Bütün musiqi alətlərinin şahı olan piano musiqinin döyünən ürəyidir. Pianonun zəngin səsli notları həm ifaçıya, həm də onun dinləyicilərinə misilsiz həzz bəxş edir. Görkəmli caz bəstəkarı, pianoçu Deyv Brubekin sözləri ilə desək, piano bütöv bir orkestrə bərabərdir.
Piano tellərə çəkiclə vurulduqda səs çıxaran akustik alətdir. Pianonun dillərinə toxunulduqda çəkiclər işə düşür. Təzyiq nə qədər sərt olsa, səs də bir o qədər yüksək çıxır. Bu əfsanəvi alətin yaranma tarixi 1700-cü illəri əhatə edir. İlk pianonun ixtiraçısı İtaliyanın Padua şəhərindən olan Bartolomeo Kristoforidir. Onun hazırladığı pianonun tarixini dəqiq qeyd etmək mümkün deyil, lakin bu alətə 1700-cü ilə qədər Mediçi ailəsi sahib olub. O, bunu hazırlayarkən qərara gəlib ki, tellər çəkiclə vurularsa, dinamikada daha çox müxtəliflik yaranar. Beləliklə, meydana çıxan musiqi aləti “pianoforte” adlandırılıb. “Piano” sözü yalnız 1732-ci ildə pianofortenin qısaldılması ilə daha geniş yayılıb. İtalyancadan tərcümədə “forte” möhkəm, “piano” isə səssiz mənasını verir.
Kristoforidən sonra onun dizaynı əsasında Qotfrid Silbermann 1730-cu illərdə özünün yaratmaq istədiyi pianoların üzərində işləməyə başlamışdı. İohann Sebastian Bax onun ərsəyə gətirdiyi erkən modeli çox ağır toxunuşa və zəif zilə malik olduğu üçün məqsədəuyğun hesab etməmişdi. Lakin onun ilkin təcrübələri Kristoforinin alətlərindən daha uğurlu olmuşdu. Hətta bir neçə piano Prussiya kralı II Frederik tərəfindən alınmışdı. Bax da bu hadisədən sonra Silbermannın pianolarını istifadə etməyə başlamışdı.
XVIII əsrin sonlarında piano istehsalı bütün Avropaya yayılmağa başladı. Hər bir ölkə özünəməxsus dizaynla pianolar istehsal edirdi. İngiltərədən gələn pianolar daha ağır mexanizmə və yüksək səsə, Avstriyadan olanlar isə daha yüngül mexanizmə və yumşaq səsə malik idi.
Pianonun klavişlərinə gəldikdə hər bir alətdə eyni sayda düymə olmur. Ən çox yayılmış say 88-dir; yəni 52 ağ, 36 qara düymə olur. Köhnə pianolar müasirlərindən bir qədər kiçik olduğu üçün onlar adətən 85 düymədən ibarət olub.