Bakı Enerji Həftəsində Azərbaycanın enerji
siyasətinin keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıdakı strateji hədəflər
bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Açılış mərasimində
Prezident İlham Əliyev bəyan etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə
başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu
beynəlxalq tədbirlərdən birinə çevrilib.
Məhz neft və qaz strategiyası Azərbaycanın
müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi dirçəlişə və beynəlxalq
nüfuzunun artmasına şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər
sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə,
yeni iş yerlərinin yaradılmasına və güclü ordunun formalaşdırılmasına yönəldildi.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli
idarə edilməsinin uğurlu nümunəsidir.
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə
verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən gündəmə gəldi.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng
layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan
qazı 16 ölkəyə nəql edilir. Həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür.
Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini
daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji
bazarlarındakı qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz
mövqeyini möhkəmləndirib.
Dövlət başçısının vurğuladığı kimi, qaz təchizatının
coğrafiyası genişlənməkdə davam edir və yeni yataqların, o cümlədən “Azəri-Çıraq-Günəşli”
dərin qaz layihəsinin işlənilməsi Azərbaycanın enerji ixrac potensialını daha
da artıracaq.
Azərbaycanın enerji uğurları yalnız təbii sərvətlərlə
deyil, həm də düşünülmüş xarici siyasətlə bağlıdır. Dənizə birbaşa çıxışı
olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması
geniş diplomatik əməkdaşlıq şəbəkəsinin qurulmasını tələb edirdi.
Bu gün Azərbaycan enerji layihələri vasitəsilə
Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm əməkdaşlıq
platforması yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq
formatlarının təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bakı Enerji Həftəsində diqqət çəkən əsas məqamlardan
biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham
Əliyev bildirdi ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını
ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan
enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib.
Artıq ölkədə bir sıra günəş və külək enerjisi
layihələri istismara verilib. Gələn ilin sonuna qədər yaşıl enerji istehsal
gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması
planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı
da bu strategiyanın mühüm tərkib hissəsidir.
Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan
elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi
istiqamətində mühüm addımlardır.
Beləliklə, Bakı Enerji Həftəsi qlobal enerji
siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. ABŞ Prezidenti
Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın
Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq
əhəmiyyətini nümayiş etdirir.
Bu platforma bir daha göstərdi ki, Azərbaycan
regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir.
Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq
nüfuzunu artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından
birinə çevirib.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı