Qasımov Nadir Sadıq oğlu 1928-ci il may ayının 22-də Bakıda anadan olmuşdur. 1941-1946-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. 1947–1953-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında (İohansonun emalatxanasında) oxumuşdur. 1953–1954-cü illərin beynəlxalq və respublika sərgilərində portret və mənzərə əsərləri uğurla nümayiş etdirilmişdir. Onların sırasında SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, qocaman neft ustası Gülbala Əliyevin portretləri xüsusi rəğbətlə qarşılanmışdır.
Rəssamın yaradıcılığında romantiklik ən çox bu səpkidən olan əsərlərdə duyulur. Belə rəngkarlıq nümunələrinə "Xəzərdə külək" (1991), "Dəniz coşur" (1975), "Xəzərin günəşi və küləyi" (1990), "Buludlu gün" (1991), "Dəniz və qayalar", "Xəzər dənizi" (1990) kimi əsərlərin adlarını çəkmək olar. "1990-cı ildə Xəzər üzərində" adlı mənzərə əsərində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi əks etdirilmişdir. Bu əsər rəssamın mənzərə vasitəsilə xalqının faciəsini obrazlı şəkildə göstərmək istedadını üzə çıxarmışdır.
Rəssamın sevimli mövzusu təkcə Xəzər olmamışdır. Tez-tez Azərbaycanın kənd və rayonlarında yaradıcılıq səfərlərində olan rəssam təbiətlə yanaşı sadə əmək adamlarına, qadınların zəhmətinə qiymət vermiş, onlardan ilham almışdır. Elə bunun nəticəsində 1960-cı illərdə onun "Pambıq dağında", "Çəltik sahəsində", "Analar", "Lənkəran bazarı", "Rəfiqələr", "Yüksək dağlar", "Lalələr", "Bizim torpaq" tabloları meydana çıxmışdır.
1961-ci ildə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunan ilk fərdi sərgisində rəssamın qədim və müasir Çinə həsr etdiyi 50-yə yaxın mənzərə və portret işi nümayiş etdirilmişdir.
Nadir Qasımovun yaradıcılığı 1940-cı illərin sonundan 2000-ci ilə kimi davam etmişdir. Onun əsərləri dəfələrlə dünyanın 50-dən çox ölkəsində - ABŞ da, Kanadada, Meksikada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə, Fransada, Misirdə, Yuqoslaviyada, Hindistanda, Livanda, Bolqarıstanda,Monqolustanda, Macarıstanda, Rumıniyada, Polşada, Çexoslovakiyada, Kubada, Türkiyədə nümayiş lunmuş və müxtəlif diplomlara və fəxri fərmanlara layiq görülmüşdür.
Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.
Nadir Qasımov 1958-1969-cu illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü, 1967–1969-cu illərdə Bakı Şəhər Sovetinin üç çağırış üzrə deputatı seçilmişdir. 1970–2000-ci illərdə İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, Boyakarlıq kafedrasının pro¬fes¬soru olmuşdur.Nadir Qasımov 2000-ci il mart ayının 10-da vəfat etmişdir. "Əməkdə fərqlənməyə görə" medalı, Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı, “Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adına layiq görülmüşdür. Bu il Xalq rəssamının 95 illiyi qeyd edilir.
İ.ƏLİYEVA,
“Azərbaycan”