Müharibədəki ağır məğlubiyyətdən sonra İrəvanda siyasi xaos yaranıb. Bu böhran fonunda əhalinin bir qismi hökumətin istefasını tələb edir. Bunu son dövrlərdə Ermənistanda minlərlə insanın iştirakı ilə keçirilən aksiyalardan da görmək olar. Amma iqtidar küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi hakimiyyəti güc yolu ilə saxlamağa hazır olduğunu göstərir.
Ölkədə insan hüquqları sahəsində yaşanan problemlərin miqyası sürətlə genişlənməkdə, vəziyyət ifrat həddə pisləşməkdədir. Hakimiyyətin öz maraqlarını təmin etmək məqsədilə repressiv metodlardan daha çox istifadə etməsi etirazları bir qədər də artırıb. Amma iqtidar mənsubları hələ də buna əhəmiyyət verməyərək rəqib və təhlükə saydıqları qüvvələri ən sərt üsullarla neytrallaşdırmağa çalışırlar.
"Joğovurd" nəşri yazıb ki, siyasi hakimiyyət təhlükəsizlik qüvvələrinə əmr verib ki, məhkəmə sisteminin nümayəndələrini tənqid etməyə cəsarət edən hər hansı müxalifətçi və ya təşkilat nümayəndəsi ciddi şəkildə cəzalandırılmalıdır. Ədliyyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının ünvanına xoşagəlməz ifadələrlə dolu çıxışların və müsahibələrin cəzasız qalmaması, belə bəyanatlar verənlərin cinayət məsuliyyətinə cəlb edilməsi tapşırılıb.
Qəzet yazır ki, bu prosesin başlanmasına Konstitusiya Məhkəməsinin keçmiş hakimi Vahe Qriqoryanın baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana ünvanladığı şikayət səbəb olub: "Qriqoryan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) getdiyini və onun adı ətrafında neqativ assosiasiyaların yarandığını qeyd edərək, bunun qarşısının alınması üçün addımlar atılmasını tələb edib. O, xüsusilə müxalif fəal Edqar Qazaryanın ona qarşı səsləndirdiyi tənqidlərə diqqət çəkib. Qazaryan açıq şəkildə bəyan edib ki, Vahe Qriqoryan qanunsuz olaraq Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə gətirilib. Həmçinin Qazaryan iddia edib ki, Konstitusiya Məhkəməsi müstəqillik bəyannaməsini ləğv etmək hüququna malik olmadığı halda belə bir addım atıb və bu qərarı qəbul edən hakimlər ya savadsız, ya da xəyanətkardırlar".
Nəşr əlavə edib ki, məhz bu şikayətdən sonra hüquq-mühafizə orqanları sürətlə hərəkətə keçərək Edqar Qazaryan barəsində hüquqi proseslər başladıb. Baş nazir Paşinyan Qazaryan nümunəsi ilə ictimaiyyətə açıq mesaj vermək istəyir ki, məhkəmə hakimiyyətinin təmsilçilərini tənqid edən hər kəs eyni aqibəti yaşayacaq. Hakimiyyətin göstərişi ilə artıq bütün müxalif qüvvələrin çıxışları araşdırılır. Məhkəmə və hüquq-mühafizə orqanlarını tənqid edən hər kəsin cəzalandırılacağı bildirilir. Beləliklə, Paşinyan siyasi tənqidi hədəf alan yeni təqib dalğasına start verib.
Qeyd edək ki, Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. O, indi də siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir və bunu edir. Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb, bəziləri həbs olunub.
Paşinyan yenə ölkədə avtoritar rejim yaratmağa cəhd göstərir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı yaranan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi onun əl-qolunu daha da açır. Bu fonda Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı durmadan artır.
Artıq Ermənistanda hakimiyyət çevrilişinə cəhd etməkdə təqsirli bilinərək həbs edilən dəstənin üzvlərinin bəzilərinin istintaqı başa çatıb. Milli Təhlükəsizlik Xidmətinin hadisənin təfərrüatı ilə bağlı yaydığı açıqlamada isə deyilir ki, Ermənistandan və Qarabağdan olan bir qrup erməni hakimiyyəti zorakılıq tətbiq edib qəsb etmək və hökumətin səlahiyyətlərini mənimsəməklə Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd göstərirlər.
Hesabatda deyilir ki, adıçəkilən şəxslər Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə Rusiyada üç aylıq təlim keçmək və yeni ağır silah növləri ilə tanış olmaq üçün insanları "verbovka" (özlərinə işlətməklə) edərək onlara pul mükafatı veriblər. "Verbovka" olunan şəxslər təlim keçmək üçün Rusiyanın Rostov şəhərinə və oradan başqa yerə aparılıb. "Verbovka" olunan şəxslər yaradıcısı Armen Sarkisyan olan "Arbat" batalyonunun hərbi bazasında açıq və qapalı şəraitdə silahdan istifadə təlimi keçib. Onlara təlimlərin məqsədinin Ermənistanda hazırkı hakimiyyəti devirmək olduğu bildirilib.
Ermənistanda hazırda baş verənlər bu ölkəni daha sürətlə iflasa doğru aparır.
Elçin CƏFƏROV,
"Azərbaycan"