15 Mart 2025 08:00
271
PARLAMENT
A- A+
Nazirlər Kabinetinin hesabatı dinlənilib

Nazirlər Kabinetinin hesabatı dinlənilib


Martın 14-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə, martın 10-da və 11-də başçılığı ilə nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə məlumat verib. 

Milli Məclisin Sədri qeyd edib ki, rəsmi səfərin ilk günündə  Tbilisi şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi ziyarət edilib, abidənin önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin Sədri Şalva Papuaşvili, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirildiyini bildirən Sahibə Qafarova deyib: "Görüşlərdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparıldı, möhkəm tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə edildi. Qeyd olundu ki, Azərbaycanla Gürcüstanın iş birliyi böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaratmışdır. Xalqlarımızın mənafeyinə xidmət edən bu layihələr Avrasiya məkanında mühüm amilə çevrilmişdir. Yüksəksəviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirildi. Vurğulandı ki, parlamentlərarası əlaqələr Azərbaycanla Gürcüstanın ikitərəfli və çoxtərəfli münasibətlərinin mühüm tərkib hissələrindən biridir. İki ölkənin parlament üzvlərinin  beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olundu".

Milli Məclisin Sədrinin sözlərinə görə, görüşlərdə regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb, beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu bildirilib. 

Rəsmi səfər çərçivəsində Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalandığını deyən Sahibə Qafarova Gürcüstana rəsmi səfərin uğurlu keçdiyini qeyd edərək, bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə öz minnətdarlığını bildirib.

Sonra spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.

Milli Məclisin Sədri qeyd edib ki, müstəqillik dövründə ilk dəfə olaraq 2024-cü ildə ölkəmizin bütün suveren ərazisində keçirilən prezident və parlament seçkiləri Azərbaycanın müstəqil inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etmişdir: "Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası xalqımıza və dövlətimizə yeni böyük uğurlar gətirmişdir. Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlülüyü və səmərəliliyi yüksəltmişdir. Ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və sosial rifaha xidmət edən düşünülmüş tədbirlər həyata keçirilmişdir. 

Dövlət başçısının sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Noyabr ayında Bakıda keçirilən COP29 Konfransı Azərbaycanı iqlim dəyişmələri ilə bağlı beynəlxalq dialoqun mərkəzinə çevirmişdir. Bu cür möhtəşəm tədbirə evsahibliyi etməklə ölkəmiz qlobal idarəetmədə və dayanıqlı inkişafda konstruktiv rol oynaya bilən bir dövlət olduğunu nümayiş etdirmişdir". 

Sahibə Qafarovanın sözlərinə görə, 2024-cü ildə ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri-neft-qaz  sahələri hesabına əldə edilmişdir: "İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülməkdədir. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir. Qeyd edim ki, ötən il ümumi daxili məhsul 4,1 faiz artmış və ya mütləq rəqəm ifadəsində 126 milyard manat təşkil etmişdir. Valyuta ehtiyatlarımız il ərzində 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatmışdır. 

Böyük qayıdış, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2024-cü ildə büdcədən 5,4 milyard manata yaxın vəsait ayrılmış, il ərzində 5500-ə yaxın insanın doğma yurdlarına  köçürülməsi təmin edilmişdir. 

Qanunvericilik orqanı olaraq, hörmətli həmkarlar,  dövlət büdcəsinin təsdiq və icrasında iştirak etdiyimizə görə mən bəzi büdcə rəqəmlərinə də xüsusi toxunmaq istəyirəm. Dövlət büdcəsinin gəlirləri  proqnozdan 5,5 faiz və ya 774 milyon manat çox icra olunmuşdur. Dövlət büdcəsi ilə əlaqədar, hörmətli həmkarlar, mən möhtərəm Prezidentin  fikirlərinə istinad etmək istərdim. Dövlət başçısı demişdir: "Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. ...Biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır". Möhtərəm cənab Prezidentin bu sözləri əminliklə söyləməyə bizə imkan verir ki, Azərbaycan dinamik və davamlı inkişaf yolunda bundan sonra da inamla addımlayacaqdır".  

Spiker qeyd edib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır: "Ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. 

Eyni zamanda artıq 5 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə deputatların təkliflərinin icrasına dair məlumat daxil edilir". 

Milli Məclisin Sədri çıxışının sonunda deputatların aparılacaq müzakirələrdə də fəal iştirak edəcəklərinə və səmərəli təkliflər irəli sürəcəklərinə əminliyini bildirib.  

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. (Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat qəzetin bugünkü nömrəsində dərc olunub).

İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı ətrafında  müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov, Sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Azər Əmiraslanov, Tahir Rzayev, deputatlar Elman Nəsirov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Aydın Mirzəzadə, Fariz İsmayılzadə, Əziz Ələkbərov, Jalə Əliyeva, Sahib Alıyev çıxış ediblər.

Deputatlar vurğulayıblar ki, dövlət başçısının rəhbərliyi və hökumətin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, Azərbaycan beynəlxalq səviyyədə və regionda söz sahibinə çevrilib. Millət vəkilləri 2024-cü ildə Azərbaycan hökumətinin fəaliyyətinin səmərəli olduğunu deyiblər. Hökumətin fəaliyyətinin uğurlu olmasında iqtisadi inkişaf, maliyyə dayanıqlığı, əhalinin rifahı və sosial vəziyyəti ilə bağlı amillərin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması sahəsində görülən işlər hökumətin geniş  maliyyə imkanlarının göstəricisidir. Bununla yanaşı, ölkənin təhlükəsizliyi və müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində əlavə tədbirlərin reallaşdırılması məqsədəmüvafiq hesab olunub. Həmçinin insanların rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrin həyata keçirilməsi ilə bağlı lazımi vəsaitin ayrılması müsbət dəyərləndirilib. Təhsil və səhiyyə sahələrinin inkişafı, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü söylənilib.

Qeyd edilib ki, aparılan genişmiqyaslı iqtisadi və institusional islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik 2024-cü ildə də qorunub saxlanılıb. Hökumətin atdığı mühüm addımlar inflyasiyanın idarə edilməsi və iqtisadi sabitliyin əldə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İnformasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistika və digər sahələrdə müşahidə olunan inkişaf qeyri-neft sektorunun iqtisadiyyatın mühüm tərkib hissəsinə çevrilməsinə imkan yaradıb. Habelə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması sosial rifahın artırılmasına müsbət təsir edir. Dayanıqlı iqtisadi artım nəticəsində işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı təmin edilir.

Bildirilib ki, 2024-cü ildə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində önəmli işlər görülüb. Kənd təsərrüfatı və sənaye sahələrində həyata keçirilən layihələr, habelə enerji təhlükəsizliyinin təmin edilməsi və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı tədbirlər diqqətəlayiqdir.

Fasilədən sonra Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.

Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, Sadiq Qurbanov, Fazil Mustafa, Anar İsgəndərov, Musa Quliyev, deputatlar Razi Nurullayev, İlham Məmmədov, Bəxtiyar Əliyev, Aydın Hüseynov, Vüqar Bayramov, Ceyhun Məmmədov, Tural Gəncəliyev, Sevil Mikayılova, Qüdrət Həsənquliyev çıxış ediblər.

Deputatlar Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə hökumətin 2024-cü ildə qarşıya qoyulmuş vəzifələrə və dövrün çağırışlarına uyğun səmərəli fəaliyyət göstərdiyini vurğulayıblar. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, ictimai-siyasi sabitlik, milli və dövlət maraqlarına əsaslanan çevik və uğurlu iqtisadi diplomatiya, iqtisadi və siyasi müstəqilliyi uzlaşdıran ləyaqətli və qətiyyətli dövlət siyasəti Nazirlər Kabinetinin fəaliyyəti üçün əlverişli mühit və zəmin yaradıb. 

Millət vəkilləri hesabat dövründə həyata keçirilən siyasi, iqtisadi, institusional islahatları, uğurlu xarici siyasət nəticəsində dövlətin müstəqilliyinin daha da möhkəmləndirilməsini, iqtisadiyyatın və hərbi qüdrətin artmasını, qeyri-neft-qaz, sənaye və turizm kimi sektorlarda inkişafı müsbət qiymətləndiriblər.

Ötən il ərzində makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı istiqamətində əldə olunan  nailiyyətlərdən söz açan millət vəkilləri əhalinin sosial müdafiəsinin təmini tədbirlərini, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən sosial dəstək proqramlarını yüksək dəyərləndiriblər. Onlar ailə və uşaq hüquqlarının, əhalinin sağlamlığının qorunması, həmçinin təhsil, elm, energetika kimi sahələrdə əldə olunan müsbət göstəriciləri diqqətə çatdıraraq  dövlətin bu sektorlara diqqət və qayğısından bəhs ediblər. Bildirilib ki, sənəddə iqtisadiyyatın bütün sahələrinin inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə atılmış addımları əks etdirən statistik rəqəmlər ölkəmizin daha da güclənməsini göstərir. Sənaye sahəsinin ÜDM-də payının 36 faizə çatması ölkəmizin inkişaf etmiş sənaye ölkəsi kimi güclənməsini əks etdirir. Turizmin 2023-cü ilə nisbətən 13 faiz artaraq son nəticədə ÜDM-də payının 2,4 faizə çatması da ölkəmizin beynəlxalq imicinin formalaşmasını və cəlbediciliyini ifadə edir.

Hökumətin 2024-cü ildəki fəaliyyətini qənaətbəxş hesab edən deputatlar bildiriblər ki, əhalinin sosial rifahı yaxşılaşdırılıb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib, dövlət sosial proqramları, regionların inkişafı ilə bağlı tədbirlər uğurla icra olunub. Çıxışlarda hesabat ilində müdafiə və milli təhlükəsizliyin möhkəmləndirilməsi işləri də yüksək qiymətləndirilib. Habelə, energetika, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində məqsədyönlü tədbirlərin görüldüyü qeyd edilib.

Millət vəkilləri həmçinin seçicilərin üzləşdiyi bəzi problemləri də hökumət üzvlərinin diqqətinə çatdırıblar, bir sıra aktual məsələlərə toxunublar, təkliflərini səsləndiriblər.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova səmərəli müzakirələrin keçdiyini bildirib. O, çıxış edənlərin mütləq əksəriyyətinin hökumətin hesabatı haqqında müsbət rəylər söylədiyini qeyd edib. Bir sıra təklif və sualların olduğunu deyən spiker, bunlara işçi qaydada cavab verilməsini təklif edib. 

İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı nəzərə alınıb.

Sonra Baş nazir Əli Əsədov çıxış edərək, son dövrlərdə hökumətin Milli Məclislə konstruktiv əməkdaşlıq etdiyini, bir çox məsələlərin həllində ümumi məxrəcə gəlindiyini bildirib. O, deputatların çıxışlarında 2024-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinə gördüyü işlərə dair yüksək qiymət verildiyinə görə təşəkkürünü ifadə edib. Baş nazir qarşıda yeni hədəflərin, həllini gözləyən məsələlərin olduğunu söyləyib. Səsləndirilən fikirlərə münasibət bildirən Baş nazir müzakirələrdə qaldırılan məsələlərin diqqətdə saxlanılacağını, onların həlli istiqamətində lazımi addımların atılacağını bildirib.

Parlamentin Sədri Sahibə Qafarova Baş nazirə və hökumət üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!