14 Dekabr 2023 08:20
3999
Səhiyyə
A- A+
Ölüm burulğanı

Ölüm burulğanı

 

Övladlarımızı narkomaniyadan necə qoruyaq?

 

O elə bəladır ki, insanın ağlını, sağlamlığını, mənəvi  keyfiyyətlərini məhv edib "sürünən ölü"yə çevirir...
O qədər qorxuludur ki,  insan həyatında ən ağır fəsadlar yaradır, onu cəmiyyətdən təcrid edir, əzizlərinin əlindən alır...
Yenicə "işə" başlayanda təbəssüm, gümrahlıq, "enerji" bəxş edən bu bəla, zamanla gücünü, qüvvəsini, həyat eşqini əlindən almaqla, üzündəki təbəssümü donuq, kədərli, insanlıqdan çıxmış sifətlə əvəzləyir... 
Bəzən tənhalıqdan, çarəsizlikdən, bəzən də problemlərdən, müəyyən psixoloji vəziyyətdən çıxış yolunu bu bəlada görərək onun girdabına düşənlərin əlindən tutan, düşdüyü bataqlıqdan dartıb çıxaran olmadığı üçün tədricən elə o burulğanda yox olurlar...
Taun kimi ən qorxulu xəstəliklərdən olan, irqindən, dinindən, yaşından asılı olmayaraq bütün bəşəriyyətə qənim kəsilən, sərhəd tanımayan narkomaniya bəlasının yaranma səbəbini, ondan qurtuluş, çarə yollarını araşdırmışıq...

 

"Ağ ölüm"ə qarşı valideyn məsuliyyəti

 

Narkotik maddələrdən istifadə edənlər çox yaşamır, bəzən gənc yaşlarında istifadə dozasının çoxluğundan dərhal ölür, bəzən isə aludəçiliyin qazandırdığı xəstəliklər nəticəsində həyatlarını itirirlər. Amma bu xəstələrin təcridi asılılıqdan xilas yolu sayılmır. Ən azından narkotik aludəçiləri üçün çarə bu deyil. 
Pis vərdişlərə yiyələnmə həvəsi, daha doğrusu "fərqlənmək" istəyi əsasən gənc yaşlarda başlayır. Bu yolda ailə, ətrafdakı insanlar, şəxsi iradə, böyük rol oynayır. 
Nə etməli, artıq "səndən adam olmaz deyib" atmalımı, yoxsa bu çirkabdan çıxmaq üçün əl uzatmalımı?
Çıxış yolu hər zaman var, təki insan bunu ürəkdən istəsin, ətrafdakılar kömək əlini uzatmaqdan, qınaqdan qorxmasınlar.
Hər il dünyada milyonlarla insan "ağ ölüm"ə doğru addım atır, minlərlə insan narkotikə qurşanmaq səbəbindən dünyasını dəyişir. Narkotikin vətəni Amerika, müəyyən dövrlərdə istifadəsinin geniş hal aldığı Avropa olsa da, artıq təhlükənin coğrafiyasında vəziyyət dəyişib. 
Türkiyəli psixiatr, professor Kültegin Ögel narkotik aludəçilərinin müalicə və reabilitasiyasında tibbin ən son yeniliklərini tətbiq edərək onların yenidən cəmiyyətə inteqrasiyasında mühüm rol oynayan, müalicə metodları ilə Türkiyənin qabaqcıl klinikalarından olan Moodist Psixiatriya və Nevrologiya Klinikasının baş həkimidir. O  deyir ki, dünyada narkotik istifadəçilərinin sayı getdikcə artsa da, Avropa və ABŞ-də bunun əksi müşahidə edilir. Çünki Qərb ölkələrində narkomaniyanın müalicə imkanları geniş olmaqla yanaşı, həm də xəstəliyin erkən diaqnostikası aparılır. Lakin bizim regionda, o cümlədən Türkiyə və Azərbaycanda narkotik istifadəçilərinin sayı ildən-ilə artır.
Professor bu sahədə davamlı araşdırmaların həyata keçirilməsinin vacibliyinə toxunaraq qeyd edir ki, hər il yeni növ narkotik maddələr yayıldığı üçün xüsusi tədqiqatlara ehtiyac var. İlkin mərhələdə isə narkomaniya ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Çünki narkotik istifadəsinə daha çox yeniyetmə dövründə başlanıldığı üçün ailələrin bu sahədə məlumatlı olması vacibdir. Övladının narkotik istifadə etməsindən şübhələnən valideynlər ona bildirmədən dəqiq məlumat toplamalı, daha sonra isə onu dinləməlidir. Çünki uşaqlar ailələrindən daha çox informasiyaya malik olduqlarına görə,  valideynlər ayıq-sayıq davranmalıdırlar. Məsələn, heç vaxt narkotik maddənin özünü və şəklini görməyən ata-ana maddəni evdə görsə də, nə olduğunu bilməyəcək.
Araşdırmalar da göstərir ki, əksər pis vərdişlərə yiyələnmə yeniyetmə yaşlarında daha çox müşahidə edilir. Ailədaxili problemlər, yanlış tərbiyə, uşaqların çevrəsi buna səbəb olan amillərdəndir. Belə demək mümkündürsə, dostlarını düzgün seçə bilməyənlər "tora düşürlər". Təbii ki, bu, adətən, ailədən qaynaqlandığına görə, valideynlərin övladları ilə doğru münasibətindən, düşünülmüş davranışlarından, əlaqələrindən, tətbiq etdikləri qaydalardan çox şey asılıdır. Burada əsas məqam ata və ananın hər bir övladına fərdi yanaşmasıdır. Çünki hansı ailədə doğulmaqdan, böyüməkdən asılı olmayaraq, hər kəs fərqli xarakterə sahib olur. 
Narkotik asılılığının səbəblərindən danışan professor Kültegin Ögel də bu məsələdə ailənin xüsusi rola malik olduğunu vurğulayır. Onun sözlərinə görə, narkotik istifadəsinin üç əsas səbəbi var, bu ailə, ətraf, genetik bioloji strukturdur: "Düzgün verilməyən ailə tərbiyəsi, ailədaxili münaqişələr, ata-ananın təşvişli olması belə problemlərə yol açır. Uşağın olduğu mühit də burada mühüm rol oynayır. Dostları arasında və ya ailəsində narkotik maddə və ya alkoqol istifadəçiləri olanlar, həmçinin zəif iradəlilər daha tez təsirə məruz qalırlar".
Psixiatr onu da qeyd edir ki, təkcə ailəsində və ya yaxın çevrəsində narkotik aludəçisi olan birinin gələcəkdə asılılıq qazanacağı mütləq deyil. 

 

Erkən müdaxilə ağır fəsadların qarşısını alır

 

Narkotikdən istifadəyə yeni başlayanları aşkarlamaq elə də asan deyil. Həkimin  sözlərinə görə, ümumilikdə narkotik asılılığı çox yavaş inkişaf edir, yəni istifadəçinin üzünə, gözlərinə, davranış dəyişikliklərinə baxaraq bunu anlamaq olmur. Xüsusilə yeniyetmələrdə bunu müəyyənləşdirmək çətindir, çünki bu dövrdə onlarda əsəbilik, dost-tanışını dəyişmək hallarına çox rast gəlinir. Bu isə həmişə həmin uşağın narkotik istifadəçisi olduğunun göstəricisi ola bilməz.
Mütəxəssis bildirir ki, valideynlər və uşaqlar arasında yaxşı əlaqənin olması bu baxımdan çox önəmlidir: "Əslində, uşaqlar ata-analarının onlara acıqlanmadıqları halda səhvlərini etiraf etməyə meyilli olurlar. Lakin uşaq pis vərdişini "siqaret çəkdiyini eşitsəm ayaqlarını qıraram" deyən valideynindən gizlətməyə üstünlük verir. Yeniyetmələr anlayışlı valideynlərə isə səhvlərini deməkdə daha ürəkli olurlar". 
Ümumiyyətlə, bir çox xəstəliklərdə olduğu kimi narkomaniyada da erkən müdaxilə ağır fəsadların qarşısını alır.
K.Ögel qeyd edir ki, xüsusilə yeniyetmə dövründə formalaşma getdiyi üçün narkotik vasitədən istifadənin daha tez aşkarlanması və erkən müdaxilə bəlanın qarşısını almaqda mühüm rol oynayır: "Alkoqollu içkilərə üstünlük verən məktəblilərin dərslərində müvəffəqiyyət göstəricisi aşağı düşür, nəticədə gələcək həyatı məhv olur. Lakin valideynlər bilməlidirlər ki, övladlarının bir dəfə narkotik maddədən istifadə etməsi dünyanın sonu demək deyil. Əsas olan 18-21 yaşına qədər bunu tərgitməsidir. Narkotik asılılığından tamamilə zərərsiz çıxmaq mümkün olmasa da, amma zərəri minimuma endirmək mümkündür. Narkotik istifadəsinə əsasən erkən yaşlarda başlanılsa da, bu dövrdə asılılıq halları çox müşahidə olunmur. Aşağı yaşlardan narkotik vasitələrdən istifadə edənlərin  gələcəkdə aludəçi olma ehtimalı isə 80 faizdir. 35 yaşdan sonra istifadəyə başlayanlarda isə asılılıq o qədər də yaranmır. Bu baxımdan ən riskli dövr yeniyetməlikdir". 
Həkimin dedikləri də göstərir ki, narkotik istifadəçilərinin ailə üzvləri və dostları tərəfindən kənarlaşdırılması, yaxınlarının çarəsizliyə düçar olmuş kimi aludəçidən əlini üzmələri çıxış yolu deyil. Hər çətinliyin mütləq bir həlli var, sadəcə bunu ürəkdən istəməli, istifadəçidə də bu istəyi yaratmaqla, onu gələcəyə inandırmaq lazımdır. 

 

Müalicədə tətbiq edilən yeniliklər

 

Moodist Psixiatriya və Nevrologiya Klinikasında fərdi, qrup və ailə terapiyasından birgə istifadə edilir. Kültegin Ögel bildirir ki, bu terapiyaların ayrı-ayrılıqda effekti olmur, çünki narkotik aludəçisinin özü ilə yanaşı, ailəsi və ətrafı da dəyişməlidir. Bu problemin ortaya çıxmasında, adətən, valideynlərin yol verdikləri səhvlər rol oynadığına görə, ilk növbədə, ailədaxili münasibətlərin dəyişməsi vacibdir. Qrup terapiyaları onlara bir çox bacarıqlar qazandırır. Bununla pasiyentlər səbirli olmağı, düzgün danışmağı, doğru münasibətlər qurmağı öyrənirlər. Fərdi terapiyalar isə psixoloji faktorları ortaya çıxarmaq üçün önəmlidir.
Professor qeyd edir ki, narkomaniyanın müalicə müddəti 12 aydır. "İlk bir ay orqanizmin təmizlənməsi üçün dərman müalicəsi tətbiq olunur. Üçüncü aya kimi xəstə müəyyən qədər özünü toparlaya bilir. 3-6 və ya 3-9 ayda isə reabilitasiya aparılır. Yeni həyata adaptasiya 12 ay çəkir. Hansı müddətdə narkotik istifadə etməsindən asılı olmayaraq, müalicə dövrü bir ildir", - deyə K.Ögel bildirir. Onun sözlərinə görə, son dövrlər müalicə məqsədilə narkotik maddə və alkoqol istəyini azaldacaq dərmanlardan, eləcə də 3 aylıq təsirə malik iynələrdən istifadə olunur. Bu zaman narkotik istifadə etsələr belə, həzz almadıqları üçün onu dayandırırlar. Müalicədə istifadə olunan dərmanları yalnız 17 yaşdan başlayaraq tətbiq etmək mümkündür. Daha aşağı yaşlı istifadəçilərin müalicəsində isə psixoloji terapiyaya üstünlük verilir.  
Baş həkim narkotik aludəçilərinin müalicəsi üçün çoxsaylı metodlar olduğunu qeyd edərək hər kəsə uyğun üsulun tətbiqinin vacibliyini bildirir: "Digər terapiyalar da dərman müalicəsi ilə yanaşı, aparılmalıdır. Müalicə bitdikdən sonra həmin şəxslərdə depressiv hallara çox rast gəlindiyinə görə onlarla vaxtaşırı görüşlər keçirilir. Əslində, narkotik aludəçilərinin 90 faizinin psixologiyasında müəyyən problemlər olduğundan asılılıq keçdikcə, bu yenidən ortaya çıxır". 
Mütəxəssis deyir ki, gənclər müalicəyə daha gec uyğunlaşırlar və ya ümumiyyətlə, uyğunlaşmaq istəmirlər. Həkimin fikrincə, bu, yeniyetmələrin digər məsələlərə yanaşmasında da belədir. Buna görə də narkoloji müalicə yaş qruplarına uyğun aparılmalıdır. Moodist bunu tətbiq edən qabaqcıl klinikalardan biridir. 
Həkim hətta "kaprizli" yeniyetmələrin xəstəxanadankənar müalicəsinin də mümkün olduğunu deyir: "Yeniyetmələr müalicə üçün klinikaya gəlmək istəməyəndə ailələri ilə görüşürük. Müalicəsini apardığım, lakin özlərini heç görmədiyim aludəçi gənclər var. Belə istifadəçilərin müalicəsi ailələri vasitəsilə aparılır, bəzən valideynlərə verilən tövsiyələr onların övladlarına münasibətini dəyişdirir, nəticədə isə narkotik asılılığına son qoyulur". 
Yəni narkotik istifadəçisinin özü klinikaya getmədikdə müalicə dövrünün daha çətin olmasına baxmayaraq, inkişafda olan tibb bunu mümkünsüz etmir. 

 

Narkotik aludəçilərinin 75 faizi asılılıqdan xilas ola bilər

 

Təcrübələr göstərir ki, narkotik aludəçiliyindən xilas olmuş şəxslər bu yola yenidən üz tuta bilərlər. Bu, əsasən, həmin şəxsin ailəsində və ətrafında heç bir dəyişikliyin olmaması ilə bağlıdır. 
Baş həkim qeyd edir ki, narkotik asılılığından xilas olmuş şəxslərin 70 faizi yenidən bu maddədən istifadə edə bilər. Orqanizm iki həftəyə narkotikdən təmizlənsə də, bu, həmin şəxsin bir də bu maddədən istifadə etməyəcəyi anlamına gəlmir. Ona görə də təkrar narkotik istifadəsinin qarşısını almaq üçün preventiv tədbirlər həyata keçirilməlidir. İstənilən halda dərman müalicəsi ilə psixoloji dəstək yanaşı aparılmalıdır.
Asılılıqdan xilas olmuş şəxsin boş-bekar qalmaması da təkrar istifadənin qarşısının alınmasında mühüm faktordur: "Aludəçilikdən azad olmuş şəxs hansısa işlə məşğul olmalıdır. Ətrafını dəyişməli, özünə baxmalı, məsuliyyətini dərk etməlidir.  Yalnız narkotik maddəni tərgitmək çıxış yolu deyil, həyat tərzini dəyişdirmək şərtdir". 
K.Ögel onu da vurğulayır ki, aludəçiliyin sosial statusla birbaşa əlaqəsi yoxdur. Maddi vəziyyəti çox yaxşı olsa da, narkotik və ya alkoqol asılılığından əziyyət çəkənlərin çoxluq təşkil etməsi bunu sübut edir. Burada əsas faktor narkomaniyaya meyilli insanın boş qalmaması, özünə hansısa məşğuliyyət tapmasıdır.  Səhərdən axşama kimi heç bir işi olmayanların, dostları ilə davamlı boş vaxt keçirənlərin aludəçi olma ehtimalı, təbii ki, yüksəkdir.
Həkim qeyd edir ki, narkotik aludəçilərinin 75 faizi asılılıqdan azad ola bilsə də, cəmiyyət 25 faizi daha çox görür. "Narkotik asılılığı müalicə oluna bilən xəstəlikdir" - elə əsas şüarın da bu olması sübut edir ki, mütləq ki, bir çıxış yolu, çarə var. 
Mütəxəssislər ailədaxili münasibətlərin uşaqların psixologiyasına böyük təsiri olduğunu daim vurğulayırlar. Bununla yanaşı, valideyn və uşaq arasında bağlar, güvən, inam da uşağın pis vərdişlərə yiyələnməsinin qarşısının alınmasında mühüm rola malikdir. 
Baş həkimin fikrincə, narkotik istifadəçilərinin ailələri ilə bağlı çoxlu araşdırma aparılıb. Narkotik asılılığından xilas olmada ailədaxili bağların möhkəm olması mühüm şərtdir: "Ailə üzvlərinin birlikdə vaxt keçirməsi - yemək yemək, gəzmək çox vacibdir. Bundan başqa, valideynlər və uşaqların əlaqələrinin yaxşı olması mühüm rol oynayır. Məsələn, birlikdə nələrisə müzakirə edə, söhbət edə bilirsizmi? Ata və ananın qaydaları tətbiq etmə bacarığı da bu xüsusda çox önəmlidir. Təcrübə göstərir ki, ən çox  problemlər ailələrin qayda qoymağı bacarmaması ilə bağlıdır". 

 

Cəmiyyətdən təcrid asılılığı daha da artırır

 

Mütəxəssislər qeyd edirlər ki, cəmiyyətdən uzaqlaşdıqca zərərli vərdişlərə asılılıq artır. Narkotik asılılığında məktəb həyatının da mühüm rolu olduğunu qeyd edən həkim bildirir ki, uşaq narkotik istifadə etdiyinə görə məktəbdən atılarsa, bu zaman daha çox boş vaxtı olduğu üçün narkotik aludəçiləri ilə oturub-duracaq. Bu baxımdan, həmin uşaqlar tədrisdən uzaqlaşdırılmamalı, daim nəzarət altında saxlanılmalıdırlar. Məktəbdən kənarlaşdırmaq əvəzinə, ona əlavə dərs yükü verilməlidir. Belə olan halda narkotik istifadəçisi digər uşaqlara da pis təsir edə bilmir. Onun göstəriciləri yüksəldikcə narkotikdən istifadəsi də azalır. 
Bununla bağlı Türkiyədə keçirilən layihənin nəticələri effektini verib. Belə ki, təcrübə müddətində məktəblilərə həftədə iki saat əlavə dərs verilib. Beləliklə, istifadəçilərin 60 faizi narkotik maddənin qəbulunu dayandırıb. Həkim əgər xəstə narkotiki tərgitmir deyə ona "bir də gəlmə" desə, asılılığı daha da artar. Narkotik istifadəçiləri müalicə ilə yanaşı, cəmiyyət arasında olduqları halda daha tez sağalırlar. Bəzi Avropa ölkələrində müəyyən narkotik maddələrin qanuni verilməsi də bununla bağlıdır. Həmin şəxsi cəmiyyətdən təcrid etməmək, qara bazardan daha ağır maddələr əldə etməməsi üçün belə addım atırlar. 
Narkotik asılılığının qaydasızlıq xəstəliyi olduğunu qeyd edən K.Ögel bildirir ki,  hədsiz qadağalar da, heç bir qadağa qoymamaq da qaydasızlıqdır: "Bir gəncə "saat 5-də evdə olacaqsan" demək mümkün deyil, çünki o yaşda birisini bu vaxt evə sala bilməzsən.  Amma "axşam gec qalma" demək də qayda deyil. "Saat neçəyə kimi" sualı ortaya çıxır. Valideynlər bir qadağa qoyanda onu ən azı 3 ay tətbiq etməlidirlər. Bəzən ata və ya ana bir qayda qoyur, sabah onu tətbiq etmir, bu da yanlış addımdır".
Onun sözlərinə görə, narkotikə meyilli insanlar üzərlərinə heç bir məsuliyyət götürmürlər. "Sən bunu edə bilməzsən", "bacarmazsan", "dəymə"  kimi sözlər ailənin övladına məsuliyyət yükləmədiyini göstərir. Bu baxımdan da professor illər ərzində bir dəfə olsun məsuliyyətini dərk edən narkotik istifadəçisi görmədiyini vurğulayır.  
Qeyd etdiyimiz kimi, narkotik istifadəçisini bu yola düşdüyü üçün ailədən məhrum etmək doğru addım deyil. Hər şeydən öncə ailə dəyərdir. Bir insan ən dəyərlilərini itirdikdən sonra sabaha ümidi qala bilərmi? Əlbəttə ki, yox! 
K.Ögel də vurğulayır ki, ümid olmadığı zaman insan eyni qalmağı seçir. Bu baxımdan çətin dönəmdə ailə üzvlərinin dəstəyi hər şeydən vacibdir. 
Son illərdə boşanmaların sayının artdığı məlumdur. Boşanma səbəbləri arasında narkotik və alkoqol asılılığının üçüncü yerdə olması daha diqqətçəkən məqamdır. Burada iki səbəb ola bilər. Ya narkotik və alkoqol istifadəçilərinin sayının artması, ya da əvvəlki dövrlərdən fərqli olaraq kişi və qadının bir-birinə dözmək məcburiyyətinin olmamasını düşünməsidir. Amma qeyd edək ki, narkotik və alkoqol istifadəsinə görə qadın və ya kişinin evi tərk etməsi, boşanması, ailə institutunun dağılmasına gətirib çıxarmaqla yanaşı, bəzən həmin insanların "ağ ölüm"dən heç vaxt xilas olmayacağı ilə bağlı ümidsizlik sindromuna, bəlkə də bu yuxudan ayılmamaq istəyinə səbəb olur.
Mütəxəssis deyir ki, ailədə narkotik istifadəçisi olduqda həyat yoldaşı ilkin mərhələdə ona həkimə gedib müalicə almağını və narkotikdən istifadəni 3 ay ərzində dayandırmağını istəməlidir. Narkotik vasitədən istifadə edəcəyi halda evi tərk edəcəyini deyə bilər. Amma mütləq vaxt verilməlidir. Üç ay sonra aludəçidə dəyişiklik varsa,  o zaman evliliyə davam edərək 12 aya qədər narkotik asılılığından xilas olması üçün şans verilir.  Bu halda təkrar qəbul etdiyi halda evdən gedəcəyi barədə xəbərdarlıq edə bilər.  Əgər şəxs narkotik istifadəsinə davam edərsə, o zaman evdən getmək olar,  amma bu vaxt da boşanmaq üçün tələsmək lazım deyil. Yoldaşımızın narkotik maddə istifadəsinə davam etdiyi halda boşana bilərsiz. Mərhələli şəkildə şans vermək lazımdır, çünki asılılıqdan xilas olmaq zaman tələb edir. 

 

Gizlilik narkomaniyanı inkişaf etdirir

 

Bəzən narkotik, alkoqol və tütün asılılığından xilas olmaqda hipnoz texnikalarının müəyyən rol oynadığını deyirlər. Professor qeyd edir ki, hipnoz yalnız siqareti tərgitmək üçün effektlidir. Bu da əsasən inamla bağlıdır və qısa vaxt təsiri olur. Bu üsulun narkotik asılılığın müalicəsində tətbiqi fayda vermir.  
K.Ögel sonda baş həkimi olduğu Moodist Psixiatriya və Nevrologiya Klinikasındakı yeniliklərdən söz açdı. Hazırda klinikada daha yaxşı və tez diaqnoz qoymaq üçün araşdırmalar davam edir: "Fərdiləşdirilmiş müalicə metodları üzərində işləyirik. Digəri isə aludəçinin asılılıq müddətində problemi ilə üzləşməsidir. Bu, psixoloji təlimdir. Üçüncüsü də asılılığın müalicəsinin necə davam etdiyinin müşahidə edilməsidir. Bununla bağlı elektron məlumat saytı yaradılıb və üzərində iş gedir". 
Professor Kültegin Ögel qeyd edir ki, mədəniyyətləri eyni olan ölkələrlə bu sahədə çalışmaq, tərcrübələri bölüşmək mümkündür. Bu baxımdan Azərbaycan və Türkiyənin bu sahədəki əməkdaşlığı effektivdir.
Narkomaniya həm də oxşar mədəniyyətə malik ölkələrin birgə problemidir. Məsələn, Türkiyədə kiminsə narkotik istifadə etdiyini danışmamaq, gizlətmə hallarının olması Azərbaycanda da mövcuddur. Gizlilik isə asılılığı inkişaf etdirir.  
Bir sözlə, yeniyetməlik elə bir dövrdür ki, onlar çox səhvlərə yol verə, pis vərdişlərə təhrik edilə və maraq göstərə bilirlər. Amma hər kəsin həyatda ən azı bir şans haqqı var.  Hələ də əsrin bəlasına çevrilən narkomaniyadan xilas olmağın yolu birlikdə mübarizədirsə, bunun üçün valideynlərin övladlarının etdiyi səhvləri ört-basdır etmədən onların sağlam gələcəyinə dəstəyi hər şeydən önəmlidir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!