1991-ci ildə Uilyam Ştraus və Nil Houv elmi
ictimaiyyətə yeni "Nəsillər nəzəriyyəsi”ni təqdim etdilər. Bu nəzəriyyəyə görə,
hər yeni nəslin davranışlarına, düşüncə tərzi, ünsiyyət qurma, müştəri kimi davranmalarına
yaşadıqları dövrün xüsusiyyətləri təsir edir. Hər yeni nəsil özünəməxsusluqları
ilə əvvəlki nəsli təəccübləndirir.
"Nəsillər nəzəriyyəsi” sonradan daha da inkişaf
edərək bir sıra idarəetmə və biznes strukturlarında tətbiq edilməyə başlandı. Düzdür,
bəziləri hələ də bu nəzəriyyəyə ciddi yanaşmır, amma dərindən araşdırdıqda yaş kateqoriyalarının
müəssisənin həm korporativ mədəniyyətinə, həm də biznes mühitinə çox ciddi təsir
etdiyini görürük.
X,
Y, Z...
Bu nəsil nəzəriyyəsinə görə, təsnifatlandırma
belədir:
1.
Ənənəçilər və ya sakit nəsil: Onlara 1925-1945-ci illərdə anadan olanlar aiddir.
Bunlara "müharibə nəsli” də deyirlər.
2.
Çoxuşaqlı nəsil (Baby Boomerlər): 1946-1963-cü illərdə doğulanlar.
3.
X nəsli: 1964-1976-cı illərdə doğulanlar.
4. Y nəsli və ya "millennial”lar: 1977-1995-ci illərdə
doğulanlar.
5. Z nəsli və ya senteniallar: 1996 və ondan sonra doğulanlar.
Ümumiyyətlə,
bu nəsil qruplaşmasi nəyə lazımdır? Təbii ki, hər fərdin doğulduğu və yaşadığı mühit
birbaşa onun psixologiyasına təsir edir. Məsələn, Amerika və ya Kanadada, Avropada
anadan olmuş şəxslərlə, Azərbaycanda və ya keçmiş Sovet İttifaqı respublikalarında
doğulmuş şəxslərin psixologiyasında, dünyagörüşlərində, şəxsi və iş həyatına yanaşma
tərzlərində fərqlər olacaq. Bəs bu nəsillərin bir-birindən fərqi nədir?
Ənənəçilər və ya sakit nəsillə iş mühitində, xüsusilə də müasir müəssisələrdə
çox az qarşılaşırıq. Çünki olanların əksəriyyəti artıq təqaüddədirlər. Lakin təcrübə
baxımından həmişə dəyərli olublar. Çünki
sovet dövrünün dirçəlişini, eyni zamanda repressiyaların dəhşətini hiss etmiş insanlardır.
"Gəncliyində işlə, yaşlananda ye”
Çoxuşaqlı nəsil - "Baby-boomer”lər demoqrafik artımın olduğu dövrdə dünyaya
gələnlərdir. II Dünya müharibəsindən sonrakı dövrlərdəki şərait, kosmosa uçuş, o
dövrün böyük quruculuq işləri bu insanların psixologiyasına, həyat tərzlərinə çox
təsir göstərib. Bu nəsil mənsublarının gənclik illəri 1960-cı illərdəki mədəni dəyişikliklərə
təsadüf edir. Onların dünyaya töhfəsi gender bərabərliyi, irqi ayrı-seçkiliyə qarşı
mübarizə və ətrafa qarşı həssaslıqdır. Kollektiv iş və iclaslara əhəmiyyət vermək
bu nəslin əsas xüsusiyyətlərindən biridir. İşləməyi çox sevirlər. İş onlar üçün
şəxsi həyatlarından və ailələrindən də önəmlidir. Əsas devizləri "Gəncliyində işlə,
yaşlananda ye” prinsipinə əsaslanıb. Güclü tərəfləri sadiq, çalışqan, ünsiyyətcil,
qənaətcil olmalarıdır. Lakin dəyişiklikləri sevmir, texnoloji yeniliklərə meyilli
deyillər, poçt vasitəsilə göndərilən və alınan məktubları daha etibarlı hesab edir,
kompüter proqramlarını sevmir, internetdən sadəcə gündəlik xəbərləri oxumaq üçün
istifadə edirlər. Sosial şəbəkələrə çoz az faizi meyillidir. Ən zəif tərəfi onlara
qarşı çıxan insanlara radikal münasibət bəsləmələri və tənqidi sevməmələridir. Avtoritet
olmağı sevirlər. Səbirsizdirlər.
"Əvvəl özün, sonra iş”
X nəslinin təmsilçiləri özünü cəmiyyətə müxalif sayan, tənqidi
siyasi mövqeyi, özünəxas geyimi olan nəsildir. Onlar bir mövqeyə sahib olaraq, pul
qazanaraq və sosiallaşaraq özlərini sübut etməyə çalışırlar. İş həyatında sadiqdirlər.
Texnologiya dövrünə düşdükləri üçün məcbur qalıb ondan istifadə edirlər. İctimai
məsuliyyətləri və işdəki motivasiyaları güclüdür. Qayda-qanunlara tabe olmağı sevirlər.
Qadınların iş həyatına başlaması və uşaq istəyinin azalması da bu nəslə aiddir.
Azadlıqlarına düşkündürlər. İş həyatında idarə olunmaqdan çox qabiliyyətlərindən
istifadə edərək hədəfə çatmaq istəyirlər. Bu insanlar iş mühitində adətən ancaq
özlərinə güvənmək, alternativ düşüncə qabiliyyəti, hərtərəfli məlumatlılıq kimi
xüsusiyyətlərlə xarakterizə olunurlar.
Əsas devizləri
"Əvvəl özün, sonra iş”dir. Fərdi uğurları daha çoxdur. İş və şəxsi həyata hörmətlə
yanaşır, digər insanlardan da eyni hörməti gözləyirlər. Bu yaş kateqoriyasına aid
olan şəxslər adətən tək fəaliyyət göstərməyi sevirlər, individual nailiyyət qazanmağa
meyillidirlər. Karyera pilləkənlərində uzun illər boyunca ən aşağı vəzifədən başlayaraq
yuxarıya doğru və ancaq bir istiqamətdə hərəkət edirlər. Güclü tərəfi tez adaptasiya
olunan və tez öyrənə bilən olmalarıdır. Hər şeyə və hər kəsə şübhə ilə yanaşırlar.
Müəyyən qədər texnoloji yeniliklərə açıqdırlar, kompüter proqramlarında işləməyi
bacarır, yazışmalarda e-maillərdən istifadə
edirlər. "İş-həyat” balansını qura bilirlər.
"İnternet nəsli”
Y nəsli bir sıra çətinliklərlə üzləşmiş nəsildir. Onların yeniyetməliyi
1990-cı illərə düşür. Dünyanın iki geosiyasi qütbündən biri SSRİ-nin dağılması,
müharibə, bu günədək davam edən hərbi münaqişələrlə, iqtisadi problemlərlə məhz
bu nəsil qarşılaşdı. İqtisadiyyatla bərabər dünyagörüşü, mentalitet və psixologiya
da dəyişikliyə uğrayır. Bu da birbaşa onların həyat və iş fəaliyyətlərinə təsirini
göstərir.
Bu nəslin
müvəffəqiyyət düsturu fərqlidir. Onlar dərhal yüksək əməkhaqqı ödənilən yuxarı vəzifələrə
təyin olunmaq istəyirlər ki, bu da onların başlıca mənfi xüsusiyyətidir.
Y nəsli müasir
biznesin sütunudur, çünki bu şəxslər texniki cəhətdən savadlı, artıq iş saatlarında
işləməyə meyilli və daim öz üzərində çalışan olurlar. Y nəslinə "internet nəsli”
də deyirlər. Bu nəslin təmsilçiləri istədiklərinə nail olacaqlarını düşünürlər.
Onlar valideynlərindən fərqli olaraq texnologiyaya daha yaxşı bələddirlər. Motivasiya
üsulları digərlərindən fərqlidir. Qazandıqları gəlirdən çox, ictimai yardımlar,
müddətsiz iş rejimi kimi özlərini rahatladan səbəblərə yönəlirlər. Onlar üçün gördükləri
işin təqdir edilməsi əhəmiyyətlidir. İş vasitəsilə özlərini göstərmək, bir neçə
işi eyni vaxtda görmək, hər şeyi anlamağa çalışmaq, tez qərar vermək istəyirlər.
İş və özəl həyat arasında tarazlıq, məsuliyyət, hörmət, həmişə öyrənmək, əyləncə,
istədiyini tez əldə etmək və s. - bunların hamısını iş həyatında axtarırlar. Tənqidi
sevmirlər. Bəzilərinin tez-tez iş dəyişdirməkdən xoşları gəlir.
İlk rəqəmsal insanlar
Z nəslinə "i Gen”, "instant online” (həmişə xətdə) də deyilir. Ümumiyyətlə,
Z nəslini müxtəlif adlarla çağırırlar: senteniallar, "ev quşları”, "yeni sükut nəsli”,
"MənMənMən” nəsli, rəqəmsal insanlar... "Nəsillər nəzəriyyəsi”nin müəllifləri bu
nəsli fərdiyyətçiliyə əhəmiyyət verən və yalnız yaşayan nəsil adlandırırlar. Bu
nəsil digər nəsillərdən çox fərqlənir. Alimlərin fikrincə, tarixdə ilk dəfə insanlar
öz əcdadlarından bu dərəcədə köklü şəkildə fərqlənir. Adətən ünsiyyətcil, özünə
inamlı (bəzən də özündən razı), çoxyönlü, sərbəst fəaliyyətə, əyləncəyə meyilli,
bununla belə, təhsilini və öz üzərində işləməyi də unutmayan bir nəsildir. İş onlar
üçün sadəcə həyatlarının bir parçasıdır. Dəyişikliklərə və yeni mühitə çox tez uyğunlaşırlar.
Mənfi tərəfləri isə nizam-intizamın olmaması, daim nəzarətdə olmaq ehtiyacıdır.
İş yerlərində əsas ab-havaya diqqət yetirirlər. Bu nəsli tabletlərsiz, smatfonlarsız,
ən son texnoloji yeniliklərsiz təsəvvür etmək mümkün deyil.
Onlar fəal
şəkildə elektron alətlərdən istifadə edirlər. Bizim innovasiya adlandırdıqlarımız
onlar üçün adi reallıqdır. Bu insanlar, sözün əsl mənasında, ilk rəqəmsal insanlardır.
Onlar qloballaşma və postmodernizm dövründə dünyaya göz açan nəsildir. Z nəsli təbiət
elmləri və texnologiyalar ilə maraqlanır.
Bugünkü şagirdlər
yalnız Z nəslinin nümayəndələridir. Alimlər Z nəslinin valideynlərini "rəqəmsal
immiqrantlar” adlandırırlar. Qəribədir, elə deyilmi - bu rəqəmsal dünyanın tamhüquqlu
"vətəndaşları” olan Z-lərə "immiqrantlar” (X və Y-lər) rəqəmsal dünyada uğurlu olmağı
öyrətməyə çalışır.
Onlar elektron
vasitələr olmayan dünyanı təsəvvür etmirlər. Hər addımda elektron əlavələrdən ustalıqla
istifadə edirlər. Z nəsli dünyanı virtual və real olmaqla iki hissəyə bölmür. Onların
aləmində hər iki dünya tam harmoniyadadır. Multikultural mühitdə yaşayan bu nəslin
nümayəndəsi həmsöhbətinin kimliyi ilə maraqlanmır. Deyirlər, bu, ən dözümlü və sülhsevər
nəsil olacaq.
Lakin Z nəslinin
mənfi cəhəti konsentrasiya bacarığının zəif olmasıdır. Onlarda bir obyekt üzərində
konsentrasiyanın orta göstəricisi 8 saniyədir. Böyükhəcmli informasiyanı qavramaqda
çətinlik çəkirlər. Z nəsli uşaqları arasında diqqət əskikliyi sindromu və hiperaktivlik
geniş yayılıb. Bu səbəbdən oxumağı deyil, baxmağı üstün tuturlar. Şagirdlər minimum
vaxt ərzində maksimum informasiya almağa çalışırlar. Üç toxunuşla dünyanın dörd
bir tərəfindən istənilən informasiyanı ala bilirlər. Z nəsli kəşflər etmək, tədqiqat
aparmaq, layihə hazırlamaq həvəskarıdır.
Hələ iş həyatına
başlamadıqları üçün onlar haqqında nəsə demək çətindir. Standart işləri görmək istəməyəcəkləri,
daha çox mühəndislik, biomühəndislik, robotlaşdırma və incəsənətlə məşğul olacaqları
ehtimal edilir.
Z nəslindən
sonra yaranacaq yeni nəsli isə psixoloqlar "Alfa nəsli” adlandırırlar. Hazırda
"alfa” nəsli formalaşmaqdadır və yəqin ki, onların həm şəxsi həyat, təhsil və iş
həyatlarına yanaşması çox fərqli olacaqdır.
Xəyalə MURADLI,
"Azərbaycan”