Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində bir sıra layihələri uğurla həyata keçirməkdədir. Bu kontekstdə Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, həmin qurumların əməkdaşları üçün treninq təşkil olunub.
Mərkəzin mətbuat xidmətindən "Azərbaycan" qəzetinə bildirilib ki, oktyabrın 7-11-də onlayn qaydada keçirilən treninq çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Fərhadov, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasını müəllimi Leyla Hacıyeva, Mərkəzin baş məsləhətçisi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova, məsləhətçi Tahirə Ələsgərova mühazirə oxuyublar.
İştirakçılara “Azərbaycan multikulturalizmi fənninin predmeti və əhəmiyyəti”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”, “Çoxkonfessiyalıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Azərbaycançılıq və multikulturalizm”, “Müasir dövrdə Azərbaycanda multikulturalizm” və digər mövzularda mühazirələr təqdim edilib.
Treninq zamanı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda treninqi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.