0Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2025-ci ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilən
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda
beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və
Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Müraciət BMT Baş Assambleyası və
BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə
təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə
beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi
önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.
Müraciətdə dövlət
başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ
meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət
çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.
BMT səviyyəsində bu
müraciətin sənəd kimi tanınması Azərbaycan Respublikasının multikulturalizm və
dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.
Qeyd edək ki, cari
ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı
ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda
beynəlxalq elmi konfrans təşkil olunub.
İslamofobiya ilə
Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici
tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq
Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman
Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa
Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.
Beynəlxalq elmi
konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri,
din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.