26 Noyabr 2024 08:15
129
SİYASƏT
A- A+
Paris Sazişinin 6-cı maddəsi 9 ildən sonra razılaşdırıldı

Paris Sazişinin 6-cı maddəsi 9 ildən sonra razılaşdırıldı


COP29 iqlim sammitinin uğurla keçirilməsi, iştirakçı dövlətlərin Azərbaycanın yanaşmalarına dəstəyi ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir olunduğunu göstərdi və konfrans əhəmiyyətli nəticələrlə tamamlandı. Tədbirə evsahibliyi edən Azərbaycanın əzmkar fəaliyyəti nəticəsində COP29-da bəşəriyyətin bu günü və gələcəyi üçün tarixi qərarlar qəbul olundu. Konfrans çərçivəsində müxtəlif müzakirələrdə ölkəmizin sülh, təhlükəsizlik, əməkdaşlıq, dinc yanaşı yaşamaq çağırışları da beynəlxalq aləmdə böyük əks-səda doğurdu. COP29 Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi.


Ölkəmizi daha da gücləndirəcək Bakı Maliyyə Məqsədi


İlk növbədə Bakı Maliyyə Məqsədi barədə razılıq əldə edildi. Bu, COP29 çərçivəsində qəbul olunan ən əhəmiyyətli qərarlardan biridir. Bakı Maliyyə Məqsədi hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlikdir. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyən edir. Müqayisə üçün yada salaq ki, iqlim maliyyəsi ilə bağlı bundan əvvəlki rəqəm 100 milyard dollar idi. Aradakı böyük fərq COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunmuş uğurun miqyasını göstərir. Bakı Maliyyə Məqsədi bu məqsəd üzrə müəyyən edilmiş hədəf nəzərdə tutulan istiqamətə böyük həcmdə qlobal investisiyaların yönəldilməsinə yol açacaq. 

Bakı Maliyyə Məqsədinin əhəmiyyəti təkcə bununla məhdudlaşmır. Bu, qlobal miqyasda "yaşıl maliyyə təşəbbüsləri"nin daha təsirli şəkildə həyata keçirilməsinə yönəlmiş mühüm platformadır və iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək. 

Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə uyğunlaşma və emissiyaların azaldılmasından ötrü daha əlçatan və effektiv maliyyə mexanizmləri təklif etməkdən əlavə, qlobal maliyyə sistemində iqlim risklərinin azaldılması və dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün yeni alət və strategiyalar müəyyənləşdirir. Xüsusilə bankların və sərmayə qurumlarının "yaşıl maliyyə"yə daha çox yönəlməsini təşviq edir. Bundan başqa, karbon kredit ticarətinin qlobal səviyyədə inkişafını sürətləndirir ki, bu da ölkələrin emissiyalarını azaltmaq üçün əlavə maliyyə mənbələrindən istifadə etməsinə imkan yaradır. Bununla yanaşı həm də inkişaf etməkdə olan ölkələrə əlavə gəlir əldə etmək üçün böyük potensial formalaşdırır. 

Bakı Maliyyə Məqsədi maliyyə bazarlarında dayanıqlılığın artırılmasına da töhfə verəcək. Belə ki, iqlim risklərinin maliyyə sisteminə inteqrasiyasını, həmçinin investisiyaların dayanıqlılığını təmin edəcək. İqlim dostu layihələrə yönəlmiş uzunmüddətli investisiyaları yüksəldəcək. 

Eyni zamanda sosial və ekoloji təsirləri də artıracaq. Çünki Bakı Maliyyə Məqsədi qlobal istiləşmənin 1,5°C səviyyəsində saxlanılması üçün konkret addımları dəstəkləməklə yanaşı, sosial və ekoloji təsirləri də nəzərə alır. Meşələrin mühafizəsi, bərpaolunan enerji mənbələrinin inkişafı və iqlimə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi bu məqsədin əsas elementləridir.

Bizim üçün ən mühüm imkanlardan biri kimi, Bakı Maliyyə Məqsədi Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə regional lider kimi mövqeyini daha da gücləndirəcək. Ölkəmiz bu təşəbbüs vasitəsilə dayanıqlı maliyyə mexanizmlərinin qlobal səviyyədə tətbiqində aparıcı rol oynayacaq. 


Paris Sazişinin 6-cı maddəsi işlək vəziyyətə gətirildi


COP29-un ən əhəmiyyətli nəticələrindən biri də Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bu, 2015-ci ildən bəri baş verən tarixi bir ilkdir. Qeyd edək ki, sözügedən maddə karbon emissiyalarını azaltmaq üçün beynəlxalq karbon bazarlarının yaradılmasına imkan verir. Bu bazarlar vasitəsilə bir ölkə başqa bir ölkədə həyata keçirilən emissiya azaldıcı layihələrdən karbon kreditləri ala bilər. Bu sistem ölkələrin dayanıqlı inkişafla bağlı milli məqsədlərinə daha sürətlə və sərfəli şərtlərlə çatmasına kömək göstərir. 

Paris Sazişinin 6-cı maddəsinin düzgün tətbiqi emissiyaların azalmasına töhfə verməklə yanaşı, sosial və iqtisadi inkişafı da dəstəkləyəcək. Ən çox ehtiyac duyulan inkişaf etməkdə olan ölkələrdə "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün əlavə resurslar yaradacaq. 

Bu maddənin tətbiqi çərçivəsində karbon kreditlərinin beynəlxalq ticarətini tənzimləmək üçün şəffaflıq və hesabatlılıq qaydaları təyin olunacaq. Beləliklə, karbon bazarlarında pozuntuların, qeyri-müəyyənliklərin qarşısı alınacaq, bazarlara olan inam artacaq və qlobal səviyyədə emissiyaların azaldılması dəstəklənəcək. 

COP29 nəticəsində 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsi beynəlxalq karbon bazarları vasitəsilə zəngin ölkələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə axınlarını artıracaq. Bu, xüsusilə kiçik ada ölkələri və iqlim dəyişmələrindən ciddi təsirlənən digər ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Müvafiq maddənin işə düşməsi karbon bazarlarından istifadə etməklə qlobal istiləşməni 1,5°C-də saxlamaq üçün zəruri olan emissiya azalmalarını daha ucuz və sürətli şəkildə həyata keçirməyə imkan verəcək. Bu, xüsusilə yüksək emissiyalı ölkələr üçün vacib bir mexanizmdir.

Azərbaycanın rəhbərliyi ilə əldə edilmiş belə bir uğur ölkələr arasında iqlim əməkdaşlığını genişləndirəcək, qarşılıqlı münasibətlərin hüquqi və əməliyyat çərçivəsini təmin edəcək. Qlobal səviyyədə kollektiv iqlim tədbirlərini gücləndirəcək və bütün ölkələrin faydalana biləcəyi bir mexanizm ortaya qoyacaq. 

Paris Sazişinin 6-cı maddəsinin tam tətbiqi iqlim dəyişmələri ilə mübarizədə qlobal səyləri daha yaxşı əlaqələndirmək və gücləndirmək üçün zəruri mexanizmdir. Bu həm emissiyaların azaldılmasını iqtisadi cəhətdən daha səmərəli edir, həm də davamlı inkişafın dəstəklənməsinə töhfə verir. COP29-da bu maddənin işlək vəziyyətə gətirilməsi beynəlxalq əməkdaşlığın və maliyyə mexanizmlərinin inkişafı baxımından tarixi bir addım hesab olunur.

2015-ci ildən bəri Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsinə həm texniki, həm də siyasi amillər maneə törədirdi. Azərbaycan isə bununla bağlı bütün mövqeləri bir araya gətirib qızıl ortanı tapmaqla belə bir tarixi nəticənin əldə edilməsinə nail oldu. Mövcud maneələrin aradan qaldırılması, daha şəffaf, effektiv karbon bazarlarının yaradılması üçün beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad mühiti yaratmağı bacardı. 


İtki və Zərər Fondunun missiyası iqlim dəyişmələrinə məruz qalan ölkələrə maliyyə yardımı etməkdir


Azərbaycanın səyləri sayəsində COP29 zamanı İtki və Zərər Fondu da tam şəkildə institutlaşdırıldı. 2022-ci ildən təşəbbüs kimi irəli sürülmüş bu fondun əsas missiyası iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımının təmin olunmasıdır. İtki və Zərər Fondunun COP29 zamanı tam şəkildə institutlaşdırılması onun 2025-ci ildən əməli fəaliyyətə başlamasına, layihələri maliyyələşdirə bilməsinə geniş şərait yaradacaq. Xatırladaq ki, COP29 nəticəsində İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həllini Azərbaycan Prezidenti İlham Əliyev COP29 sədrliyinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdi. Bu baxımdan İtki və Zərər Fondunun fəaliyyətə başlaması, vəd edilən maliyyə vəsaitinin yüksək həcmi ilə COP29 sədrliyi bu strateji hədəfinə də çatmış oldu. 

Bundan başqa, COP29-un yekun qərarı ilə Qlobal Adaptasiya Hədəfi sənədi əsasında Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirəsinə şərait yaradacaq. 

Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul olundu. Yada salaq ki, belə bir proqramın qəbulu üzrə danışıqlar uzun müddətdən bəri davam etməkdə idi. COP29 sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Bütün bu nailiyyətlər COP29-un öz məqsədlərinə necə böyük uğurla çatdığını, Azərbaycanın gələcək COP tədbirlərinin bəşəriyyət üçün yeni perspektivlərinə parlaq örnəklər formalaşdırdığını nümayiş etdirir. 

Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan bu uğurlara heç də rahat şəraitdə, qlobal dəstək mühitində nail olmadı, əksinə, dünyamızın bu günü və gələcəyi naminə məqsədlərə doğru səylə çalışmaqla yanaşı, bir çox süni maneəni də aşmaq, onlara zaman və resurslar sərf etmək məcburiyyətində qaldı. Hələ COP29 ərəfəsində ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirməsi, yeni maliyyə hədəfinin müəyyən edilməməsindən ötrü müxtəlif oyunlar qurmağa çalışması bu süni maneələrin bariz nümunəsi idi.

Ancaq bütün maneələrə baxmayaraq, ölkəmizin evsahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi nailiyyət kimi yadda qaldı. Bu qlobal tədbirin beynəlxalq əhəmiyyəti onun iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə davam edəcək.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç əhalisinin əksəriyyəti qaçqınların qəbulunun azaldılması tərəfdarıdır  

11:36
26 Noyabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq  

11:14
26 Noyabr

Milli Məclisdə gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir  

11:13
26 Noyabr

Mingəçevirdə zəlzələ olub  

10:47
26 Noyabr

Azərbaycan neftinin qiyməti ucuzlaşıb  

10:47
26 Noyabr

BMT “ASAN xidmət”i təşviq edəcək  

10:45
26 Noyabr

Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib  

10:19
26 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb  

09:53
26 Noyabr

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

09:50
26 Noyabr

"Bizim bir borcumuz da Qusarın təbiətini gələcək nəslə sağlam ötürməkdir"

08:50
26 Noyabr

Gəncədə şəhid ailələri və müharibə veteranları üçün tibbi aksiya keçirilib

08:45
26 Noyabr

Kəlbəcər yenidən qurulur, əvvəlki simasına qayıdır

08:40
26 Noyabr

3000-dən çox könüllü

08:35
26 Noyabr

Azərbaycan qərəzli, fitnəkar antiazərbaycançı qüvvələrə növbəti uğuru ilə cavab verdi

08:30
26 Noyabr

İqlim maliyyəsi hədəfi üç dəfə artırıldı

08:25
26 Noyabr

Azərbaycan COP29-da tarixi nəticələr əldə etdi

08:20
26 Noyabr

Paris Sazişinin 6-cı maddəsi 9 ildən sonra razılaşdırıldı

08:15
26 Noyabr

İlham Əliyevin COP modeli

08:10
26 Noyabr

COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu

08:05
26 Noyabr

İlham Əliyevin yaratdığı "yaşıl sərhəd"

08:00
26 Noyabr

Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında

01:30
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!