Bir gün kiçik ekranlı "ağ-qara" televizorumuzun ekranında gürcü klassiki Mixail Cavaxaşvilinin "Günahsız Abdulla" televiziya tamaşasına rast düşdüm. Kaş ki baxmayaydım. Sanki dünyam alt-üst oldu. Əsərin baş qəhrəmanının ifaçısı aktyor Mikayıl Mirzə "səhnədə od tutub yanırdı". "Başına gələn" haqsızlığa, ədalətsizliyə qarşı etiraz edirdi. İndiyə kimi özünü bu dərəcədə ifadə edən bir sənətkara rast gəlməmişdim. Həmin gecə səhərə kimi Abdullanın "mən günahsızam" hayqırtısı qulaqlarımdan getmədi... 10 il haqsız cəza verilmiş bu zavallının taleyini düşünürdüm.
Bu hadisədən (hadisə sözünü heç də təsadüfən işlətmədim. Bu həqiqətən Azərbaycan teatr sənətində əsl hadisə idi. Bunu gənc aktyor Mikayıl Mirzə yaratmışdı) təqribən 10-15 gün sonra Akademik Milli Dram Teatrının qarşısında təsadüfən "günahsız Abdulla" ilə rastlaşdım. Onunla görüşüb azadlığa çıxması münasibətilə təbrik etdim. Ağzını qulağıma yaxınlaşdırıb pıçıltı ilə "Keşkə azadlığa çıxa biləydik. İndi biz hamımız SSRİ adlı böyük xalqlar həbsxanasının məhbuslarıyıq...", - dedi. Deyəsən, qorxulu söz deyirdi. Pıçıltı ilə danışırdı...
Sonralar Mikayıl Mirzə ilə daha tez-tez rastlaşdıq. Təbii ki, biz onu televiziya ekranlarında, teatr tamaşalarında görürdük. Bu böyük aktyor, bənzərsiz bədii qiraət ustası daha çox Məmməd Arazın şeirlərini söyləyərdi. Sanki göy guruldayan kimi guruldayar, ildırım kimi çaxar, dəli dağ çayı kimi axıb gedərdi. Vətən sevgisini və vətənə olan məhəbbətinin ifadə tərzini Məmməd Arazın şeirlərində tapardı.
Daha sonralar ürəyi azadlıq həsrəti ilə çırpınan Mikayıl Mirzəni Azadlıq meydanında Xəlil Rzanın şeirləri ilə meydanı coşduran gördük. Mikayıl Mirzənin səsi millətin səsi olmuşdu. Hara gedirdin, harada bir etiraz səsi var idisə, orada Mikayıl var idi. Mikayıl Mirzə şeirin fəlsəfəsini yaşayırdı. Obraz yaradırdı. Öz ifa tərzi ilə dinləyənləri ovsunlayırdı.
Aktyor Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) Talış kəndində anadan olub. Gözünü açıb dağ-dərə, eniş-yoxuş görən aktyor həyatın da bütün enişli-yoxuşlu yollarından keçib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirən Mikayıl Mirzə SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. İnstitutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyən aktyor 1976-cı ildən 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Akademik Milli Dram Teatrında çalışdığı illərdə aktyor L.Frankın "Yad adam" əsərində Qoca, Səməd Vurğunun "Vaqif"ində Kürd Musa, "Fərhad və Şirin"ində Fərhad, H.Cavidin "İblis"ində İxtiyar, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Zahid, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan, Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"nda Cinli Mustafa obrazlarını özünəməxsus şəkildə ifa edərək Azərbaycan teatr sənətinə öz möhürünü vurmuşdur.
Biz Mikayıl Mirzəni ölkəmizin siyasi səhnəsində də ciddi rol aldığını müşahidə edirdik. Mikayıl Mirzə 1980-ci illərdən başlayaraq sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. O, müxtəlif yerlərdə təşkil olunmuş məclislərdə, poeziya gecələrində inqilabi ruhlu şeirlər deyərdi, insanları mübarizəyə səsləyərdi.
Mikayıl Mirzənin fərqli aktyor olduğu inkarolunmazdır. Epizodik rollarda çəkildiyi obrazlar onun bənzərsiz ifa tərzi sayəsində əbədiyaşarlıq qazanıb. "Dədə Qorqud" filmində yaratdığı "gör qazan oğlan" obrazı filmə xüsusi kalorit qatıb. Aktyor "Ağlar-güləyən", "Anın quruluşu", "Babək", "Yeddi oğuldan biri", "Faydalı qazıntılar", "Qatır Məmməd", "Təbəssüm", "Üzeyir ömrü", "Yeddi oğul istərəm...", "Topal Teymur", "Türkün ulusu", "Min birinci söz" filmlərində də böyük ustalıqla öz sənətkarlıq qabiliyyətini nümayiş etdirib.
Mikayıl Mirzədə özünəməxsus təşkilatçılıq qabiliyyəti vardı. Vaxtdan səmərəli istifadə etməyi bacaran sənətkar Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni-Maarif Texnikumuna rəhbərlik edirdi.
Xalqımızın ictimai-siyasi həyatında yaxından iştirak edən, xalqın sevimli aktyoru Mikayıl Mirzə iki çağırış 1995-2000-ci və 2002-2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
22 may 1991-ci ildə Xalq artisti fəxri adına layiq görülən aktyor, bədii qiraət ustası 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunan aktyorun məzarı sənətsevər insanların ən çox üz tutduğu ziyarətgahdır.
Elşən QƏNİYEV,
"Azərbaycan"