Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. "Novruz"un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və genişdir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayram tarixi inkişaf boyunca qədim milli-mədəni köklərə və mənəvi qaynaqlara bağlı olmuşdur. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya dövlətlərində Novruz mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruz xalqımızın tarixi-genetik yaddaş kodlarını qoruyub saxlayan ən əziz bayramdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Novruz bayramı rəsmiləşdirilsə də, sovet hakimiyyəti illərində (1929-cu ildə) ləğv edilmiş, dini bayram sayılmışdır. Təqvimlərin, rəsmi bayram statuslarının təsiri nə qədər olursa olsun, "Novruz" özündə mövsüm mərasimi mədəni kompleksini qoruyub.
"Novruz" artıq beynəlxalq status qazanmış bayramlardandır. Orta Asiyadan Balkanlara qədər olan böyük bir coğrafiyada qeyd edilən bu qədim bahar bayramı artıq böyük təntənə ilə keçirilməkdədir. Əlbəttə, bu həm də milli mədəniyyətimizin dünyaya tanıdılması, humanist dəyərlərimizin beynəlxalq aləmə çatdırılması istiqamətində önəmli bir hadisədir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü mərhum Azad Nəbiyev "Novruz sülh, dostluq və humanizm bayramıdır" araşdırma məqaləsində Şərqin, eləcə də Azərbaycanın böyük bayramı olan Novruzun əzəli kökə malik tarixini, rəmzlərini, mənəvi-əxlaqi dəyərlərini, etiqadlarını oxucuların nəzərinə çatdırmışdır. Müəllif göstərməyə çalışmışdır ki, ruhunda humanizm idealları, sülh, dostluq olan bu bayram xalqımıza, el-obamıza, ailələrə bolluq, firavanlıq, əmin-amanlıq və xoşbəxtlik vəd edir.
Tanınmış alim Ədibə Paşayeva tədqiqata cəlb etdiyi "Novruz dünyanı bəzəyir" adlı əsərində XX əsrdə, xüsusən sovetlər dövründə Novruz bayramının qadağalara, yasaqlara məruz qalmasına baxmayaraq, bu milli sərvətimiz haqqında materialların toplanması, nəşri və tədqiqi sahəsində böyük zəhmətlər sərf etmiş F.Köçərli, Ə.Abid, H.Zeynallı, Vəli Xuluflu, Hümbət Əlizadə. S.Mümtaz, Y.V.Çəmənzəminli, M.H.Təhmasib kimi ziyalıların xidmətlərini təqdirəlayiq hesab etmişdir.
Tədqiqatçı alimlərin uğurundan xəbər verən "Azərbaycanda Novruz" ("Çıraq" nəşriyyatı, Bakı, 2012) kitabında xalqımızın, o cümlədən əsrlərcə Azərbaycanda yaşayan azsaylı xalqların yaddaşında, qanında, canında qorunub saxlanan Novruz bayramının yasaqlar dövründə necə yaşadılması barədə müəllif xatirələri yer almışdır. Mirzə İbrahimov, Aida İmanquliyeva, Teymur Bünyadov, Azad Nəbiyev, Vasim Məmmədəliyev kimi tədqiqatçıların Novruzla bağlı fikirlərini, elmi məqalələrini oxuduqca adamın qəlbində əsl Novruz ovqatı yaranır. Sanki belə bir bayramı yaşadığına sevinirsən. Xalq yazıçısı, akademik Mirzə İbrahimov Novruzun xalqın mifoloji təsəvvürləri ilə bağlılığı və xalq adətləri, rəvayətləri və s. barədə geniş məlumatlar vermişdir. Professor Aida İmamquliyeva "Novruz şərq ölkələrində" araşdırmasında Mərkəzi Asiya (Qazaxıstan, Sibir, Altay və Şimal Qərbi Çin türkləri - uyğurlar), Ön Asiya (Şərqi Anadolu, Zaqafqazya, Cənubi Azərbaycan və Özbəkistan türkləri) və Şərqi Avropanı (qaqauzlar, Krım, Bolqariya, Yuqoslaviya, Kipr türkləri) əhatə edən coğrafiyada yaşayan türk xalqları tərəfindən Novruz bayramının keçirilməsinin məzmun etibarı ilə eyni, şəkilcə müxtəlif olduğunu ortaya qoymuşdur. Aida İmamquliyeva Novruzun yaranması barədə M.Rəsulzadənin fikirlərinə yer vermiş, Mərkəzi Asiyadan Balkanlara qədər böyük bir ərazidə məskunlaşan türk xalqları tərəfindən Novruz bayramının keçirilmə formalarını təsvir etməklə yanaşı, bəzi ölkələrin sərhədləri daxilində yaşayan digər xalqlar tərəfindən Novruz bayramının qeyd olunması, inkişafı və müasir dövrümüzdə qorunub saxlanılması ilə bağlı dəyərli fikirlərini söyləmişdir.
Akademik Teymur Bünyadov "Novruz milli həyatın etnoqrafik aynasıdır" əsərində bu bayramın yaranmasını əkinçilik mədəniyyəti ilə əlaqələndirərək Qədim Şərqdə təşəkkül tapdığını və Azərbaycan xalqının bu bayramın yaranmasında, inkişaf etməsində öz töhfəsinin, payının və yerinin olduğunu bildirərək Novruzun tarixinin 4000 il bundan əvvələ təxmin edildiyini yazmışdır. Məqalədən aydın olur ki, Teymur Bünyadov etnoqrafik və tarixi faktlara, Azərbaycanın görkəmli alimlərinin əsərlərinə əsaslanaraq Novruzun yaranma tarixi və təşəkkülü ilə bağlı kifayət qədər geniş araşdırmalar aparmışdır.
Akademik Vasim Məmmədəliyev isə "Novruz və islam" əsərində bayramın tarixən hər cür siyasi görüş və əhvalatlardan uzaq olduğunu, elat həyatının bütün etnoqrafik gözəlliklərini özündə əks etdirən, yüksək ideyaları ilə xalqları birliyə, həmrəyliyə, qarşılıqlı anlaşmaya və dostluğa səsləyən bir bayram olduğunu qeyd etmişdir. Müəllif Novruz bayramının zaman-zaman siyasi və dini məhdudiyyətlərə məruz qaldığı, xalqımızın islam dinini qəbul etməsindən sonra keçirilməsi ilə bağlı baş vermiş proseslər barədə ətraflı yazmışdır.
Çərşənbələr mövsüm mərasimləri ilə əlaqəli arxaik bir təqvim olmaqla keçdiyimiz zəngin mədəniyyət tarixinin bir parçasıdır. Min illərdir mədəniyyətimizin digər nümunələri kimi, İlaxır çərşənbələr də yaz mövsümü mərasimlərimizi özündə əks etdirən hadisə kimi qorunur və yaşadılır.
Rəhman SALMANLI,
"Azərbaycan"