23 Mart 2026 12:15
173
Səfərlər
A- A+
Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına kompleks barədə məlumat verdi.

Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir.

Kompleksdə 9000 baş heyvanın - 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır.

Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir.

Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir.

Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb.

Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.

Heyvanların identifikasiya və sağlamlıq vəziyyətinin qeydiyyatı, eyni zamanda, mayalanmanın dəqiq vaxtının müəyyən edilməsi üçün “AfiCollar” elektron boyunbağılarından istifadə olunur.

Kompleksdə innovativ və xüsusi stasionar avadanlıqlarla təchiz edilən yem mərkəzi də fəaliyyət göstərir. Burada, həmçinin innovativ sistemlərlə təchiz olunan, “Dry Age” otağına malik ət kəsimi məntəqəsi yaradılıb.

Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

x x x

Sonra dövlətimizin başçısı müəssisənin əməkdaşları ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Təbrik edirəm. Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik.

Əlbəttə ki, burada iş şəraiti də çox gözəldir. Xüsusi deyə bilərəm ki, bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Bir daha qeyd etmək istəyirəm ki, Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.

Siz də yaxşı bilirsiniz ki, bu gün Şamaxı rayonunda çox böyük işlər görülür. Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. Bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.

Bu bayram günlərində belə müəssisənin açılışı əlbəttə ki, böyük rəmzi məna daşıyır. Bu günlərdə biz həm Ramazan, həm Novruz bayramlarını qeyd etmişik və bütün ölkə üzrə çox gözəl ab-hava, çox gözəl ovqat var. Bunun da əsas səbəbi ölkəmizin inkişafı, bizim qalib xalq kimi yaşamağımız və gələcəyə böyük nikbinliklə baxmağımızdır.

Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.

Müəssisənin əməkdaşları: Çox sağ olun.

x x x

Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib

13:34
23 Mart

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

12:19
23 Mart

Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib

12:15
23 Mart

Dünya birjalarında neft bahalaşıb

11:32
23 Mart

ABŞ İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı planlaşdırır

11:28
23 Mart

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

11:23
23 Mart

Qızılın qiyməti 5 yanvardan bəri ilk dəfə 4400 dollardan aşağı enib

10:30
23 Mart

Media: İran raketləri Londona çata bilir

10:27
23 Mart

Əraqçi: ABŞ və İsrail İranın nüvə obyektlərinə dəyən ziyanı kompensasiya etməlidir

23:54
22 Mart

Höteborqda Azərbaycan Baharı: Milli adət-ənənələrimiz İsveçdə yaşadılır  

22:29
22 Mart

Gürcüstanın sabiq Patriarxı II İlya dəfn olunub

19:53
22 Mart

Almaniya Kansleri ilə ABŞ Prezidenti arasında telefon danışığı olub

19:32
22 Mart

Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin dəfn mərasimində iştirak edib

19:26
22 Mart

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

18:00
22 Mart

İstanbul valisi: Dağıntılar altında qalan doqquz nəfərdən yeddisi xilas edilib  

15:39
22 Mart

Qətərdə helikopter qəzası: ölənlər arasında üç nəfər Türkiyə vətəndaşı var

15:17
22 Mart

Moskva-Bakı reysi ilə uçan təyyarə geri qayıdıb

15:09
22 Mart

İstanbulda çökən binaların altından dörd nəfər xilas edilib

14:54
22 Mart

Bəhreyn indiyədək İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirib

14:41
22 Mart

Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi Avropa üçün çıxış yoludur

14:31
22 Mart

İstanbulda iki bina çöküb, dağıntılar altında qalanlar var

14:01
22 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!