07 Sentyabr 2024 08:10
1090
Mədəniyyət
A- A+
Paytaxtın ilk “yaşıl məkan”ı

Paytaxtın ilk “yaşıl məkan”ı

 

Filarmoniya bağı 194 il öncə tacirlərin gəmilərlə gətirdiyi qara torpaq hesabına böyük çətinliklə salınıb

 

Bakı gündən-günə, aydan-aya gözəlləşir: dünya standartlarına uyğun göydələnlər, salınan parklar, istirahət guşələri, yaşıllıqlar, abadlaşan yollar, yol kənarlarına əkilən dekorativ kollar, yaşayış binalarının fasadlarının səliqəyə salınması, bir sözlə, üzünü hansı səmtə çevirirsənsə, göz oxşayır. Bu sıradan qədim Bakının yerli əhəmiyyətli abidələrinə, Şərqlə Qərbin arxitektura vəhdətini özündə əks etdirən tarixi binalara, mülklərə, bağ və gəzinti məkanlarına qayğı ümumilikdə şəhərimizin gözəlliyinə əlavə çalarlar qatıb. Baxdıqca, gəzdikcə insanın ruhu təzələnir. Belə ünvanlardan biri də xalqımızın keçmiş tarixini, şəhərsalma mədəniyyətini və dövrün müasirliyini özündə yaşadan - ötən əsrin əvvəllərindən "Qubernator bağı" kimi tanınan və paytaxtımızın ilk parkı kimi qəbul edilən Filarmoniya bağıdır. 

 

Lənkərandan, İrandan gətirilən torpaq

 

Yolu düşənləri keçmişlə indiki zamanın qovşağında saxlayan bu bağın yaranma tarixi hamıda böyük maraq doğurur. Məxəzlərin məlumatına görə, 194 yaşlı Filarmoniya bağı İçərişəhər hələ iki divar əhatəsində olan vaxtlarda salınıb, uzun müddət Bakının ilk və yeganə bağı olub. Bu status Bakı bulvarının (Milli park) salınmasına qədər davam edib. 
Xatırladaq ki, Filarmoniya bağı 1830-cu illərdə Bakı komendantı R.R.Xovenin təşəbbüsü ilə yaradılıb. Məhz qubernatorun təşəbbüsü ilə yaradıldığı üçün əvvəllər "Qubertnator bağı" kimi tanınıb. O, Lənkəran və İrandan gələn bütün gəmi sahiblərinin, tacirlərin qarşısına bir şərt qoyub ki, getdiyiniz yerlərdən bir neçə çuval qara torpaq gətirməlisiniz. Torpaq gətirməyənlər isə cərimələnirdilər. Sahibkarlar tərəfindən Lənkəran və İrandan gətirilən torpaqların sayəsində bağda əvvəlcə meyvə ağacları,  sonra bəzək kolları əkilir. Kasıb camaatın bağda dincəlməsinə həftədə bir dəfə icazə verilirdi. Varlıların isə istirahəti limitsiz idi, ürəkləri istədikləri vaxt bağa girib-çıxa bilərdilər. Hətta bağın girişinə xüsusi elan da vurulubmuş: "Əsgərlərin və itlərin daxil olması qadağandır!"
1859-cu ildə bağda bir yenilik edilir. Rəqs meydançası düzəldilir, axşamlar orkestr çalmağa başlayır.

 

112 yaşlı Filarmoniya binası

 

Monte-Karlodakı Filarmoniyanın eynisini xatırladan indiki Filarmoniya binası 20-ci yüzilliyin əvvəllərində tikilib. Tikili "İctimai iclasların yay evi" adı ilə inşa edilib. Əvvəllər indiki Filarmoniyanın yerində taxtadan "Ağ klub" olub. Bu klub bir gecədə yanğın nəticəsində külə dönüb. Onun əvəzində isə həmin yerdə Bakı Şəhər Dumasının qərarı ilə 1910-cu ildə Filarmoniya binası tikilməyə başlanıb. Binanın inşası 1912-ci ildə başa çatıb. Beləliklə, sahəsi 4,6 hektar olan "Qubernator bağı"nın sonralar "Filarmoniya bağı" adlanmasına səbəb olacaq bina tikilir.  
1936-cı ildə  isə Azərbaycan Dövlət Filarmoniyası yaradılır.  Vaxtilə Bakı İctimai Məclisinin tikdirdiyi "Yay evi" Filarmoniyaya verilir.

 

Niyə məhz bu məkanda?

 

Filarmoniya binası üçün niyə məhz bu məkan seçilib? Bu sualın cavabı Bakı İctimai Məclisinin adından şəhər upravasına göndərilmiş bir məktubda açıqlanır. 
Həmin sənəddə Bakı İctimai Məclisinin rəhbərliyi 1907-ci ildə yanan "Ağ klub"un əvəzinə yeni yay binası inşa etdirmək istəyini bildirir və bu məqsədlə məhz indiki Filarmoniyanın yerinin ayrılmasını xahiş edir. Məktubda yeni binanın tikintisinin onlara baha qiymətə başa gələcəyi göstərilsə də, məhz bu sahənin ayrılmasının vacibliyi vurğulanır: "İctimai Məclisin xərcləri gözə alması səbəbsiz deyildi. Səbəb Bakı şəhərinin müstəsna iqlim şəraitini nəzərə alsaq, yay binası üçün bundan sərin və nisbətən təmiz havası olan yer tapmağın mümkün olmamasıdır".

 

Bağın müxtəlif adları olub

 

Filarmoniya bağının müxtəlif adları olub. "Qorodskoy sad" - "Şəhər bağı" kimi də tanınan ərazi sonralar çar I Nikolayın qardaşı Mixayilin şərəfinə "Mixaylovski bağı" da adlandırılıb. 
Mənbələrin məlumatına görə, Bakının general-qubernatoru şəhərin varlılarından olan Hacı Nemətulla Seyidovun bağın kənarında yerləşən evini (o ev sökülüb və yerində "Four Season" - "Dörd Fəsil" hoteli tikilib) kirayəyə götürdüyü üçün buranı şəhər camaatı "Qubernator bağı" - "Qoburnat bağı" adlandırmağa başlayıb. Çünki bağ qubernatorun evi ilə  üzbəüz idi. Qubernator hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. 
Sovet dönəmində  bağın adı dəyişdirilərək "Pioner" qoyulur. 1990-cı ildə  görkəmli qəzəlxan Əliağa Vahidin heykəli burada qoyulduğundan buraya "Vahid bağı" da deyirdilər. 
Yenidənqurma və bərpa işləri zamanı böyük şairin heykəli daha məqsədəmüvafiq yerdə ucaldılıb. Hazırda bu tarixi məkan "Filarmoniya bağı" adı ilə əhaliyə xidmət göstərir.

 

Bağda ilk dəfə abadlıq işləri Ulu Öndər Heydər Əliyevin tapşırıqlarına əsasən aparılıb

 

Özündə İtaliya intibahının elementlərini, Şərq memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağı bir-birindən gözəl olan dekorativ ağaclar, güllər, daşlar, fəvvarələr, saatlar bəzəyir. Demək olar ki, bu məkan yüz illərdir mədəni-kütləvi tədbirlərə, musiqinin təbliğinə, insanların istirahətinə xidmət edir. Bağ salınandan sonrakı dövrdə ilk dəfə burda abadlıq işləri ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən aparılıb. Təəssüf ki, 1988-ci ildən sonra respublikada gedən məlum ictimai-siyasi proseslər zamanı bağ baxımsızlıqdan ziyan çəkib. 
2007-ci ilin mayında əraziyə gələn Prezident İlham Əliyev burada əsaslı abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlar verib. Aparılan işlər nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. Fransanın "İnter Art" şirkətinin layihələndirdiyi bağda orijinal formada fəvvarə tikilib. Eyni zamanda Bakıda ilk dəfə olaraq bu bağda klassik musiqi səsləndirilir. 
Bağda əsasən Türkiyə və İtaliyadan gətirilən qızılgül kolları var ki, onlar bəzi ağaclara yaxın əkilib və ağacların gövdəsinə bağlanılıb. Bu gül kolları ağaca dolanaraq 7-8 metr hündürlüyədək böyüyüb və sarmaşığa bənzəyir. Belə qızılgülə yalnız Filarmoniya bağında rast gəlmək olar. Güllər mayda açır. Ağaclara yaxın əkilən payızgülü isə oktyabrda açır və 2-3 ay solmur. Bağdakı liliya, qardeniya və palmalara qış aylarında xüsusi qulluq göstərilir, soyuqdan qorumaq üçün onları bükürlər. Bundan başqa, burada pixta, iliks, qarağac, daş palıd, kedr, sidr, maqnoliya, yuka, aliyandr, sukas, quşalması, söyüd və başqa bitkilər də mövcuddur.

 

Ömrü uzansa da, gəncləşən, gözəlləşən bağ

 

İllər keçdikcə gözəlliyini, təravətini itirməyən bu bağda olarkən neçə-neçə insanla həmsöhbət olduq. Onlardan biri - AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirdi: "Bura şəhər sakinlərinin, xüsusən də ətrafda yaşayan insanların ən sevimli yeridir. İş yerim bura yaxın olduğundan demək olar ki, hər gün işdən çıxıb, bəzən də yoldaşlarla yolumuzu burdan salırıq. Yarım saatlığa da olsa dincəlirəm, təmiz və sərin hava, fəvvarələrin nəğmə ahəngi, bu ahəngə əlavə rəng qatan quşların civiltisi... adamın ruhunu təzələyir, əsəbləri sakitləşdirir. Onu da qeyd edim ki,  bu parkın gözəgəlimli, ürəyəyatımlı  olmasına səbəb həm də Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bağda aparılan əsaslı yenidənqurma işləridir. Bunları hər gün müşahidə etmişəm. Bağın özünəməxsus bitki örtüyü olduğu üçün ona xüsusi diqqət yetirilir, qorunub saxlanılır, yaşıllıq zolağının artırılmasına daha çox qayğı göstərilir. Özündə İtaliya intibahının elementlərini, Şərq müsəlman memarlığının cizgilərini, eləcə də milli ornamentləri birləşdirən bağda hamını heyran qoyan gözəl naxışlı daşlar, fəvvarələr, saatlar var. Filarmoniya bağı çox dəyərli və gözəl məkandır. Buna görə dövlətimizə və bu bağın belə gözəl məkana çevrilməsində əməyi olan hər bir insana təşəkkür edib, "çox sağ olun" deyirik".
Yenidənqurma zamanı burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları da əkilib, yeni suvarma sistemi quraşdırılıb, ərazi müxtəlif bitkilərlə zənginləşdirilib, gözəl landşaft kompozisiyaları yaradılıb. Ən qədim ağaclardan biri də Xan çinarıdır. 1865-ci ildə burada əkilən dekorativ bitkilər öz gözəlliyi ilə diqqəti çəkir, yeni ağac və gül kolları bağdakı yaşıllıq zolağına, ümumilikdə isə parkın klassikasına əlavə çalarlar qatıb. 
Digər müsahibimiz bağda ailəvi gəzintidə olan Əməl xanım, qızı Firuzə və oğlu Üzeyir oldu. Əməl xanım dedi: "Özüm təqaüdçüyəm. Oğlum Mədəniyyət və İncəsənət Universitetində çalışır, qızım isə Almaniyada yaşayır. Hər il yay aylarında qızım istirahət etmək üçün Bakıya gəlir, Dənizkənarı bulvarda, Qız qalasında, bax, bu Filarmoniya bağında olur. Qoy özü desin, görək onda bu istək haradandır, bir də ki, uzaqdan gələnin daha maraqlı təəssüratları ola bilər". 
Anasının fikirlərini davam etdirən Firuzə xanım dedi:
- Bu şəhərdə böyümüşəm, amma uzun illərdir Almaniyada yaşayıram. Uzaqdan gələnlər yaxşı görürlər ki, şəhərimiz, parklar, xüsusən də Bakı bulvarı, eləcə də bayaqdan tamaşa etməkdən doymadığımız Filarmoniya bağı nə qədər müasirləşib. Dəfələrlə şahidi olmuşam, bir vaxtlar Bakını hansısa superşəhərlə müqayisə etmək istəyənlər, indi həmin o şəhərləri Bakı ilə müqayisə etməyə çalışanlar sonda etiraf edirlər ki, Bakı daha gözəldir. Filarmoniya bağı elit bağdır, mən Avropanın bir çox şəhərində olmuşam. Amma bu gözəllikdə bağa rast gəlməmişəm...
Müşahidələr, müsahibələr və son günlər burada aparılan səliqə-sahman işləri əminlik yaradır ki, qızılı payızda bu bağın görkəmi daha diqqətçəkən olacaq. Ümidvarıq ki, noyabrda COP29-a gələn qonaqlar 194 yaşlı Filarmaniya bağında gəzintidən, istirahətdən məmnun olacaqlar.

 

Rəhman SALMANLI, 
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!