21 Fevral 2024 09:00
13560
SİYASƏT
A- A+

Prezident İlham Əliyev yeni tarixi dövrdə də  böyük inkişafa və zəfərlərə nail olacaq

 

Dünyanın hər yerində seçki marafonları başa çatdıqdan sonra cəmiyyət, ictimai və siyasi institutlar tərəfindən seçkilərin nəticələri ilə bağlı geniş müzakirələr, diskussiyalar aparılır, bu nəticələri doğuran reallıqlar təhlil edilir. Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin ölkəmizin milli inkişaf, xalqımızın dövlətçilik tarixində mühüm yerini xarakterizə edərkən, bir çox məqamları sadalaya bilərik. 
İlk növbədə ötən ilin sentyabr ayında ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra xalqımızın dövlətçilik tarixində birinci dəfədir ki, seçkilər bütöv, suveren Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirildi. Ona görə də prezident seçkiləri Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazıldı və xalqımızın, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapdı.
Digər mühüm bir məqam prezident seçkilərinin demokratik, azad və ədalətli şəkildə keçirilməsidir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, artıq ölkəmizin kifayət qədər zəngin demokratik seçki təcrübəsi formalaşmışdır. Bu da ölkəmizdə keçirilən bütün seçkilərin qabaqcıl standartlara uyğun təşkilinə imkan verir. Ölkə üzrə seçicilərin 76,43 faizinin səsvermədə iştirak etdiyi bu seçkilər də əsl demokratiya bayramına çevrildi. Prezident seçkilərinin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 800 nəfərə yaxın beynəlxalq müşahidəçinin qatılması, eyni zamanda dünyanın 110 aparıcı xarici media subyektindən 220 nəfərə yaxın təmsilçinin, o cümlədən 90 mindən artıq yerli müşahidəçinin seçkiləri izləməsi prosesin müşahidəçilik baxımından açıq olduğunu təsdiqləyir. Prosesin yekununda isə bütün müşahidəçilər növbədənkənar prezident seçkilərinin təşkili ilə bağlı yalnız müsbət fikir və təəssüratlarını bölüşərək, ölkəmizin seçki təcrübəsinin, prosesdə tətbiq olunan yeniliklərin bir sıra dövlətlər üçün nümunə təşkil etdiyini vurğuladılar.
Beləliklə, prezident seçkiləri bütöv bir dövrə yekun vuraraq, yeni bir təqvimə, yeni bir mərhələyə start verdi. Bu dövrdə Azərbaycan dövlətinin və xalqının qarşısında yeni vəzifələr, yeni hədəflər dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində yeni dövrün prioritetləri, Azərbaycan dövlətinin və xalqının qarşısında duran vəzifələr haqqında fikirlərini bölüşdü. Yeri gəlmişkən, möhtərəm Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqi birmənalı şəkildə tarixi nitq kimi qiymətləndirə bilərik. 
Dövlətimizin başçısının konseptual, dərin təhlilə malik, proqram xarakterli nitqində həm yerli auditoriyaya ünvanlanan, ölkəmizin ötən dövrlərdə əldə etdiyi nailiyyətləri və qarşımızda duran hədəfləri əks etdirən fikirlər yer almış, həm də çox ciddi mesajlar öz əksini tapmışdır. Bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi artıq ənənə halını almışdır. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir.

 

Heydər Əliyev siyasətinin təntənəsi

 

7 fevral prezident seçkilərinin verdiyi ən mühüm mesaj Azərbaycan xalqının növbəti dəfə möhtərəm Prezident İlham Əliyevə etimad göstərməsi oldu. Möhtərəm Prezident İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gələrək yeni dövrdə də ölkəmizə və xalqımıza rəhbərlik etmək mandatı qazandı. Təbii ki, bu qələbə Azərbaycan xalqının öz liderinə sonsuz etimadının, dövlətimizin başçısının rəhbərliyi ilə son 20 ildə görülən işlərə, qazanılan nailiyyətlərə yüksək münasibətinin daha bir sübutudur. Xalqımız 2003-cü ildə Ulu Öndər Heydər Əliyev siyasətinə, onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevə necə etimad göstərib, onun ətrafında bir yumruq kimi birləşmişdisə, bu gün də eyni mütəşəkkilliklə, eyni inam və güvənlə dövlətimizin başçısının yanında yer alır.
Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Azərbaycan xalqı isə heç bir tərəddüd etmədən və əminliklə Ümummilli Liderin bu müraciətinə dəstək vermişdir. Möhtərəm Prezident İlham Əliyev ali kürsüdə vəzifəsinin icrasına başlayarkən qeyd etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. "Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm" deyən möhtərəm Prezident İlham Əliyev hər zaman Heydər Əliyev yoluna, Heydər Əliyev siyasətinə sadiq olmuş, bu siyasəti uğurla davam etdirərək, Azərbaycana bu gün bir çoxunun qibtə etdiyi nəhəng uğurları qazandırmışdır və 2003-cü ildən bu günə qədər Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir. 
Bir çox xalqın tarixi inkişaf mərhələlərinə nəzər yetirdikdə, onların əldə etdiyi nailiyyətlərdə lider faktorunun inkarolunmaz rolu diqqət cəlb edir. Liderlər tarixin ən mürəkkəb dövrlərində meydana çıxaraq, öz xalqlarını milli ideya və məqsədlər ətrafında birləşdirir, onları zamanın təlatümlərindən qoruyur və inkişafa doğru aparır. Azərbaycanın yaxın keçmişi liderin millətin, xalqın taleyindəki rola çox aydın işıq tutur. Bu gün siyasi ekspertlər, mütəxəssislər Azərbaycanın son 20 ildə qazandığı möhtəşəm nailiyyətləri şərtləndirən bir çox əsaslar barədə təhlillərini, fikirlərini ifadə edirlər. Prezident İlham Əliyevin böyük liderlik keyfiyyətlərinə, idarəetmə bacarıqlarına malik dövlət başçısı olması tezisi tam obyektiv olaraq, bu təhlillərin ana xəttini təşkil edir. Ən mürəkkəb vəzifələr, bir çoxları tərəfindən mümkün görünməyən işlər dövrünün nəhəng dövlət və siyasi xadimlərindən biri olan Prezident İlham Əliyevin qətiyyəti, yorulmaz fəaliyyəti və prinsipiallığı sayəsində öz həllini tapmış, onun rəhbərliyi ilə Azərbaycan modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoymuş, ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişmişdir. 

 

Uğurlarla, qələbələrlə zəngin 20 il

 

Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri ictimai-siyasi sabitlik amilidir. Çünki biz bilirik ki, hər bir dövlətin inkişafının əsasında sabitlik amili dayanır. Sabitliyin təmin olunmadığı yerdə inkişafdan söhbət belə gedə bilməz. Dünyada, o cümlədən bizi əhatə edən coğrafiyada baş verən hadisələr, sabitliyin pozulması ilə müşayiət edilən qanlı toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi, maliyyə böhranları, bir çox xalqın yaşadığı faciələr möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2003-cü ildən sonra da sabitliyin qorunub saxlanılmasının, daha da möhkəmləndirilməsinin nə qədər əhəmiyyətli olması faktını sübuta yetirir. Onu da bilirik ki, Azərbaycana qarşı, dövlətimizin müstəqilliyini hədəf alan təxribatlar həmişə olmuşdur. O cümlədən 2003-cü ildən sonra da biz bu cür məkrli addımların şahidi olmuşuq. Lakin bütün bu planlar möhtərəm Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın öz liderinin ətrafında yumruq kimi birləşməsi sayəsində öz hədəflərinə çata bilməmişdir. Möhtərəm Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində də bu məqama diqqət çəkərək demişdir: "Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi".
Dövlətimizin başçısının düşünülmüş, uzaqgörən siyasəti, sarsılmaz milli birlik və həmrəylik, hakimiyyətin yürütdüyü siyasətin əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi sayəsində Azərbaycan xalqı və dövləti bütün risklərdən, təhlükələrdən qoruna bilmiş, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün Azərbaycan möhkəm ictimai-siyasi sabitlik əmsalına görə dünyanın ən öndə gedən ölkələrindən biridir və dövlət başçımızın da qeyd etdiyi kimi, bu sabitliyin təməlində xalq-iqtidar birliyi, uğurlu siyasət və əldə edilmiş nailiyyətlər dayanır: "Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik".

 

Yeni tərəqqi erasına daxil olmuş Azərbaycan innovativ və modern iqtisadiyyata  malik ölkə kimi inamla inkişaf edir

 

Azərbaycanın möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçdiyi tarixi inkişaf yoluna nəzər salanda görürük ki, dövlətimizin başçısının quruculuq, yaradıcılıq missiyasında yenilikçilik, təşəbbüskarlıq, praqmatizm keyfiyyətləri hər zaman ön plana çıxır. Dünyanın ən qabaqcıl standartları Azərbaycanın dövlət quruculuğunda tətbiq olunur, xalqımızın lideri modern və səmərəli təşəbbüsləri ilə ölkəmizin sürətli inkişafını təmin edir. Müasir iqtisadiyyat quruculuğu, iqtisadi sistemin yenilənməsində də dövlət başçısının bu yanaşması mühüm bir amil kimi diqqət cəlb edir. Ötən 20 ildə dünyada cərəyan edən mürəkkəb proseslərin yaratdığı narahatlıqlara baxmayaraq, Azərbaycan uğurlu və dayanıqlı inkişafını davam etdirmiş, dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer almışdır. Həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan yeni tərəqqi və inkişaf erasına daxil olmuş, innovativ və modern iqtisadiyyata malik ölkə kimi inamla inkişaf etmiş, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. 
Son 20 ildə ölkəmizin iqtisadi artım dinamikasına dair rəqəmlər kifayət qədər pozitiv olmaqla, bütün mənzərini aydın göstərir. Bu dövrdə iqtisadiyyatda rekord artım göstəriciləri qeydə alınmış, iqtisadiyyatın əsas indikatorlarından biri olan ümumi daxili məhsul istehsalı təxminən 4 dəfə artmışdır. 2003-cü ildə Azərbaycanın 7 milyard dollar təşkil edən ÜDM-si 2023-cü ilin yekunlarına görə 72 milyard dollar olmuşdur. Bu dövrdə sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,8 dəfə artmışdır. Sürətli inkişaf dövlət büdcəsinin gəlirlərinin də artmasını təmin etmiş, büdcə gəlirləri 25,1 dəfə, xərcləri 26 dəfə artmışdır.
Məqsədyönlü siyasət ölkəmizin birbaşa xarici borcunun da əsaslı şəkildə azalmasını şərtləndirmişdir. Bu gün Azərbaycanın birbaşa xarici borcu 6,4 milyard dollardır ki, bu da ümumi daxili məhsulun 9 faizini təşkil edir. Nəzərə alsaq ki, hətta bir çox inkişaf etmiş ölkədə belə bu rəqəm 100 faizdən artıqdır, onda Azərbaycanın bu istiqamətdəki nailiyyətinin nə dərəcədə əhəmiyyətli olması daha aydın şəkildə ortaya çıxır və ölkəmizin sağlam, möhkəm əsaslara malik, dayanıqlı maliyyə sistemi yaratmağa nail olduğunu göstərir. Ötən dövrdə həmçinin xarici ticarət dövriyyəsinin həcmində 10,8 dəfə, qeyri-neft-qaz məhsullarının ixracında isə 8,2 dəfə artım qeydə alınmışdır. Bu dövrdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 185-dək və ya 49,2 faiz artmışdır. 
Aparılan çoxşaxəli islahatlar Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Təbii ki, Azərbaycan iqtisadiyyatının inkişafına, misilsiz uğurlarına dair bu kimi faktların sayını artıra, çoxsaylı uğurları sadalaya bilərik. Lakin hesab edirik ki, qeyd olunan göstəricilər belə ötən 20 ildə Azərbaycanın inkişaf yolunun nəhəngliyinə işıq tutur, Azərbaycanın bəzi dövlətlərin onilliklərlə əldə edə bilmədiyi nailiyyətlərə dövlətçilik baxımından çox qısa bir dövr ərzində imza atdığını təsdiq edir.

 

Xalqa ləyaqətlə xidmət etmək nümunəsi

 

Azərbaycanın möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə keçdiyi inkişaf yolunu xarakterizə edərkən ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial təminat sisteminin dinamikası istiqamətində görülmüş tədbirləri və əldə olunmuş uğurları xüsusilə qeyd etmək lazımdır. Həyata keçirilən çoxşaxəli islahatlar, genişmiqyaslı tədbirlər sosial dövlət quruculuğu istiqamətində böyük nailiyyətlərin əldə olunmasını şərtləndirmişdir. Ölkənin ildən-ilə artan maliyyə imkanları hər zaman vətəndaşların daha yaxşı həyat şəraiti ilə təmin olunmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğuna xidmət etmişdir. Möhtərəm liderimizin səsləndirdiyi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların mənafeyi dayanır" iqtibası ölkəmizdə reallaşdırılan sosial siyasətin mahiyyətini ifadə etməklə, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin qayəsinin "xalqa ləyaqətlə xidmət etmək" prinsipi təşkil etdiyini göstərir.
Cənab İlham Əliyev həmişə sözünə güvənilən liderdir. Bütün Azərbaycan xalqı bilir və əmindir ki, dövlətimizin başçısının sözü ilə əməli üst-üstə düşür. O, nəyi deyirsə, onu da edir, nə vəd verirsə, çox keçmədən bütün hər kəs bu vədin həyata keçdiyinə şahid olur. Prezident kimi vəzifəsinin icrasına başlayarkən, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəyini bildirən cənab Prezidentin rəhbərliyi ilə sosial həyatın elə bir sahəsi yoxdur ki, orada məqsədyönlü tədbirlər həyata keçirilməsin. Dövlət başçısının uğurlu sosial siyasətinin nəticəsi olaraq 2003-2023-cü illərdə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artmışdır ki, bu rəqəm nəinki keçmiş postsovet məkanında, eləcə də dünyanın qabaqcıl dövlətləri ilə müqayisədə də ən yüksək göstəricilərdən biridir. Bu dövrdə əhalinin nominal gəlirləri 12 dəfə, orta aylıq əməkhaqqı 10,8 dəfə, pensiyaların orta aylıq məbləği 15,6 dəfə artmışdır. O cümlədən işsizliyin səviyyəsi 5,6 faizə, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizədək enmişdir. Sözügedən dövrdə əhalinin yaşayış səviyyəsinin əsas indikatorlarından biri olan minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılmışdır. Həmçinin orta aylıq əməkhaqqı 12 dəfə artaraq 940 manata,  orta aylıq pensiya 18 dəfədən çox artaraq 500 manata çatmışdır. 
Möhtərəm Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilmiş, bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlarımız üçün müxtəlif sosial proqramlar icra olunur, onların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilmiş və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılmış, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə genişləndirilmiş, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilmişdir. Bundan başqa, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı işləri həyata keçirilmiş, ötən dövrdə 7600 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi üçün proses qarşıdakı dövrdə də davam etdiriləcək.
Son 20 ildə Azərbaycanda sosial-mədəni infrastrukturun da tamamilə yenilənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 43 Olimpiya İdman Kompleksi tikilmişdir. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilmiş, ölkənin bütün ali təhsil ocaqları təmir edilərək təhsil ictimaiyyətinin ixtiyarına verilmişdir. Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötmüş, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatmışdır. 

 

Milli maraqlara və milli iradəyə söykənən xarici siyasət

 

Ötən 20 ildə bütün digər sahələrdə olduğu kimi, xarici siyasət və diplomatiyada da milli maraqlara söykənən müstəqil xarici siyasət strategiyası həyata keçirilmişdir. Andiçmə mərasimindəki nitqində dövlətimizin başçısı qeyd etmişdir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir.
Əlbəttə, biz Azərbaycanın diplomatiya və xarici siyasət sahəsində əldə etdiyi misilsiz nailiyyətləri möhtərəm Prezident İlham Əliyevin dünya liderləri arasında böyük nüfuza malik olması gerçəkliyi ilə paralel təhlil etməliyik. Möhtərəm Prezident İlham Əliyev qlobal miqyaslı şəxsiyyət, dünyanın ən nüfuzlu liderlərindən biridir. Azərbaycanın dövlət başçısının yüksək beynəlxalq nüfuzu, onun dürüst, etibarlı, sözünün imzası qədər dəyəri olan lider kimi qlobal arenada da bir sıra problemlərin həlli təşəbbüsləri ölkəmizin qarşısında da geniş əməkdaşlıq imkanları yaratmışdır. Azərbaycan Prezidenti bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edir, yüksək diplomatik səriştə nümayiş etdirir.
Prezident İlham Əliyev şantajla, təhdidlə dövlətlərin milli siyasətlərinə təsir göstərməyə vərdiş etmiş güc mərkəzlərinə qarşı cəsarətli lider nümunəsi ortaya qoyaraq, milli mənafe və maraqları ən üst səviyyədə müdafiə və təmin etməyə qadir olduğunu nümayiş etdirir. O, Azərbaycanın beynəlxalq münasibətlərin güclü, fəal aktoru kimi, nüfuzunun və mövqelərinin də möhkəmlənməsini təmin etmişdir və bu gün Azərbaycan dünyada ləyaqətli dövlət kimi tanınır. Azərbaycan heç vaxt heç bir ölkənin işinə qarışmayıb və heç vaxt imkan verməyib ki, kimsə Azərbaycanın daxili işlərinə müdaxilə etsin. Dövlətimizin başçısının "Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq" mesajı ölkəmizə qarşı heç də xoşniyyətlə davranmayan bəzi mərkəzlərə öz yerini göstərir. Əlbəttə, yeni mərhələdə də Azərbaycan diplomatiya sahəsində fəal, qətiyyətli addımlarını davam etdirmək əzmindədir. Möhtərəm Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycana qarşı addımlara adekvat addımlar atılacaq və ölkəmizə qarşı məkrli planlar hazırlayanlar peşman olacaqlar.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əməkdaşlıq təşəbbüsləri nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bunun təsdiqi ölkəmizin dünyanın ən böyük təşkilatlarında uğurlu təmsilçiliyi, bu təşkilatların mühüm tədbirlərinə sədrliyidir. Üstəlik, Azərbaycan bu təşkilatlara sadəcə formal sədrlik həyata keçirməmiş, o təşkilatların fəaliyyətinin daha da aktivləşdirilməsinə, qlobal problemlərin həllinə səy göstərmişdir. 
Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, möhtərəm Prezident İlham Əliyev bu yüksək kürsüdən beynəlxalq münasibətlər sistemində, o cümlədən BMT-nin özündə mövcud olan qüsurları, problemləri açıq və cəsarətlə qınamış, islahatlara çağırış etmişdir. Yaxud Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Azərbaycan Prezidentinin bir çox əlamətdar təşəbbüsü ilə yaddaşlara həkk olunmuşdur. Bu gün Hərəkata üzv dövlətlər tərəfindən də ən yüksək səviyyədə etiraf olunur ki, Azərbaycanın və onun liderinin bu təşkilata sədrliyi Qoşulmama Hərəkatına yeni nəfəs vermiş, onu canlandırmış, institusional və funksional inkişafını təmin etmişdir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması da ölkəmizin qlobal əməkdaşlığa daha bir töhfəsidir. Azərbaycanın uğurlu sədrliyinin nəticəsidir ki, Parlament Şəbəkəsi çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdə və yeni yaradılmasına baxmayaraq, parlament diplomatiyasında bu təşkilatın rolu və əhəmiyyəti artmaqdadır.
Eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə çoxistiqamətli əməkdaşlığı, beynəlxalq sülhyaratma və təhlükəsizliyin təmin olunmasında NATO ilə, türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına xidmət edən Türk Dövlətləri Təşkilatı ilə, regional münasibətlərin uğurla tənzimləməsinə yönələn fəaliyyəti ilə seçilən regional təşkilatlarla əlaqələri də əsaslı şəkildə inkişaf etmiş və səmərəli nəticələrin əldə olunması ilə müşayiət olunmuşdur. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı ilə geniş əlaqələr mövcuddur. 
Türk dövlətləri arasında birlik və həmrəylikdən söz düşmüşkən, qeyd edək ki, bu məsələ qarşıdakı yeni dövrdə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olacaqdır. Möhtərəm Prezidentin andiçmə mərasimində qeyd etdiyi kimi, bizim ailəmiz türk dünyasıdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və bu təşkilatı gücləndirmək, onun qlobal arenada da önəmli bir aktora çevrilməsinə nail olmaq müəyyən olunmuş hədəflər sırasındadır. 
Azərbaycan Respublikası Milli Məclisi də dövlət başçısının bu tövsiyəsinə uyğun olaraq, qardaş türk dövlətlərinin qanunvericilik orqanları ilə həm TürkPA və digər beynəlxalq təşkilatlar çərçivəsində, həm  də ikitərəfli əsasda geniş əməkdaşlıq əlaqələri qurmuşdur. Qarşıdakı dövrlərdə bu münasibətlərin daha da dərinləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.

 

Ənənəvi enerji mənbələrindən "yaşıl enerji" hədəfinə doğru

 

Ötən 20 ilin mühüm nailiyyətləri sırasında Azərbaycanın Avropanın ən önəmli enerji tərəfdaşlarından birinə çevrilməsini də qeyd etmək lazımdır. Əsası 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulan Azərbaycanın enerji siyasəti bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə daha da zənginləşdirilərək uğurla həyata keçirilməkdədir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika layihələri nəinki Azərbaycan dövlətinə və xalqına böyük uğurlar qazandırır, eyni zamanda açıq dənizlərə çıxışı olmayan Azərbaycan qitənin enerji xəritəsini dəyişdirmişdir. Bu illər ərzində Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, "Cənub qaz dəhlizi"nin açılışı olmuşdur. 
Məmnuniyyətlə vurğulamaq lazımdır ki, bu gün görülmüş tədbirlər nəticəsində Azərbaycan nəqliyyat sahəsində də lider dövlətlərdən birinə çevrilmişdir. Bunu ölkəmizin beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlərdə qərar tutması da təsdiq edir. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, Bakı-Tbilisi-Qars dəmir yolunun inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat habını yaratmışdır. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir.
Cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur ki, bu da ölkəmizin iqtisadi gücünü göstərən digər mühüm amillərdən biridir. 
Azərbaycan enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə bərpaolunan enerji mənbələrindən istifadə də hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsas hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması qarşıya qoyulan məqsədlərdən biridir. "Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində də iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə "yaşıl enerji" məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Ölkəmizin bir sıra ərazilərində bu məqsədlə həyata keçirilən layihələrlə yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji zonası" yaradılmışdır. Təbii ki, ölkəmizin həyata keçirdiyi bu tədbirlər və əldə olunan nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın 2024-cü ildə dünyanın ən böyük və mühüm beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən məqsədyönlü siyasətin növbəti uğurudur.

 

Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir

 

Azərbaycanın inkişaf strategiyasının mühüm komponentlərindən birini də siyasi islahatlar, siyasi sistemin inkişafına xidmət edən çoxşaxəli tədbirlərin həyata keçirilməsi təşkil edir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin inkişaf prioritetləri haqqında danışarkən qeyd etmişdir ki, demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Dövlət başçısı bir məqamı da dəfələrlə bəyan edib ki, demokratiya, demokratik inkişaf Azərbaycan xalqının, dövlətinin şüurlu seçimidir. Azərbaycan bu yolu kiminsə xoşuna gəlmək, ya da hansısa xarici subyekt tərəfindən xoş sözlər eşitmək üçün seçməyib.
Möhtərəm Prezident İlham Əliyevin yanaşması belədir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil etməlidir. Başqa sözlə, müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır və Azərbaycanın bu istiqamətdə gördüyü tədbirlər kifayət qədər ciddi nailiyyətlərlə müşayiət olunmaqdadır. Son 20 ildə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir. Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, demokratik norma və prinsiplərin möhkəmlənməsi baxımından bir çox parametrlər üzrə dünyanın qabaqcıl ölkələri sırasında qərarlaşmışdır. Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti təmin olunur, onlara ciddi dövlət dəstəyi göstərilir, ölkəmizdə internet tam azaddır. Vətəndaş cəmiyyəti institutlarının azad və səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. 
Son dövrlərdə görülən məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda siyasi dialoq mühiti getdikcə dərinləşmiş, yeni demokratik siyasi ənənələr yaranmış və siyasi sistemin rəng palitrası daha da zənginləşmişdir. Təbii ki, Azərbaycanda həyata keçirilən və bir qədər əvvəl qeyd etdiyimiz çoxşaxəli islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətində öz əksini tapmışdır. Altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq, müxalifət partiyasını təmsil edən deputatlar parlament rəhbərliyində, komitələrin sədr və sədr müavinləri sırasında yer almışdır. Bu, siyasi sistemin yeni konfiqurasiyasına yol açır. Siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir. Prezident seçkilərindən sonra bu prosesdə iştirak etmiş namizədlərin möhtərəm Prezident İlham Əliyevə zəng edərək onu qələbə münasibətilə təbrik etmələri də ölkəmizdə sağlam siyasi münasibətlərin yaradıldığını təsdiq edir.

 

Birinci vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması vacib məsələlərin həllində əvəzsiz rol oynamışdır

 

Əlbəttə, biz ölkəmizin sosial, humanitar sahələrdə əldə etdiyi nailiyyətləri vurğulayarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətini mütləq qeyd etməliyik. Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycanda Birinci vitse-prezidentlik institutunun yaradılması, 7 il öncə fevral ayının 21-də hörmətli Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması Azərbaycanın qarşısında duran bir çox məsələnin həllində əvəzsiz rol oynamışdır. Mehriban xanım Əliyevanın uğurlu və çoxşaxəli fəaliyyəti vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsinə əhəmiyyətli töhfələr verir. 
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərin, multikulturalizm ənənələrimizin, mədəni irsimizin qorunmasında və dünyada təbliğində mühüm rolu, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına verdiyi əvəzsiz töhfələri, xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutması onun xalqın hər kəsiminin böyük sevgisini qazanmasına səbəb olmuşdur. Fond tərəfindən reallaşdırılan layihələr nəticəsində yeni və müasir məktəblərin, xəstəxanaların tikintisi Azərbaycanda təhsil, səhiyyə infrastrukturunun əsaslı şəkildə yenilənməsinə töhfə verir. Mədəniyyət və incəsənət xadimlərinə, yaradıcı potensiala malik insanlara dəstək göstərilməsi, Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunması, qədim mədəniyyət ənənələrimizin tanıdılması istiqamətində həyata keçirilən tədbirlər fondun ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinə əhəmiyyətli töhfələridir.

 

Milli-mənəvi dəyərlərimizin böyük hamisi

 

Möhtərəm Prezident İlham Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin də böyük hamisidir. O, Azərbaycanın inkişaf trendlərini müəyyənləşdirərkən iqtisadi-sosial tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində nə qədər yenilikçi, islahatçı, novator lider kimi çıxış edirsə, milli-mənəvi dəyərlərin, xalqımızın tarixi ənənələrinin qorunması məsələlərinə isə kifayət qədər mühafizəkar yanaşır. Möhtərəm Prezident İlham Əliyev hər zaman xəlqi siyasət həyata keçirir və haqlı olaraq hesab edir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. "Milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan bizim dəyərlərimiz olub" deyən dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan o ölkələrdəndir ki, öz inkişafını, gələcəyini milli köklər üzərində qurmuşdur. Ötən dövrdə də milli-mənəvi dəyərlərimizin, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişafı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. 
Son 20 il ərzində Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur. Azərbaycan ayırıcı deyil, birləşdirici dövlətdir, əməkdaşlığa üstünlük verir. Tolerantlıq, multikulturalizm bizim milli-mənəvi, ənənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Dövlətimizin başçısı Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli bir ölkə olmasını, dini və etnik müxtəlifliyimizi xalqımızın böyük sərvəti kimi təqdim edərək, ölkəmizin uğurlu inkişafının, sabitliyinin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında tolerantlıq və multikultural dəyərlərin dayandığını bəyan edir. Azərbaycan eyni zamanda dünyada bu dəyərləri ən fəal təbliğ edən dövlətlərin sırasında öncül yerlərdə dayanır. Qlobal humanitar forumlar, dinlərarası dialoqa xidmət edən mühüm tədbirlər ölkəmizdə keçirilir və beynəlxalq forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim etmişdir.
Dünyanın sürətlə qloballaşması xalqların və cəmiyyətlərin həyatına böyük təsir göstərir. Elmi-texniki tərəqqi baxımından bunun müsbət tərəfləri olduğu kimi, milli-mənəvi dəyərlərin mühafizəsində də qarşıya kifayət qədər ciddi çətinliklər çıxır. Təbii ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, onların gələcək nəsillərə ötürülməsində Azərbaycan gənclərinin üzərinə böyük məsuliyyət düşür. Gənc nəsil hər bir xalqın, dövlətin gələcəyidir. Azərbaycanda da savadlı, vətənpərvər gənc nəslin yetişməsi, gənclərin potensialından səmərəli istifadə olunması istiqamətində görülən tədbirlər ölkəmizin inkişafını təmin edən əsas faktorlardan biridir. Möhtərəm Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində də bu məsələnin əhəmiyyətini önə çəkərək qeyd etmişdir ki, gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi hamımızın, o cümlədən də hər bir ailənin və dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük. 

 

Azərbaycanın suverenliyinin tam bərpası epoxal hadisədir

 

Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayan zaman cənab İlham Əliyev özünün və Azərbaycan dövlətinin qarşısında bir çox mühüm vəzifə qoymuş və bunlar haqqında müxtəlif vaxtlarda öz fikirlərini söyləmişdir. Amma qarşıda duran hədəflər sırasında ən vacibi şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması idi. "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır... Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir" deyən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bu birnömrəli vəzifənin də öhdəsindən ləyaqətlə gəlmişdir. Heç bir təzyiq, heç bir təhdid Azərbaycanın liderini öz yolundan döndərə bilməmiş və Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etmək missiyasını yerinə yetirmişdir. O, Azərbaycan xalqının Vətən və yurd həsrətinə son qoymuş, onun arzularını gerçəkliyə çevirmişdir.
Heç bir qələbə, tarixi zəfər asan başa gəlmir. Azərbaycanın da Zəfər yolu çox keşməkeşli olmuşdur. Dövlət başçısının da bildirdiyi kimi, hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik və hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Həyata keçirilən bütün tədbirlər, ölkənin xarici siyasətinin və diplomatiyanın bütün resursları məhz bu məqsədə xidmət etmişdir. Qüdrətli ordu quruculuğu istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin suverenliyinin bərpasında öz qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. 
Azərbaycan Ordusu döyüş meydanında Zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir çox ölkənin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırmış, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etmişdir. Prezident İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi ilə diplomatiya sahəsində də parlaq qələbələr təmin olunmuşdur. 
Bu qələbə sayəsində Azərbaycan tarixi ədaləti bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir. Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün Ali Baş Komandanın rəhbərliyi ilə ötən il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri də hərb tariximizin yeni şanlı səhifəsini təşkil etmişdir. Bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz qalan Ermənistan silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilmiş, Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın suverenliyinin tam bərpası epoxal bir hadisədir.

 

Zəfərin və Böyük qayıdışın müəllifi

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 il öncə Azərbaycan xalqına verdiyi bütün vədləri həyata keçirmişdir. Bir xalqın lideri, dövlətin rəhbəri üçün bundan böyük nailiyyət, bundan böyük xoşbəxtlik ola bilməz. Möhtərəm Prezident İlham Əliyev özü də ötən il Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən xalqımıza verdiyi vədlərin həyatda öz əksini tapdığını böyük qürurla xatırladaraq demişdir: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".
Bu gün isə Azərbaycan üçün yeni bir mərhələ başlayır. Dövlətimizin başçısının da bəyan etdiyi kimi, ən mühüm vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, 30 illik işğal dövründə tamamilə dağıdılan, talan olunan yurdlarımızın, şəhər və rayonlarımızın ən yüksək səviyyədə yenidən qurulması, orada həyatın bərpa olunması, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasıdır. Azərbaycan dövləti bu istiqamətdə çox nəhəng tədbirlər həyata keçirməkdədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva mütəmadi olaraq həmin ərazilərə səfərlər edir, həyata keçirilən işlərə birbaşa özləri nəzarət edirlər. İşğaldan azad edilmiş ərazilərdə ən müasir şəhərsalma nümunələri, texnologiyaları tətbiq etməklə, "ağıllı şəhər" və "ağıllı kənd"lər, bütün sosial infrastruktur, o cümlədən xəstəxanalar, məktəblər, idman obyektləri, iaşə obyektləri, yollar, tunel və körpülər inşa olunur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılmış, elektrik və su təsərrüfatı yenidən qurulmaqdadır. Burada görülən işlər, bir çoxu üçün xəyal kimi görünən nəhəng layihələrin reallaşdırılması azad edilmiş torpaqlara gələn hər kəsi valeh edir, təəccübləndirir. Bu qonaqların bir çoxu ilə ünsiyyət qurub söhbət etmək imkanımız olmuşdur. Onların söylədikləri, təəssüratları hər birimizdə haqlı qürur hissi doğurur. 
Beləliklə, möhtərəm Prezident İlham Əliyev Zəfərin və Böyük qayıdışın müəllifi kimi tarix yazmaqda davam edir. Görülən məqsədyönlü tədbirlər nəticəsində artıq təxminən 5400 keçmiş məcburi köçkün beş yaşayış məntəqəsində yerləşdirilmişdir. 2024-cü ildə ən azı 20 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qaytarılması nəzərdə tutulmuşdur və ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş məcburi köçkünün yerləşdirilməsi planlaşdırılır. Ümumilikdə isə 2026-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulan Böyük qayıdış proqramının birinci mərhələsi üzrə 140 min keçmiş məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması hədəflənir. Möhtərəm Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində 2024-cü ildə Xocalı və Xankəndi şəhərinə də sakinlərin qayıdacağının müjdəsini böyük qürurla vermişdir. 

 

Azərbaycan xalqı yeni dövrə böyük ümidlərlə qədəm qoyur

 

Bəli, 30 ilə yaxın bir dövrdə işğal altında olan şəhər və kəndlərimiz indi öz sahiblərinin qurmaq, yaratmaq əzmi ilə gündən-günə dirçəlir, çiçəklənir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Bunun böyük rəmzi mənası var və möhtərəm Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində səs vermək üçün niyə məhz Xankəndini seçdiyini çox aydın şəkildə ifadə etmişdir. Xankəndi şəhərində səsvermənin təşkili Azərbaycan torpaqlarında separatçıların məhvinin, onların havadarlarının süqutunun bəyanına çevrilmişdir. Möhtərəm Prezident İlham Əliyevin təbirincə desək, dövlətimizin başçısının, Müzəffər Ali Baş Komandanın məhz o ünvanda verdiyi  səs, o qutuya atdığı bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Artıq Azərbaycan xalqı yeni dövrün ilk günlərini yaşayır. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Və bu gün hər bir vətəndaşımız əmindir ki, onun ümidləri, arzuları həyata keçəcək, yeni dövr də Azərbaycan xalqı üçün çox uğurlu olacaq. Bu əminlik xalqımızın öz gücünə, öz bacarığına inamla yanaşı, öz Liderinə sonsuz etimadından irəli gəlir. 
Möhtərəm Prezident İlham Əliyevin bütün vədləri həyatda öz əksini tapdığı kimi, yeni dövrdə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir!

Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video