək yanılmarıq.
İlham Əliyev fəaliyyətinin ilk günlərindən ölkənin inkişafı
və xalqın sosial rifahının yüksəlişinə xidmət edən cəsarətli və islahatçı addımlar
atıb. Bəzi uğurlarımıza nəzər salmaqla biz keçdiyimiz inkişaf yolunun möhtəşəmliyini
görərik. İlham Əliyev yeni neft strategiyasını qətiyyətlə davam etdirdi. Bu yolda
beynəlxalq təzyiqləri inamla dəf etdi və artıq 15 ilə yaxındır ki, Bakı-Tbilisi-Ceyhan
neft xətti ilə neftimiz dünya bazarlarına çıxarılır.
"Neft xalqlara xoşbəxtlik də gətirə bilər, bədbəxtlik də.
Mən çalışacam ki, neft Azərbaycan xalqına xoşbəxtlik gətirsin. Çünki Azərbaycan
xalqı xoşbəxt yaşamağa layiqdir” deyən cənab Prezident yürütdüyü düşünülmüş iqtisadi
kurs nəticəsində bu dövrdə neftdən əldə olunan gəlirlərlə həm ölkəni sürətli iqtisadi
inkişaf yoluna çıxardı, həm də insanların sosial rifahının yüksəldilməsi istiqamətində
mühüm işlər görüldü. Məsələn, 16 ildə iqtisadiyyatımızın 3,2 dəfə artması Prezidentin
özünün qeyd etdiyi kimi, rekord göstəricidir. Bu, onu təsdiq edir ki, bu illər ərzində
iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur.
Azərbaycanda baş verən inkişafın əsas xüsusiyyətlərindən
biri qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret dövlət proqramlarının qəbulu,
dəqiq və aydın hədəflərin müəyyənləşdirilməsidir. Bu illər ərzində Prezident İlham
Əliyev hər bir sahə üzrə konkret və ünvanlı proqramı imzalayıb ki, bu da hökumətin
öz vəzifələrini dinamizm və ardıcıllıqla həyata keçirməyə imkan verib. Təbii ki,
bu sırada regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramlarını xüsusilə
qeyd etməliyik. Bütün bunların sayəsində respublikanın bölgələrində inkişaf prosesləri
sürətləndi və 2004-cü ildən ötən müddətdə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə,
qeyri-neft sektoru 2,8 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə artdı. Dünyada
qısa müddətdə belə inkişaf göstəricilərinə nail olmuş dövlət göstərmək yəqin ki,
mümkün deyil!
Təbii ki, bu dövrün sosial uğurlarının statistikası da
təqdirəlayiqdir. 2 milyon iş yeri açılması, maaşların 7, pensiyaların 9 dəfə artması,
işsizliyin 5 faizə düşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan sosial
nailiyyətlərdir. Sosial məsələlərlə bağlı ən mühüm işlərdən biri də çadır şəhərciklərinin
ləğvidir. Artıq Azərbaycanda Neft Fondunun vəsaitləri hesabına 105 qaçqın və məcburi
köçkün şəhərciyi salınıb. Təbii ki, torpaqlarımız azad edildikdən sonra dövlətimiz
həmin insanların doğma yurdlarında özlərinə ev-eşik qurmaları üçün əlindən gələni
əsirgəməyəcək. Torpaqlarımızın azad ediləcəyi gün isə uzaqda deyil. Sülh danışıqları
dalana dirənəcəyi təqdirdə Azərbaycan istənilən yolla ərazilərini azad etmək hüququnu
özündə saxlayır. Artıq dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz
istənilən an İlham Əliyevin Ali Baş Komandanlığı ilə öz müqəddəs vəzifəsini yerinə
yetirməyə hazırdır.
Bu dövrdə Azərbaycan həm də yüksək gəlir gətirəcək digər
nəhəng layihələri - "Cənub qaz dəhlizi”ni, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini
çəkib, Türkiyədə "Star” zavodunu inşa edib. Hansı ki, bu layihələr əsrlər boyu xalqımıza
xidmət edəcək. O cümlədən yol-nəqliyyat infrastrukturumuz tamamilə yeniləndi. Belə
ki, bu illərdə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən
hissəsində mühüm layihələr həyata keçirildi, 15 min kilometr yeni avtomobil yolu
çəkildi, 7 beynəlxalq hava limanı tikildi. Artıq ölkədə qazlaşdırma 96 faizə çatıb.
Bu sırada diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, 70 ildə sovet
hökumətinin qazlaşdırmadığı, yolu olmayan ucqar dağ kəndlərinə təbii qaz verildi,
yol çəkildi. 16 ilin başqa bir mühüm uğuru Azərbaycanın kosmos dövlətinə çevrilməsidir.
31 yeni elektrik stansiyasının inşası, 4 su anbarının salınması isə bu gün ölkədə
gedən inkişaf proseslərinə mühüm təkan verib.
Azərbaycanın inkişafını bütün bölgələrimizin, o cümlədən
Qəbələ rayonunun timsalında görmək mümkündür. Sovet dövründə Qəbələ perspektivsiz
rayonlardan hesab edilirdi. Kənd təsərrüfatı rayonu olsa da, bəzi sahələr inkişafdan
geri qalırdı. Amma bu gün Qəbələ nəinki Azərbaycanda və Cənubi Qafqazda, dünyada
tanınan bir diyara çevrilib. Ən müxtəlif ölkələrdən hər il buraya on minlərlə turist
gəlir. Hər il Qəbələdə tanınmış ifaçıların iştirakı ilə beynəlxalq musiqi festivalı
keçirilir. Yeni istifadəyə verilmiş istehsal və turizm-kurort müəssisələrində rayon
sakinləri işlə təmin olunurlar. Xarici ölkələrdə səfərdə olarkən bəzən bizi hansısa
müasir standartlarla təəccübləndirmək istəyirlər. Amma biz onlara deyirik ki, bundan
da yaxşısı Qəbələdə var. Beləliklə, Qəbələ inkişaf edən Azərbaycanın ən gözəl nümunələrindən
biri kimi fərqlənir və bütövlükdə ölkəmizdə gedən inkişaf proseslərinə layiqli töhfələr
verir.
Bir məsələyə də toxunmaq istəyirəm. Məlumdur ki, dünyanın
bir sıra yerlərində özünü göstərən ziddiyyətlər aradan qalxmaq əvəzinə daha da dərinləşir.
Hər ötən gün müxtəlif ölkələrdə davam edən daxili siyasi və hərbi çəkişmələrlə yadda
qalır. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Cənab Prezidentin də qeyd etdiyi
kimi, ölkəmizdə təhlükəsizlik, ictimai-siyasi sabitlik tam təmin olunub. Məhz bu
sabitlik və sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın inkişafını şərtləndirən
mühüm uğurlarımızın sırasında yer alır. Əldə olunan bütün uğurların təməlində ölkəmizdəki
sabitlik dayanır.
Ağsaqqallarla gənclərin
bir araya gələrək fikir mübadiləsi aparmalarının vacib olduğunu bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Respublika
Ağsaqqallar Şurasının sədr müavini, akademik Əhliman ƏMİRASLANOVun sözlərinə
görə, konfransın müzakirə etdiyi mövzu olduqca aktualdır:
- Bu gün Azərbaycan Ağsaqqallar Şurası, "Azərbaycan” qəzeti
və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfrans ölkəmiz, xalqımız
üçün son dərəcə vacib olan məsələlərə - iqtisadi inkişafa, xüsusilə də sosial məsələlərə
həsr olunub və ilk dəfə olaraq yeni bir formatda keçirilir. Ölkənin avanqard qüvvəsinin
bu toplantıda iştirakı və gənclərin sosial-iqtisadi məsələlərlə bağlı fikir söyləmələri
bizim üçün çox vacibdir.
Azərbaycanda sosial sahə Ulu Öndər Heydər Əliyev siyasətinin
ana xəttini təşkil edib. İstər Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə
də 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra
dahi lider bu sahəyə son dərəcə diqqət və qayğı göstərib. Ölkə əhalisinin sosial
rifah halının yaxşılaşdırılması Heydər Əliyev siyasətinin prioriteti olub. Bu gözəl
ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə
cənab Prezidentin ilin əvvəlindən başlayaraq böyük sosial paketi çərçivəsində imzaladığı
fərman və sərəncamlar bunu bir daha təsdiqləyir. Azərbaycanın dövlət büdcəsi hər
zaman sosialyönümlü olub. Dünyada az sayda ölkələr tapılar ki, büdcəsinin 34 faizdən
artıq hissəsi sosial sahələrə yönəlmiş olsun. Hesab edirəm ki, bu rəqəm gələn ilin
dövlət büdcəsində daha yüksək olacaq.
Əgər 10-12 il öncəki
tarixi xatırlasaq, Azərbaycan səhiyyə sistemində baş verən yeni dəyişikliklərin,
reallaşan uğurların şahidi olarıq. Ancaq onu da vurğulamalıyıq ki, böyük nailiyyətlər
qazansaq da, bu gün səhiyyə sahəsində problemlərimiz mövcuddur və hələ görüləcək
işlər var. Bunu Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib.
Əvvəllər ölkəmizdə bir çox insanın həyatı üçün təhlükə
təşkil edən xəstəliklərin müalicəsi mümkün deyildi. Bunun üçün nə maddi-texniki
bazamız, nə də kadr potensialımız var idi. Ancaq son illərdə məhz maddi-texniki
bazanın möhkəmləndirilməsi, yeni xəstəxanaların, diaqnostik mərkəzlərin istifadəyə
verilməsi, eləcə də yüksəkixtisaslı kadr potensialının hazırlanması sahəsində böyük
işlər görülüb. Bu sahənin mütəxəssisi kimi onu deyə bilərəm ki, bu gün diaqnostikası
və müalicəsi mümkün olmayan bir xəstəlik yoxdur ki, bunu Azərbaycanda həyata keçirmək
mümkün olmasın! Yəni ölkəmizdə müalicəsi mümkün olmayan xəstəlik yoxdur!
Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə 700-ə yaxın xəstəxana, diaqnostik
mərkəz tikilib, yaxud yenidən qurulub. Bu səhiyyə ocaqlarının hər biri ən müasir
tibbi avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilib.
Biz onunla da razılaşırıq ki, həmin müalicə, diaqnostika
mərkəzləri hər bir insan üçün əlçatan deyil. Bütün bunları nəzərə alan dövlət başçısı
gələn ildən ölkədə icbari-tibbi sığortanın tətbiqinə başlanılması ilə bağlı sərəncam
imzalayıb. Bu sistemin tətbiqi mövcud problemlərin aradan qaldırılması ilə nəticələnəcək.
Yəni icbari-tibbi sığortanın həyata keçirilməsi ilə insanları narahat edən istənilən
xəstəliyin müalicəsi, əməliyyatı sığorta hesabına həyata keçiriləcək. Bu siyahı
çox böyükdür və 200-dən çox xəstəlik növləri öz əksini tapıb ki, insanlarımız icbari-tibbi
sığortanın tətbiqi ilə sağlıq problemlərini həll edə bələcəklər.
Bəzi qonşu ölkələrin təcrübəsi göstərdi ki, yüksək səviyyəli
maddi-texniki bazası olmayan, kadr potensialı, həkim ordusu olmayan bir ölkədə tələsik
icbari-tibbi sığortaya keçmək gözlənilən nəticəni vermir. Ona görə də ölkəmizdə
bu gün çox geniş imkanlara malik xəstəxanaların, diaqnostik mərkəzlərin, yüksək
peşəkar kadr potensialının mövcudluğu onu deməyə əsas yaradır ki, Azərbaycanda bu
sistemin tətbiqi uğurla reallaşacaq.
Xüsusi olaraq vurğulayım ki, Mingəçevir şəhəri, Yevlax
və Ağdaş rayonlarında pilot layihələr də həyata keçirilib. Bu ərazilərdə icbari-tibbi
sığortanın tətbiqi nəticəsində əhali arasında ölüm faizi çox ciddi şəkildə aşağı
düşüb, ən mürəkkəb diaqnostik üsullara müraciət edən xəstələrin sayı artdı və insanlar
heç bir vəsait ödəmədən müayinə və müalicə olunmağa başladılar.
Əvvəllər insanların çoxu ölkədə açıq ürək əməliyyatı aparılmadığından
rəhmətə gedirdi. Çox cüzi hissəsi xərc çəkib xaricdə əməliyyat olunurdu. Ancaq bu
gün ölkədə minlərlə insan əməliyyat olunaraq sağlam həyat yaşayır.
Milli Məclisin Səhiyyə komitəsinin rəhbəri kimi dəfələrlə
həmin ərazilərə səfər edib görülən işlərlə maraqlanmışam, insanlarla söhbət etmişəm.
Hər kəs razılıq edir və əhali bu sistemin tətbiqini çox yüksək dəyərləndirir.
Bu, cənab İlham Əliyevin sosial siyasətinin, xüsusilə səhiyyə
sahəsində apardığı islahatların uğurlarıdır və getdikcə daha böyük nailiyyətlər
əldə ediləcək. Çünki ölkədə icbari-tibbi sığortanın tətbiqi ilə ən ciddi xəstəliklərin
müalicəsi belə mümkün olacaq. Əhaliyə göstəriləcək tibbi yardımın kəmiyyəti və keyfiyyəti
yüksələcək.
Respublikanın müxtəlif
bölgələrindən olan dəyərli ağsaqqalların, ziyalıların iştirak etdiyi konfransın
əhəmiyyətini qeyd edən Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, Ağsaqqallar Şurasının sədr müavini, tibb elmləri doktoru
Sudeyif İMAMVERDİYEV dedi:
- Ümumi düşüncə istiqaməti hamıda eynidir: azərbaycançılıq
və vətənpərvərlik. Vətənpərvərlik birinci növbədə insanın öz ölkəsinə olan sevgisidir.
Azərbaycançılıq ruhu isə bu hissdən başlanır. Hesab edirəm ki, Azərbaycanın sürətli
inkişafında hər birimiz öz mövqeyimizi ortaya qoymalı, xidmət etmək düşüncəsi ilə
yaşamalıyıq. Bütün hallarda biz ağsaqqallar hansı dövrdən hara gəlib çıxdığımızı
yaddaşda saxlamaqla gənclərə də xatırlatmalıyıq.
Heç birimiz 1990-cı illərdə Azərbaycanın başının üzərini
qara buludların aldığı dövrü unutmamalıyıq. Deyim ki, daxili sabitliyin təmin olunmadığı
bir cəmiyyətdə güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək mümkün deyildir.
Müdrik xalqımız o zaman qəti hərəkət edərək yeganə düzgün addımı atdı. Dünyanın
böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili
düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın
qurtuluşunda həlledici dönüş baş verdi. Bütün xalqımız məkrli düşmənlərin hazırladığı
fəlakət uçurumuna yuvarlanmadı, qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi
və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev azad edə bilərdi. Çünki Ümummilli
Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma
vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə
gələcəyinə heç kimdə şübhə doğurmurdu.
Heç zaman seçimində yanılmayan xalqımız həmin dövrdə çox
düzgün seçim etdi. Bu olmasa idi, Allah bilir hansı günlərə düçar olardıq. Ölkədə
mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin
olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq
arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması
və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
Sabitliyin təmin olunması ilə Azərbaycan stabil inkişaf üçün real zəmin əldə etdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış
"Əsrin müqaviləsi” isə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni
dövrün əsasını qoydu. Vurğulayaq ki, bu da yüksək siyasi iradənin və qətiyyətin
təntənəsi idi. Saziş Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə
yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Bütün
dünya gördü ki, Azərbaycan yüksək iradə, inam, ağıl və sistemliliklə çətinliklərdən
çıxıb, inkişafın zirvəsinə qalxır.
Son 16 ildir isə xalq gələcəyini düşünərək ölkədə davamlı
sabitliyin və sürətli inkişafın təminatçısı, Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevə etimad göstərməkdədir. Regionlarda sənaye, emal,
xidmət, turizm və digər sahələr inkişaf edib. Xüsusilə də xaricdən gələn qonaqlar
Azərbaycanın bölgələrinin inkişafını əyani şəkildə görürlər.
Bu gün, eyni zamanda, Azərbaycanın güclü ordusu var. Ordu
quruculuğu prosesinin müasir standartlara uyğun həyata keçirilməsi ölkə ictimaiyyəti
tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət yetirilərək
onun gücləndirilməsi Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə
yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın
üstünlüyünü təmin edir. Ermənistanda bunu yaxşı bilir və haqlı olaraq narahatlıq
keçirirlər.
Sonda qeyd etmək istərdim ki, bu gün Azərbaycan beynəlxalq
aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini
təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü
deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala
malik bir dövlətdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, "Gəncəli”
İstehsal-Kommersiya şirkətinin rəhbəri Bayram YUSİFOV bildirdi ki, Azərbaycanda sosial və iqtisadi inkişaf baxımından əhəmiyyətli
addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas mahiyyətini
məhz insan faktoru, vətəndaşların mənafeyi, onların rifah halının yüksəldilməsi
təşkil edir:
- Hazırda bir çox sahələrlə yanaşı, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi üzrə də ciddi tədbirlər görülür. Əməkhaqlarının artırılması, pensiya
təminatının təkmilləşdirilməsi sahəsində aparılan səmərəli islahatlar, qaçqın və
məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün reallaşdırılan
geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahəyə dair qəbul olunan
və həyata keçirilən bir çox qanunlar xalqımızın rifah halının yaxşılaşdırılmasına
istiqamətlənmiş tədbirlərdir. Şübhəsiz ki, bu sosial islahatlar və inkişaf məsələləri
uğurlu dövlət siyasətinin prioritetləri hesab edilirlər.
Regionlarımızın sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrası sayəsində bölgələrdə də müxtəlif sahələrdə böyük uğurlar qazanılıb.
İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaq
üçün regional inkişafda tarazlılığın saxlanılması vacib şərtlərdəndir. Son illərdə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında hökumətin iqtisadi
siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin
tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə
həyata keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir ki, milli
iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin
yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə sosial-iqtisadi
problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda müasir infrastrukturun
yaradılmasını tələb edir. Məhz regionların sosial-iqtisadi inkişafına göstərilən
yüksək diqqət və qayğının nəticəsi olaraq respublikamız ictimai həyatın bütün sahələrində
çoxşaxəli islahatlar aparan və investisiya cəlbediciliyini qoruyan ölkələrdən biri
kimi tanınır.
Birinci vitse-prezident kimi hər bir sahədə Prezidentimiz
cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun, sosial-iqtisadi islahatların
dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın
bu çərçivədə gördüyü işləri təhlil etdikdə şahidi oluruq ki, onun çoxşaxəli və geniş
əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Son illərdə görülən işlərin yekunları da bir daha göstərir ki, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva daima öz uğurlu fəaliyyəti ilə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına
layiqli töhfələr verir.
Ölkəmiz inkişaf etdikcə, yüksəldikcə bizi sevməyən bəzi
dairələr Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyalarına başlayırlar. Onlar
bu prosesdə daxildəki radikal müxalifətdən bir vasitə kimi istifadə edirlər.
Hər bir ölkədə sağlam
müxalifətin olması yaxşı bir haldır. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda
özlərini müxalifət adlandıranların bir qismi radikal əhvali-ruhiyyəli və şər-böhtançı
xislətlidirlər. Onlar heç zaman dövlətə, xalqa xidmət etmək, Azərbaycanın inkişafına
töhfə vermək istəmirlər. Bu radikal müxalifətin hakimiyyət dövrünün də şahidi olmuşuq.
Onların hakimiyyəti dövründə ölkədəki xaosu, vətəndaş qarşıdurmasını, sosial-iqtisadi
tənəzzülü, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən məğlubiyyətləri də
xatırlayırıq. Radikal müxalifətçilər bəzi xarici təşkilatların, eyni zamanda erməni
lobbisinin vəsaiti hesabına ölkəni yenidən anarxiyaya, xaosa aparmaq istəyirlər.
Lakin dövlətimiz və xalqımız buna heç zaman imkan verməyəcəkdir.
Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Vətəndaşlarımız Azərbaycanın inkişafından,
həyata keçirilən sosial-iqtisadi islahatlardan çox razıdırlar və dövlət başçısı
cənab
İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər.
Ölkəmizdə qarşıdurma, xaos yaratmaq istəyənlər nəhayət dərk etməlidirlər ki, Azərbaycanda
sabitlik, inkişaf, vətəndaş və dövlət həmrəyliyi möhkəm əsaslar üzərində qurulub
və bunu heç bir qüvvə sarsıda bilməz.
Azərbaycanın gələcək uğurlarının təntənəsinə, Vətənimizin
çiçəklənməsinə çalışan respublika ağsaqqallarının da məqsədi cəmiyyətimizin, xüsusilə
də gənclərimizin doğru yola istiqamətləndirilməsi, onların ədalət, düzgünlük, vətənpərvərlik,
milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət və əməksevərlik ruhunda tərbiyə
edilməsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qızıl
fondu adlandırılan ağsaqqallar ordusu gənc nəslin yüksək vətənpərvərlik ruhunda
böyüməsi, ölkədə əmin-amanlığın qorunması, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
uğurlu daxili və xarici siyasətinin dəstəklənməsi üçün üzərlərinə düşən vəzifələri
bundan sonra da böyük səylə həyata keçirəcəklər.
Ağsu rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin ABDULLAYEV dedi ki, dayanıqlı inkişaf yolu ilə inamla addımlayan Azərbaycan çox qüdrətli
dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədyi "gün gələcək
Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bugünümüzün reallığıdır. Həqiqətən
də Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətlə Azərbaycan Cənubi
Qafqazın lider dövləti, dünya birliyində isə söz sahibinə çevrilib:
- Bu gün Azərbaycan reallıqları göz önündədir. Ölkənin
sürətli iqtisadi inkişafı, xalqın sosial rifahının günü-gündən yaxşılaşdırılması
və Azərbaycanın dünya dövlətləri sırasındakı yüksələn mövqeyi cənab İlham Əliyevin
müstəqil siyasətinin real təzahürüdür. Ancaq etiraf etməliyik ki, bu uğurlar heç
də asan əldə edilməyib. Məhz Azərbaycan Prezidentinin prinsipiallığı, qətiyyəti
sayəsində ölkəmiz bu nailiyyətlərə imza atıb.
Əlbəttə ki, bu uğurlar bəzilərində qıcıq yaradır. Həmin
qüvvələr Azərbaycanın qısa müddət ərzində nail olduğu bu yüksəlişi həzm edə bilmirlər.
Çirkin əməllərlə bu uğurlara kölgə salmaq, ölkəmizə qara yaxmaq üçün hər vasitəyə
əl atırlar. Ancaq nə qədər pislik etsələr də, bu əməlləri, xislətləri Azərbaycanı,
xüsusən də xalqı ruhdan salmayacaq, əksinə, daha da mütəşəkkil olmağa sövq edəcəkdir.
Bu gün Azərbaycanın bölgələrinin durumu da ölkənin uğurlu
inkişafının göstəricisidir. Hər bir bölgədə aparılan quruculuq işləri bölgələrin
simasını büsbütün dəyişib. Digər rayonlarımız kimi, Ağsu rayonunun da sosial-iqtisadi
inkişafı istiqamətində böyük işlər görülür. Rayonda qazlaşdırma prosesi artıq
99 faizə çatıb. Aqrar sahədə də uğurlu göstəricilər var. Pambıqçılıq, baramaçılıq
yüksəlişdədir, bu il zəmilərdən 115 min ton taxıl biçilib.
Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin təsdiq
etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu
göstəriciləridir. Regionların inkişafını daim diqqət mərkəzində saxlayan cənab Prezident
əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görür.
Biz ağsaqqallar da dövlət başçısının bu siyasətinə dəstək verərək hər zaman onun
yanında olduğumuzu bəyan etmişik. Biz əminik ki, Ulu Öndər Heydər Əliyev siyasətinin
layiqli davamçısı cənab İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə yüksəldəcəkdir.
Zaqatala Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz ƏLİYEVin sözlərinə görə, hər bir gənc qürur hissi duyur ki, onun dünyada inkişaf
etmiş, güclü, qüdrətli dövləti, Azərbaycan adlanan vətəni var. Fəxr edirik ki, biz
Azərbaycanın vətəndaşıyıq:
- Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş bir dövlətinə
çevrilmiş və inkişaf etmiş dövlətlər arasında öz yerini inamla qoruyub saxlayır.
Azərbaycan dünyada həm də inkişaf etmiş idman dövləti kimi də tanınır. Bu inkişaf
heç də öz-özünə və asan baş verməmişdir. Bu inkişaf Ulu Öndər Heydər Əliyevin adı
ilə bağlıdır. Heydər Əliyev Azərbaycanı yenidən qurub yaratdı. Onun apardığı siyasət
və özünü dövlətə həsr etməsi bizim qızıl tariximizdir. Heydər Əliyevin layiqli davamçısı,
Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə Azərbaycanı daha
surətli inkişaf yoluna çıxarıb. İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın xalqın sevgisi, inamı və birliyi ilə həyata keçirdikləri gərgin fəaliyyətin
nəticəsidir ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
Cənab İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət
və qayğı göz qarşısındadır. Dünyanın elə bir ölkəsi tapılmaz ki, dövlət öz gənclərinə
Azərbaycan dövləti qədər qayğı göstərsin. Buna misal Prezident İlham Əliyevin həyata
keçirdiyi layihələr, ölkəmizdə təşkil olunan dünya səviyyəli tədbirlər və gənclərə
yaradılan şəraitdir. Elə bir Avropa ölkəsi yoxdur ki, orada Azərbaycandakı kimi
Olimpiya İdman kompleksləri, Gənclər evləri, təhsil ocaqları və s. olsun. Bütün
bunlar Azərbaycan gənclərinin sağlam böyüməsinə, savadlı olmasına xidmət edir. Bunların
nəticəsidir ki, gənclərimiz dünyada keçirilən tədbirlərdə və idman yarışlarında
çoxlu uğurlar və qələbələr əldə edərək vətənimizin üçrəngli bayrağını ucalara qaldırırlar.
Zaqatala rayonunda da gənclərə göstərilən diqqət və qayğı,
rayon rəhbərliyinin yaratdığı şərait ölkə başçısının siyasətinin ardıcıl davamıdır.
Rayonumuzun gəncləri ölkədə və dünyada keçirilən tədbirlərdə fəal iştirak edir,
uğurlar qazanaraq ölkəmizin adını ucaldırlar.
Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri, tarix elmləri
üzrə fəlsəfə doktoru Mayıl ALICANOV dedi ki, ölkəmizdə
davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Prezident İlham Əliyevin müvəffəqiyyətlə
həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir:
- Prezident İlham Əliyev tərəfindən respublikada sənaye
ilə yanaşı, qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə
iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca
hədəf kimi götürülür. Bu baxımdan bilavasitə dövlət başçısının təşəbbüsü və rəhbərliyi
ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan
və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.
Məlum olduğu kimi, bu il fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı ərazisində baş
verən zəlzələlər nəticəsində onlarla fərdi yaşayış evləri uçmuş və qəzalı vəziyyətə
düşmüş, sosial və infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Zəlzələdən dərhal
sonra Prezident bölgəyə gəldi, yerli sakinlərlə görüşdü, zəlzələnin törətdiyi fəsadlarla
yerindəcə tanış oldu, quruculuq və bərpa prosesini şəxsi nəzarətinə götürdü. Bunun
nəticəsidir ki, təbii fəlakətdən dərhal sonra rayonda mühəndis-kommunikasiya sistemləri
bərpa olundu, zəlzələdən zərər çəkmiş əhaliyə ilkin yardım göstərildi.
İlham Əliyevin baş vermiş təbii fəlakətin nəticələrinin
aradan qaldırılması haqqında sərəncamı, yerli sakinlərlə görüşü, onlara maddi və
mənəvi dayaq durması onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha əyani
surətdə təsdiq etmiş oldu. Zəlzələnin fəsadlarının aradan qaldırılması haqqında
sərəncamla kifayətlənməyən Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban
xanım Əliyeva ilə birlikdə yenidən Şamaxıya gəldilər, vətəndaşlarla şəxsən görüşdülər,
yeni tikilmiş və istifadəyə verilmiş evlərin sakinləri ilə həmsöhbət oldular.
Təbii fəlakətdən keçən dövrdə vətəndaşların müraciəti əsasında
6251 evə baxış keçirilib. Bu evlərdən 375-i qəzalı hesab edilib və artıq onlardan
90 evin inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Fövqəladə Hallar
Nazirliyinin müvafiq komissiyası tərəfindən 1442 evin bərpaya, 2501 evin təmirə
ehtiyacı olduğu bildirilib. Hazırda 105 evdə tikinti işləri aparılır, bərpaya ehtiyacı
olan evlərdən 181-də işlər başa çatıb, 670-də işlər görülür, həmçinin 320 evdə təmir
işləri bitib, 85 evdə isə işlər davam etdirilməkdədir.
Zəlzələdən evlərinə ziyan dəymiş vətəndaşların sosial vəziyyətini
nəzərə alaraq Heydər Əliyev Fondu rayon üzrə daha 44 evin tikintisini həyata keçirəcəkdir.
Artıq 31 ev tikilir, 12 evdə isə təmir-bərpa işləri görülür. Hazırda aparılan işlərlə
bərabər evlərin smeta sənədlərinin hazırlanması və işlərin layihələndirilməsi, eyni
zamanda vətəndaşların müraciətləri əsasında evlərə baxış prosesi davam edir.
Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə yanaşı,
Şamaxıda təhsil, səhiyyə və mədəniyyət sahələrində də infrastrukturun yenilənməsi
istiqamətində işlər görülür. Həmçinin şəxsən Mehriban Əliyevanın rəhbərliyi ilə
rayonda 10 sosial obyektin tikintisi aparılır. Belə ki, şəhər 2 saylı və Meysəri
kənd körpələr evi-uşaq bağçaları, Məlikçobanlı kənd tam orta məktəbi, həmçinin Həmyəli,
Birinci Quşçu, Mərzəndiyə, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri tikilir.
Ölkə Prezidentinin 27 avqust 2018-ci il tarixli sərəncamına əsasən, Şamaxı şəhərində
istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad GÖZƏLOV diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
bütün istiqamətlər üzrə durmadan inkişaf edir. Respublikamız dünyəvi və demokratik
dövlət olaraq dünyada öz mövqeyini və maraqlarını layiqincə təmin etməkdədir:
- Ölkəmizdə bütün sahələri əhatə edən sürətli inkişaf gənclər
və idman sahəsində də bir sıra uğur və nailiyyətlərin qazanılmasına təkan vermişdir.
Dövlət başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində gənclər
və idman siyasəti dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun
təsis edilməsi, 2015-2025-ci illəri əhatə edəcək "Azərbaycan Gənclərinin İnkişafı
Strategiyası”nın qəbul olunması, "2017-2021-ci illərdə Azərbaycan Gəncliyi Dövlət
Proqramı”nın təsdiq olunması yuxarıda qeyd olunan fikirlərin əyani təzahürüdür.
Böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam, əqli cəhətdən möhkəm olması üçün
ölkəmizdə geniş meydanlar açılmışdır. 40-a yaxın Gənclər mərkəzləri, 44 Olimpiya
idman kompleksi, idman zalları tikilərək yeniyetmə və gənclərin istifadəsinə verilmişdir.
Bu gün rayonumuzda gənclər idmanın sərbəst güləş, yunan-Roma
güləşi, boks, taekvondo, karate, gimnastika, futbol, voleybol, şahmat-dama, budo
döyüş növləri ilə məşğul olurlar. Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi
idmana marağın artmasına səbəb olmuş və yeniyetmə gənclərimizin sağlamlıqlarının
möhkəmliyinə xidmət edir.
Ölkədə əmin-amanlıq şəraitinin yaxşılaşdırılması, ictimai
asayişin yüksək səviyyədə qorunması, maaşların, təqaüdlərin, müavinətlərin artırılması,
sakinlərin rifah halının yüksəldilməsi bir daha onu deməyə əsas verir ki, Prezident
İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir. Bu, daim əməli işlərlə sübut
olunur.
Biz ağdaşlı gənclər bundan sonra da dövlətimizin qorunması,
çiçəklənməsi, daim inkişaf etməsi üçün Heydər Əliyev siyasi kursuna sadiq qalacağıq,
bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik.
Qəbələ rayon Həmzəli kənd orta məktəbinin müəllimi Fəxrənisə
DADAŞOVA dedi ki, bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin
olması vacib şərtdir:
- Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha
da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin
inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol
oynamışdır.
Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz
bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan gəncliyi ictimai həyatın bütün
sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial
tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə müraciətini
xatırlamaq istəyirəm: "Siz Azərbaycanın bugünü və gələcəyisiniz. Sizin üzərinizə
böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil
Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz.
Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər
Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu. Mən də bütün yaşıdlarım kimi
çalışıram ki, öz fəaliyyətimlə bu vəzifələrin öhdəsindən gəlim. Bir müəllim kimi
məqsədimiz həm də şagirdləri azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik
ruhunda tərbiyə etmək, doğma vətəninə, xalqına, tarixinə sadiq gənclər kimi yetişdirməkdir.
Biz sevinirik ki, gündən-günə abadlaşan, gözəlləşən Qəbələmizdə belə gənclərin sayı
çoxdur.
Prezident İlham Əliyev gənclərə olan münasibətini belə
ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir.
Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz qəbələli
gənclər də hansı sahədə fəaliyyət göstəririksə göstərək öz Prezidentimizə, onun
siyasətinə arxalanırıq. Bu gün hər bir gənc Ümummilli Lider Heydər Əliyevin ideyalarını
öz fəaliyyətində daim rəhbər tutmalı, Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.
Savadlı gənc mütəxəssislərin hazırlanması orta məktəbdən
başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Son illər yüzlərlə məktəb
tikilib istifadəyə verilib. Bütövlükdə təhsil infrastrukturu yenilənir. İldən-ilə
ali məktəblərə qəbul olan məzunlarımızın sayı artır. Yetirmələrimiz müxtəlif müsabiqə
və yarışlarda mükafatlar qazanırlar. Mən də Azərbaycanın gənc vətəndaşı olaraq xoşbəxtəm
ki, belə bir ölkədə yaşayıram. Dövlətimizlə, gənclərimizlə, Prezidentimizlə qürur
duyuram. Gənc müəllimə olaraq gələcəyimiz olan şagirdlərə hər zaman bu dövlətə,
bu vətənə layiqli övlad olmalarını aşılamışam və aşılayacağam. Biz böyüklərimizdən,
ağsaqqal və ağbirçəklərimizdən vətənə sədaqət, böyüyə hörmət görmüşük və bu ənənələri
davam etdirərək gələcək nəslə çatdırmaq borcumuzdur.
Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala BAYRAMOV bildirdi ki, gündən-günə çiçəklənən Azərbaycanımız öz tarixinin ən böyük
intibahını yaşamaqdadır:
- Bu böyük uğuru yalnız el dilində desək, mənəviyyatı mayıf
olanlar görməyə və dərk etməyə bilər. Ölkənin hər bölgəsində uğurla həyata keçirilən
möhtəşəm inkişaf bizdən də yan keçmir. Bütün uğurlarımızın cənab Prezidentin yaratdığı
sabitlik, əmin-amanlıq və işgüzar şəraitin məntiqi nəticəsi olduğunu hər kəs anlayır,
minnətdarlıq edir.
Çünki bu xarüqələr cənab Prezidentin işgüzarlığı və təşəbbüsləri
ilə layihələndirilir, sərəncamı ilə maliyyələşdirilir, yaradılması müntəzəm olaraq
nəzarətdə saxlanılır, yekunu açılışlarla xalqa təqdim olunur. Bu həqiqətləri duymaq,
dəyərləndirmək özü də bir mənəvi saflıq tələb edir.
İqtisadiyyatın bütün sahələrindəki sıçrayışlı inkişaf,
yeni iş yerlərinin yaradılması, xalqın bütün zümrələrinin qayğı ilə əhatə olunması
cənab İlham Əliyevin hər kəsin Prezidenti olduğunun bariz nümunəsidir.
Ucar Ağsaqqallar Şurasının sədri Mirzalı AĞAMALIYEV bildirdi ki, Prezident İlham Əliyev xalqın etimadını əməli fəaliyyəti, xeyirli
və gərəkli işləri ilə daim doğruldub. Bunu ötən 16 ildə Azərbaycanın inkişafı, insanların
həyat səviyyəsinin yaxşılaşdırılması sübut edir:
- Bu siyasət indi də davam edir və daha yüksək sürətlə
və əzmkarlıqla. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında
bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial rifah halının daha da yüksəldilməsi
əsas məsələ olacaq. Ölkə Prezidentinin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir.
Dövlət başçısı 2019-cu ilin birinci yarısında iki böyük sosial islahatlar paketi
təsdiqləyib. Bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir.
Regionların inkişafı ilə bağlı qəbul edilən müvafiq dövlət
proqramları çərçivəsində görülən işlər bütün sahələrdə yüksəlişə geniş imkanlar
açmışdır. Regionlarda sahibkarlığın ardıcıl şəkildə dəstəklənməsi, güzəştli kreditlərin
verilməsi, subsidiyaların həcminin artırılması, müasir təsərrüfatların yaradılması,
qabaqcıl təcrübənin tətbiqi, texnika ilə təminatın gücləndirilməsi sayəsində
2019-cu ilin birinci yarısında da uğurlu göstəricilər əldə olunmuşdur. Rayonumuzda
da əldə olunan nəticələr ürəkaçandır.
Ümumiyyətlə isə, respublikanın bütün regionları kimi, ötən
16 ildə Ucar rayonu da müasirləşmiş və zəruri infrastruktur layihələri həyata keçirilmişdir.
Rayonun 30 yaşayış məntəqəsindən 29-u qazla təmin edilmiş, 15 kənddə su təmizləyici
qurğu quraşdırılmış, 13 kəndə Ağsu-Ucar içməli su xəttindən su verilmişdir. Rayon
ərazisində son illər istifadəyə verilən broyler quşçuluq kompleksi fəaliyyət göstərməklə,
ötən il rayon ərazisində müasir tipli Ucar Pambıq Emalı Zavodu tikilib istifadəyə
verilmişdir. Ölkə Prezidentinin sərəncamı ilə kənd yollarının asfaltlanması ilə
əlaqədar son illərdə üç layihə həyata keçirilmişdir.
İftixarla demək olar ki, Heydər Əliyev siyasəti ölkə Prezidenti
tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
ictimai-siyasi sabitlik, əmin-amanlıq ən yüksək səviyyədə təmin edilmişdir. Biz
ağsaqqalların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq, gənclərə düzgün
yol göstərməkdir.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
komissiya sədri Fəttah HEYDƏROV konfransa yekun
vuraraq dedi:
- Olduqca maraqlı, məzmunlu, əhatəli müzakirələr apardıq.
Çıxışlarda səslənən birmənalı rəy budur ki, Prezident İlham Əliyevin yeni islahatlar
kursu əhali tərəfindən tam dəstəklənir. Həmçinin son sosial paketlər əhalinin rifahını
əsaslı şəkildə yüksəldib.
Xalq öz rəhbərinə minnətdardır, onun siyasi kursuna sadiqdir.
Hamımız bilirik ki, cənab İlham Əliyevin lider kimi ən böyük uğurlarından biri ölkəmizin
maraqlarını qətiyyətlə müdafiə edə bilməsindədir. Möhtərəm Prezidentimizin arxasında
qüdrətli və güclü dövlət, yumruq kimi birləşən xalq dayanıb. Məhz bu mənəvi birlik
sayəsində ölkə başçısı Azərbaycanın ən qüdrətli dövrünün möhtəşəm tarixini yaradıb.
Azərbaycanı çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm
dövrünə çatdıran lider məhz İlham Əliyevdir. Əbədiyaşar şəxsiyyət Heydər Əliyevin
irəli sürdüyü "Güclü dövlət-müstəqil siyasət” tezisi məhz İlham Əliyevin prezidentliyi
dövründə tam mahiyyəti ilə reallaşıb.
Prezident İlham Əliyevin əldə etdiyi böyük uğurların əsas
səbəblərindən biri də onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident
daim Azərbaycan dövlətçiliyini hər cür qəsddən qorumağa qadir siya-sətçi olduğunu
göstərib. Milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş
etdirib.
Yeni sosial-iqtisadi islahatlar konsepsiyası Prezident
İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə təsdiqlədi.
İslahatların növbəti mərhələsinin nəticələrinin dövlətimiz və xalqımız üçün daha
uğurlu olacağına böyük əminlik var. Əgər hansısa işin, prosesin müəllifi möhtərəm
İlham Əliyevdirsə, demək, o iş yüksək uğurla gedəcək.
Müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır.
Hər birimiz tam əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində
bu yol əbədiyyətə qədər davam edəcəkdir.
"AZƏRBAYCAN”