24 Aprel 2022 01:08
1295
CƏMİYYƏT
A- A+
Ölümüylə ölümsüzlük qazandı

Ölümüylə ölümsüzlük qazandı

 

Səfurə ana asudə vaxtlarında  övladlarını başına yığıb ailə albomunu vərəqləyən, oğlu Müseyibə, qızlarına burada toplanmış fotoşəkillər haqqında ətraflı məlumat verməyi xoşlayardı. Məqsədi də bu idi ki, uşaqlar baba və nənələrini, yaxın qohum-əqrəbalarını yaxşı tanısınlar, məlumatlı olsunlar.

Belə günlərin birində 5-ci sinifdə oxuyan Müseyib tank üstündə oturmuş cavan kişini göstərib soruşmuşdu ki, ana, bu kişi kimdir? Səfurə ana qürurla: "Bu mənim atam, sənin baban Cəlil Quliyevdir. SSRİ ilə Almaniya arasında gedən müharibə zamanı çəkdirib bu şəkli. Döyüşlərdə göstərdiyi igidliyə görə orden və medallarla təltif olunub. Müharibə qurtarandan sonra doğma yurduna - Salyana qayıdıb. İlk vaxtlar rəhbər vəzifələrdə çalışıb. Sözü üzə dediyinə görə bəzilərinin ondan xoşu gəlməyib. O da bunu görüb, işdən çıxmaq üçün ərizəsini yazıb, onlardan uzaqlaşıb", - demişdi. Müseyibin tankın üstündəki şəklə diqqətlə baxdığını görən ana: "Böyüyəndə sən də baban kimi igid döyüşçü olmaq istəyərsənmi?" - deyə soruşanda balaca Müseyib başı ilə onun sözünü təsdiqləmiş, ana da çox sevinmişdi.

"Ot kökü üstündə bitər", - deyib atalarımız. Saleh atanın, Səfurə ananın ailə ocağında bir aslan böyüyürdü. Babası kimi igid olmaq, haqsızlığın kökünü kəsmək ən böyük amal kimi onun qəlbində yurd salmışdı. Erməni təcavüzü, Xocalı qətliamı ürəyini düşmənə qarşı qəzəblə doldurmuşdu.

Ay keçir, il dolanır, oxuduğu Salyan şəhər 1 saylı tam orta məktəbin 7-ci sinfini bitirir. Səfurə ana oğlunu götürüb Bakıya gəlir, sənədlərini C.Naxçıvanski adına Hərbi Liseyə verir. Müseyib liseyə qəbul olunur. Doğma evdən, məhəllədən, dostlarından ayrı düşmək əvvəl ona çətin gəlir, lakin vaxt keçdikcə öyrəşir. Dərslər, məşqlər, idman oyunları başını elə qatır ki, darıxmağa vaxtı qalmır. Təhsil aldığı 1992-1996-cı illər də heç bilmədi nə vaxt gəlib keçdi.

Daha peşəkar hərbçi olmaq, hərbi işin sirlərini dərindən öyrənmək arzusu M. Zeynalovu Heydər Əliyev adına Ali Hərbi Məktəbə gətirib çıxarır. Böyük arzulara çatmaq üçün çətinliklərə dözmək, tab gətirmək tələb olunurdu. Kursant kimi komandirlərinin hər bir əmr və tapşırıqlarını vaxtında yerinə yetirmək üçün səy və bacarığını əsirgəmir. 2000-ci ildə Ali Hərbi Məktəbi bitirib leytenant rütbəsi alır. 2000-2003-cü illərdə Gəncədə və Murovda yerləşən hərbi hissələrdə taqım komandiri, 2003-2014-cü illərdə Ali Hərbi Məktəbdə taqım, bölük komandiri, daha sonra tabor komandirinin tərbiyə işləri üzrə müavini və müəllim kimi fəaliyyət göstərir. Çoxlu sayda zabit kadrlarının hazırlanmasında xüsusi əməyi olur. Qüsursuz xidmətlərinə görə III, II və I dərəcəli medallara layiq görülür, mayor rütbəsinə yüksəlir. Nümunəvi xidmətinə görə Azərbaycan Ordusunun yubiley medalları ilə təltif olunur.

Amma torpaqlarımızın düşmən tapdağı altında qalması bir zabit, bir vətəndaş olaraq M.Zeynalovu bir an da rahat buraxmırdı. Səngərə atılmaq, düşməndən qisas almaq məqamını hər an gözləyirdi. Nəhayət, nəyin nə vaxt, necə ediləcəyi vaxt gəlib çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz

27 sentyabr 2020-ci ildə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı. Ən müasir döyüş sursatları, avadanlıqları ilə silahlanmış Azərbaycan Ordusu ildırım sürətilə ermənilərin 30 il ərzində qurduğu daş, beton səngərləri, yeraltı qərargahları, sədləri vurub dağıtdı. Bunu görən yağılar silah və sursatlarını atıb qaçdılar. 44 gün ərzində Qarabağımız azad oldu.

Cahanşümül qələbənin qazanılmasında mayor M. Zeynalovun da xüsusi rolu vardır. O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunması uğrunda gedən qızğın döyüşlərdə canını, qanını əsirgəmədən düşmənə qan uddurub. Tabeliyində olan əsgərlərə döyüş ruhu aşılayıb, hər birinə xüsusi qayğıkeşlik göstərib, ən çətin anlarda qabaqda özü gedib. Bu keyfiyyətləri gənc mayoru əsgərlərə hədsiz dərəcədə sevdirib. Hər uğurlu döyüşdən sonra əsgərləri başına yığıb hər birinə təşəkkürünü bildirib və bu zaman şən, şux zarafatlarından da qalmayıb.

Qubadlının azadlığı uğrunda gedən qanlı mübarizədə M.Zeynalov böyük qələbənin bir addımlığında - noyabrın 6-da strateji əhəmiyyətli posta Azərbaycan bayrağını sancarkən düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb.

Şəhidin bacısı, 8 saylı tam orta məktəbdə laborant işləyən Sitarə Zeynalova deyir ki, qardaşım işini sevdiyi kimi, dost-tanışları ilə də həmişə xoş münasibətdə olurdu. Tabeliyində olan əsgərlər, zabit yoldaşları onun xatirəsini yad etmək üçün tez-tez Salyana gəlirlər, anamı, övladlarını ziyarət edirlər. Sitarə xanım mobil telefonunu çıxarıb Müseyibin şəhid olduğu posta onun adının verildiyini, orada Azərbaycan bayrağının qaldırılması mərasimindən ona göndərilən görüntü ilə bizi tanış edir. Sonra söhbətinə davam edərək: "Beş bacının bir qardaşı idi Müseyib, - deyir. - İşimizlə, güzəranımızla həmişə maraqlanırdı".

Səfurə anadan oğlu haqqında danışmağı xahiş edirik. "75 yaşım var, - deyir. - Dünyanın hər üzünü görmüşəm. Həyat yoldaşım Salehlə birlikdə kirpiyimizlə od götürüb 6 uşaq böyütmüşük. Müseyibin itkisi atasını çox sarsıtdı. Oğlundan sonra ancaq 5 ay yaşaya bildi. Nə deyim, nə danışım?! Oğul itkisi ağırdır. Təsəllimiz odur ki, Vətən yolunda həlak olub. Qanı yerdə qalmayıb. Torpaqlarımız düşmən tapdağından azad olub. Prezidentimiz şəhid ailələrinə, qazilərə xüsusi diqqət yetirir, onların qayğısına qalır". Səfurə ana deyir ki, şəhidin övladları - oğlu Zeynal, qızı Səfurə də bu diqqət və qayğıkeşlikdən kənarda qalmayıblar.

Mayor Müseyib Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Rəşadər" ordeni ilə təltif edilmişdir. Salyan şəhərində küçələrdən biri indi onun adını daşıyır. Evdə tuncdan barelyefi qoyulub, ətrafı da gül-çiçəyə bürünüb.

Bəli, Vətən müharibəsində 3 minə yaxın şəhid verdik. Onların 60 nəfəri salyanlıdır. Hər birinin xatirəsi xalqımızın qəlbində yaşayır. Bu gün Salyan şəhərinin küçələri ilə addımlayarkən bir çox ünvanlarda şəhidlərimizin böyüdülmüş fotolarının şahidi oluruq. Kənd və qəsəbələrdə də belədir. Neçə-neçə bulaqlar onların adını daşıyır. Minik maşınlarının şüşələrinə qoyulan fotoşəkillərin altında yazılmış "Qayıdan torpaqlar, qayıtmayan qardaşlar" kimi sözləri oxuyanda kövrəlməyə bilmirsən.

Onlar torpaq, Vətən, haqq-ədalət uğrunda canlarından keçib şəhid oldular. Şəhidlik isə Tanrı məqamında ən uca addır. Şəhidlik zirvəsi onsuz da hər kəs üçün sonu ölümlə bitən həyatda şərəfli ad, bir də iz qoyub getmək deməkdir.

 

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar!

Yaşayan hər ömürdə qanınız, canınız var!

 

Siz yazdınız millətin tarixini qan ilə,

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulub min çiçəyə, min gülə.

Tərsiniz çiçək kimi, həmişə baharsınız!

Azərbaycan köksündə əbədi yaşarsınız!

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!