Onlar COP29-un yüksək səviyyədə keçirilməsinə böyük töhfə verdilər
COP29 qlobal iqlim siyasətində böyük əhəmiyyət daşıyan və dünyanın bütün dövlətlərinin nümayəndələrini bir araya gətirən platforma kimi yadda qaldı. Bir sıra beynəlxalq tədbirlərə uğurla evsahibliyi edən Azərbaycan COP29-da öz sözünü deməyi bacardı. Dünyanın 196 ölkəsindən gələn, müxtəlif millətlərdən olan qonaqlara evsahibliyi etmək heç də asan deyil. Bu mötəbər tədbirin uğurla, ən yüksək səviyyədə həyata keçirilməsində COP29 könüllülərinin də rolu danılmazdır.
16 mindən çox vətəndaş könüllü olmaq üçün müraciət etmişdir
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İşçi Qüvvəsi Departamentinin Könüllülərlə iş sektorunun rəhbəri Adilə Əliyevanın qəzetimizə verdiyi açıqlamaya görə, konfrans çərçivəsində ümumilikdə 3000-dən çox könüllü fəaliyyət göstərdi: "COP29 könüllüləri ümumilikdə 17 müxtəlif şöbə üzrə 35 fərqli rolda çıxış edirdilər. Onların işi qonaqların hava limanında qarşılanmasından tutmuş nəqliyyat və yerləşmə proseslərinin təşkilinə, eləcə də tədbir məkanlarında təşkilati işlərin aparılmasına qədər müxtəlif istiqamətləri əhatə edirdi. Gənclərimiz həmçinin tədbirin əsas məkanlarında - Bakı Olimpiya Stadionunda və müxtəlif konfrans zallarında iştirakçı və qonaqlara dəstək olaraq, tədbirin hər bir detalının yüksək səviyyədə təşkilinə töhfələrini verdilər. Hər bir şöbədə fəaliyyət göstərən könüllülər öz bacarıq və təcrübələrinə uyğun tapşırıqlarla təmin olunmuşdular. Bu yanaşma onların həm fərdi, həm də komanda şəklində işləmə bacarıqlarından maksimum səviyyədə istifadə etməyə imkan yaradırdı".
COP29 Könüllülər Proqramının ölkəmizdə yeni rekordlara imza atdığını qeyd edən Adilə Əliyeva bildirdi ki, mayın 29-u qeydiyyat prosesi elan edildiyi andan etibarən ilk 24 saat ərzində 9000-dən çox insan müraciət edib. Ümumilikdə isə 16000-dən çox vətəndaş könüllü olmaq üçün qeydiyyatdan keçib. Müraciət edənlərdən ən motivasiyalı, bacarıqlı və uyğun namizədləri seçmək üçün dördmərhələli prosesdən istifadə edilib. İlk mərhələni keçən 10000 nəfər müsahibəyə dəvət edilib. Müsahibələr zamanı könüllülərin motivasiyası, xarici dil bilikləri və komandada işləmə bacarıqları əsas diqqət mərkəzində olub. Həmçinin müəyyən sahələrdə işləyəcək könüllülər üçün əlavə tələblər nəzərə alınıb, əvvəlki təcrübələr qiymətləndirilib. Nəticədə seçim prosesini uğurla başa vuran namizədlər Ümumi və Rol təlimlərinə dəvət ediliblər. Təlimlər zamanı hər bir könüllünün hazırlıq səviyyəsi işçi qüvvəsi komandası və fəaliyyət göstərəcəkləri departamentlər tərəfindən qiymətləndirilib. Bu proses isə təkcə könüllülərin işə hazırlığını təmin etməyib, həm də onları bir ailə olaraq birləşdirib.
"Bu hissi heç vaxt unutmayacağam"
Konfrans könüllülərindən olan 19 yaşlı Səbinə Qaraşova Azərbaycan Texniki Universitetinin tələbəsidir. Səbinə dedi ki, könüllü kimi COP29-da iştirak etmək onun üçün yeni bir qapının açılması kimidir: "Tədbir boyunca həm ekoloji biliklərimi artırdım, həm də fərqli ölkələrdən gələn insanlarla tanış oldum. Ən təsirli məqam isə etdiyim işlərin həqiqətən də bir fayda verdiyini görmək idi. İştirakçıların təşəkkürlərini eşitmək və onların gözlərindəki məmnuniyyəti görmək məni daha da ruhlandırdı. Bu ilk könüllülük təcrübəm idi və davam edəcək. COP29 bu sahəyə marağımın artmasına səbəb oldu. Tədbir mənə göstərdi ki, kiçik addımlarla belə böyük dəyişikliklər etmək mümkündür. Bu hissi heç vaxt unutmayacağam".
Digər müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi 18 yaşlı Fərid Axundovdur. Fəridin sözlərinə görə, belə bir mötəbər tədbirdə könüllü kimi iştirak etmək sözlərlə ifadə edilməyəcək dərəcədə dəyərlidir: "Hər günümüz yeni təcrübələr və maraqlı anlarla dolu idi. Belə genişmiqyaslı tədbirin bir hissəsi olmaq mənim üçün həm böyük həyəcan, həm də qürur idi. Təlimlərdə iştirak edərək ekoloji mövzular haqqında biliklərimi artırdım və dayanıqlılıq anlayışını daha dərindən öyrəndim. Ən gözəl hissəsi isə fərqli yaş qruplarından və müxtəlif təcrübələrə malik olan insanlarla birlikdə çalışmaq oldu. Bu könüllülük təcrübəsi mənim şəxsi və peşəkar bacarıqlarımı gücləndirdi və gələcəkdə daha çox layihədə iştirak etməyə motivasiya verdi".
Rəhimə Cəmilova isə könüllülüyün onun ilk təcrübəsi olmadığını söylədi: "İlk könüllülük təcrübəm olmasa da, bu, indiyə qədər iştirak etdiyim ən böyük və əhəmiyyətli layihə idi. 18 yaşım var. Bakı Dövlət Universitetinin tələbəsiyəm. Belə bir beynəlxalq tədbirdə könüllü olmaq mənim üçün həm öyrədici, həm də ilhamverici oldu. Könüllülük müddətində çox şey öyrəndim - iştirakçıların qarşılanmasından tutmuş tədbirlərin təşkilində yaxından iştirak etməyə qədər hər şey. Əvvəlcə bu qədər böyük məsuliyyəti necə daşıyacağım barədə narahat idim, amma komandamızın dəstəyi ilə hər şeyin öhdəsindən gəldik. Bu təcrübə mənim üçün sadəcə könüllülük deyil, həm də özümü inkişaf etdirmək və ekologiya sahəsində daha çox məlumat əldə etmək üçün bir fürsət idi".
COP29 könüllüləri konfrans çərçivəsində təkcə öz bacarıqlarını nümayiş etdirmədilər, həm də bu mötəbər tədbirin yüksək səviyyədə həyata keçirilməsində vacib rol oynadılar. Bir sözlə, azərbaycanlı könüllülər davamlı və daha "yaşıl dünya" üçün mübarizə aparmaq kimi böyük missiyanın bir parçası oldular.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"