Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda Azərbaycanda mina ilə çirkləndirilmiş ərazilərdə davam edən ağır humanitar vəziyyətlə bağlı narahatlıq ifadə olunub.
Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev məlumat verib.
Bəyanatda qeyd olunub ki, Azərbaycanın uzun illər işğal altında qalmış ərazilərində basdırılmış minalar və partlamamış hərbi sursat bu gün də mülki əhali üçün ciddi və davamlı təhlükə yaradır. Bu təhlükə təkcə insan həyatı və sağlamlığı üçün risk yaratmır, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını, həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini, eləcə də dayanıqlı sülhün və sabitliyin təmin olunmasını ləngidir.
Sənəddə vurğulanıb ki, mina ilə çirkləndirilmiş ərazilər problemi beynəlxalq humanitar hüququn fundamental prinsipləri, xüsusilə mülki şəxslərin qorunması, humanitar risklərin aradan qaldırılması və postmünaqişə dövründə təhlükəsiz həyat şəraitinin bərpası baxımından son dərəcə ciddi məsələdir. Mina təhlükəsinin uzunmüddətli xarakter daşıması və bu sahədə zəruri məlumatların vaxtında və tam şəkildə təqdim olunmaması mülki insanların həyatını davamlı risk altında saxlayır.
Həmçinin qeyd olunub ki, Azərbaycanda mina partlayışları nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların, dövlət nümayəndələrinin və bərpa-quruculuq işlərində iştirak edən şəxslərin həlak olması və ya ağır yaralanması bu problemin yalnız texniki məsələ deyil, birbaşa insan həyatı, təhlükəsizlik və postmünaqişə dövrü ilə bağlı ciddi humanitar məsələ olduğunu bir daha göstərir.
Avropa Azərbaycan Mərkəzi beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları, Avropa institutlarını, BMT sisteminə daxil olan aidiyyəti qurumları, insan hüquqları mexanizmlərini və siyasi qərarvericiləri Azərbaycanın mina ilə çirkləndirilmiş əraziləri ilə bağlı daha qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməyə çağırıb. Mina xəritələrinin tam şəkildə təqdim olunmasının, çirkləndirilmiş ərazilərin sürətli və sistemli şəkildə təmizlənməsinin, mina qurbanlarının hüquqlarının müdafiəsinin gücləndirilməsinin, onların tibbi, sosial və psixoloji reabilitasiyasına əlavə dəstəyin göstərilməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.
“Beynəlxalq humanitar hüquq və insan hüquqları prinsipləri universal şəkildə tətbiq olunmalı, mülki şəxslərin həyatı, təhlükəsizliyi və öz torpaqlarına təhlükəsiz qayıtmaq hüququ hər bir halda qorunmalıdır. Bu baxımdan, Azərbaycanın mina təhlükəsi ilə üzləşmiş əraziləri ilə bağlı daha fəal, daha məsuliyyətli və daha prinsipial beynəlxalq yanaşma həm hüquqi, həm humanitar, həm də mənəvi baxımdan zəruridir”, - deyə bəyanatda qeyd olunub.