Azərbaycan milli mətbuatı yarandığı dövrdən çətin sınaqlara tuş gəlməsinə, təzyiqlərə, repressiyalara məruz qalmasına baxmayaraq, mətbuatın sözün həqiqi mənasında fədailəri adlandıracağımız jurnalist, mühərrir və publisistləri ölkəmizin azadlığı, müstəqilliyi, xalqımızın idealları, amalları uğrunda şərəfli mübarizə aparıblar.
15 sentyabr 1918-ci ildə Bakının düşmən işğalından azad edildiyi tarixi gündə həyata vəsiqə qazanan "Azərbaycan" qəzetinin peşəkar heyəti də fəaliyyəti cəmi iki il sürən nəşrdə vətənin istiqlalı, xalqın hürriyyəti naminə qələmlərini istibdadı, zülmü dağıdan külüngə çeviriblər. 72 illik məhbus həyatından sonra da Cümhuriyyət "Azərbaycan"ı vətənin bütövlüyünə və suverenliyinə uzanan möhtəşəm bir salnamə yaratdı. Amma bu dəfə müasir Azərbaycanın salnaməçisi "Həyat", sonra isə "Azərbaycan" qəzeti olaraq. Müstəqilliyimizin rəmzinə çevrilən "Azərbaycan" qəzeti həm də bütöv və suveren Azərbaycanın atributu kimi adını tarixə yazdırdı.
1990-cı illərdə "Azərbaycan" qəzeti yenidən işıq üzü görəndə ölkəmizin ən acınacaqlı, ən ağır dövrü idi. Əraziləri işğal altında, bir milyondan çox qaçqın və məcburi köçkünü olan, daxili böhran, parçalanma yaşayan respublikamızın həmin faciəvi günlərini səhifələrində tarixə çevirən parlamentin mətbu orqanı Ulu Öndər Heydər Əliyevin qurtuluş missiyası sayəsində ağ günlərə çıxan Azərbaycanın ictimai-siyasi həyatını işıqlandırmaq kimi müstəsna şansa sahib oldu.
"Azərbaycan" Ulu Öndər Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir" şüarını əldə əsas tutaraq bu günün özünə qədər də səhifələrində vətənpərvərlik ruhundakı yazılara geniş yer ayırır. Tam mübaliğəsiz deyə bilərik ki, qəzetin hər nömrəsində vətənpərvərlik mövzusuna həsr olunmuş reportajlar, müsahibələr, şərhlər dərc olunur.
Birinci Qarabağ müharibəsi zamanı az qala əliyalın şəkildə düşmənin top-tüfənginə qarşı savaş verən vətən övladlarımızın qəhrəmanlıqları, Aprel, Günnüt qələbələri zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz şücaətlər barədə silsilə yazılar hər zaman qəzetdə öz yerini alıb.
Başqa cür də ola bilməzdi. Müstəqil dövlət olsaq da, torpaqlarımız işğal altında idi, suverenliyimiz tam təmin olunmamışdı. Qarabağı, Şərqi Zəngəzuru görmədən böyüyən bir nəsil yetişirdi. Buna görə də milli ideologiya, vətənpərvərlik istiqamətində dövlətimizin gördüyü işlərə "Azərbaycan" qəzeti də bu cür vətənpərvərlik mövzularına həsr edilmiş yazılarla dəstək verirdi. Məqsəd də, amal da, fəaliyyət də vahid Azərbaycana nail olmaq idi.
Zəfər uğrunda "Azərbaycan" da qələmini süngüyə çevirdi
Bizi tarixi zəfərə aparan İkinci Qarabağ savaşında "Azərbaycan" qəzetində çalışan jurnalistlər də qələmlərini süngüyə çevirdilər. Torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qalxan igid döyüşçülərimizin şücaətlərini, onların qazandıqları şanlı qələbələrin tərənnümünü səhifələrində işıqlandıran qəzetin bütün saylarından Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin "Qarabağ Azərbaycandır!" haqq nidasının sədası ucalırdı. Qalib lider İlham Əliyevin "X" sosial şəbəkəsində ərazilərimizin azadlığı barədə verdiyi müjdələr nəşrin səhifələrində öz əksini taparaq xalqımızın qələbə coşqusu ilə bir ahəng təşkil edirdi.
44 günlük Vətən müharibəsi dövründə "Azərbaycan" qəzetinin bütün əməkdaşlarının qələmə aldıqları çoxsaylı məqalələrdə xalq-ordu-dövlət birliyinin yaratdığı "dəmir yumruğ"un zəfər reallığı əks olunub.
Həmin dövrdə Bəxtiyar Sadıqovun "Üç cəbhənin sərkərdəsi", Rəşad Baxşəliyevin "Zəfər gündəliyi", Rəşad Cəfərlinin "Azərbaycan Ordusu tarix yazır", İradə Əliyevanın "Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır", Flora Sadıqlının "Salam, Qubadlı - dağlar diyarı, qəhrəmanlar yurdu!", Rəhman Salmanlının "Qələbə rəmzi", Zöhrə Fərəcovanın "Tarix yazan xilaskar ordu", Rüstəm Kamalın "Döyüş meydanında da, danışıqlar masasında da biz güclüyük!", özümün müəllifi olduğum "İlham Əliyev: Kəlbəcər bizimdir" adlı yazılar və digər qələmə alınan çoxsaylı məqalələr İkinci Qarabağ savaşını bütün parametrləri ilə gözlər önünə sərir.
Bu mənada tam əminliklə demək olar ki, yüz illər sonra da "Azərbaycan" qəzeti Zəfər salnaməsinin öyrənilməsi üçün əvəzolunmaz məxəz olacaqdır.
44 günlük Vətən müharibəsi dövründə düşmən cəbhədən kilometrlərlə uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tutaraq terror aktları törədirdi. "Azərbaycan"ın əməkdaşları törədilən həmin faciələri də işıqlandıraraq gələcək nəsillərimiz üçün tarixə çevirirdilər. Lazım Quliyevin "Erməni işğalçıları dinc əhalinin qətliamını davam etdirirlər" adlı yazısında düşmənin növbəti vandallıq aktı əksini tapıb.
"Yurdu yaşadan qəhrəmanlar"
"Azərbaycan" qəzetinin hər bir nömrəsində müxtəlif rubrikalar altında vətənpərvərliklə bağlı məqalələr yer alır. "Zəfər zirvəsini fəth edənlər", "Biz qayıtdıq, Vətən!", "Şəhidlər ölməz, vətən bölünməz", "Vətən deyəndə", "Tarix yazan oğullar", "Biz daha köçkün deyilik", "Vətən oldu oğullar!", "Ölməzliyə qovuşanlar", "Yurdu yaşadan qəhrəmanlar", "Vətən üçün doğulanlar" adlı rubrikalarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidliyə ucalan vətən övladlarının həyatına, Qarabağ zəfərinin qazanılması üçün misilsiz xidmətlər göstərən qəhrəman oğullarımızın şücaətinə, birqərinəlik həsrətdən sonra yurduna dönən insanlarımızın qayıdış sevincinə həsr olunmuş yüzlərlə yazı qələmə alınıb.
Vahid Məhərrəmovun "Cəsarəti ilə əbədilik qazandı", Ülkər Xaspoladovanın "Adı kimi hünərlidir", Züleyxa Əliyevanın "Əliyarın dönüşü - 34 ilin səssiz şəhadəti", Əsmər Qardaşxanovanın "Şanlı zəfər yaralarımızın məlhəmi oldu", Elşən Qəniyevin "Anasının baxışlarında yaşayır", Zöhrə Fərəcovanın "İşıqlı xatirələrdə yaşayan Vətənin mərd oğlu", Seyran Cavadovun "Qəhrəmanlıq yolu" adlı yazılar da bu qəbildəndir.
"Əliyarın dönüşü - 34 ilin səssiz şəhadəti" adlı məqalədə müəllif yazıya sonluğu bu cür verir: "Beş il əvvəl noyabrın 8-də göylər torpağa baş əydi, Vətən nəfəs aldı. O gün qazanılan Zəfər bu xalqın yaddaşına, ruhuna, qanına həkk olundu. Zəfər bizim yaddaşımızda və damarlarımızda axan bir həqiqətdir. O həqiqət bizə torpağı qorumaq, onu sevmək, gələcəyə daşımaq üçün şərəf, qürur və məsuliyyət verir. Çünki Zəfər sonsuzluğa yazılmış şərəfli adımızdır..."
"Şanlı zəfər yaralarımızın məlhəmi oldu" adlı müsahibədə Xocalı sakininin vətən sevinci belə ifadə olunub: "İllərlə torpağından didərgin salınmış Valeh Hüseynov bu gün qürurla dayanır Vətən torpağında. Ağrılı-acılı günlər unudulmur, amma yaraların məlhəmi tapılanda yavaş-yavaş sağalır.
Yanvar ayında ilk dəfə Xocalıya gedəndə bir neçə saat şokda oldum. Soruşurdular "hara gedirsən?", deyirdim Xocalıya. Bu, gözlənilməyən bir ifadə idi: "Gedirəm Xocalıya". Gecəni orada qaldıq. Səhəri gün özümə gəldim ki, artıq Xocalıdayıq".
"Cəsarəti ilə əbədilik qazandı" sərlövhəli məqalədə uca şəhidlik məqamı öz əksini tapıb: "Şəhidlik Vətənə olan sonsuz sevginin nəticəsidir. Şəhidlik həm də şərəf, qeyrət və çoxlarının çata və yetə bilmədiyi ucalıq zirvəsidir. Bu zirvəyə yetişmək hər insana nəsib olmur. Bu yüksək məqama yalnız və yalnız seçilmişlər çata bilirlər. İkinci Qarabağ müharibəsinin od-alovunda bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda cəsarətlə vuruşan, qorxunu heç vaxt özünə yaxın buraxmayan tank komandiri gizir Səbuhi İbrahim oğlu Səmədov da belə oğullardan biridir".
"Konstitusiya və Suverenlik İli" rubrikası altında ilboyu Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edən məqalələr qəzetin səhifələrində yer alıb.
"Azərbaycan"ın əməkdaşı olmuş şəhid Elgün İsmayılovun xatirəsi artıq 23 ildir çalışdığı qəzetin redaksiyasında böyük ehtiramla yad edilir, xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsi təşkil olunur. Hər il Elgünün doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı məzarını ziyarətlə başlayır. Tədbirdə "Azərbaycan" qəzetində ənənəvi vətənpərvərlik mövzusuna həsr olunmuş yaradıcılıq müsabiqəsinə yekun vurulur və qaliblər mükafatlandırılırlar.
Sözlə mübarizə aparan cəfakeş jurnalistlərimizin, publisistlərimizin ən böyük amalı Azərbaycanı azad, müstəqil, suveren görmək olub.
Nə xoşbəxtik ki, biz müasir dövrün jurnalistləri olaraq həmin milli idealların hamısının təmin olunduğu bir zamanda yaşayırıq, yaradırıq.
Bu gün 10.000-ci sayı işıq üzü görən və səhifələrində müstəqil, suveren ölkəmizin qüruru duyulan, bütöv Vətənin səsinə, simasına çevrilən "Azərbaycan" qəzeti yenə də vətənpərvərlik adlı müqəddəs missiyasını davam etdirərək tarix yazacaq və gələcək nəsillərimizə ötürəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"