19 Mart 2024 08:00
15732
SİYASƏT
A- A+

Parçalanmış dünyanın bərpasına töhfə

 

XI Qlobal Bakı Forumu müzakirəyə çıxarılmış mövzuların aktuallığı ilə yanaşı, mövcud problemlərin aradan qaldırılması üçün irəli sürülən həllər və beynəlxalq ictimaiyyətə əhəmiyyətli çağırışlarla, bu gün və gələcək üçün faydalı nəticələri ilə yadda qaldı. Foruma olan beynəlxalq maraq, iştirakçı kontingenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçısı olduğu Bakı Qlobal Forumunun da artıq Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq tədbirlərlə bir cərgədə qərarlaşdığını göstərir. 
Ötən il X Qlobal Bakı Forumu dünyamızın kifayət qədər gərginliklər içində olduğu çox çətin və mürəkkəb dövrə təsadüf etmişdir. 61 ölkədən 350 nəfərdən çox iştirakçının olduğu toplantıda "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusu müzakirəyə çıxarılmışdı. Həmin tədbirdə mövcud konfliktlərin çəkişməyə deyil, məhz qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara verilməsi iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 
Bu cür qlobal platformalar başqa bir cəhəti ilə də əhəmiyyətlidir. Belə tədbirlər Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa, ümumən regionda yaşanan tarixi reallıqlar ətrafında düzgün, məqsədyönlü kommunikasiya qurmağa imkan yaradır.  
Bu il isə foruma rekord sayda iştirakçı qatılmışdı: 68 ölkədən 400-dən çox qonaq iştirak edirdi. Qonaqlar arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları vardı. Fikrimizcə, təkcə elə bu faktın özü XI Qlobal Bakı Forumunun nə qədər nəhəng intellektual potensial daşıması barədə aydın təsəvvür yaradır. 
Belə qlobal əhəmiyyətli tədbirlər, müxtəlif sahələrdə böyük bilik və təcrübəyə malik düşüncə adamlarının, siyasi liderlərin, elm xadimlərinin bir araya gəlib apardıqları müzakirələr, toxunduqları məsələlər bir çox mühüm beynəlxalq mövzuları daha aydın şəkildə anlamağa, bəşəriyyət qarşısında olan çətinliklərin həlli yollarını axtarıb tapmağa imkan verir. Sürətlə dəyişən dünyamızda, qeyri-sabitlik üçün yeni səbəblərin və qarşıdurma ocaqlarının meydana çıxdığı müasir şəraitdə belə müzakirə və əməkdaşlıq platformalarına çox böyük ehtiyac var. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumdakı çıxışı "Parçalanmış dünyanın bərpası" kimi son dərəcə mühüm bir mövzuya həsr olunmuşdu. Dövlətimizin başçısı çıxışında bildirdi ki, bu gün regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər. Əslində isə, onların daha geniş fəsadları var. Prezident İlham Əliyev bir il əvvəlki forumdan bu yana baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə əlaqədar olduğunu diqqətə çatdırdı: "Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik".
Əslində, Azərbaycanın keçdiyi təxminən 30 illik sülh danışıqları prosesi dünya üçün böyük bir təcrübə yaratdı. Bu təcrübədən çıxan nəticə budur ki, özlərini guya hansısa münaqişənin həlli, xalqlar və ölkələr arasında sülhün əldə olunması üçün çalışan kimi göstərənlərin məqsədi, əslində, bəzən tamam başqa istiqamətlərə yönəlir. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti buna bir nümunədir. Xüsusi vurğulandı ki, bu qrupun 28 il ərzində əldə etdiyi nəticə sıfra bərabər idi. İndi 28 ilin proseslərini təhlil edəndə tam əminlik yaranır ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək yox, onu dondurmaq, torpaqlarımızın işğalını əbədi etmək olub. Azərbaycanla aparılan danışıqlarda da bu qrupun niyyəti işğalla barışmalı olduğumuzun qaçılmazlığını bizə anlatmağa çalışmaq idi. 

 

Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır 

 

Bu qədər uzun müddətdə münaqişənin sülh yolu ilə həllinin mümkün olmamasının əsas səbəbi isə Ermənistan hökumətlərinin 1990-cı illərin əvvəllərindən başlayaraq bu günə kimi tutduqları qeyri-konstruktiv mövqe idi. Təəssüflər olsun ki, dünyanın aparıcı paytaxtlarından da rəsmi Bakıya münaqişənin hərbi yolla həllinin olmaması barədə mütəmadi mesajlar göndərilirdi. Azərbaycan dövlətinin isə bununla bağlı mövqeyi birmənalı idi. Hesab edilirdi ki, əgər hərbi yolun alternativi işğalla razılaşmaq, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təqribən 20 faizində separatçı rejimin mövcudluğunu qəbul etməkdirsə, bu, bizim barışa, razılaşa biləcəyimiz məsələ deyil.
"Əfsuslar olsun ki, bizim münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu... Beləliklə, münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir", - deyən Prezident İlham Əliyev bəyan etdi ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir.
Azərbaycan Prezidenti onu da vurğuladı ki, son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həlli müşkül görünən münaqişələr üçün bir model olaraq istifadə edilə bilər. Qarabağ məsələsində beynəlxalq hüquq normaları məhz bizim tərəfimizdə idi, Azərbaycan qeyri-qanuni işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmışdı. Son nəticədə isə Azərbaycan heç kəsin köməyi olmadan ədaləti, beynəlxalq hüququ özü bərpa etməli oldu. 
Azərbaycan tarixi qələbəni bütün amillərin vəhdəti sayəsində təmin etdi: iqtisadi inkişafımız, maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və bütün digər aparıcı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması qələbəmizi mümkün etdi.

 

Ermənistan beynəlxalq hüquqa uyğun davransaydı, hərbi yola ehtiyac qalmazdı

 

Azərbaycan Prezidenti İlham Əliyev onu da xatırlatdı ki, 2018-ci ildə Ermənistan hökumətində dəyişiklik baş verəndə razılığa gəlmək imkanı var idi. Ermənistanın yeni hökuməti Azərbaycan rəhbərliyində əminlik yaratmışdı ki, beynəlxalq hüquqa uyğun davranacaq və əraziləri geri qaytaracaq. Rəsmi Bakının belə bir gözləntisi olub. Əgər o vaxt Ermənistanın yeni hökuməti indiki kimi davransaydı, onda suverenliyimizin güc yolu ilə bərpa edilməsinə ehtiyac qalmazdı.
Amma verilmiş vədlərə rəğmən, "2019-cu ildə Ermənistanın yeni rəhbərliyi "Azərbaycan separatçılarla danışıqlar aparmalıdır, sülh müqaviləsinin əsasını təşkil edən bu vaxta kimi olan bütün məsələlər sıfırlanmalıdır və hər şey yenidən başlanmalıdır, Ermənistan işğal olunmuş ərazilərin bir santimetrini belə qaytarmayacaq" kimi tamamilə qəbuledilməz təkliflər irəli sürdü. Bundan əlavə, Ermənistanın baş nazirinin məşhur "Qarabağ Ermənistandır" şüarı səsləndi". Bütün bunlar isə münaqişənin yalnız hərbi yolla həllini şərtləndirən əsas amilə çevrildi. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan 44 günlük əməliyyatla rəsmi İrəvana dərs vermək məcburiyyətində qaldı və bununla təkcə Ermənistana deyil, hər kəsə anlatdı ki, xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamağın vaxtı artıq bitib.
Ermənistan isə qeyri-adekvat davranışlarını Azərbaycanın qələbəsindən, müzəffər ordumuzun gücü qarşısında faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalmasından sonra da davam etdirdi. Belə ki, 10 noyabr 2020-ci ildə Ermənistanın imzalamaq məcburiyyətində olduğu kapitulyasiya aktına əsasən, rəsmi İrəvan o zaman Azərbaycanın nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini də üzərinə götürmüşdü. Lakin 3 il ərzində onlar bunu etmədilər. On beş minlik hərbi kontingenti nəinki Azərbaycan ərazilərindən çıxardılar, əksinə, İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində Azərbaycanın nəzarətinin olmamasından istifadə edərək silah-sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Kommunikasiya yolları üzərində nəzarət Azərbaycana keçdikdən sonra isə ermənilər qaçaqmalçılıq yoluna keçdilər. Buna baxmayaraq, sonuncu antiterror əməliyyatı zamanı ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. 
Belə bir fakt da forum iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycana qarşı istifadə edilmiş silahlar Ermənistana təmənnasız verilib. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlərin və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın olub. 
Azərbaycan Prezidentinin bəyanatında da qeyd edildiyi kimi, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq və Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Ölkəmizin öz ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı beynəlxalq reaksiyaların əksəriyyəti də tamamilə adekvat olub. Beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında, habelə pərdəarxası təmaslarda Ermənistanın qırmızı xətləri keçdiyini etiraf edib. Sentyabrın əvvəlində Ermənistanın baş naziri separatçı rejimə dırnaqarası müstəqillik günü münasibətilə təbrik məktubu göndərməklə Azərbaycan üçün gözlənilməz bir mənfi davranış ortaya qoyub. Çünki Ermənistanın həmin baş naziri 2022-ci ildə Praqadakı görüşdə ictimai şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmiş və Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının olmadığını bir neçə dəfə vurğulamışdı. Bu kimi məqamları nəzər alaraq beynəlxalq birlik Azərbaycanın antiterror əməliyyatı aparmaq məcburiyyətində qalmasına anlayış göstərir. Antiterror əməliyyatının özü də çox qısa müddət - cəmi 23 saat davam edib, mülki əhali arasında itki baş verməyib və separatçılar təslim olan kimi əməliyyat dayandırılıb.
Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Vacib məqam odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin.

 

Fransa vandalizmə dəstək verir

 

Azərbaycanın ərazi bütövlüyünün bərpasından, sülh üçün çox böyük perspektivlərin yaranmasından sonra bəzi Qərb ölkələrinin, xüsusilə Fransanın dövlətimizə qarşı qərəzli davranışları təəssüf doğurmaya bilməz. Fransa o ölkələrdəndir ki, müstəqilliyimizin ilk illərindən Azərbaycanla münasibətləri müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksəksəviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri  qardaşlaşıb, sıx əməkaşlıq əlaqələri daim genişlənib. İndi isə əfsuslar ki, Fransa hökuməti İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibətdə tamamilə qeyri-adekvat mövqe tutub. Rəsmi Paris bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiqinə düz beş dəfə cəhd göstərib və bu cəhdlərin hər biri də uğursuz olub. Çünki Təhlükəsizlik Şurasının digər üzvləri Fransadan fərqli olaraq daha rasional davranaraq belə bir qərəzli təşəbbüsü dəstəkləməyib.
Forumda daha sonra vurğulandı ki, Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqi cəhdləri də uğursuz nəticələnib. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləməyib. Bütün bu proseslər fonunda Fransada Azərbaycana qarşı vandalizm aktlarına əl atılması ikrah yaradır. Belə ki, Fransanın Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz tərəfindən Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına ardıcıl müraciətlər edilsə də, heç bir reaksiya verilməyib. Natəvanın heykəlinin bükülmüş vəziyyətdə saxlanılmasına onun üzünə atılmış boyanın yuyulmasına heç bir təşəbbüsün göstərilməməsi ilə Fransa vandalizm aktını dövlət səviyyəsində dəstəkləyib. 

 

Lider böhranı

 

Natəvanın heykəlinə qarşı törədilmiş vandallığı əks etdirən şəkillər forum iştirakçılarına nümayiş etdirildi. Azərbaycan Prezidenti qeyd etdi ki, bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Ən paradoksal hal isə budur ki, Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı bu cür ucuz üsullarla cəzalandırmağa çalışır. Bütün bunlar ikili standartların açıq təzahürüdür və Fransanın son onillikdə yaşadığı lider böhranından irəli gəlir. 
Bu gün bütün dünya Makronun simasında ümumən Qərb dünyasının yaşadığı lider böhranına şahiddir. Belə birinin Qərb siyasətində özünü ortaya atması həqiqətən də bu coğrafi məkanın nə qədər ciddi böhranla üzləşdiyini göstərir. Cəsarəti, prinsipiallığı, qətiyyəti olmayan belə zəif şəxslər dünya siyasətində parlaq lider kimi qəbul olunan nüfuzlu siyasətçilər qarşısındakı gücsüzlüklərini yaxşı anlayırlar. Bu insanlar müstəqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin mənafelərini qorumağı bacaran cənab İlham Əliyev kimi liderlərə qısqanclıqla yanaşır, onları heç vəhclə qəbul etmək istəmirlər. Bu gün Azərbaycana göstərilən qərəzli münasibətlərin, ölkəmizə qarşı tətbiq edilən ikili standartların bir əsas səbəbi də budur.   
Lakin bütün bunlar bizi milli hədəflərimizdən çəkindirə, yolumuzdan dayandıra bilməz. COP29 kimi qlobal əhəmiyyətli bir tədbirin bu il Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, "yaşıl enerji"yə keçidlə bağlı səylərinin bütün dünyada qəbul edilməsidir. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, neft və qaz sərvətlərinə sahib olmağımız bizim günahımız deyil və biz buna görə tənqid edilməməliyik. Artıq "yaşıl enerji"yə keçidlə bağlı bütün gördüyümüz işlərin praktiki nəticələri var.
Ötən ilin oktyabrında Azərbaycan Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş-elektrik stansiyasının açılışını edib. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmaq üçün planlaşdırma işləri aparılır. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda ölkəmiz Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq "yaşıl enerji" elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuldur və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır. 
Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edir. Ölkəmizin dördillik sədrliyinin nəticəsində 120 üzvlə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında xüsusi ab-hava yarandı. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan strateji tərəfdaşlığa dair bəyannamə imzalayıb. Biz 50-dən çox ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Azərbaycan bütün bunlarla dünyada sülhə, dayanıqlı inkişafa, əməkdaşlığa töhfə verir, bəşəriyyətin rifah və xoşbəxtliyi naminə çalışır, öz ali niyyətlərinə doğru addım-addım irəliləyir.
COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, yalnız müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Məşhur bir kəlamda deyildiyi kimi, öndə olanlar bizi gözləyəcək, geridə addımlayanlar bizə çatacaqlar, çünki biz haqq yolundayıq.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video