Azərbaycan xalqı özünün müasir dövlətçilik tarixinin qürurverici dövrünü yaşayır. Ötən il Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası bu tarixin ən böyük hadisəsi oldu. Elə buna görədir ki, dövlətçiliyimizlə bağlı olan əlamətdar günləri də indi daha qürurla, ürəkdolusu ilə qarşılayırıq.
Bu gün isə Vətən müharibəsində Qələbəni bizə yaşadan Azərbaycan Silahlı Qüvvələrinin, ordumuzun günüdür. 23 ildir ki, iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu fərman tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.
Tarixi varisliyə önəmin nəticəsi kimi Silahlı Qüvvələr Gününü elan edən Ulu Öndər Heydər Əliyev həm də ordumuzun qurucusudur. Vahid komandanlığa əsaslanan Azərbaycan Ordusunun yaradılması həm də Heydər Əliyevin dövlət quruculuğunun ən şərəfli səhifələrindən biridir. Təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində ordu yaradılması üçün qətiyyətli addımlar atılmadı. Silahlı dəstələrin ayrı-ayrı şəxslərə tabe olması isə sonrakı dövrdə başıpozuqluğun yaranmasına və torpaqlarımızın müdafiəsiz qalmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə hakimiyyətə gəlişi zamanı faktiki olaraq ordu yox idi. Ona görə Ulu Öndər bütün işlərə sıfırdan başlamalı oldu. Amma müdrik siyasətçi Heydər Əliyev həm də qüdrətli sərkərdə idi və çətin şəraitdə, qısa müddətdə yaratdığı ordu Ermənistanın artan təcavüzünün qarşısını ala bildi, Füzili rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.
Ulu Öndər, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin yaratdığı, möhtərəm Prezident İlham Əliyevin gücləndirərək döyüş qabiliyyətinə görə dünyanın ən qüdrətliləri sırasına çıxardığı ordumuz bu gün hər birimizin fəxr yerimizdir. Söz anlamayan, diplomatik həll prosesində özünü adekvat aparmayan, təcavüz siyasətindən əl çəkmək istəməyən işğalçı Ermənistanı məhz rəşadətli ordumuz cəzalandırdı, hərb meydanında ona tarixi boyu unuda bilməyəcəyi dərs verdi. Ötən ilə qədər Silahlı Qüvvələr Günündə ordumuzla bağlı fikir bildirərkən qeyd edirdik ki, Ermənistanla aparılan sülh danışıqları baş tutmayacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Vətən müharibəsindən əvvəl isə çıxışlarının birində Prezident İlham Əliyev demişdi: “Bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.
Beləliklə, Ermənistan sözdən anlamadığı üçün 44 günlük Vətən müharibəsində söz Azərbaycan Ordusuna verildi. Sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibənin hər günü ordumuzun irəliləməsi, torpaqlarımızın işğaldan azad edilməsi, düşmən üzərində qazanılan qələbə ilə yadda qaldı. Ordumuzun hər bir uğurlu əməliyyatı onun gücünün təntənəsi, zabitlərimizin, gizirlərimizin, əsgərlərimizin vətənpərvərlik salnaməsi oldu. Vətən müharibəsi dövründə Azərbaycan hərbçisinin rəşadətinin, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdiyinin şahidi olduq. Azərbaycan Ordusu cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 gündə bütün dünyaya müasir döyüş əməliyyatlarını, yeni əsrin müharibəsini aparmağın nümunəsini göstərdi.
Bu böyük Qələbə həm də bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacarmağın nəticəsi idi.
Qədim yurdumuz Şuşanın işğaldan azad edilməsi isə ordumuzun yazdığı şanlı qəhrəmanlıq dastanına çevrildı.
Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki onun qurduğu ordu öz tarixi missiyasını layiqincə və şərəflə yerinə yetirdi. Şəhidlərimizin ruhu rahatdır, çünki uğrunda mübarizə apardıqları torpaqlarımız azad olunub. Dəmir yumruq isə yerindədir. İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı