04 Fevral 2026 08:55
361
CƏMİYYƏT
A- A+
Oyun, yoxsa təhlükə

Oyun, yoxsa təhlükə


Uşaqların internet mühitində üzləşdiyi risklər cəmiyyətin və dövlətin diqqət mərkəzindədir. Xüsusilə oyun platformalarının uşaqların psixoloji inkişafına təsiri ilə bağlı narahatlıqlar artmaqdadır. İnternet oyunları müasir dövrdə uşaqlar üçün, sadəcə, vaxt keçirmə vasitəsi olmaqdan çıxıb və ciddi psixoloji risk mənbəyinə çevrilib. Uşaqlar reallıqla virtual aləm arasındakı sərhədi ayırd etməkdə çətinlik çəkir, bu isə onların davranış və düşüncə tərzinə təsirsiz ötüşmür. İnternet oyunlarının yaratdığı təhlükələr ictimai məsələ kimi qiymətləndirilməlidir. 

Uşaqların psixoloji sağlamlığının qorunması üçün ailə, məktəb və cəmiyyət səviyyəsində daha diqqətli və məsuliyyətli yanaşma zəruridir. Uşaqların virtual mühitdə təhlükəsizliyi onların real həyatda sağlam inkişafının əsas şərtlərindən biridir. Rəqəmsal mühitdə sürətlə artan və daim yenilənən oyunlar uşaqların maraq dairəsinə asanlıqla daxil olur və çox vaxt nəzarətsiz qalır. Nəticədə virtual aləmdə formalaşan davranışlar real həyatda da özünü göstərir, uşaqların psixoloji tarazlığına, ünsiyyət bacarıqlarına və sosial münasibətlərinə mənfi təsir edir.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal mühitdə böyüyən uşaqların internetin yaratdığı təhlükələrdən qorunması artıq klassik yanaşmalarla məhdudlaşa bilməz. Bir neçə gün əvvəl Milli Məclisdə "Uşaq hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı da bu məsələ qaldırılıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında həmin qanun layihəsinin müzakirəsi zamanı bildirib: "Biz "Roblox" korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün, demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər. Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, biz bunu qiymətləndirəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Bu oyunların bir çoxunda yaş məhdudiyyətinin olmaması, nəzarətsiz ünsiyyət imkanları və istifadəçilərin anonimliyi uşaqlar üçün ciddi təhlükələr yaradır. Bu cür platformalar uşaqları zərərli məzmunla qarşı-qarşıya qoymaqla yanaşı, onların psixoloji vəziyyətinə, davranışlarına və sosial münasibətlərinə də mənfi təsir göstərə bilər".

Təhlükəli oyunlarla bağlı yalnız bir platformaya fokuslanmaq kifayət deyil. Problemin sistemli xarakter daşıdığı nəzərə alınaraq, həm qanunvericilik sahəsində, həm də maarifləndirmə istiqamətində əlavə addımlar atılmalıdır. Valideyn nəzarətinin gücləndirilməsi, uşaqların rəqəmsal savadlılığının artırılması və oyun platformalarının məsuliyyətinin yüksəldilməsi bu istiqamətdə əsas prioritetlər olmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu mövzu ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, komitə tərəfindən bununla bağlı təhlillər aparılıb: "Təhlillər göstərir ki, Roblox və digər onlayn oyun platformalarından nəzarətsiz istifadə uşaqlarda asılılıq, davranış pozuntuları, aqressiya və sosial təcrid risklərini artıra bilər. Təhlillərə əsasən, bu tip oyun platformaları uşaqlarda asılılıq yarada, davranış pozuntularına səbəb ola, aqressiya meyillərini gücləndirə və onların sosial mühitdən təcrid olunması riskini artıra bilər. Xüsusilə nəzarətsiz ünsiyyət imkanları və oyun daxilində yayılan müxtəlif məzmunlar uşaqların psixoloji inkişafına mənfi təsir göstərir".

O vurğulayıb ki, uşaqlar üçün nəzərdə tutulan oyun və informasiya məhsulları onların sağlamlığına, psixoloji vəziyyətinə və mənəvi inkişafına zərər vurmamalıdır. Bu mənada onlayn oyun mühitində uşaqların qorunması məsələsi xüsusi diqqət tələb edir və bu sahədə məsuliyyətli yanaşma zəruridir. 

Mövzu ilə bağlı psixoloq Könül Əkbərovanın da fikirlərini öyrəndik. O, dövlət nəzarəti, valideyn məsuliyyəti və hüquqi mexanizmlərin praktik tətbiqi barədə danışıb. O bildirib ki, Roblox və digər onlayn oyunlar uşaqların həyatında ciddi təsirə malikdir. Bu oyunlar uşaqların real həyatdan uzaqlaşmasına səbəb olur. Uşaqlar virtual aləmə sığındıqda sanki beyinlərini "susdurur", özlərini daha rahat hiss edir və emosiyalarını dondururlar. Məhz bu səbəbdən telefonlara, sosial şəbəkələrə və bu tip oyunlara üstünlük verirlər. Bu oyunlar beynin zövq sistemini aktivləşdirdiyi üçün, məsələn Roblox-da səviyyə atladıqca və nailiyyətlər əldə etdikcə, uşağın ona asılılığı daha da artır. Nəticədə uşaq real həyatdan qopur, təkliyə meyil edir, əsəbi olur, aqressiyası artır, diqqətini toplamaqda, dərslərə fokuslanmaqda və verilən tapşırıqları sona qədər yerinə yetirməkdə çətinlik çəkir.

"Praktikada tez-tez müşahidə edirik ki, bir həftə uşaq oyunlardan daha az istifadə etdikdə seanslar çox gözəl keçir. Növbəti həftə isə valideynin işi çox olur, nəzarət azalır və uşaq telefonda, oyunlarda daha çox vaxt keçirir. Bu zaman uşaq seansa sanki 70 faiz dəyişmiş halda gəlir: aqressiyası artır, tapşırıqlara əməl etmək istəmir. Bu dəyişiklikdən artıq anlayırıq ki, həmin həftə uşaq virtual aləmdə daha çox vaxt keçirib. Buna görə də ilk növbədə valideynlərin rolu çox vacibdir. Valideyn uşağın emosional vəziyyətindəki dəyişiklikləri hiss etməli, niyə daha çox virtual aləmə yönəldiyini araşdırmalıdır. Ola bilsin ki, uşaq hansısa emosional çətinlik yaşayır və hisslərini dondurmaq üçün bu oyunlara müraciət edir", - deyə psixoloq əlavə edib.

K.Əkbərova vurğulayıb ki, valideynlə uşaq arasında açıq ünsiyyət mütləq olmalıdır: "Oyunları birdən-birə tamamilə qadağan etmək və ya əlindən almaq uşağın aqressiyasını daha da artıra bilər. Buna görə də nəzarətli şəkildə, uşağın yaşına uyğun zaman limiti müəyyənləşdirilməlidir. Paralel olaraq real həyatda alternativlər yaradılmalıdır: uşaqlar idmana, açıq hava oyunlarına, maraqlı fəaliyyətlərə daha çox cəlb edilməlidir. Uşağı virtual aləmdən yavaş-yavaş, sakit şəkildə uzaqlaşdırmaq daha sağlam nəticə verir".

Psixoloq qeyd edib ki, bu oyunların Rusiya, Çin, Türkiyə kimi ölkələrdə qadağan olunması təsadüfi deyil: "Çünki bu platformalarda bizim cəmiyyətə uyğun olmayan məzmunlar, o cümlədən uşaqlar üçün uyğun olmayan ideoloji və sosial mesajlar mövcuddur. Mən bunu şəxsi təcrübəmdə də müşahidə etmişəm. Öz oğlumda diqqət əskikliyi və hiperaktivlik pozuntusu var. Oyun platformalarını bir müddət test etdikdə gördüm ki, bu tip oyunlar diqqət əskikliyi və hiperaktivlik pozuntusu olan uşaqlarda çox ciddi neqativ nəticələrə gətirib çıxarır. Üstəlik, uşaqlar bir-birinə də təsir edir, məktəbdə dostlarının oynadığını görüb daha çox həvəs göstərirlər. Bu səbəbdən hesab edirəm ki, həmin oyunları birdən-birə deyil, tədricən azaltmaq və uşaqları yavaş-yavaş onlardan təcrid etmək daha düzgün və sağlam yanaşmadır".

İnternet oyunları ətrafında gedən müzakirələr göstərir ki, uşaqların müdafiəsi rəqəmsal təhlükəsizlik anlayışı ilə birgə düşünülməlidir. 

Problem yalnız qadağalarla həll edilə bilməz. Valideyn nəzarətinin gücləndirilməsi, məktəblərdə və ailələrdə rəqəmsal təhlükəsizlik mövzusunda maarifləndirmənin artırılması, eyni zamanda oyun platformalarının uşaqlar qarşısında daha məsuliyyətli davranması vacibdir. Uşaqların maraqlarını və təhlükəsizliyini ön planda tutan sistemli yanaşma formalaşdırılmadığı təqdirdə onlayn oyunların yaratdığı risklər daha da dərinləşə bilər.

Müasir dövrdə uşaq təhlükəsizliyi anlayışı, sadəcə, real mühitlə məhdudlaşmır. Virtual aləmdə baş verənlər də uşaqların gələcəyinə birbaşa təsir göstərir və bu məsələ daim cəmiyyətin diqqətində olmalıdır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST: Fövqəladə hallarda tibbi yardım göstərilməsi üçün 1 milyard dollar vəsait lazımdır  

10:59
04 Fevral

Azərbaycan neftinin qiyməti artıb

10:58
04 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:57
04 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:55
04 Fevral

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

10:52
04 Fevral

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNƏCƏK

10:42
04 Fevral

Qərbi Antarktidada pinqvinlər yox olma təhlükəsi ilə üz-üzədir

10:09
04 Fevral

NATO Qrenlandiyada yeni missiya hazırlayır

10:08
04 Fevral

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır  

09:57
04 Fevral

Azərbaycanda 8 ada tipli palçıq vulkanı mövcuddur  

09:57
04 Fevral

ABŞ-da qismən şatdaun ləğv edilib

09:56
04 Fevral

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

09:52
04 Fevral

Fransa hökuməti aylarla davam edən müzakirələrdən sonra milli büdcəni qəbul edib

09:10
04 Fevral

Xərçəng həyatın sonu deyil

09:05
04 Fevral

Üç şəxsiyyət, üç tale

09:00
04 Fevral

Oyun, yoxsa təhlükə

08:55
04 Fevral

Ana dili xalqın əmanətidir

08:50
04 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

08:45
04 Fevral

Dünya elminin azərbaycanlı ulduzu

08:40
04 Fevral

Leyla Əliyeva missiyasını davam etdirir

08:35
04 Fevral

Azərbaycan-BƏƏ enerji əməkdaşlığı şaxələnir

08:30
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!