Dünyanın əksər dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələri olan Azərbaycanın iqtisadi inkişafı hər birimizdə qürur doğurur. Məhz bu inkişaf və beynəlxalq etimad həm də respublikamızın ən mötəbər beynəlxalq tədvbirləri keçirməsinə yol açıb. Azərbaycanın evsahibliyi etdiyi belə tədbirlərdən biri də keçirilməsi ənənəyə çevrilən “Bakı Enerji Həftəsi”dir.
İyunun 1-də “Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi oldu. Bu çərçivədə keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident İlham Əliyev tədbirin rəsmi açılış mərasimində çıxışında Azərbaycanda enerji sferasında inkişafı-nın tarixini xatırladaraq qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi fəaliyyət göstərdiyi 30 il müddətində daha da təkmilləşib: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir”.
Son dövrlərdə beynəlxalq münasibətlər sistemindəki gərginliklər, münaqişələr daha da dərinləşdirmişdir. Belə şəraitdə enerji təhlükəsizliyi hər bir dövlət üçün aktuallıq kəsb edir. Bu baxımdan Prezident İlham Əliyevin dediyi kimi, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq: “Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”
Azərbaycanın son illərdə əldə etdiyi davamlı inkişaf və strateji uğurlar enerji sektorunda həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirilə bilər. Neft və qaz gəlirlərinin düzgün idarə olunması ölkədə iqtisadi inkişafa, sosial rifahın yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, bu gəlirlər infrastrukturun yenilənməsi, qeyri-neft sektorunun genişləndirilməsi və insan kapitalının gücləndirilməsi kimi prioritet sahələrə yönəldilərək uzunmüddətli dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edib. Azərbaycanın beynəlxalq enerji bazarındakı artan rolu isə ölkənin həm etibarlı tərəfdaş, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm aktor kimi mövqeyini daha da möhkəmləndirib. Bu mənada Azərbaycan neft gəlirlərindən səmərəli istifadə sahəsində də çox gözəl nümunə yaradıb. “Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir” -deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev çıxışında beynəlxalq reytinq agentliklərində Azərbaycanın reytinqinin artdığını, xarici borcunun əhəmiyyətli dərəcədə azaldıldığını, ehtiyatlarının xarici borcu 18 dəfədən çox üstələdiyini qeyd edərək bildirdi ki, bunlar təbii sərvətlərdən düzgün istifadənin nəticəsidir. Əlbəttə bu imkanlar həm də Azərbaycanın ordumuzun döyüş hazırlığının yüksəldilməsində böyük rol oynadı və və torpaqlarımız müharibə yolu ilə işğaldan azad edildi.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən neft və qaz kəmərləri regionun enerji xəritəsini dəyişməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələr Xəzər regionunun karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaqla yanaşı, Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsinə də ciddi töhfə verir. Son illərdə qlobal enerji bazarında yaranmış çağırışlar bu layihələrin əhəmiyyətini daha da artırıb. Nəticədə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək Avropa İttifaqı ölkələrinə sabit və alternativ enerji mənbəyi təqdim edir. Hazırda Azərbaycandan təbii qaz alan ölkələrin sayının artması da bu siyasətin uğurunu və beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın rolunun genişləndiyini göstərir. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində bununla bağlı qeyd etdi ki, Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Bu gün Azərbaycandan təbii qaz alan dövlətlərin sayı 16-ya çatıb və onlardan 10-u Avropa İttifaqının üzvüdür.
Azərbaycan həm də «yaşıl enerji»yə keçidlə bağlı çoxsaylı layihələr icra edir. Prezident İlham Əliyev çıxışında bununla bağlı bir sıra məsələləri diqqətə çatdırdı. Azərbaycandan Avropaya elektrik enerjisini ötürəcək “Qara dəniz Enerji Kabeli” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi artıq yekunlaşmaq üzrədir. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Xəzərin şərq sahillərindən Azərbaycana uzanacaq “yaşıl enerji” kabeli layihəsi üzərində də iş gedir. «Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir» -deyə Prezident İlham Əliyev bildirdi.
“Bakı Enerji Həftəsi” Azərbaycanın uğurlarını dünyaya çatdıran enerji platformasıdır. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi məsələlər hər birimizdə qürur doğurdu. Bir daha göründü ki, Azərbaycan özünün aydın yolu və inkişaf strategiyası olan bir dövlətdir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı