17 Mart 2023 02:17
492
Mədəniyyət
A- A+

Orta əsr tədqiqatçıları Nizami Gəncəvinin milli kimliyi və vətəni haqqında

 

Mənim gizli mənalarımı aşikar aparırlar,
Buxaraya da aparsalar, onlar Gəncənindir.

Nizami Gəncəvi, "İskəndərnamə"

Yaxın və Orta Şərq, eləcə də Şərqi Avropa ədəbiyyatını uzun əsrlər özünün mövzu və ideyalarının təsiri altında saxlayan XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı Azərbaycanın milli-mənəvi və mədəni sərvəti kimi xalqımız üçün müqəddəs və toxunulmazdır. Məsələyə dövlət səviyyəsində həssas münasibət də məhz bununla bağlıdır. 
Nizami Gəncəvinin milli kimliyini və vətənini şübhə altına alanlara, daha doğrusu, əslində, həqiqəti bilib məsələ ətrafında qərəzli və süni şəkildə "tor quranlara" ən tutarlı və əsaslı cavab isə zaman etibarilə Nizamiyə yaxın olan ədəbiyyat xadimlərinin, təzkirəçi və söz sənətkarlarının bu barədəki fikir, mülahizə və işarələridir.
Bu baxımdan Nizaminin müasiri hesab olunacaq XIII əsr təzkirəçisi Məhəmməd Ovfinin "Lübabül-əlbab" əsərindəki fikirlərə diqqət edək. Nizami poemalarını yüksək qiymətləndirən, onları bütün gözəlliklərin xəzinəsi adlandıran XIII əsr müəllifi Məhəmməd Ovfi tərtib etdiyi və dahi şair haqqında məlumat verən ilk mənbə kimi dəyərli olan "Lübabül-əlbab" təzkirəsində "Leyli və Məcnun" poemasının üslubunu üzünü göstərməklə aqillərin ağıllarını başdan alan (dar) qıyıq gözlü Türküstan gözəllərinə bənzədir. Professor Xəlil Yusifli yazır ki, "onun (Məhəmməd Ovfinin - T.B.) bu qeydi poemanın özündən gəlir. Nizami özü Leylini təsvir edərkən "onu adamları özünə məftun etməkdə bir əcəm türkü", bugünkü sözlərlə desək, bir azərbaycanlı kimi təqdim edir".
Mahe ərəbi be rox nəmudən,
Torke əcəmi be del robudən. 
(Üzünü göstərməkdə ərəb ayı idi, 
Könül ovlamaqda əcəm türkü idi) 
Akademik Teymur Kərimli bu münasibətlə yazır: "Təbii ki, Nizaminin monumental qadın obrazları qalereyasında "ərəb paltarı geymiş türk" deyə təqdim etdiyi Leylinin də Şirinin ardınca öz yeri vardır.
Mövzusu tarixdə ərəb əfsanəsi kimi məşhurlaşmış sevgi hekayətindən götürülmüş, farsca yazılmış bir əsərdə ədəbiyyat bilicisini türk ruhunu, türk obrazlarını, Türküstan gözəllərini görməyə vadar edən nə idi? Nizaminin türk olduğunu etiraf edən və bu məsələyə çox ehtiyatla və həssaslıqla yanaşmağı tövsiyə edən, Nizamini fars ədəbiyyatında bir mərhələ adlandıran akademik Aqafangel Krımski də "Nizami və müasirləri" əsərində Ovfinin bu fikrinə etiraz etmir və yuxarıda qoyulan suala belə cavab verir: 
Səciyyəvidir ki, Nizaminin müasiri olmuş ədəbiyyat tarixçisi Ovfi poemanın bədiiliyini qiymətləndirməyi bacarsa da, onun "Türküstana aid olduğunu" etiraf etmişdir, yəni həm poemanın qəhrəmanlarında, həm də onların həyat tərzində, görünür, məşhur klassik ərəb-bədəvi aşiq cütlüyünü və ədəbi baxımdan tərifi göylərə qaldırılmış, natiqlik istedadı (fəsəha) ilə məşhur klassik ərəb məişətini deyil, Nizaminin uşaqlıq çağlarından doğma Gəncəsinin yaxınlığında yaxşı müşahidə etdiyi köçəri türklərin məişət və düşüncəsinin əksini görmüşdür. 
Əmir Teymur sülaləsinin nümayəndəsi İskəndər bin Ömər Şeyx Mirzənin (1409-1414) saray şairi olmuş, Nizaminin "Məxzənül-əsrar" məsnəvisinə eyniadlı məsnəvi yazmış çağatay-özbək şairi Heydər Xarəzmi əsərinin "Öyülən kimsənin adına fal açma, onu mədh etmə və söyləyənin gücsüzlüyü" bəhsində ustadı Nizami Gəncəvi ilə xəyali görüşünü təsvir edir. Şair onu "inziva taxtına çəkilmiş arif kişi" adlandırır və qələmi yonub şaha dua edərək əsərinə başlayan an onun gəlib nəsihət etdiyini yazır. Burada Heydər Xarəzminin Nizaminin dili ilə söylədikləri ibrətamizdir və hazırda mübahisə obyekti olan bəzi məsələlərə işıq salmaq üçün olduqca qiymətlidir. Heydər Xarəzmi təsvir edir ki, onun səsini eşidincə ayaqlarına düşdüm və o, bir damlası ilə dimağımı sərxoş etdi. Nizami onun qolundan tutub qaldırır və deyir:
Türk zuhuri-dur acun-da bu kün
Başla uluğ yır bile türkane ün.
...türk südurını tüzük birle tüz
Yahşı ayalgu bile kög-le kopuz.
(Bu gün türkün dünyada meydana çıxdığı gündür, Türkə yaraşan səslə böyük nəğməyə başla. ... türk nəğməsini üsulu ilə tərənnüm et, gözəl ahənglə qopuz çal  (qopuzu köklə)).
XIV əsrin sonları və XV əsrin əvvəllərində yaşamış bir söz sənətkarının, yəni ədəbi örpəyə bürünmüş siyasi "oyunlardan" tamamilə uzaq olan Heydər Xarəzminin bu misraları Nizami Gəncəvinin milli mənsubiyyəti haqqında uydurma və qərəzli polemikalar yaradanlara ən tutarlı və əsaslı cavabdır. 
Nizami ədəbi məktəbinin ən məşhur davamçılarından, türk dilində ilk "Xəmsə" yaratmış, "Mühakimətül-lüğəteyn" əsəri ilə türk dilinin ədəbi-bədii imkanlarını sübut etmiş Əlişir Nəvai ustadının ilk məsnəvisinə nəzirə kimi qələmə aldığı "Heyrətül-əbrar"da Nizami Gəncəvidən bəhs edərək onu "Gözəl və aydın danışmaq qabiliyyəti olanların (söz sənətkarlarının) dəstəsinin başının tacı, Həqiqət xəzinəsinin tacının gövhəri, Fəzilət mədəninin gövhərinin əmanət saxlayanı, Bəlağət dənizi içərisində qiymətli gövhər və s." adlandırır. 
"Gəncə vətən, könli anın gəncxiz" - deyən Nəvai Nizaminin könlünün Gəncədə xəzinələr yaratdığını, özünün xəzinədar, dilinin isə xəzinəsaçan olduğunu söyləyir.
Ümumiyyətlə, XV əsrədək olan mənbələrin hamısında Nizami Gəncəvinin  birmənalı olaraq Gəncədə doğulub böyüməsi, əsil-nəcabətinin də məhz Gəncədən olması haqqında bilgi verilir: adıçəkilən mənbələrdən başqa, Zəkəriyya Qəzvini "Asarül-bilad və əxbarül-ibad", Əbdürrəhman Cami "Baharıstan", Dövlətşah Səmərqəndi "Təşkirətüş-şüəra" əsərlərində məlum həqiqəti heç bir şübhə doğurmayan gerçəklik kimi, ən əsası isə heç bir qərəz olmadan, siyasi məqsəd güdmədən, Nizami Gəncəvi irsinə ümumbəşəri dəyər kimi yanaşaraq qələmə almışlar.
Əgər o Aydırsa, biz də Günəşik,
Və əgər o Keyxosrovdursa, biz Əfrasiyabıq ("Xosrov və Şirin").
Mənim türkümü bu həbəşdə almırlar,
Təəssüf ki, xalq xoş (şirin) dovğaya meyil etmir ("Yeddi gözəl").
Türklərin dövləti ucalanda
Məmləkətdə ədalət bərqərar oldu ("Sirlər xəzinəsi").

Təhminə  BƏDƏLOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video