04 Fevral 2026 09:05
309
Səhiyyə
A- A+
Xərçəng həyatın sonu deyil

Xərçəng həyatın sonu deyil


İnsanlar tarix boyu saysız-hesabsız xəstəliklərlə üzləşirlər. Onlardan bəziləri zamanla yox olub, bəziləri isə elmin inkişafı ilə nəzarət altına alınıb. Ancaq elə xəstəliklər var ki, əsrlər keçsə də, hələ də qorxulu mərəz olaraq qalır. Xərçəng xəstəliyi kimi...

Bu söz bir çox insan üçün ümidin azalması, qorxu, qeyri-müəyyənlik və psixoloji sarsıntı ilə assosiasiya olunur. Halbuki müasir tibbin gəldiyi nəticə göstərir ki, xərçəng nə qəfil ölüm hökmüdür, nə də müalicəsi mümkün olmayan bir xəstəlikdir. Elmi araşdırmalar sübut edir ki, xərçəng yeni yaranmış xəstəlik deyil. Alimlər bu xəstəliyin izlərinə təxminən 1,7 milyon il əvvələ aid tapıntılarda rast gəliblər. Bu fakt xərçəngin insanla bərabər "yaşadığını" və təkcə müasir həyat tərzinin nəticəsi olmadığını göstərir. Buna baxmayaraq, sənayeləşmə, ekoloji çirklənmə, qeyri-sağlam qidalanma, stres və zərərli vərdişlər xəstəliyin yayılma sürətini əhəmiyyətli dərəcədə artırıb.

Bu gün dünyada 200-dən artıq xərçəng növü mövcuddur. Onların yaranma mexanizmi oxşar olsa da, təsir etdiyi orqanlara, inkişaf sürətinə və müalicə üsullarına görə fərqlənirlər. Statistikalara əsasən, hər il dünyada təxminən 19,5 milyon insana xərçəng diaqnozu qoyulur. Mütəxəssislər bildirirlər ki, əgər profilaktik tədbirlər gücləndirilməzsə və erkən diaqnostika sistemləri genişləndirilməzsə, 2050-ci ilə qədər bu rəqəm 35 milyona çata bilər.

Xərçəngə qarşı qlobal mübarizənin gücləndirilməsi məqsədilə hər il fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi insanları maarifləndirmək, düzgün həyat tərzinə təşviq etmək və xərçəngin erkən aşkar edilə bilən bir xəstəlik olduğunu cəmiyyətə anlatmaqdır.


Xəstəliyin qarşısını almaq mümkündür


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib ki, xərçəngin yaranma səbəbləri hələ də tam şəkildə müəyyən olunmayıb. Onun sözlərinə görə, bu xəstəlik hüceyrələrin nəzarətsiz şəkildə çoxalması ilə xarakterizə olunur və orqanizmin normal tənzimləyici mexanizmlərinə tabe olmur. Məhz bu səbəbdən xərçəng bir çox hallarda gec aşkar edilir. Xərçəngin inkişafına təsir edən əsas risk faktorları sırasında genetik meyli, tütün və spirtli içkilərin istifadəsini, ionlaşdırıcı radiasiyanı, kanserogen maddələri, müxtəlif virusları, qeyri-sağlam qidalanmanı və ətraf mühitin çirklənməsini qeyd edirlər. Bu amillərin bəziləri insanın nəzarətindən kənarda olsa da, böyük bir hissəsi gündəlik həyat tərzi ilə birbaşa bağlıdır.

Həkim-onkoloq deyib ki, insanların öz sağlamlıqlarına qarşı məsuliyyətli yanaşması xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər: "İlk növbədə düzgün yuxu rejimi formalaşdırılmalı, balanslı və sağlam qidalanmaya üstünlük verilməlidir. Qida rasionunda təbii və mümkün qədər orqanik məhsullara yer verilməli, hazır və emal olunmuş qidalardan uzaq durulmalıdır. Gün ərzində üç dəfə qidalanmaq, axşam yeməyini isə gec saatlara saxlamamaq tövsiyə olunur".

Onkoloji xəstəliklərin artmasının cəmiyyət tərəfindən bəzən yanlış şərh olunduğunu qeyd edən mütəxəssis bildirib ki, bir çox insanlar bu artımı yalnız xəstəliyin yayılması ilə əlaqələndirir. Halbuki əhali sayı artdıqca bütün xəstəliklərin statistik göstəricilərində yüksəlişin müşahidə olunması normal haldır. Məsələn, avtomobillərin sayının artması yol-nəqliyyat hadisələrinin çoxalmasına səbəb olduğu kimi, əhalinin artması da xəstəliklərin aşkarlanma sayını artırır. Bu isə hər zaman xəstəliyin daha təhlükəli hala gəldiyini göstərmir.


Erkən diaqnoz və psixoloji dəstək sağalmanın əsas şərtidir


Onkoloqların fikrincə, xərçənglə mübarizədə ən mühüm amil erkən diaqnostikadır. Xəstəliyin ilkin mərhələdə aşkar olunması müalicənin effektivliyini dəfələrlə artırır. Təəssüf ki, bir çox hallarda insanlar yalnız simptomlar şiddətləndikdə və xəstəlik III-IV mərhələyə keçdikdə həkimə müraciət edirlər. Bu isə müalicə prosesini çətinləşdirir.

Azad Kərimli qeyd edib ki, hər bir xərçəng növünün özünəməxsus lokal əlamətləri var. Lakin bu əlamətləri gözləmədən, müntəzəm tibbi müayinələrdən keçmək daha doğrudur. Statistik məlumatlara əsasən, kişilər arasında daha çox ağciyər, traxeya və prostat vəzi xərçənginə rast gəlinir. Qadınlarda isə süd vəzi və uşaqlıq boynu xərçəngi daha geniş yayılıb. Buna görə də qadınlara 35 yaşdan sonra hər il mamoqrafiya müayinəsindən keçmək tövsiyə edilir. Kişilərin isə 40-45 yaşdan etibarən mütəmadi olaraq uroloq müayinəsi, qan analizləri və rentgen müayinələri etmələri vacib hesab olunur. Bu sadə addımlar xəstəliyin erkən aşkar olunmasına və həyat keyfiyyətinin qorunmasına ciddi töhfə verir.

Cəmiyyətdə xərçənglə bağlı dərin qorxu və təşvişin olduğunu deyən həkim-onkoloq vurğulayır ki, bu qorxu bəzən xəstəliyin özündən daha təhlükəlidir: "Psixoloji gərginlik insanın immun sistemini zəiflədir və müalicə prosesinə mənfi təsir göstərir. Halbuki xərçəng də bir çox digər xəstəliklər kimi sağalma potensialına malikdir. Bu xəstəlik həyatın sonu deyil. Xəstəlik vaxtında aşkarlanarsa, düzgün diaqnoz qoyularsa və müalicə strategiyası peşəkar şəkildə seçilərsə, tam sağalma mümkündür. Bu gün ölkəmizdə onkoloji xəstələrin müalicəsi müasir texnologiyalar və avadanlıqlar vasitəsilə aparılır".

Xərçənglə mübarizədə vaxtında atılan hər addım, gecikdirilməyən hər müayinə, laqeyd yanaşılmayan hər simptom insan həyatında həlledici rol oynaya bilər. Sağlamlığı prioritetə çevirmək, müayinələri vərdiş halına gətirmək və xəstəliyə qorxu ilə deyil, şüurlu yanaşma ilə baxmaq xərçəngin yaratdığı ağır fəsadların qarşısını almağın ən real yoludur. Müasir tibbin imkanları və artan maarifləndirmə göstərir ki, düzgün yanaşma ilə xərçəng insan taleyini müəyyən edən hökm yox, idarə edilə bilən bir sağlamlıq probleminə çevrilə bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST: Fövqəladə hallarda tibbi yardım göstərilməsi üçün 1 milyard dollar vəsait lazımdır  

10:59
04 Fevral

Azərbaycan neftinin qiyməti artıb

10:58
04 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:57
04 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:55
04 Fevral

Mərkəzi Bank uçot dərəcəsini azaldıb

10:52
04 Fevral

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNƏCƏK

10:42
04 Fevral

Qərbi Antarktidada pinqvinlər yox olma təhlükəsi ilə üz-üzədir

10:09
04 Fevral

NATO Qrenlandiyada yeni missiya hazırlayır

10:08
04 Fevral

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır  

09:57
04 Fevral

Azərbaycanda 8 ada tipli palçıq vulkanı mövcuddur  

09:57
04 Fevral

ABŞ-da qismən şatdaun ləğv edilib

09:56
04 Fevral

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

09:52
04 Fevral

Fransa hökuməti aylarla davam edən müzakirələrdən sonra milli büdcəni qəbul edib

09:10
04 Fevral

Xərçəng həyatın sonu deyil

09:05
04 Fevral

Üç şəxsiyyət, üç tale

09:00
04 Fevral

Oyun, yoxsa təhlükə

08:55
04 Fevral

Ana dili xalqın əmanətidir

08:50
04 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

08:45
04 Fevral

Dünya elminin azərbaycanlı ulduzu

08:40
04 Fevral

Leyla Əliyeva missiyasını davam etdirir

08:35
04 Fevral

Azərbaycan-BƏƏ enerji əməkdaşlığı şaxələnir

08:30
04 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!