Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları sülh və təhlükə arasında duran gözəgörünməz güvən divarıdır
"İndi yeni dövr başlayır...
Sərhədlərimizi daha da güclü qorumalıyıq. Bunu da qarşıya önəmli vəzifə kimi qoyuram. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Xüsusilə nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra biz həm o vaxt işğal altında olan Azərbaycan-İran sərhədinə qayıtmışıq, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşmişik. Əlbəttə ki, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması eyni zamanda bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram".
Fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin yeni dövr üçün müəyyənləşdirdiyi yol xəritəsində qarşıya qoyduğu ən önəmli vəzifələrdən biri sərhədlərimizin toxunulmazlığının təminatı oldu. Dövlət başçısı qəti şəkildə tapşırdı ki, əgər ölkəmizdə hər hansı terror hadisəsinin baş verməməsini istəyiriksə, sabitliyin pozulmasını istəmiriksə, onda elə etməliyik ki, sərhədlərimizdən heç kim icazəsiz keçməsin.
Sərhəd mühafizəsinin təşkili və inkişafı
Vətən sərhəddən başlayır...
Onu qoruyanlar hər zaman ayıq-sayıq və elə güclü olmalıdırlar ki, ana yurdumuz hər hansı təhlükədən narahat olmasın, vətəndaş sarsılmasın, dövlətçiliyə təhlükə yaranmasın.
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan 2023-cü ilin aprel ayında sərhəd və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra sərhədlərimizin müdafiə və mühafizəsi ən prioritet məsələlərdən biri olub. Hazırda Azərbaycan sərhədləri gecə-gündüz, isti-soyuq demədən elə qorunur ki, istənilən təhlükənin anındaca zərərsizləşdirilməsi qaçılmazdır.
Bunu təmin edən isə ayıq-sayıq Azərbaycan sərhədçisi və ona bu imkanları yaradan təchiz olunduğu maddi-texniki bazadır. Yəni Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm tapşırıq bu gün uğurla yerinə yetirilməkdədir.
Bütün bunlara Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə Sərhəd Qoşunları Komandanlığının birləşmə və hərbi hissələrində xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə KİV nümayəndələri üçün təşkil olunan mediatur zamanı bir daha şahidlik etdik.
Səfərimiz Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" sərhəd dəstəsindən başladı. Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edildi, sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanı tərəfindən müşavirə zalında sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti, eləcə də dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş tədbirlər barədə geniş məlumat verildi.
Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış edərək bildirdi ki, müstəqillik illərindən sonra sərhəd mühafizəsi sahəsində əldə edilmiş bütün uğur və nailiyyətlərin kökü ötən əsrin 60-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin qəbul etdiyi taleyüklü qərarlarla bağlıdır. Ulu Öndər Heydər Əliyev sovet hakimiyyəti dövründə sərhəd dəstələrinə mütəmadi səfərlər etmiş, sərhədçilərin problemləri ilə yaxından maraqlanmışdır. Heydər Əliyevin göstərdiyi səy və bacarıqlarının nəticəsində respublika büdcəsi hesabına Naxçıvan, Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilib.
Ümummilli Liderin 1996-cı il dekabrın 17-də, 2001-ci il avqustun 16-da və 2002-ci il martın 6-da sərhəd qoşunlarının rəhbər heyəti ilə görüşləri zamanı verdiyi göstərişlər milli sərhəd mühafizəsinə qayğının nümunəsi olub. Ulu Öndərin 2000-ci il avqustun 16-da imzaladığı fərmanla 18 Avqust Sərhədçilərin Peşə Bayramı Günü kimi təsbit edilib, bununla da Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyini və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də mühüm olduğu nümayiş etdirilib.
2002-ci il iyulun 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalayıb. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin xidməti fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Ulu Öndərin sərhədlərimizin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilib. Məhz dövlət başçısının sərhədçilərə göstərdiyi diqqət və qayğının təzahürüdür ki, 17 halda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçuları ilə görüşü olub və ilk görüşü 2004-cü il iyulun 21-də "Xudat" sərhəd dəstəsinin şəxsi heyəti ilə keçirilib və bununla da sərhəd mühafizəsi salnaməsində yeni səhifə açılıb.
Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində 2005-ci il dekabrın 23-də "Şəki" sərhəd dəstəsinin, 2006-cı il aprelin 14-də "Zaqatala", 2010-cu il aprelin 29-da "Göytəpə", 2013-cü il sentyabrın 27-də "Horadiz", 2014-cü il yanvarın 7-də "Şəmkir", 2021-ci il oktyabrın 21-də "Zəngilan", 2021-ci il oktyabrın 25-də "Qubadlı" sərhəd dəstələrində, 2019-cu il fevralın 28-də "Naxçıvan" və 2023-cü il avqustun 7-də isə "Qazax" əlahiddə sərhəd diviziyaları inşa olunub, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verilib.
DSX-nin Sərhəd Qoşunları Komandanlığı və yeni mərhələnin başlanğıcı
Prezident İlham Əliyevin Azərbaycanın sərhəd mühafizəsinə ən yüksək etimadının göstəricisi olaraq, 2017-ci il iyunun 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verməsi Azərbaycan sərhəd mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər.
2017-ci ildə Prezident İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib.
General-leytenant Araz Məmmədov onu da bildirdi ki, Müzəffər Ali Baş Komandanın bu tapşırığının icrası onların şərəf borcu, fərəh və qürur mənbəyi olub: "Qazax-Ağstafa rayonları ərazisində - Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırılıb, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı".
Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla sərhədlərimizin keşiyində
Ölkəmiz quruda 5 ölkə - Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədinin 3 sərhəd diviziyası, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir. DSX Sərhəd Qoşunları Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrları hazırlanır, bununla yanaşı, digər təyin olunmuş təlim-tədris mərkəzlərində kurslar təşkil olunur. Bunun nəticəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib.
Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Şərqi Zəngəzurda 1 sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə, 121 sərhəd-döyüş məntəqəsi yaradılıb
General-leytenant Araz Məmmədov onu da vurğuladı ki, 4 il öncə - 2020-ci ildə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan "Dəmir yumruq" döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan Zəngilan rayonu ərazisində "Bartaz", "Şükrataz" yüksəklikləri azad edilib. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunub.
44 günlük şanlı Vətən müharibəsində 10 nəfər hərbi qulluqçu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib.
Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş 1843 hərbi qulluqçu təltif edilib, onlardan 719-na dövlət başçısı tərəfindən müxtəlif xüsusi orden və medallar verilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturunun yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olmaqla yanaşı, sərhədçilərin xidməti uğurlara ruhlandırılmasına mühüm töhfə idi.
Azərbaycan xalqının Böyük Sərkərdəsi İlham Əliyevin uzun illərdir apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri) ölkəmizə qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımızı ucaldaraq şərəflə xidmətə başlayıblar.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası - COP29 beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görmüş və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilmişdir.
Xüsusi təlim görmüş itlər, atlar, ən müasir silahlar və gənc əsgərlərin dərs prosesi
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir: "Biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur".
Mediaturun davamında Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisinə baxış keçirildi. Media nümayəndələrinə dəstənin fəaliyyəti barədə məlumat verildi. Sərhəd dəstəsinin xidməti itləri müvafiq tapşırıqlar icra etdilər. Qeyd olundu ki, bu itlər sərhədlərin mühafizəsində etibarlı vasitədir. Həmçinin media nümayəndələrinə hərbi hissədə olan silah-sursatlar, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verildi. Bununla yanaşı, gənc əsgərlərin dərs prosesi də izlənildi. Media nümayəndələri əsgərlərin zəngin qida rasionu ilə də məlumatlandırıldı.
Daha sonra təhlükəsizlik tədbirlərinə riayət etməklə Qazax rayonunun işğaldan azad edilmiş ərazilərinə və şərti dövlət sərhədinə dislokasiya olunan bölmələrdə və sərhəd-döyüş məntəqələrində yaradılan şəraitlə tanış olmaq üçün yola çıxdıq...
(Ardı var)
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Bakı-Şəmkir-Qazax-Bakı