Şəhərlərin iqlim təsirlərinə dayanıqlığının artırılması bir çox amillərdən asılıdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmə prosesində daha optimal konstruktiv həllərin seçilməsi, enerji səmərəliliyi və “yaşıl texnologiyalar”, şəhər infrastrukturunun əlçatanlığı “iqlimə dayanıqlı şəhərləri” xarakterizə edən mühüm amillərdir.
AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, şəhərsalma və tikinti fəaliyyətinin hər bir mərhələsində onun ətraf mühitə və ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri aydın izlənilir. Qlobal temperaturun artması şəhərlərdə temperatur həddinin yüksəlməsinə, inşaat material və konstruksiyalarının xassələrinin dəyişməsinə, havalandırma üçün enerji sərfiyyatının artmasına səbəb olur.
Cəbrayıl Xanlarovun sözlərinə görə, təbii fəlakətlərin təsirinin yumşaldılması və şəhərlərin ətraf mühit amillərinə dayanıqlığının artırılması məqsədilə bu gün tikinti sahəsinin iqlim dəyişikliklərinə adaptasiyası üzrə bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bunlar aşağıdakılardır:
- Yaşayış məntəqələrinin iqlim dəyişiklikləri nəzərə alınmaqla layihələndirilməsi və inşası: Tikinti aparılan ərazidə iqlim dəyişikliklərinin proqnozlaşdırılması və buna uyğun olaraq müvafiq konstruktiv həllərin və materialların tətbiq edilməsi;
- Enerji səmərəli texnologiya və materiallardan istifadə edilməsi: Enerji səmərəli işıqlandırma və isitmə sistemlərindən istifadə sayəsində enerji istehlakının və parnik qazlarının miqdarının azaldılması;
- Su təchizatı və su kənarlaşdırma infrastrukturunun inkişaf etdirilməsi;
- Tikinti sahəsində mütəxəssislərin iqlim dəyişikliklərinə adaptasiya məsələləri barədə məlumatlandırılması və ixtisasının artırılması;
- “Yaşıl texnologiyalar”dan, bərpaolunan enerji mənbələrindən istifadə və “Ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsi yolu ilə bina və qurğuların iqlim dəyişikliklərinə dayanıqlılığının artırılması.
Nazir müavini diqqətə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətlərdə müəyyən işlər aparılır. Belə ki, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı obyekt və qurğuları, su təchizatı və kanalizasiya sistemləri, hidrotexniki qurğular, nəqliyyat və rabitə vasitələri, texnoloji proseslər və avadanlıqlar layihələndirilərkən ətraf mühitin keyfiyyət normativləri, tullantıların zərərsizləşdirilməsi və istifadəsi, tullantısız texnologiyalar, ətraf mühitin çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınır.