"Xalqın dili, xalqın ruhu, xalqın ruhu, xalqın dili. Bundan da güclü eyniyyət tanımıram". Böyük dilşünas alim Vilhelm fon Humboldtun böyük həqiqəti əks etdirən fikri neçə illik təcrübənin və tədqiqatların nəticəsində yaranmışdır. Dilin xalqın ruhunu ifadə etdiyini, onun tarixini, dəyərlərini, mənəvi keçmişini özündə qoruduğunu yaxşı bilən sovet imperiyası tabeliyində olan türk xalqlarının bir çox dəyərini əritmək istədiyi kimi, dilini də unutdurmaq, zaman-zaman yox etmək istəyirdi.
"Millətlərin və milli dillərin yaxınlaşması, qaynayıb-qarışması" modeli ilə öz siyasi məqsədlərini gerçəkləşdirmək və xalqın yaddaşını yumağı düşünürdülər. Xalqlara və millətlərə öz doğma dillərini unutdurmaqla tarixlə əlaqələrini kəsmək və beləliklə, yeni mədəniyyət, yeni əxlaq tendensiyaları formalaşdırmaq istəyirdilər. Rus dilinin imtiyazlarının genişləndirilməsi, hüququnun artırılması ilə sovet imperiyasında "vahid dil - rus dili" ideyasının gerçəkləşdirilməsinə çalışılır və bu bir konseptual proses kimi həyata keçirilirdi. Professor Yaşar Qarayevin dediyi kimi: "...xalq miqyasında ümummilli qəsdlər və cinayətlər törətmək (repressiyalar, vaxtaşırı deportasiyalar, təkrar və vulqar əlifba "islahatları"...) üçün vicdandan əvvəl yaddaşı aradan götürmək lazım idi: yoxsa yaddaşın gözü baxa-baxa sosial ədaləti və vicdanı meydandan necə qovmaq olardı? Ən böyük yaddaş isə dildir, əlifbadır, xalqın sözlərdə və hərflərdə sənədləşən tarixi və keçmişidir".
Dilimizin XX əsrdəki rəsmi statusuna nəzər yetirsək görərik ki, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətində Azərbaycan dili (türk dili) dövlət dili elan olunur, bütün kargüzarlıq işləri türk dilində aparılır, hətta başqa dildə yazılan ərizə və müraciətlərin üzərinə "Ərizəniz qeyri-türk dilində yazıldığı üçün əncamsız qalmışdır" kimi dərkənar yazılırdı. Məlumdur ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunmuş, müstəqilliyini itirmişdir. 1921-ci ildə türk dilinin dövlət dili olması ilə bağlı dekret imzalansa da, elə həmin il qəbul olunan Azərbaycan Sovet Respublikasının ilk Konstitusiyasına dövlət dili haqqında maddə salınmamışdır. 1936-cı ildə yeni hazırlanan Konstitusiya layihəsində isə Azərbaycan dili dövlət dili kimi qeyd edilir. Amma 1937-ci il kabusu ayrı-ayrı aydınlarımızı, münəvvər şəxsiyyətlərimizi, maddi-mənəvi abidələrimizi qaraladığı kimi, dilimizi də unutmadı. Şəxsən Stalinin tapşırıq və nəzarəti ilə latın qrafikasından Kiril əlifbasına keçidin layihəsi hazırlanır, bir çox termin rus dilinə uyğunlaşdırılır, rəsmi dairələrdə Azərbaycan dilinin hüququ və işləkliyi azaldılırdı. Hər cəhdlə türklər üçün vahid bir ədəbi dil yaratmaq, türklərin hamısını eyni dildə danışdırmaq istəyirdilər.
Akademik Tofiq Hacıyev bu barədə yazırdı: "Bundan gözəl nə varmış ki! Bu ideyanın müəllifləri və mücahidləri türklüyün böyük ideoloqları idi: İsmayıl bəy Qaspıralı, Əli bəy Turan, Ziya Göyalp və onların müxtəlif türk məmləkətlərindəki yetirmələri. Bəs maraqlı olanı da budur ki, antitürk, şovinist sovetlər dövləti niyə bu ideyanın təbliğinə meydan verirdi. Doğrudanmı bu imperialist dövlət imperiya daxilində böyük çoxluq təşkil edən türklərin birləşməsinə çalışır? ...Hətta bəziləri çox vulqar şəkildə bu birləşməni kolxozlaşma ilə müqayisə edir və deyirlər ki, təsərrüfatları birləşdirən, həyatın bütün sahələrində birlik yaradan sosializm türkləri də, türk ləhcələrini (dillərini) də birləşdirəcəkdir. Və iş də budur ki, imperiya bu birləşməni istəyirdi. Niyə? Çünki bu qədər dilləri bir-bir udmaq hara, bir dili udmaq hara? İmperiya istəyirdi ki, hər türk xalqı öz ana dilini unutsun, türklərin hamısı birləşsin və rus dili asanlıqla bu bircə dənə dili udsun. Həm də imperiya xam xəyalda idi ki, öz dədə-baba dilini, beşik dilini unutmuş insanın daha bir başqa dili qəbul etməsində problem olmayacaqdır. İmperiya bu məsələni türklərin ərəb əlifbasından latına, ondan da Kirilə keçməsi kimi təsəvvür edirdi".
Azərbaycan türkcəsini qara kabusdan, bədniyyət və xoşagəlməz planlardan məhz aydınlarımızın mübarizliyi, zəka və ağıllı addımları qurtarmışdır. Onlar mətbuatda, bədii əsərlərində, dillə bağlı müzakirə və toplantılarda öz sözlərini deyir, hər vəchlə dilimizi məhv olmaq təhlükəsindən qoruyurdular. Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərində ana dili məsələsini əsas problem kimi qoyur, övladları ananın - vətənin ətrafında birləşə bilmək üçün məhz ana dilində danışmağa çağırırdı. Ədib bir-biri ilə dil tapa bilməyən, mübahisə edən, ancaq özünü haqlı hesab edən qardaşların birləşə bilməsi üçün məhz ana dili faktorunu qoyurdu. Səməd Vurğunun ana dili uğrunda mübarizə aparması bir neçə istiqamətdə idi. O, Azərbaycanın şeir dilini xalq dilinin bütün əlvanlığından, bədii-poetik imkanlarından istifadə etməklə zənginləşdirir, bir tərəfdən yüksək kürsülərdən dilimizin müdafiəsinə qalxır, onu yad təsirlərdən qorumağa çalışır, qələm dostlarına bu aspektdən tövsiyələrini verirdi. Dilimizdə qarşılığı ola-ola yad söz və ifadələrin işlənməsinin əleyhinə çıxırdı. Yuxarıda da qeyd etdiyimiz kimi, latın qrafikasından Kiril qrafikasına keçid edərkən şair mütləq Azərbaycan dilinin daxili qanunlarını nəzərə almağı vacib sayırdı: "Birinci şərt bu olmalıdır ki, yeni quracağımız əlifba Azərbaycan xalqının dilinin bütün xüsusiyyətlərinə cavab versin. Ana dilimizin bir nöqtəsinə, bir vergülünə balaca da olsa, zərər gələ bilməyəcəkdir. Çünki dil əlifba üzərində qurulmur, əlifba dil üzərində qurulur. Odur ki, biz bu işdə olduqca ehtiyatlı tərpənməliyik ki, işi bir çox "ura", yalançı internasionalizmə doğru aparmaq istəyən adamlara yol verməyək". Azərbaycan dilinin qrammatikasını, fonetikasını mükəmməl bilən şair bizim dilimizdə olan, rus dilində isə olmayan ə, ö, h, g, ğ kimi hərflərin yeni əlifbaya salınmasına çalışır, yaxud əksinə - rus əlifbasında olub bizim dilimizdə olmayan hərflərin qəbul edilməsinin əleyhinə olmaqla bu işi həm də dövlət işi, siyasi məsələ hesab edirdi. Səməd Vurğun ana dili uğrundakı mücadiləsini fəaliyyətinin bütün sahələrində sərgiləyirdi. Tədqiqatçıların da dediyi kimi, Vurğun öz yaradıcılığı ilə ana dilinə abidə ucaltmışdır. Həm öz poetik irsi ilə, həm tərcümə etdiyi əsərlərlə.
Qeyd edək ki, şair rus klassiki A.S.Puşkinin "Yevgeni Onegin", gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geyinmiş pəhləvan" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, tərcümə prosesi haqqında yazırdı: "Mən Azərbaycan dilini korlamaqdan qorxurdum, çalışırdım ki, dilimizin saflığını və əlvanlığını qoruyum. Ona görə yazı masamın üstünə çox sayda lüğət kitabları yığmışdım. Həyat yoldaşım Xavər xanımdan xahiş edirdim ki, mən Puşkini tərcümə edərkən patefonda Azərbaycanın xalq mahnı və aşıq musiqilərini səsləndirsin. Beləliklə, mən öz milliliyimi qoruyub saxlamağa çalışırdım". Şair "Yevgeni Onegin" əsərinin tərcüməsindən sonra yazırdı:
Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə,
Rusiya şeirinin şah əsərini
Çevirdim türkün şirin dilinə.
Buradakı "türkün şirin dili" ifadəsi senzuranın diqqətindən qaçmamış, şairə irad bildirilmişdir. Bu zaman şair məcbur olaraq, türkün sözünü Vaqifin sözü ilə əvəz etmiş, "Çevirdim Vaqifin şirin dilinə" kimi yazmışdır.
Dünyaşöhrətli bəstəkar, dramaturq, publisist Üzeyir bəy Hacıbəyli də millətin var olması üçün onun istiqlaliyyəti qədər dilinin də varlığını vacib sayırdı. Tədrisin ana dilində aparılmasının vacibliyindən danışan ədib öz məqalələrində mütləq bu mövzuya müraciət edir, ana dilinin saflığına əngəl törədən problemlərdən söz açırdı. "Kart vizitləri üzərində adları rusca, dükan qabağındakı elanları əksərən rusca, dəftər-kitabları rusca, təqvimləri rusca, blankları rusca..." deyərək ürək ağrısı ilə yazan Üzeyir bəy ana dilinin qorunmasına təkcə bu haqda yazdığı silsilə məqalələrlə cavab vermirdi. Həm də xalq dilinin şirinliyindən istifadə edərək yazdığı əsərlərlə də ana dilinə xidmət edirdi.
Dilin bir xalqın yaşamasında, var olmasında, onun kimliyini, keçmişini, tarixini, yaddaşını qorumasında, psixologiyasını ifadə etməsində rolu danılmazdır. Hətta neçə əsr əvvəl müəyyən səbəblərdən Azərbaycanı tərk edib İraqda, Əfqanıstanda və dünyanın başqa yerlərində yaşamalı olan milyonlarla soydaşımız öz kimliklərini məhz ana dilini qorumaqla yaddaşa köçürə bilmişlər. Kərküklü tədqiqatçı Səid İrmaq yazırdı: "Vətən torpağı kiçilib genişlənə bilər, tamamilə əldən çıxa bilər, sərhədləri tükənə bilər, hətta şan və şərəfi tapdana bilər, dini dəyişdirilə bilər. Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir". Bəxtiyar Vahabzadə kərküklü alimə haqq verərək yazırdı: "Doğru sözdür. Öz doğma Azərbaycanından ayrılan, bir sözlə, alimin dediyi kimi, "doğma vətəni əldən çıxan" bu xalqı üstündən əsrlər keçməsinə baxmayaraq, yenə özü kimi yaşadan, milli mənliyini qoruyub saxlayan onun ana dilidir. Bu yerdə ana dilinin böyüklüyü qarşısında necə əyilməyəsən, necə baş əyməyəsən? Qərib eldə, yad mədəniyyətlər içində öz kimliklərini ancaq ana dilinin sayəsində qoruyub əsrdən-əsrə keçirənlər üçün dil həm xilasedici, həm birləşdirici xidmətdə olub".
Cənubi Azərbaycanda da ana dilimiz daim təqib və təzyiqlərlə üzləşmiş, uğrunda neçə-neçə insan zindan köşələrinə atılmış, dar ağacından asılmışdır. Ana dilində nəinki yazmaq, oxumaq, hətta bəzən danışmaq belə yasaqlanmışdır. Cənublu şair və yazıçılarla, inqilabçılarla bərabər, Azərbaycanın bu tayından olan şairlərimiz də soydaşlarının müdafiəsinə qalxmışdır. O tayda Şəhriyar:
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz...
...Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz,
- deyib dilimizi öyəndə, onun müdafiəsinə qalxanda bu tayda Süleyman Rüstəm daha kəskin, daha sərt olaraq:
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
- deyərək xalqın haqq səsini qaldırırdı.
Xalq şairi Bəxtiyar Vahabzadə də ana dilinin saflığı, azadlığı üçün daim mübarizə aparmışdır, təkcə şair kimi, ədəbiyyat adamı kimi deyil, həm də bir ideoloq kimi, ictimai xadim kimi. O, həmişə yüksək kürsülərdən səsini ucaltmış, ana dilinin müdafiəsinə qalxmışdır. "Ana dilim - ana köküm", "Mən aşiqəm, yasaq yoxdur dilimə", "Sözün şəhdi, dilin nəğməsi", "Dilimiz - ədəbiyyatımız", "Ana laylası, uşaq dünyası", "Dildə təbiilik və gözəllik" kimi məqalələrində də Azərbaycan dilinin saflığı, zənginliyi, necə təbliğ olunması məsələlərinə toxunmuş, ona biganə yanaşanları ittiham etmiş, dilin inkişafı üçün konkret təkliflər irəli sürmüşdür. Bəxtiyar Vahabzadə bir ziyalı, bir alim kimi özünü bu işdə məsul hesab edir, yeri gələndə sərt mövqe sərgiləyirdi. Şairin fikrincə, dilin qayğısına bütün xalq qalmalıdır, onu yad təsirlərdən qorumalıdır. "Dil xalqındır. Ona görə də dilin gözəlliyi keşiyində yalnız alim və yazıçılar, filoloq və jurnalistlər deyil, bütün xalq durmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur. Bu, ümumxalq işi, dövlət işidir". Bəxtiyar Vahabzadə dilimizi sevdirmək, onun poetik imkanlarını göstərmək üçün xalq ədəbiyyatı nümunələrini misal gətirir, klassik ədəbiyyatın yaradıcılarının əsərlərinə diqqət çəkirdi. Bir neçə bayatını nümunə gətirərək az sözlə dərin fəlsəfi fikir ifadə etməyi dilin intellektual səviyyəsinin göstəricisi hesab edirdi. Nəsiminin, Füzulinin şeirlərinin isə birdən-birə meydana çıxmadığını, onları məhz dilimizin tarixi inkişafının təzahürü kimi dəyərləndirirdi. Bəxtiyar Vahabzadə müasirlərinin, qələm dostlarının yaradıcılığına münasibət bildirəndə də mütləq onların bədii dilinə münasibət bildirir, dil sadəliyini mətnin əsas göstəricisi hesab edirdi. Şair, qeyd etdiyimiz kimi, dilin qorunmasını təkcə söz adamlarının vəzifəsi hesab etmirdi. O, sözünü eyni tələbkarlıqla məmurlara da deyir, onlara ana dilində yazılmış qəzetlərə abunə olmağı, ana dilində oxumağı tövsiyə edirdi. "Mən bu yaxınlarda Azərbaycan SSR Ali Sovetinin deputatı kimi seçicilərin tapşırığını həll etmək üçün Bakı şəhər XDS İcraiyyə Komitəsinin sədri O.Zeynalovun qəbulunda oldum. O, mənimlə iki kəlmə ana dilində danışa bilmədi. Halbuki Konstitusiya üzrə respublikada Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ana dilini bilmir, özü bilər. Amma ana dili dövlət dili kimi qəbul olunubsa, dövlət aparatının başında duran bu adamın dövlət dilini bilməməsini nə ilə izah etmək olar?"
Xalq şairi Vaqif Səmədoğlu ədəbiyyata 60-cı illərdə gəlsə də, ilk şeirləri 1963-cü ildə çap olunsa da, əsərləri əsasən sovet dövründə çap oluna bilməmiş, yazdığı əsərlər məhz Azərbaycan öz müstəqilliyini qazanandan sonra nəşr edilmişdir. Bunun bir səbəbi onun şeirlərindəki azadlıq, istiqlal mövzusu idisə, bir səbəbi də elə ana dilinin müdafiəsi idi. Onun yaradıcılığında ana dilinə yad münasibətdən qaynaqlanan bir narahatlıq və nigaranlıq var idi. Doğma dilə göstərilən ögey münasibəti şair bəzən ağrı, acı, təəssüf, böyük yanğı, bəzən isə kinayə ilə ifadə edirdi:
Yenə getdi ayrılığa,
Yaxın, doğma izləri.
Yenə qərib şeirə döndü
Ana dilin sözləri...
Ana dili Vaqif Səmədoğlunun şeirlərində elə vətənin özüdür. Ana dili Vaqif Səmədoğlu üçün Vətənin sərhədləri, azadlığı qədər dəyərli idi. Ana dili Vaqif Səmədoğlu üçün həm də yaddaşdır.
İstiqlal şairi Xəlil Rzanın "Ana dili" şeiri də maraqlı ədəbi nümunədir. Xəlil Rzanın bu əsərini ana dili haqqında yazılmış dastan, epopeya adlandırsaq, yanılmarıq. Ana dili yaşadıqca şərafətinin, əsalətinin yaşadığını deyən Xəlil Rza üçün ana dili babalardan bu günə qalan və sabahkı nəslə çatdırılmalı olan mirasdır. Ana dili qəhrəmanların qılıncının davamı, yarıya bölünmüş Azərbaycanı birləşdirən polad körpüdür. Xəlil Rza, müasirlərinin dediyinə görə, dilimizi yad ünsürlərdən, yad sözlərdən qorumaq üçün hətta maraqlı bir üslub işlədirdi: həmkarları ilə belə bir "oyun" oynayırdı. Kim öz nitqində rus sözü işlətsəydi, qarşısındakına 20 qəpik verməli olurdu.
Başqa bir şairimiz Tofiq Bayram isə
Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə.
Mən nankor deyirəm, nacins deyirəm,
Öz ana dilini bilməyənlərə!
- deyərək, ana dilimizi zirvələrə uçmağa kömək edən qanada, şərbətə, ana südünə bənzədir, ana dilini bilməyənləri fərari adlandırır, vətənin çörəyini, naz-nemətini onlara haram sayırdı. Ana dilini bilmədən, sevmədən Füzulini, Xətaini, Vaqifi, Vurğunu duyub hiss etməyin mümkünsüzlüyünü deyən şair elələri üçün Vətəni qürbət hesab edirdi.
Bu gün Azərbaycan dili yaşayırsa, dövlət dili səviyyəsində yüksək kürsülərdə səslənirsə, bunun əsas səbəbkarları aydınlarımız, söz adamlarımızdır. Onların bəzən birbaşa, bəzən dolayısı ilə apardıqları mücadilə dilimizi xoşagəlməz niyyətlərdən qoruya bilmişdir.
Dövlət səviyyəsində qayğı isə dilimizin mövqeyini daha da möhkəmləndirmişdir. Hələ hakimiyyətdə olduğu ilk dövrlərdə həmişə Azərbaycan dilinin qayğısına qalan Ümummilli Lider Heydər Əliyev deyirdi: "Dil hər bir millətin milliliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir". Ana dilini sevən Ulu Öndər həm də onun qayğısına qalmış, inkişafı üçün xeyli əhəmiyyətli addımlar atmışdır.
Bu gün də ana dilimiz dövlət səviyyəsində mühafizə olunur, imkanları genişləndirilir, xaricdə yaşayan soydaşlarımızın dilimizi öyrənməsi istiqamətində dəyərli və əhəmiyyətli layihələr işlənib hazırlanır. Ana dilimiz bizə gələcək nəsillərin əmanətidir, Vətənimiz kimi, sərhədlərimiz kimi, dəyərlərimiz kimi biz bu əmanəti onlara çatdırmaq üçün əl-ələ verməliyik.
Aygün BAĞIRLI,
filologiya üzrə fəlsəfə doktoru, dosent