Klassik əsərlər gənc pianoçunun ilham mənbəyidir
Öncə onun uşaq diqqət və marağını metro çəkdi - vaqonlar üzərindəki nömrələr və stansiyalararası səsləndirilən musiqi... Sonra yelləncəkdə "uçuşlar" zamanı asqı zəncirləri və küləyin harmonik pıçıltısı, evlərinin yanındakı neft vışkasında qazma qurğusunun nizamlı hərəkəti, çiçəklər üzərinə qonan arıların əmək nəğmələri və sair.
Bütün bunlar sehrli dünyanın ilham mənbələri idi. Beləcə, gördüklərini, dinlədiklərini, sevdiklərini əzbərlədi, yaddaşına yazdı. Möcüzəli rəqəmlərin cazibəsində süsləndi, bəyəndiyi mahnı parçalarını zümzümə etməyə başladı. Və tədricən ətraf aləm balaca Hüseyn üçün say-sıra toplusu və melodiya cələnginə, kaleydoskopa çevrildi. Oğlunda musiqiyə həvəsi görən atası İkram ad günündə sentizator hədiyyə aldı, bununla da Quliyevlər ailəsində bir istedadın aşkarlanması, gələcək arzuların reallaşması istiqamətində qəti və inamlı qədəmlər atılmağa başlandı.
"Onun bütün marağı rəqəmlərə və musiqiyə, eləcə də bunlarla əlaqəli sahələrədir. Nə tez-tez apardığımız kukla teatrına, nə həmyaşıdları ilə oynamağa, nə də başqa əyləncələrə... Qələbəlikdən qaçanda, bəzən təkliyə çəkiləndə səhhəti ilə bağlı qorxar, narahat olardıq, sonra gördük ki, bu, özünü daha rahat bildiyi, sərbəst ifadə bacarığı qazandığı, düşüncələrə və axtarışlara ayırdığı vaxt, zaman kəsiyidir. Uşaqlıqdan dəqiq riyazi hesablamalar bacarığı və dərin musiqi duyumu var. Qərara gəldik ki, övladımızı yaradıcılıq, incəsənət kurslarına yönəldək, bacarıqlarını yoxlayaq", deyir anası Aygün xanım. Kurslarda təcrübəli fortepiano pedaqoqu İlahə Məmmədova Hüseynlə ciddi məşğul olur, musiqi vərdişlərinin təkmilləşməsinə kömək edir. Artıq 7-8 yaşlarından istedadlı azyaşlı "yutub" və digər sosial şəbəkələrdə dinlədiyi klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə maraq göstərir. İlahə xanımın tövsiyəsi ilə onun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Musiqi məktəb-studiyasına yönləndirilməsi isə peşəkar mühitlə ünsiyyət, qaynayıb-qarışmaq demək idi. Həmin təhsil ocağında Hüseyn təcrübəli pedaqoq, Əməkdar müəllim Nərgiz Mansurova və talantlı pianist Fəqan Həsənlinin qayğı və tədrisi ilə əhatələnir.
Bizimlə həmsöhbət olan BMA məktəb-studiyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova istedadlı tələbəsi Hüseynin yaradıcılıq imkanlarından, bilik və bacarığından, unukal xarakterik xüsusiyyətlərindən danışdı. Valideynlərinin və müəllimlərin onun bir pianoçu kimi formalaşmasında, kamilləşməsində xüsusi zəhmətlərini vurğuladı, fərdi hazırlıq zəminində öz üzərində ciddi işləyərsə, sabahın layiqli musiqiçisi olacağını, vətənimizi nüfuzlu beynəlxalq festivallarda yüksək səviyyədə təmsil edəcəyini bildirdi: "Artıq indidən bir çox müsabiqələrin iştirakçısı və birinci mükafatçısı olan Hüseyn Quliyevin yaxşı perspektivləri var. Biz onu gələcəkdə möhtəşəm arenalarda, dünyamiqyaslı mükafatların laureatı məqamında görürük".
Gənc Hüseyndən nə ilə məşğul olduğunu soruşduqda, "Fikrət Əmirovun "miniatür" və "variasiya"ları, eləcə də İohan Baxın Do minor prelüd və fuqası, Bethovenin "5-ci Sonata"sının ifası üzərində işləyirəm" - deyə cavab verdi: "Bilirsiniz, fuqaları çox sevirəm, doğrudur, əvvəl çox çətin idi, ancaq dərinliyinə vardıqca çox xoşuma gəldi. Piano ifaçılığı ilə yanaşı, arabir musiqi parçaları da yazıram. Amma hələ tam deyil, yarımçıqdır. Müəllimlərim baxıb, dəyərləndirib və məsləhətlərini veriblər. Görək, nə çıxacaq..." Ən çox sevdiyi bəstəkarlar da elə Fikrət Əmirov, İ.S.Bax, F.Şopen, L.Bethoven, F.Listdir.
Quliyev Hüseyn İkram oğlu 2011-ci ildə sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. Binəqədi rayonu 179 saylı tam orta məktəbin VII sinif şagirdidir.
Hüseynin uşaqlıq hobbisi həm də bayraq toplamaq olub. Yaşadığı evdə 70-dən çox müxtəlif ölkənin bayraqlarını saxlayır. Həmin kolleksiyada ilk və ən uca yerdə isə çox sevdiyi Vətəninin - Azərbaycanın Bayrağı asılıb.
Gənc istedada gələcəyin mötəbər musiqi yarışmalarında üçrəngli bayrağımızı dalğalandırmağı arzulayırıq!
Qurban MƏMMƏDOV,
"Azərbaycan"